Məhkəmə qərarları › İş №2(006)-488/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-488/2021

06.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-488/2021 06.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili X3, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair iddia və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X11 ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, 2014-cü ilin avqust ayında Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küşəsi, bina 20, mənzil 102-də yerləşən 3 otaqlı evi alqı-satqı müqaviləsi ilə "xxxx" MMC-dən alaraq, 2019-cu ilin dekabr ayınadək ailəsi ilə birlikdə göstərilən ünvanda yaşamışdır. 2019-cu ilin dekabr ayında Xətai rayonu İcra şöbəsinin işçilərinin Aşərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7308 nömrəli 05.11.2018-ci il tarixli qərarının icrası ilə əlaqədar, tələblərinə əsasən yuxarıda göstərilən mənzili boşaldaraq Cavabdeh təhvil vermişdir. Hansı ki o, bu evə köçəndən sonra, həmin evi 2 il ərzində təmir etdirərək, təmirə 30.000 (otuz min) manat xərc çəkmişdir. Odur ki, bu çəkdiyi xərc ona qaytarılmalıdır. Onun vicdanlı sahib olmağı Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında da göstərilmişdir. Odur ki, bu evin təmirinə çəkdiyi xərci tələb edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Cavabdeh hal-hazırda yaşadığı Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, bina 20, mənzil 102-də yerləşən, əvvəllər ona məxsus olmuş mənzilin təmirinə xərclədiyi 30.000 (otuz min) manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X7 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, artıq eyni mahiyyətli pul tələbi ilə Razim Cəfərovun kürəkəni X13 Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmiş və bu iddia ərizəsi X19 tərəfindən baxılaraq 05.07.2019-cu il iş № 2(011)-6446/2019 saylı Qərardad ilə təmin edilməmiş və baxılmamış saxlanılmışdır. X12 heç bir ziyan vurulmamışdır, əksinə Razim Cəfərov bir sıra dələduzlarla cinayət əlaqəsinə girərək saxta sənədlərlə ona məxsus mənzilə daxil olaraq əmlakını talan etmiş, ona mənəvi və külli miqdarda maddi ziyan vurmuşdur. Məlumat üçün bildirmək istəyir ki, onun 2010-cu ildə Bakı şəhəri Xətai r-n R.Məmmədov küç 20 ünvanda "xxxx" MMC tərəfindən inşa edilən binadan aldığı mənzil bir çox qeyri-vətəndaşlarda olduğu kimi mübahisə doğurmuş və "xxxx" MMC-də baş verən cinayət xarakterli əməllərlə əlaqədar olaraq MMC rəhbərliyinə qarşı cinayət işi başlamışdır. 1(101)-65/14 saylı 30.05.2014-cü il tarixli cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş və çıxarılmış hökm Bakı Apellyasiya Məhkəməsində də baxılaraq dəyişdirilmədən saxlanılaraq öz qanuni qüvvəsini almışdır. Cinayət işinin onunla bağlı hissəsində Bakı Ağır Cinayətlər Məhkəməsi "Birlik İnşaat” MMC-nin cinayət işini araşdırarkən təqsirləndirilən və o vaxt şahid qismində dindirilən şəxs "xxxx" MMC-nin rəhbəri Elman Tağıyev ifadə vermişdir ki, onu tanıyır və ona saxta sənədlərlə mənzil satmaqla 32800 (otuz iki min səkkiz yüz) manat ziyan vurmuşdur. Məhkəmə zamanı MMC tərəfindən vurulan ziyan müqabilində ona həmin binada başqa 102 saylı mənzil təklif edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində işi aparan cinayət işləri üzrə kollegiyanın sədri cənab Novruz Kərimovun tövsiyəsi ilə, o, yeni təklif edilən mənzilə baxış keçirmiş və ona vurulan ziyan müqabilində bu mənzilin ona verilməsinə məhkəmədə öz razılığını bildirmişdir. Əvvəl alınan və yeni təklif edilən mənzillərin dəyəri arasında (mənzilin sahəsi və əvvəlki sahibi tərəfindən edilmiş bəzi təmir işləri ilə əlaqədar) yaranan fərq 12000 (on iki min) manat əlavə pul vəsaiti məhkəmə prosesi zamanı tərəfindən "Birlik İnşaat” MMC-yə tam ödənilmiş və 2013-cü ildə yeni alqı-satqı razılaşma müqaviləsi bağlanılmışdır. Yeni mənzilin açarları ona təqdim edildikdən sonra bu barədə məhkəmə kollegiyasına tərəfindən yazılı məlumat verilmiş və mənzil heç bir kəs tərəfindən mübahisələndirilmədiyindən və o, evlə təmin olunduğu üçün "Birlik İnşaat” MMC-nin rəhbərliyinə qarşı şikayyətini geri götürmüşdür. Sonradan o, yeni mənzilin təmir olunması üçün tələb olunan mal və materialları alıb mənzilə yığmış, bütün qapı və pəncərələri yeniləmişdir. Lakin bir neçə ay sonra komendant ona bildirmişdir ki, mənzil kənar şəxslər tərəfindən zəbt edilmiş, təmir üçün aldığı təxminən 2000 (iki min) manat dəyərində mal-materiallar talan edilmişdir. O, mənzilə gələndə mənzilin çöl “Seyf” qapısı dəyişdirilərək bağlanılmışdı. Məlum olmuşdur ki, evin əvvəlki sahibi Nizami Vahidov yenidən mənzilə daxil olmuş və saxta sənədlərlə bu mənzili başqa Razim Cəfərov adlı şəxsə satmışdır. Mənzilin ona məxsus olmasını sübuta yetirmək üçün mülki qaydada məhkəməyə müraciət etmişdir. Faktiki mənzilin kimə məxsusluğunu təsdiq edən sənədlərin məhkəmədən Nizami Vahidov tərəfindən gizlədilməsi və bəzi sənədlərin saxtalaşdırılması səbəbindən araşdırmalar uzun müddət vaxt aparmışdır. (Nizami Vahidov bu mənzilin 2011-ci ildə başqa mənzillə əvəzlənməsi barədə sənədləri məhkəmədən gizlətmiş və saxta sənədlərlə 2014-cü ildə mənzili Razim Cəfərovun adına qeydiyyata salmışdır). Yekunda Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə kollegiyası tərəfindən kassasiya şikayətinə baxılaraq çıxarılmış, 12.06.2018-ci il tarixli 2(103)-5020/2018 nömrəli Qətnamədə Bakı şəhəri Xətai r-n R.Məmmədov küç 20 ünvanda inşa edilən binanın 2-ci blok 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 117 m2 olan 102 saylı 3 otaqlı mənzilin ona - Cavabdeh mənsub olması öz əksini tapmışdır. Sonradan qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kollegiyası iclasında mahiyyəti üzrə baxılaraq, dəyişdirilmədən saxlanılmış və 05 noyabr 2018-ci il tarixində öz qanuni qüvvəsini almışdır. Qətnaməyə əsasən bu vaxta qədər 102 saylı mənzili qanunsuz zəbt etmiş Nizami Vahidovun mənzilə sahiblik iddiasını təsdiqləyən sənədlərin saxta və qeyri-qanuni olması sübuta yetirilmiş, onun qeyd edilən mənzilə dair sərəncam vermək hüququ olmadığı halda 01 avqust 2014-cü il tarixində X11 ilə həmin mənzilə dair bağladığı müqavilə Mülkü Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından əhəmiyyətsiz olmaqla etibarsız əqd olması üzə çıxmışdır. Bu səbəbdən Nizami Vahidov və Razim Cəfərov arasında bağlanılan 01 avqust 2014-cü il tarixli müqavilə özlüyündə bağlandığı andan etibarsız olması da sübuta yetirilmişdir. Qətnamənin tələblərinin icra olunması üçün Bakı Apellyasiya Məhkəməsindən Bakı şəhəri Xətai rayonu İcra və Probasiya Şöbəsinə 19 dekabr 2018-ci il tarixli "İcra vərəqi” göndərilmişdir. İcra sənədinin tələblərinə əsasən Bakı şəhəri Xətai r-n R,Məmmədov küç 20 ünvanda inşa edilən binanın 2-ci blok 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 117 k/m olan 102 saylı 3 otaqlı mənzil onun istifadəsinə verilməli və onun bu mənzilə köçürülməsi təmin edilməli idi. Lakin mənzili qeyri-qanuni zəbt edərək orada məskunlaşmış Razim Cəfərovun ailəsi mənzili boşaltmaqdan imtina etmişlər. Min bir bəhanələrlə qanuni qüvvəsini almış məhkəmə qərarını yerinə yetirməkdən boyun qaçıraraq və ancaq bir ildən sonra hüquq mühafizə orqanlarının və icra məmurlarının səyi nəticəsində mənzil Razim Cəfərov tərəfindən boşaldılaraq onun istifadəsinə verilmişdir. Məlumat üçün bildirmək istəyir ki, o, ona məxsus mənzilə öz qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən daxil olmuş və bu vaxt X12 heç bir ziyan vurulmamışdır. Razim Cəfərov mənzili boşaldarkən ona mənsub bütün əmlakı, ev əşyalarını Xətai rayonu İcra məmurları, sahə polis idarəsinin nümayəndəsinin iştirakı ilə mənzildən götürmüş və bu barədə akt tərtib edilmişdir. Uzun müddət Cəfərovun ailəsi əmlakın daşınması xərclərini çəkmək imkanları olmadığını bəhanə gətirərək mənzili boşaltmaqdan imtina etmələri səbəbdən əmlakın daşınması xərcləri təxminən 900 (doqquz yüz) manata yaxın pul vəsaiti onun tərəfindən ödənilmişdir. Bundan başqa Razim Cəfərovun ailəsi mənzilini zəbt etmələri səbəbindən ailəsilə uzun müddət yad evində kirayə qalmalı, onun mənzilini saxta sənədlərlə zəbt etdiklərini sübuta yetirmək üçün, məhkəmələrə müraciət edərək vəkil xidmətindən istifadə etməli, bütün məhkəmə proseslərində o, məhkəmədə təmsil olunması üçün ayrı-ayrı vəkillərə və vəkillər kollegiyasının xəzinəsinə pul vəsaiti xərcləməli olmuşdur. Ona məxsus mənzildə hər hansı bir təmir işinin aparılması ilə bağlı onun Cəfərovlar ailəsi ilə heç bir razılığı olmamışdır və onun ondan hər hansı bir təmir pulu istəməsi ən azından səhv kimi qiymətləndirmək olar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, X6 ona qarşı "vurulmuş ziyanla bağlı pul tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Əksinə olaraq X1 sənədlərlə ona məxsus mənzili zəbt etməklə ona və ailə üzvlərinə mənəvi və çox miqdarda maddi ziyan vurmuşdur. Mənzilində qanunsuz yaşadığı müddətdə Cəfərovun ailəsi mənzilində bir sıra konstruktiv dəyişikliklər etmişdir ki, onların bərpasına o, bundan sonra də kifayət qədər xərc çəkməli olacaqdır. Göstərilən hallara əsasən X6 mənzilində olan əmlakını talan etməsi, uzun müddət qanunsuz olaraq ona məxsus mənzili zəbt etməsi nəticəsində ona vurulan ziyanı təxminən 34000 manat məbləğdə pul vəsaitinin cavabdeh X4 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X17 öldüyündən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyindən məhkəmə İddiaçı ərizəsinə əsasən onu iddiaçı (hüquq varisi) qismində tanımışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili X10 ilkin iddia ərizəsində qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş və eyni zamanda qarşılıqlı iddiaya etiraz olaraq bildirmişdir ki, Cavabdeh ərizəsində etiraf edir ki, "xxxx" MMC-nin rəhbərliyinin cinayətkar hərkətlərinin qurbanı olub, ona saxta sənədlərlə ev satıblar və buna görə müəyyən müddətdə əziyyət çəkməli olmuşdur. Eyni hadisə də rəhmətlik Razim Cəfərovun başına gəlib. Şirkətə tam pulunu ödəməklə ev əldə edib, həmin evi təmir etdirib, içində yaşadığı zaman gəlib qapını döyüblər ki, evi boşaldın bu sizin ev deyil. X21 heç bir dələduzluq etməyib, o da sizin kimi törədilən cinayətkar hərəkətlərin qurbanı olub. Həmçinin Cavabdeh qeyd edir ki, həmin evdə hər hansı təmir işlərinin aparılması barədə onun Cəfərovlar ailəsi ilə heç bir razılığı olmayıbdır. Bəli, bu razılıq da ola bilməzdi, ona görə ki, Cəfərovlar ailəsi pul verib ev alıblar, onu da təmir etdirib bu evdə yaşayırdılar. Əgər bilsə idilər ki, bir müddət sonra bu evdən çıxmalı olacaqlar, evi təmir etdirməzdilər. Qarşılıqlı iddia ərizəsində də, məhkəmə baxışında da fotolar təqdim ediləndə Nazilə xanım etiraf etdi ki, onlar təmirli evə giriblər. Hansı ki, yeni inşa edilən binalarda ancaq pəncərəqapı qoyulur, qalan təmiri isə ev sahibləri etdirir. Qarşılıqlı iddia ərizəsində onlara qarşı 34.000 manat pul tələbini qəbul etmirlər, cavabdehin evin təmirinə çəkdikləri xərclərin onlara ödəməsində israrlıdırlar. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd olunan məzmunda izahat verərək qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş və eyni zamanda ilkin iddiaya etiraz olaraq bildirmişdir ki, məhkəmə ekspertizası mərkəzinin eksperti tərəfindən icra edilmiş “Tikinti-Texniki obyektlərin tədqiqi" üzrə X11 tərəfindən ünvan 4 ünvanda 102 saylı mənzildə aparılmış təmirə çəkilmiş xərclərin qiymətləndirilməsinə dair Smetada nöqsanlara yol verilmişdir. Belə ki, smetanın birinci bəndində göstərilən 2650 manat dəyərində divarin təmiri divar kağızının vurulması və s. iddiaçı R.Cəfərov tərəfindən deyil, mənzil sahibi Cavabdeh tərəfindən yerinə yetirilmişdir. Smetanın üçüncü bəndində göstərilən tavanın şpaklyovka çəkilməsi və boya ilə rənglənməsi (təmir dəyəri 870 manat göstərilmişdir) yenidən mənzil sahibi Cavabdeh tərəfindən yerinə yetirilmişdir. Smetanın beşinci və altıncı bəndlərində göstərilən ümumi dəyəri 3161 manat göstərilən döşəmə təmiri işləri yenidən mənzil sahibi Cavabdeh tərəfindən təmir edilərək laminat parketlə döşənilib. Smetanın yeddinci bəndində göstərilən plasmas plintuslar ev sahibi Cavabdeh tərəfindən alınaraq vurulub. Smetanın onuncu bəndində göstərilən şpon qapıların təzəsinin indiki qiyməti 300 yox, 110 manatdir (çatdırılma və quraşdırılma ilə birlikdə 140-150 manat civarında). Hal-hazırda qapılar dəyişdirilib. Çoxu yararsız vəziyyətdədir. İddiaçı mənzil sahibinə vurduğu ziyan ödənildikdən sonra qapılar yeyəsinə qaytanla bilər. Smetanın on birinci bəndində göstərilən su kanalizasiya materialları özü tərəfindən təmir üçün hələ 2013-cü ildə alınıb mənzilə qoyulmuşdur sonradan mənzili zəbt edən şəxslər tərəfindən talan edilmişdir. Əlüzyuyan 150 manat dəyərində və su krantları 100 manat dəyərində özü tərəfindən alınaraq quraşdırılmışdır. X11 tərəfindən quraşdırılmış unitazin təzəsinin dəyəri 200 yox cəmi 75 manatdır. Smetanın on ikinci bəndində göstərilən 297 manat qiymətləndirilən plastik pəncərələr hələ 2013-cü ildə alınarkən tikinti şirkəti tərəfindən quraşdırılmışdır ki, onun da iddiaçıya heş bir aidiyyətı yoxdur. Smetanın on dördüncü bəndində göstərilən 520 manat dəyərləndirilən özü tərəfindən alınaraq quraşdırılmışdır. Smetanın on beşinci bəndində göstərilən elektrik xətləri hələ 2013-cü ildə özü tərəfindən alınaraq çəkdirilmişdir. X11 tərəfindən ancaq avtomat qoruyucular və "rozetkalar" quraşdırılmışdır. Hal hazırda "rozetkalar"in hamısı yararsız hala gəldiyindən ev sahibi Cavabdeh tərəfindən alınaraq yenilənmişdir. Belə ki, nəticə etibarı ilə X11 tərəfindən Bakı şəhəri Xətai r-n R.Məmmədov küç 20 ünvanda 102 saylı mənzildə təmirə çəkilmiş xərclərin Smeta dəyəri 7553 manat təşkil edir ki, onlardan 5 və 6-cı bəndlərdə göstərilən döşəməyə çəkilən xərclərə həddən artıq yüksək qiymət qoyulmuşdur. Ümumiyyətlə bu xərclər (5 və 6-cı bəndlər) 3161 manat çox şişirdilmişdir. Əsaslandırıcı hissə: İlkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(006)-1656/2017 saylı, 14.04.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı ünvan 5 ünvanında inşa etdiyi binanın 2-ci blokunun, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 117 kv.m olan, 102 saylı mənzilə iddiaçının mülkiyyət hüququnun tanınması və həmin mənzilə köçürülmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 20.02.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.07.2017-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.06.2018-ci il tarixli, 2(103)- 5020/2018 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(006)-1656/2017 saylı, 14.04.2017-ci il tarixli qətnaməsi ləğv edilməsi, iddia təmin edilərək "xxxx" MMC ilə X14 arasında 05.07.2006-cı il tarixdə bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 5 ünvanında inşa etdiyi binanın 2-ci blokunun, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 117,5 kv.m olan, 102 saylı mənzilin iddiaçı Cavabdeh istifadəsinə verilməsi və Cavabdeh həmin mənzilə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 05.11.2018-ci il tarixli, 2(102)-7308/2018 saylı qərının surətindən görünür ki, cavabdeh X14 və vəkil Kazımov Əbülfət Xəlil oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.06.2018-ci il tarixli, 2(103)-5020/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 01.08.2014-cü il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ünvan 5 ünvanında inşa etdiyi binanın 2-ci blokunun, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 117,5 kv.m olan, 102 saylı mənzili X7 verməyi öhtəsinə götürür. X11 isə sahəsi 117, 5 kv.m olan mənzil üçün cəmi 48.527 manat ödəməyi öhdəsinə götürür. "xxxx" MMC-nin 01.08.2014-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 5 ünvanında inşa etdiyi binanın 2-ci blokunun, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 117,5 kv.m olan, 102 saylı mənzilin pay dəyəri payçı X11 tərəfindən 48,527 manat ödənilmiş və MMC-yə heç bir borcu yoxdur. 02.12.2019-cu il tarixli aktın surətindən görünür ki, Xətai rayon icra şöbəsinin icra məmurları Tural Rəhimov, rəis müavini Azər Paşayev, Vüsal Umarov, Gündüz Sadıqov, Ülvi Əkbərli, Aydın Vəliyev, Mehdi Zeynalov, Xətai rayon polis idarəsinin 36-cı polis şöbəsinin sahə müvəkilli Polad Əbdülov aktı ona görə tərtib etmişlər ki, ünvan 5 ünvanında inşa etdiyi binanın 2-ci blokunun, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 117,5 kv.m olan, 102 saylı mənzili boş vəziyyətdə Cavabdeh təhvil verilməklə həmin mənzilə köçürülmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 10.08.2021-ci il tarixli, 10/985 saylı rəydən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Raqib Məmmədov küçəsi, 20 saylı binanın 102 saylı mənzilində aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 17.162,00 manat məbləğində müəyyən edilmişdir. Beləliklə işin mübahisələndirilməyən hallarından göründüyü kimi ünvan 5 ünvanında inşa edilmiş binanın 2-ci blokunun, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 117 kv.metr olan 102 saylı mənzilə dair sərəncam vermək hüququ olmadığı halda "xxxx" MMC ilə X11 arasında 01 avqust 2014-cü il tarixdə həmin mənzilə dair müqavilə bağlanmış, müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlandığından qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən etibarsız hesab edilmişdir. Həmin məhkəmə aktlarına əsasən həmçinin mübahisəli mənzilin Cavabdeh istifadəsinə verilməsi və onun bu mənzilə köçürülməsi qət edildiyi üçün X11 uzun zaman ərzində yaşadığı mənzildən çıxarılmışdır. Hazırda ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət edərək mənzilin dəyərini tam ödədiyinə, həmin mənzilə sahiblik və ondan istifadə etmək hüququnu əldə etdiyinə və beləliklə də vicdanlı sahib statusunu qazandığına istinad edərək ünvan 5 ünvanında yerləşən 102 saylı mənzilin təmirinə yaşadığı dövr ərzində sərf etdiyi xərcin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsi və əsassız varlanma ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır. Belə ki, Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göstərilən norma ümumən mülkiyyətin müdafiəsinə yönəlsə də, vindikasiya tələbləri üzrə əmlakı mülkiyyətçiyə qaytarmalı olan vicdanlı sahibin sahiblik dövründə əmlakı yaxşılaşdırmaqla bağlı çəkdiyi xərclərin əvəzini mülkiyyətçidən tələb etmək üçün qanuni əsas kimi çıxış edir və bu normanın təhlili «əsassız varlanma» normaları ilə parallel şəkildə aparılmalıdır, belə ki, vicdanlı sahibin yaxşılaşdırmalarını özündə saxlayan mülkiyyətçi onun hesabına əsassız varlanmış olur və mülkiyyətçidən həmin yaxşılaşdırmanı və ya onun dəyərini tələb etmək üçün «əsassız varlanma» normalarının dispozisiya şərtlərinin mövcudluğu da şərtdir. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bu Məcəllənin 1094-cü maddəsinə uyğun olaraq əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6 və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi, qanuni əsas və ya müqavilə əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş şəxs əsassız varlanmış şəxs hesab olunur və o, məhrum olanın tələbi ilə əldə etdiklərini və ya onların dəyərini ödəməlidir. Mülki Məcəllənin 157.7-ci maddəsinin tətbiq olunması üçün aşağıdakı dispozisiya şərtləri müəyən edilməlidir: iddiaçı vicdanlı sahib (və ya keçmiş sahib) olmalı, əşyanı yaxşılaşdırmaq üçün xərc çəkmiş olmalı, əşya cavabdehin sahibliyində və ya mülkiyyətində olmalıdır. Qeyd olunan şərtlərdən hər hansı biri aşkar edilmədikdə həmin normaya əsaslanan iddia təmin oluna bilməz. Eyni qayda üzrə, əsassız varlanmış şəxsə (hazırki halda ilkin iddia üzrə cavabdeh) qarşı göstərilən tələb o zaman verilə bilər ki, əsassız varlanma obyekti onun sərancamında olsun. Baxılan işdən mübahisəli mənzilin X11 tərəfindən əldə edilərkən tam təmirsiz və istifadəyə yararsız vəziyyətdə olduğu, onun həmin mənzili təmir etdirməklə orada uzun müddət yaşadığı müəyyən edilmişdir. Təmir xərclərinin sərf olunduğu mənzilin qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən mülkiyyət hüququ ilə Cavabdeh təhvil verildiyi də işin mübahisələndirilməyən halıdır. Müvafiq təmir xərclərinin dəyərini müəyyən etmək məqsədilə məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 10.08.2021-ci il tarixli, 10/985 saylı rəydən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Raqib Məmmədov küçəsi, 20 saylı binanın 102 saylı mənzilində aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 17.162,00 manat məbləğində müəyyən edilmişdir. Beləliklə mənzilə çəkilmiş xərcin məbləğinin müəyyənləşdirilməsi məqsədilə təyin olunmuş ekspertizanın rəyində mənzilinin təmirsiz vəziyyətdən hazırkı vəziyyətə gətirilməsi üçün görülmüş təmir işlərinin dəyərinin 17.162 manat olduğu təsbit olunmuş, cavabdeh isə bu məbləğin daha az olması barədə hər hansı başqa sübut təqdim etməmişdir. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ekspertin mənzilin müxtəlif sahələrinə aid təmir xərcləri ilə razılaşmamaq üçün əsas yoxdur və həmin rəyə istinadla müvafiq nəticəyə gəlinməlidir. Lakin məhkəmə ekspert rəyində quraşdırılma ilə birlikdə dəyəri müəyyən edilən (1.500 manat) şpon qapıları və (297 manat) plastmas qapı-pəncərələrinin MTK tərəfindən yox, məhz ilkin iddia üzrə iddiaçı tərəfindən quraşdırılmasının sübuta yetirilmədiyini, həmçinin bu əmlakın ayrıla bilməyən yaxşılaşdırmalara aid olduğunu, nəzərə alan məhkəmə hesab edir ki, şpon qapıları və plastmas qapı-pəncərələrinin dəyəri ekspert rəyinə əsasən müəyyən edilmiş məbləğdən çıxılmalıdır. Digər tərəfdən məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, ilkin iddia üzrə cavabdeh sözügedən mənzildə təmirin bir qisminin onun tərəfindən edildiyini, ilkin iddia üzrə iddiaçı isə aldığı mənzildə həyata keçirdiyi təmir xərclərinin daha yüksək olduğunu bildirsələr də, bununla bağlı məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişlər. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, X5 təmirsiz mənzili istifadəyə yararlı vəziyyətə gətirmək üçün ekspert rəyinə əsasən müəyyən edilmiş məbləğdə xərc çəkməsi daha ağlabatandır və məhkəmədə ilkin iddiada göstərilən hallar qismən də olsa öz təsdiqini tapmışdır. Məhkəmə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquq məsuliyyəti daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Çünki iddiaçı tərəfindən ona maddi zərər vurulmasına məhz X8 qanunsuz hərəkətlərinin səbəb olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, bununla da Cavabdeh Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə iş materiallarında olan sübutlarla qarşılıqlı iddianın əsassız olması müəyyən olunur. Belə ki, qanuni qüvvəsini almış çox saylı məhkəmə aktları ilə müəyyən edilən və iş üçün preyudisiya əhəmiyyətinə malik olan faktlardan göründüyü kimi mübahisə predmeti olan mənzillə bağlı epizod üzrə cinayət işi başlanılmış, "xxxx" MMC-də baş vermiş cinayət xarakterli əməllərə dair araşdırma aparılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-65/2014 saylı, 30.05.2014-cü il tarixli hökmü ilə "xxxx" MMC-nin direktoru X9 Cinayət Məcəlləsinin 178.3.2, 213.3.2 və 313-cü maddələri ilə təqsirli bilinmişdir. Qeyd olunan halların hazırkı məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi, yenidən sübut edilməsi yolverilməzdir və bu hallar artıq müəyyən edilmiş hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş maddi zərərin səbəbinin qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz hərəkətlərinin olması, onun dəymiş zərərə görə cavabdehlik daşıması halları işdə olan sənədlərə əsasən müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hazırki qarşılıqlı iddianın rədd edilməli olması qənaətinə gəlmişdir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində pul ödəmişdir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 100 manat təşkil edir. İlkin iddia tələbinin 51%-i təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. 15.365 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı, cəmi 15.380 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin iddia digər hissədə və qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 51 manatı Cavabdeh, 49 manatı isə cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar