Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4901/2021 23.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülk işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondu ona dəymiş maddi ziyana görə 5.000 (beş min) manat, mənəvi zərərə görə 10.000 (on min) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüşumu məbləğin-cəmi 15.030 (on beş min otuz) manat pulun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə onun arasında 13.05.2015-ci il tarixli kredit müqaviləsinə əsasən illik 240 (iki yüz qırx) ay müddətinə qaytarmaq şərti ilə 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. Qeyd etmək istəyir ki, həmin yuxarıda qeyd edilən kredit borca görə heç bir gecikdirməsi olmamışdır. Aylıq ödənişlərini vaxtlı vaxtında ödəmişdir. Lakin ona məlum olmayan səbəbdən Əmanətlərin Sığortalanması Fondu heç bir əsas olmadan onun onlara 424,75 (dörd yüz iyirmi dörd manat 75 qəpik) manat faiz borcu olduğunu bildirmişlər. Sonradan 25.07.2016-cı il tarixdən etibarən ipoteka krediti xidmət olunması üçün "xxxx" ASC-nin bağlanması səbəbindən “Bank BTB”-yə verilmişdir. Həmin borcun haradan yaranması barədə Əmanətlərin Sığortalanması Fonduna Milli Bankın rəhbərliyinə dəfələrlə müraciət etməyinə baxmayaraq müraciətləri öz müsbət həllini tapmamışdır. Ona görə də məhkəməyə müraicət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Musayeva Cəmilə Ceyhun qızının sədrliyi ilə iddia ərizəsinə baxılmış və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15.02.2021-ci İl tarixli 2(006)-773/2021 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Lakin iki ildən artıq müdətdə Əmanətlərin sığortalanması Fonduna beş dəfə rəsmi müraciət edərək tələb olunan borc faizinin hardan yarandığını ona bildirmələrini tələb etmişdir. Bütün bu müraciətlərinə onlar tərəfindən əsaslı cavab ala bilməmişdir. Bundan sonra Milli Bankın rəhbərliyinə bu məsələnin araşdırılması üçün üç dəfə müraciət etsə də heç bir anlaqlı müsbət cavab ala bilməmişdir. Daha sonra İpoteka və Kredit zəmanəti fonduna, BTB banka, AKB-yə müraciət edərək arayışların verilməsi və dəqiqləşmələrin aparılması üçün çoxlu müraciətlər etmişdir. Onun pozulmuş hüquqlarının bərpası və qanunsuz borc tələbinin ləğv edilməsi ilə bağlı müxtəlif sənədlərin toplanmasına görə qeyd edilən idarələrə dəfələrlə gedib gəlmək, nəqliyyat, poçt xərcləri, arayışların alınması ilə bağlı xərclər, məhkəməyə ödədiyi dövlət rüsumu kimi xərclər çəkmişdir. Bundan başqa 2019-cu ildə “Kapital” Banka səhətinin müalicəsi ilə bağlı və oğlunun təhsil haqqı ilə bağlı kredit verilməsi üçün müraciət etmişdir. Lakin onlar ona 424,56 manat faiz borcu olduğunu əsas gətirərək 48.000 manat ona borc olduğunu bildirirək ona kredit verməkdən imtina etmişlər. Onların səhvi ucbatından nə oğlunun təhsil haqqısını ödəyə bilmiş, nə də ki, öz sağlamlığının bərpası ilə özünü mülicə etdirə bilmişdir. Bu səbəbdən xəstəliyi daha şiddətlənmişdir. Onların ona vurduğu maddi ziyandan əlavə mənəvi zərər də vurmuşlar. Belə ki, bütün müddət ərzində xəstəliyindən əziyyət çəkməyi bir yana onlar onu haqsız olaraq get-gəllərə salmaları, ona maddi problemlemlər yaşatmaqları onun psixikasına da çox pis təsir göstərmişdir. Çünki onların səhvi ucbatından o, öz oğlunun bir valideyn kimi təhsil haqqını ödəyə bilməmiyi ona çox böyük mənəvi əzab verir. Onların ona yaşatdıqları bu məhrumiyyətlərin nəticəsi olan sarsıntıları o heç vaxt unuda bilməz. Ona görə də cavabdeh ona mənəvi zərərə görə də pul ödəməlidir. Cavabdehin bu hərəkətləri nəticəsində ona mənəvi zərər də dəymişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o baş ağrısı, həyacan hissləri keçirtmişdir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənəvi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən cavabdeh Əmanətlərin Sığortalanması Fondundan maddi ziyana görə 5.000 (beş min ) manat, mənəvi ziyana görə 10.000 (on min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun - cəmi 15.030 (on beş min otuz ) manat məbləğin cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh LPO "xxxx" ASC ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarına əsasən müəyyən edildi ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə əsasən Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 1. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 2. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 3. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 4. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 5. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 6. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər; 7. təminatsız kreditorların tələbləri. Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, müflisləşmə nəticəsində iflasa uğrayan cavabdeh təşkilatdan maddi və mənəvi zərərin ödənilməsini tələb edən iddiaçı həmin təşkilatın kreditorlarından birinə, tələb isə kreditor tələbinə çevrildiyindən, bu iddia üzrə mülki işə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsi) tərəfindən baxılaraq müvafiq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı kreditor tələbləri yalnız iflas prosedura çərçivəsində irəli sürülür. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.3-cü maddəsinin tələblərinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən hesab edirəm ki, İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya müvafiq tələblə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.4, 261.0.1, 262, 263, 264, 267, 268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, müvafiq tələblə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququna malikdir. İddiaçıya həmçinin izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4901/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4901/2021
23.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver