Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4914/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz fəaliyyəti nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz fəaliyyəti nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi zərərə görə 45.000 (qırx beş min) manat, mənəvi ziyana görə 100.000 (yüz min) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan rayon Məhkəməsinin 1(05)-33/2019 №-li 08 iyul 2019-cu il tarixli hökmü ilə iddiaçı-xx xxxxx 1984-cü il tarixdə Masallı rayonu, Həsənli kəndində doğulmuş, evli, üç azyaşlı uşağa malik, birinci qrup əlil İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhum edilməsi, cəzanı X12 müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin X12 müəssisəsində qeydiyyata alındığı gündən hesablanması hökm edilmişdir. Həmin hökmdən verilən apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, Salyan rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 mart 2022-ci il tarixli qərarı ilə təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Cinayət Kollegiyasının 1(106)-09/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli hökmü ilə Salyan rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli hökmü ləğv edilərək, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədiyinə görə iddiaçıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməklə apellyasiya şikayəti təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 may 2022-ci il tarixli, 1(102)-485/2022-ci il tarixli qərarı ilə həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməyərək Şirvan Apellyasiya Cinayət Kollegiyasının 1(106)-09/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçının 3 azyaşlı övladı var və özü xəstəlikdən əziyyət çəkir, onun xəstəliyi nəzərə alınmaqla ona birinci qrup əlillik təyin edilmişdir. Heç bir əsas olmadan 27 noyabr 2019-cu ildən 24 sentyabr 2021-ci ilədək ailə üzvlərindən uzaqda Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 12 saylı X12 müəssisəsində saxlanılmışdır. Bütün bu müddət ərzində ailəsi sarsılmış, onun xəstəliyi ilə bağlı səhhətində yaranacaq problemlərə görə böyük narahatlıqlar keçirmiş, eyni zamanda azyaşlı uşaqlarına görə iddiaçı daima narahat olmuşdur. Bundan başqa saxlanılan dövrdə onda olan xəstəliklərdən tam müalicə oluna bilməmişdir və bu isə onun səhhətində olan problemlərin ciddiləşməsinə səbəb olmuşdur. Eyni zamanda barəsində bəraət hökmü çıxarıldıqdan sonra Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən kassasiya protesti verildiyindən məhkəmə istintaqı davam etdirilmiş, bu da onun və ailə üzvlərinin mənəvi sarsıntı keçirməkdə davam etmələrinə səbəb olmuşdur. Nəticədə, ona göstərdiyi səbəblərdən ona 100.000 manat mənəvi ziyan vurulmuşdur. Respublikada aqrar islahat aparılan zaman ailə üzvlərinə 16 iyul 1998-ci il tarixli dövlət aktına əsasən, 0,94 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində müxtəlif bostan məhsulları yerləşdirərək satılmışdır. Ailəsinə məxsus olan torpaq sahəsində 20 ay ərzində daşınması mümkün olmadığından heç bir məhsul əkilməmişdir. Eyni zamanda iddiaçı özünə məxsus olan “Opel Astra” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomaşından istifadə etməklə ailəsinin dolandırılmasına kömək etmişdir. Hadisədən sonra zədələnmiş avtomobilin təmir edilməsi məntəqədə saxlanıldığından mümkün olmadığından yararsız vəziyyətə düşmüş, istifadəsi artıq mümkün olmamışdır. Nəticədə 20 ay müddətində ümumilikdə 25.000 manat ziyan vurulmuş və qazancdan məhrum olmuşdur. Məhz həmin məbləğdə ona maddi ziyan vurulmuşdur. Mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia tələbinə etiraz ərizəsi təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi ziyana görə 45.000 manat və mənəvi ziyana görə 100.000 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh kimi cəlb edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, həmin iddia tələbi rədd edilməlidir. İddiaçı iddia ərizəsində heç bir sübut təqdim etmədən əvəllər fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu, daha sonra həbsdə olduğu müddətdə ona məxsus olan əkin üçün ayrılan torpaq sahəsinin istifadəsiz qaldığını, avtomobilinin yararsız hala düşdüyünü əsas gətirərək maddi zərərin ödənilməsini tələb edir. Bildirilir ki, Cinayət Prossesual Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. İddiaçı isə ərizəsində heç bir əsaslandırma və dəlil göstərmədən maddi ziyana görə 45.000 manat kompensasiya ödənilməsini tələb edir. Bu baxımdan iddiaçının maddi zərərə görə kompensasiya tələbi əsassız sayılmalıdır. İddiaçı həmçinin, mənəvi ziyana görə 100.000 manat kompensasiya ödənilməsini tələb edir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə vətəndaşın fiziki və mənəvi iztirabları, onun sərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsasiı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci ıl tarixli 7 №-li Qərarına əsasən, Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbıi əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8 7-ci bəndinə əsasən, Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bır təyinata yönəltmək səlahiyyəti yoxdur. Mülki qanunvericiliyin tələblərinə əsəsən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1- 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda "Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həili dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə alınmalıdr. Beiə ki, Muki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödəniloiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə biıməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə, iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən ümumi ifadələrlə kifayətlənərək ziyanın ödənilməsini tələb etmişdir, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblə-inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Salyan rayon Məhkəməsinin 1(057)-33/2019 saylı, 08 iyul 2019-cu il tarixli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını X12 müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin İddiaçı X12 müəssisədə qeydiyyata alındığı gündən hesablanması, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında” həbs növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış “Hyundai H-1 minik” markalı, AH 1972 İİ qeydiyyat nişanlı avtomaşını hökm qanuni qüvvəsini aldıqdan sonra mərhumun sahiblərində saxlanılması, X4 İddiaçı qarşı cinayət nəticəsində vurulmuş zərərin tələbinə dair mülki iddiasının qismən təmin edilməsi, təqsirləndirilən şəxs İddiaçı maddi ziyana görə 6269 manat, mənəvi ziyana görə 2000 manat, cəmi 8269 manatın alınaraq iddiaçı X8 verilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri olan 100 manat, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 90 manat, cəmi 190 manat, zərərçəkmiş şəxsin hüquqi varisi X2 isı məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 30 manat ekspertizası xərcinin dövlət büdcəsinə köçürülməsi hökm edilmişdir. Mülki işin materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 1(106)-451/2019 saylı Qərarından görünür ki, Salyan rayon Məhkəməsinin 1(057)-33/2019 saylı, 08 iyul 2019-cu il tarixli hökmündən məhkum edilmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Salyan rayon Məhkəməsinin 1(057)-33/2019 saylı, 08 iyul 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2020-ci il tarixli, 1(102)-379/2020 saylı Qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarından məhkum İddiaçı müdafiəçisi X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının İddiaçı barəsində olan 17 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Mülki işin materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 1(106)-09/2021 saylı Hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsi barədə Salyan rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli, 1(057)-33/2019 nömrəli hökmündən məhkum edilmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Salyan rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli, 1(057)-33/2019 nömrəli hökmü həmin apellyasiya şikayətinə əsasən ləğv edilməsi, iş üzrə yeni bəraət hökmü çıxarılması, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədiyinə görə, İddiaçı Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə bəraət verilmiş, İddiaçı cəzaçəkmə yerindən-Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı X12 Müəssisəsindən dərhal azad olunması, maddi sübutlar: “Opel Astra” markalı və “Hyundai H-1” markalı avtomobillərin sahiblərinə qaytarılmasının nəzərə alınması, İddiaçı iş üzrə məhkəmə məsrəflərindən (keçirilmiş yol-nəqliyyat hadisələri və sənədlərin məhkəmə-texniki ekspertizaları xərclərindən) azad edilməsi, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X4 İddiaçı qarşı zərərin ödənilməsi tələbinə dair mülki iddiasının təmin edilməməsi hökm edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli, 1(102)-485/2022 saylı Qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 1(106)-09/2021 saylı Hökmündən dövlət ittihamçısı X9 tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, İddiaçı barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan AZ-İİİ № 849737 seriyalı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X11 xx.xx.2016-cı il tarixdə Masallı rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan AZ-T № 155664 seriyalı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2004-cü il tarixdə Masallı rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan AZ-T № 212127 seriyalı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə Masallı rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan 227031 №-li Əlillik Vəsiqəsinin surətindən görünür ki, İddiaçı birinci qrup əlildir, ona əlillik vəsiqəsi 08 aprel 2014-cü il tarixdə verilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Salyan rayon Məhkəməsinin 1(057)-33/2019 saylı, 08 iyul 2019-cu il tarixli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 1(106)-451/2019 saylı Qərarına əsasən, Salyan rayon Məhkəməsinin 1(057)-33/2019 saylı, 08 iyul 2019-cu il tarixli hökmündən məhkum edilmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Salyan rayon Məhkəməsinin 1(057)-33/2019 saylı, 08 iyul 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2020-ci il tarixli, 1(102)-379/2020 saylı Qərarına əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2019cu il tarixli qərarından məhkum İddiaçı müdafiəçisi X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının İddiaçı barəsində olan 17 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. X3 Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 1(106)-09/2021 saylı Hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsi barədə Salyan rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli, 1(057)-33/2019 nömrəli hökmündən məhkum edilmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Salyan rayon Məhkəməsinin 08 iyul 2019-cu il tarixli, 1(057)-33/2019 nömrəli hökmü həmin apellyasiya şikayətinə əsasən ləğv edilmiş, iş üzrə yeni bəraət hökmü çıxarılmış, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədiyinə görə, İddiaçı Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə bəraət verilmiş, İddiaçı cəzaçəkmə yerindən- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı X12 Müəssisəsindən dərhal azad olunmuşdur. Göründüyü kimi, İddiaçı 08 iyul 2019-cu il tarixdən 24 sentyabr 2021-ci il tarixədək (2 (iki) il 2 (iki) ay 16 (on altı) gün müddətində) həbsdə qanunsuz olaraq saxlanılmışdır. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. Məhkəmə, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarının içərisində ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən, bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarınınitirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41ci maddəsinə əsasən, «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır: Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əvəllər fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu, daha sonra həbsdə olduğu müddətdə ona məxsus olan əkin üçün ayrılan torpaq sahəsinin istifadəsiz qaldığını, avtomobilinin yararsız hala düşdüyünü əsas gətirərək ona 45.000 (qırx beş min) manat məbləğində ziyan dəydiyini bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Belə ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün məhkəmə tərəfindən iddia tələbinin maddi zərər hissəsinə münasibətdə rədd edilməsi üçün əsasdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsinin aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fizikiiztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 27.000 (iyirmi yeddi min) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, İddiaçı 2 (iki) il 2 (iki) ay 16 (on altı) gün həbsdə qanunsuz olaraq saxlanılması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən 100.000 (yüz min) manat məbləğdə ödənilməsi ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 27.000 (iyirmi yeddi min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəməninqətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 27.000 (iyirmi yeddi min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4914/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4914/2022
06.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver