Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-492/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirlinə qarşı “cinayət prosesini həyata keçiriən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi, mənəvi və fiziki zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirlinə qarşı “cinayət prosesini həyata keçiriən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi, mənəvi və fiziki zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə 80.000 (səksən min) manat maddi, 50.000 (əlli min) manat mənəvi və fiziki ziyan, cəmi 130.000 (yüz otuz min) manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən təqsirləndirilən İddiaçı guya qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayəti törətmişdir. Belə ki, İddiaçı İran İslam Respublikasının vətəndaşı Həsən adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə satıb pul qazanmaq barədə razılaşaraq ondan qanunsuz olaraq ümumilikdə 1015,518 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq üstündə və yaşadığı evdə saxlamış, 22 may 2019-cu ildə gecə saat 00:05 radələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanının qarşısında saxlanılıb Polis şöbəsinə gətirilərək üstünə baxış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü siqaret kağız bükümünün içərisində saxladığı təmiz çəkisi 0,518 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, eləcə də, həmin gün gecə saat 3 radələrində əməliyyat tədbirinin davamı olaraq yaşadığı ünvan 1 ünvanında yerləşən evinə özünün iştirakı ilə baxış keçirilərkən yataq otağında olan çarpayının baş tərəfində döşəyin altında saxladığı 1 ədəd ağ rəngli, üzərində göy naxışları olan polietilen torbada külli miqdarda təmiz çəkisi 1015 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İddiaçı cinayət törətməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən verilən apellyasiya şikayəti qismən təmin edilərək İddiaçı cəzası 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endiirlmişdir. Hökm qalan hissədə dəyişdirilməmiş saxlanılmışdır. Daha sonra İddiaçı müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmiş və şikayət qismən təmin edilmişdir. Bununla Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilərək iş yenidən apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə İddiaçı AR CM-nin 234.4.1 və 234.4.3 maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Beləliklə, cinayət prosesini həyata keçirən orqanlar İddiaçı qarşı əsassız cinayət işi qaldırmış, sübutlar saxtalaşdırılmış və 2 il 2 ay 28 gün müddətində əsassız olaraq həbsdə saxlanılmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən cinayət prosesini həyata keçiriən orqanların qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyan 80.000 manat, mənəvi və fiziki zərər 50.000 manat, cəmi 130.000 manat məbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.01.2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək İddiaçı 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 19.06.2020-ci il tarixli qərarına əsasən hökmdən verilən apellyasiya şikayəti qismən təmin edilərək İddiaçı azadlıqdan məhrum etmə cəzası 10 ildən 8 il 6 aya endirilmişdir. İş materiallarında olan AR Ali Məhkəməsinin 20.04.2021-ci il tarixli qərarına əsasən kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin 19.06.2020-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxışa təyin edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 10.08.2021-ci il tarixli hökmünə əsasən İddiaçı AR Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, həbsdən azad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.01.2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək İddiaçı 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19.06.2020-ci il tarixli qərarına əsasən hökmdən verilən apellyasiya şikayəti qismən təmin edilərək İddiaçı azadlıqdan məhrum etmə cəzası 10 ildən 8 il 6 aya endirilmişdir. AR Ali Məhkəməsinin 20.04.2021-ci il tarixli qərarına əsasən kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin 19.06.2020-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxışa təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10.08.2021ci il tarixli hökmünə əsasən İddiaçı AR Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal həbsdən azad olunmuşdur. Göründüyü kimi, İddiaçı 22 may 2019-cu il tarixdən 10 avqust 2021-ci il tarixədək, yəni 2 il 2 ay 18 gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə iddia tələbinin vurulmuş maddi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi zərərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 26.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə ijlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 26.000 (iyirmi altımin) manat alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 26.000 (iyirmi altı min) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-492/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-492/2022
21.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver