Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4931/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment borcunun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «aliment borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdən hesablanmış aliment borcunun cavabdeh və övladları ilə birgə yaşadıqları aylar ərzində yarandığını nəzərə alaraq, həmin tarixdən aprel ayınadək hesablanmış, hazırda 2.340 manat olan aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-581/2024 saylı qətnaməsi ilə onunla cavabdeh Zülfüqarova (Əvəzova) Leyla Həsənxan qızı arasında 12 oktyabr 2010-cu il tarixdə Salyan rayonu Yenikənd kənd inzibati ərazi nümayəndəliyində 58 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, övladları xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 anaları X7 ilə qalması, hər iki övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan cavabdehin xeyrinə hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamədə alimentin xx.xx.2023-cü il tarixdən, yəni iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən hesablanmağa başlanması nəzərdə tutulmuşdur. Qeyd edir ki, cavabdehlə nikahları rəsmi olaraq xx.xx.2024-cü il tarixdən pozulsa da, cavabdeh və o, övladları ilə 2023-cü ilin oktyabr ayından 2024-cü ilin aprel ayının əvvəlinə kimi onun hazırda da yaşadığı ünvan 1 ünvanda birlikdə yaşamışlar. Aprel ayının əvvəlindən isə cavabdeh uşaqlarla birgə onun yaşadığı evi tərk etmiş və başqa ünvanda yaşamağa başlamışdır. Onlar faktiki olaraq da ayrıldıqdan sonra may ayından etibarən məhkəmə qətnaməsi ilə hər ay hər uşaq üçün nəzərdə tutulmuş 220 manat olmaqla, cəmi 440 manat alimenti ödəyir və həmin aliment ödənişi ilə bağlı hal-hazırda heç bir problem yoxdur. Lakin cavabdeh 2023-cü ilin oktyabr ayından 2024-cü ilin aprel ayına kimi birlikdə yaşamalarına baxmayaraq ondan həmin aylar arasında aliment borcunun yarandığını iddia etmiş və həmin borcun ödənilməsini tələb etmişdir. Hesab edir ki, cavabdehin uşaqlarla birlikdə onunla yaşadığı halda ondan ayrılıb başqa evə köçdükdən sonra aliment borcunun əmələ gəldiyini iddia etməsi və onu tələb etməsi tamamilə əsassız və qanunsuzdur. Belə ki, oktyabr ayından aprel ayına kimi cavabdehlə və övladları ilə birgə yaşadıqlarını, habelə onların gündəlik ehtiyac və tələbatlarının ödənildiyini, məsrəflərinin qarşılandığını övladları təsdiqləyir. Qarşı tərəfin özü də həmin aylarda birgə yaşadıqlarını təsdiqləyə bilər. Aliment ödənilməsi tələbi ilə həmin tarixlərdə icra məmuru tərəfindən də ona hər hansı bir irad və ya hər hansısa bir tələb bildirilməmişdir. Bununla yanaşı cavabdehlə göstərilən aylar aralığında, yəni birgə yaşadıqları vaxtlarda bir-birinə göndərdikləri “whatsapp” yazışmaları, zənglər də mövcuddur və həmin yazışmalardan çıxarışlar iddia ərizəsinə əlavə olunur. Oktyabr ayından etibarən aprel ayına kimi birgə yaşadıqları halda cavabdehin ondan həmin tarixdən etibarən aliment borcu tələb etməsi əsassızdır və qanunauyğun deyildir. Belə ki, alimentin hər iki uşaq üçün cəmi 440 manat olduğunu nəzərə aldıqda ona 6 ay üçün 2.640 manat aliment borcu hesablanıb. May ayından etibarən sentyabr ayınadək həmin məbləğdən 60 manat, ümumi 300 manat ödəniş etmişdir. Hal-hazırda həmin məbləğ 2.340 manatdır. Bilir ki, bir valideyn olaraq uşaqların saxlanması üçün nəzərdə tutulan alimenti ödəmək borcudur və məhkəmə qətnaməsi ilə nəzərdə tutulan alimenti vaxtlı-vaxtında ödəyir. Lakin xüsusilə bildirmək istəyir ki, hesablanmış aliment borcu onların birgə yaşadıqları vaxtlar ərzində toplandığı üçün aliment borcu hesab edilməməlidir və silinməlidir. Çünki birgə yaşadıqları aylar ərzində onlar bir ailə olaraq yaşamışlar və o, bütün ailə üzvlərinin günlük ehtiyaclarını, tələbatlarını, məsrəflərini tam şəkildə qarşılamışdır. Buna görə də, həmin aliment borcunun silinməsi tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə aliment borcunun silinməsi tələbinə dair mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və mediasiya prosesinin nəticəsi olaraq barışıq əldə olunmamışdır. Belə ki, aralarında olan mübahisənin mediasiya vasitəsilə həlli mümkün olmayıb. Bakı 6 saylı Mediasiya Təşkilatının mediatorunun ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışını iddia ərizəsinə əlavə etmişdir. Mediasiya xərclərini tam şəkildə ödəmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia tamamilə əsassızdır. Belə ki, ilk dəfə aliment təyin olunanda hakim özü sual vermişdi ki, alimentin təyin edilmə tarixi iddia ərizəsi verilən gündən mi yoxsa nikah pozulduğu tarixdən mi hesablansın. O isə hakimə bildirmişdir ki, müddət iddia ərizəsi verildiyi gündən hesablansın. Əgər bu qanunsuz idisə hakim bu sualı necə verə bilərdi? Deməli tam qanuni olub. Həmçinin, onun himayəsində 2 uşaq var. Biri 8-ci sinifdə, digəri isə 3-cü sinifdə oxuyur. Qarşı tərəf isə cəmi 500 manat aliment ödəyir. Bu pul nəinki iki uşağa, heç bir uşağa baxmaq üçün kifayət etmir. Sentyabr ayına kimi vaxtlı-vaxtında alimenti ödəsə də, sonradan bilə-bilə alimenti gecikdirmiş və bu səbbədən də icra şöbəsindən xahiş etmişdir ki, aliment məbləği birbaşa iddiaçının maaş kartından tutulsun. Sonda, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-581/2024 saylı qətnaməsindən görünür ki, X3 İddiaçı qarşı «nikahın pozulması və s.» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə X7 arasında 12 oktyabr 2010-cu il tarixdə Salyan rayonu Yenikənd kənd inzibati ərazi nümayəndəliyində 58 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 anaları X7 ilə saxlanılmış, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı X4 xeyrinə xx.xx.2023-ci il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulması, aliment tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı 496500 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür kitərəflər arasında bağlanmış nikaha 27 may 2024-cü il tarixdə xitam verilmiş, nikahın pozulması barədə 30 may 2024-cü il tarixdə 208 saylı akt qeydi edilmiş, qadına Zülfiqarova soyadı verilmişdir. Bakı 6 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/6-01761 saylı Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, aliment borcunun silinməsi barədə mübahisə üzrə mediasiya sessiyası xx.xx.2024-cü il tarixə saat 13:30-a təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmiş, iddiaçı mediasiya sessiyasına gəlsə də, cavabdeh gəlməmişdir. İddiaçı tərəfindən 50 manat İMS xərci və 10 manat kargüzarlıq xərci ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13—16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, tərəflərin nikah pozulanadək və bundan sonra eyni ünvanda yaşamaları, atanın uşaqların qayğılarının həll edilməsində iştirakını təsdiq edən göstərici (hal) deyil. İnsanlar nikahları pozulmadığı halda belə, uşaqlara maddi cəhətdən yardım etməyən valideynə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər və tərəflərin eyni ünvanda yaşaması bu növdə iddiaların həllinə maneə yaratmır, digər sözlə ifadə etdikdə iddianı rədd etmə əsası kimi çıxış etmir. Digər tərəfdən, iddiaçı məhkəmə qətnaməsini aldığı vaxt ona alimentin hansı vaxtdan tutulmasının qət edildiyi bəlli olmuşdur. Əgər iddiaçı iddia ərizəsində qeyd etdiyi dövrdə uşaqlarını maddi cəhətdən təmin etmişdirsə, o, məhkəmənin qətnaməsini alimentin tutulduğu dövrə münasibətdə mübahisələndirə bilərdi. Lakin o, qətnaməni almış, qətnamə ilə tanış olmuş, qətnamə üzrə təmin edilmiş tələblərlə razı olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirməmişdir.Hazırda keçmiş ər-arvad arasında davam edən qarşılıqlı anlaşılmazlıq fonunda uşaqların saxlanması üçün atadan tutulması qət edilmiş alimentə görə hesablanmış borcun silinməsinə dair qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud deyildir. Yuxarıda qeyd olunanlara istinadən məhkəmə hesab edir ki, iddia əsaslı hesab oluna və təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «aliment borcunun silinməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 44 manat dövlət rüsumu, 50 manat İMS xərci və 10 manat kargüzarlıq xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment borcunun silinməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu, 50 (əlli) manat İMS xərci və 10 (on) manat kargüzarlıq xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4931/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4931/2024
25.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver