Məhkəmə qərarları › İş №2(006)-4942/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4942/2024

05.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4942/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı Yahubava Hannanın, Cavabdeh, X1 iştirakları ilə, İddiaçı Yahubava Hannanın Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Yahubava Hanna Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğində depozitin və 33 (otuz üç) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1333 (bir min üç yüz otuz üç) manat məbləğində pulun tutularaq iddiaçı Yahubava Hannaya ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Yahubava Hanna ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 1157-ci məhəllə, 17D saylı evin 219 nömrəli mənzilinin icarəsi olmuşdur. İcarə müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq iddiaçı Yahubava Hanna tərəfindən Cavabdeh əvvəlcədən 1300 (bir min üç yüz) manat məbləğində depozit ödənilmişdir. Müqaviləyə və müvafiq olaraq müqavilə üzrə hüquq münasibətlərinə xitam verildiyinə baxmayaraq, həmin depozit Cavabdeh tərəfindən müqavilənin 3.1-ci bəndinin müddəalarına zidd olaraq (Yahubava Hannanın mənzilin istifadəsinə görə kommunal ödənişlər üzrə borcu olmamışdır, habelə onun tərəfindən mənzilə heç bir ziyan vurulmamışdır) qaytarılmamışdır. Cavabdeh iddiaçı Yahubava Hannanın yazılı pretenziyasına yazılı şəkildə cavab verməmiş, telefoq danışıqları zamanı isə bildirmişdir ki, 1300 (bir min üç yüz) manat məbləğində qaytarılmasından pulun imtina edir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında iddiaçı Yahubava Hanna iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, təmin edilməməsini xahiş etdi.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, daşınmaz əmlakın alqı-satqısı və icarəsi ilə məşğuldur. İddiaçı Yahubava Hannanı 1 ilə yaxın, Cavabdeh isə 2- 3 ildir ki, tanıyır. Cavabdehi tanıdığına görə bilir ki, cavabdeh evini qısa müddətli kirayəyə vermir. Tərəflər arasında bağlanmış icarə müqaviləsi onun tərəfindən tərtib edilmişdir və müqavilə bağlanan vaxt o, özünün dediyinə əmin olmasa da, köməkçisi iddiaçıya bildirmişdir ki, mənzildən 11 aydan tez çıxacağı təqdirdə depoziti qaytarılmayacaqdır. Müqavilədə bu şərtin göstərilməməsi texniki səhvliklə olsa da, müqavilə bağlanandan sonra isə heç bir tərəf müqaviləyə əlavə və ya dəyişiklik, hər hansı düzəlişlə bağlı müraciət etməmişdir. Xidmətə görə iddiaçı və cavabdeh hər biri ona ayrı-ayrılıqda 390 manat məbləğində pul vermişdir. İddiaçı işi məhkəməyə qədər aparmasın deyə o, iddiaçıdan aldığı pulun yarısını geri qaytarmağı təklif etsə də, iddiaçı bu təkliflə razılaşmamışdır.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, iddiaçı Yahubava Hannanın həyat yoldaşının atası onun qaynıdır. İddiaçı tərəf Rusiyadan gəlmişdir. İcarə predmeti olan mənzili iddiaçı tərəf özləri tapmış, o da həmin mənzilə gedib baxmış və videozənglə onlara göstərmişdir. Bildiyinə görə, mənzilin 3 aylıq pulu verilmiş, 1 aylıq pul isə depozit qoyulmuşdur. İddiaçı tərəfin 1 il qalacaqlarını təxmin edib, o bildirmişdir ki, onlar həmin mənzili 1 illik götürürlər. Bu vaxt cavabdeh ona demişdir ki, əgər 11 aydan tez çıxsalar, depozitləri batacaq, çünki evi 3 aylıq yox, məhz uzun müddətə bu qiymətə icarəyə verir. Həmçinin, ona bildirilmişdir ki, əgər mənzildə nəsə xarab olsa və ya sınsa, iddiaçı çıxan vaxt həmin depozitdən onun məbləği çıxılıb, qalanı qaytarılacaq. Bu söhbət onunla cavabdeh arasında olmuş, lakin iddiaçının bu söhbətdən xəbəri olmamış və o, cavabdehə bildirmişdir ki, bu məsələləri onunla yox, iddiaçının özü ilə danışsın. Müqavilə bağlanmasından və müqavilənin şərtlərindən isə onun xəbəri olmamış, çünki həmin proseslərin hamısında iddiaçı özü iştirak etmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatını, şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 1157-ci məhəllə, ev 17D, məzil 219 Yeni qaydalarla: AZ1025, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2023-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır.

9. Cavabdeh (icarəyə verən) ilə Yahubava Hanna (icarəçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 1157-ci məhəllə, ev 17D, məzil 219 (icarə obyekti) yaşayış sahəsi kimi icarəçinin istifadəsinə verir. İcarəçi hazırki Müqavilənin şərtlərinə əsasən icarə obyektinin istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını İcarəyə verənə ödəməyi öhdəsinə götürür. Hazırki Müqavilənin şərtlərinə uyğun olaraq icarə obyektini yalnız təsərrüfat və istehsalat təyinatı üzrə istifadə etmək; İcarə obyektini öz mülahizəsi ilə hazırki Müqavilənin şərtlərinə uyğun şəxsən istifadə etmək, işlətmək və ya idarə etmək; Texnikitəhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarına riayət etməklə icarə obyektini öz mülahizəsi ilə təchiz etmək icarəçinin hüquq və öhdəlikləridir. İcarə haqqı hər ay üçün 1300 (bir min üç yüz) manat təşkil edir. Həmçinin İcarəçi 2 ay əvvəlcədən icarə haqqını ödəyib. Birinci, ikinci ayın 2024-cü ilin və depozit 1300 (bir min üç yüz) manat. Kommunal ödənişlər üzrə borc olmadıqda və əmlaka heç bir ziyan dəymədikdə depozit qaytarılacaq. Növbəti ödəniş 27 aprel 2024-cü ildə ödənilməlidir. Aylıq bina kommunal haqqı qiymətə daxildir və aylıq istifadə olunan (qaz, su, işıq, internet və televiziya) xərclər İcarəçi tərəfindən ödənilməlidir. Bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 11 (on bir) ay müddətinə qüvvədədir. Bu müqaviləyə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada və hallarda xitam verilə bilər. Hazırkı müqavilə üzrə mübahisələr tərəflərin öz aralarında pretenziya irəli sürülməsi qaydası ilə həll edilir.

10. Yahubava Hanna tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, o, depozit olaraq ödədiyi 1300 (bir min üç yüz) manat pulun geri qaytarılmasını xahiş etmiş, əks halda məhkəməyə müraciət edəcəyi ilə bağlı xəbərdarlıq etmişdir.

11. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 33 (otuz üç) manat dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Yahubava Hanna ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, cavabdeh mülkiyyətində olan mənzili aylıq 1.300 manat icarə haqqı və kommunal ödənişləri ödəmək şərtilə iddiaçıya 11 ay müddətinə icarəyə vermişdir.

13. Müqavilə bağlanan zaman iddiaçı bir neçə aylıq ödənişdən əlavə, 1.300 manat pulu da depozit kimi cavabdehə vermişdir. Müqavilə şərtlərinə əsasən, kommunal ödənişlər üzrə borc olmadıqda və əmlaka heç bir ziyan dəymədikdə depozitin qaytarılacağı razılaşdırılsa da, iddiaçı müqavilə bağlandıqdan 3 ay sonra – 2024-cü ilin may ayında mənzildən çıxmaqla müqaviləyə xitam verməsinə baxmayaraq, cavabdeh depozit məbləğini iddiaçıya qaytarmamışdır.

14. İddiaçı rəsmi qaydada pretenziya ilə cavabdehə müraciət edərək, depozitin geri qaytarılmasını tələb etsə də, cavabdeh tərəfindən depozit geri qaytarılmamışdır.

15. Hazırda iddiaçı müqaviləyə xitam verilməsinə baxmayaraq, depozitin geri qaytarılmadığını bildirib, depozit məbləğinin və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsini; cavabdeh isə iddiaçının müqaviləyə vaxtından əvvəl xitam verərək evdən tez çıxdığına görə depoziti ona qaytarmadığını, evi 11 aylıq müddətə verdiyinə görə həmin qiymətə razılaşdığını, əks halda, belə qısa müddətli olanda evi daha baha qiymətə icarəyə verdiyini, maklerə və iddiaçının qohumuna da iddiaçının 11 aydan tez çıxacağı təqdirdə depoziti qaytarmayacağını bildirdiyini, makler tərəfindən tərtib edildiyinə görə müqavilə şərtlərində bunun göstərilmədiyini, lakin maklerin bu məlumatın şifahi şəkildə iddiaçıya verildiyini bildirməsini qeyd edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir.

16. Cavabdeh tərəfin vəsatəti ilə məhkəmədə şahid qismində dindirilmiş makler (daşınmaz əmlakın alqı-satqısı və icarəsi ilə məşğul olan şəxs) və cavabdehlə görüşüb evi videozəng vasitəsilə iddiaçı tərəfə göstərən iddiaçının qohumu cavabdehin iddiaçının evdən vaxtından tez çıxacağı təqdirdə depozitin geri qaytarılmayacağını onlara dediyini, iddiaçının qohumu cavabdehə bu barədə iddiaçı ilə danışmalı olduğunu bildirdiyini və özünün iddiaçıya bu barədə heç nə demədiyini, makler isə bu məsələni köməkçisinin iddiaçıya dediyini bildirmişlər.

c) Məhkəmənin mövqeyi:

17. Məhkəmə hesab edir ki, tərəflər arasında əmlak kirayəsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, müqavilə 11 ay müddətinə bağlansa da, iddiaçı mənzildən çıxmaqla müqaviləyə vaxtından əvvəl – müqavilə bağlandıqdan 3 ay sonra xitam verilmiş, lakin onun depozit kimi ödədiyi pul məbləği cavabdeh tərəfindən ona geri qaytarılmamışdır.

18. Müqavilədə yalnız kommunal ödənişlərə görə borc olduğu və əmlaka ziyan vurulduğu təqdirdə depozitin iddiaçıya qaytarılmaması barədə bənd nəzərdə tutulduğundan, məhkəmə araşdırmaları dövründə bu məsələ ilə bağlı cavabdehin öz izahatı ilə təsdiq edilmişdir ki, iddiaçının müqavilə münasibətlərinə xitam verilən vaxt kommunal ödənişlərə görə borcu olmamış və mənzilə iddiaçı tərəfindən heç bir ziyan vurulmamışdır. Buna görə bu hal da hazırkı işin mübahisəsiz halı hesab olunur.

19. Cavabdeh depoziti geri qaytarmamasının səbəbi kimi iddiaçının müqaviləyə vaxtından əvvəl xitam verdiyini göstərir və əlavə olaraq bildirir ki, müqavilə 11 ay müddətinə bağlandığına görə o, mənzilini bu qiymətə kirayə vermişdir, çünki qısa müddətli kirayə münasibətləri zamanı mənzili daha yüksək qiymətə kirayə verir. O, bunu maklerə də bildirmiş, makler isə ona müqavilədə göstərilməsə də, iddiaçıya bu barədə şifahi qaydada məlumat verildiyini demişdir. Lakin iddiaçı bu faktı qəbul etməyərək bildirmişdir ki, makler tərəfindən ona tez çıxacaqları halda, depozitin batacağı barədə məlumat verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş makler özü deməmiş olsa da, köməkçisi Sergeyin bu məlumatı iddiaçıya verdiyini bildirmiş, iddiaçı bu faktı da qəbul etməmiş, belə söhbət olmadığını bildirmişdir.

20. Beləliklə, görünür ki, tərəflər arasında yazılı qaydada bağlanmış, onların iradə ifadələrini əks etdirən müqavilənin məzmununda depozitin qaytarılmayacağı hallar dəqiq müəyyən edilmiş və bu halların içərisində müqaviləyə kirayəçi tərəfindən vaxtından əvvəl xitam verilməsi əsası göstərilməmişdir. Məhkəmə araşdırmaları dövründə bu şərtin sonradan müqaviləyə əlavə ilə tənzimlənə biləcəyi ehtimalı da nəzərə alınaraq, müqaviləyə onunla eyni formada bağlanmış əlavə və ya dəyişikliyin olub-olmaması araşdırılsa da, müqaviləni tərtib etdiyini bildirən makler heç bir tərəfin bununla bağlı ona müraciət etmədiyini bildirmiş, tərəflər də yazılı şəkildə bağlanmış hər hansı əlavə və dəyişikliyin olmasını iddia etməmişlər. Deməli, tərəflər arasında olan yazılı razılaşmada müqaviləyə 11 aydan tez xitam veriləcəyi təqdirdə depozitin geri qaytarılmayacağı barədə şərt olmamışdır. Beləliklə, ümumiləşdirdikdə müəyyən edilir ki, müqavilədə depozitin geri qaytarılmaması əsası kimi 2 hal - kommunal borcun olması və mənzilə ziyan vurulması göstərilmiş, lakin müqaviləyə vaxtından tez xitam veriləcəyi halı nə müqavilədə göstərilməmiş, nə də sonradan tərəflər arasında bununla bağlı hər hansı bir əlavə və ya dəyişiklik imzalanmamışdır.

21. Bununla yanaşı məhkəmə qeyd edir ki, müqavilədə göstərilməsə də, qanunun tələblərində cavabdehin iddia etdiyi formada imperativ bir norma nəzərdə tutulmamışdır, yəni cavabdehin bildirdiyi bu hal kirayə müqaviləsi üçün qanundan birbaşa irəli gələn hal da deyildir.

22. Ən əsası, məhkəmə müqavilə şərtlərini düzgün təfsir etmək üçün tərəflərin arasında olan danışıqların məzmununda və onların faktiki münasibətlərində belə bir razılaşmanın olub-olmaması, əsl həqiqi niyyətlərinin nə olması ilə bağlı araşdırma aparmış və müəyyən edilmişdir ki, tərəflər arasında cavabdehin bildirdiyi formada razılaşma olmamış, çünki iddiaçıya ümumiyyətlə belə bir şərtin mövcudluğu bildirilməmiş, bu şərtə onun razılığı alınmamışdır.

23. Şahid kimi ifadə verərkən aralarında olan şifahi danışıq zamanı cavabdehin 11 aydan tez evdən çıxacağı təqdirdə, depoziti qaytarmayacağını iddiaçıya özünün olmasa da, köməkçisinin bildirdiyini deyən maklerin əksinə, digər şahid – iddiaçının qohumu bu barədə cavabdeh ona dedikdə bu məsələləri iddiaçı ilə danışmalı olduğunu, sonrakı proseslərdə isə iştirak etmədiyini, iddiaçıya belə bir söz deyilməsinin şahidi olmadığını bildirir. Yuxarıda da qeyd edildiyi kimi, maklerin dediklərini iddiaçı qəbul etmir, lakin iddiaçının qohumu olan digər şahidin dediklərini cavabdeh mübahisələndirmir, yəni ona bu barədə məlumat verəndə onun cavabdehə “bu barədə iddiaçı ilə danışın” dediyini təsdiq edir. Məhkəmə şahid ifadələri ilə bağlı hesab edir ki, hər iki tərəflə müqavilə münasibətlərində olmaqla işdə maraqları olan şəxs olduğundan (göstərdiyi xidmətə görə hər iki tərəfdən ayrı-ayrılıqda 390 manat aldığını, mübahisə yarananda iddiaçıdan aldığının yarısını ona geri qaytarmağı təklif etdiyini məhkəmə iclasında makler özü bildirmişdir), habelə iddiaçıya belə bir məlumatı verdiyini xatırlamasa da, köməkçisinin bu məlumatı iddiaçıya verdiyini deyən maklerin ifadəsi məhkəmə tərəfindən mötəbər sayılmır. Qanunun tələbinə görə şahid yalnız ona məlum olan və alınma mənbəyini göstərə bildiyi halları və məlumatları məhkəməyə bildirir, lakin verdiyi ifadədən məlum olur ki, maklerin ifadəsi bu tələblərə cavab vermir. Digər şahidin ifadəsi isə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən və işin faktiki halları ilə yanaşı yoxlandıqda həmin hallara uyğun, ağlabatan hesab edildiyindən, məhkəmə onun ifadəsini mötəbər sübut hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə şahid ifadələri ilə tərəflər arasında cavabdehin iddia etdiyi formada şifahi razılaşmanın olması faktı öz təsdiqini tapmır.

24. Məhkəmə araşdırmaları zamanı cavabdeh etirazının bu dəlilini, yəni iddiaçı ilə aralarında müqavilədən savayı, şifahi danışıqlar zamanı belə bir razılaşma olduğunu, onların həqiqi niyyətlərinin əslində belə olduğunu başqa qaydada heç nə ilə sübuta yetirməmiş, iddiaçı da belə bir şərtin olduğunu qəbul etməmişdir. Yuxarıda qeyd edildiyi kimi, belə bir qayda birbaşa qanundan da irəli gəlmir. Deməli, müqaviləyə xitam verilən zaman iddiaçı tərəfindən əvvəlcədən ona verilmiş depoziti cavabdehin geri qaytarmamasının heç bir hüquqi – müqavilə və ya qanuni əsası, habelə faktiki əsası olmamışdır.

25. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

26. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

27. Beləliklə, sübutetmə yükü öz üzərində olmasına baxmayaraq, cavabdeh etirazını əsaslandırdığı halın mövcudluğuna – aralarında olan şifahi razılığa əsasən, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi təqdirdə depozitin geri qaytarılmayacağı barədə şərtin olmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, məhkəmə tərəfindən bu dəlil əsassız hesab edilir.

28. Məhkəmə cavabdehin nəzərinə çatdırmağı zəruri sayır ki, onun bu dəlili depoziti iddiaçıya geri qaytarmamaq üçün əsaslı olmasa da, iddiaçı tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı ona dəymiş ziyanın əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır.

29. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan və cavabdehin etirazının dəlilləri ilə iddianın əsaslılığı aradan qalxmadığından, yəni cavabdeh depoziti geri qaytarmama səbəbi olan şərtin aralarında olan şifahi danışıqda olduğunu və tərəflərin həqiqi iradə ifadəsinin belə olduğunu heç bir vasitə ilə sübuta yetirmədiyindən, iddia təmin edilməli, Cavabdeh 1.300 (bir min üç yüz) manat məbləğində pul alınaraq iddiaçı Yahubava Hannaya verilməlidir.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1-404.2. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə 697.3. Kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 104.3. Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

33. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1.300 (bir min üç yüz) manat məbləğində pul və 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Yahubava Hannaya verilməlidir.

34. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

Nəticə:

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 1.300 (bir min üç yüz) manat məbləğində pul və 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Yahubava Hannaya verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar