Məhkəmə qərarları › İş №2(006)-4963/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4963/2025

26.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4963/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracət edərək, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmək, qətimkan tədbiri kimi həbsə alınmaq nəticəsində azadlığından məhrum edildiyi gün üçün ona 100 manat olmaqla ümumilikdə 55.100 manat məbləğində vurulmuş maddi ziyana görə, mənəvi zərərə görə isə 40.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü il 26 oktyabr tarixində saat 20-20 radələrində İddiaçı Abşeron rayon polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq polis idarəsinə gəlirilmiş, Polis İdarəsində polis əməkdaşları tərəfindən zorakılıqla döyülərək cibinə narkotik maddə tullatdıraraq Azərbaycan Respublikasının Cinayət Məcələsinin 234.1-1-ci maddəsi ilə ittiham elan edilərək həbsə alınmışdır. Barəsində həhs qətimkan tədbiri seçilməklə 1 il 6 ay 3 gün həbsdə olmuşdur. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-85/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş və o, verilmiş ittiham üzrə təqsirsiz hesab olunmuşdur. İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, dərhal həbsdən azad edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 85/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən protest verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-474/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun barəsində bəraət hökmü çıxarılmasına dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 1(124)- 85/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bəraət hökmü çıxarılan zaman iddiaçı barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. 26 oktyabr 2023-cü ildən seçilmiş həbs qətimkan tədbiri bəraət hökmü çıxarılanadək, yəni xx.xx.2025-ci il tarixinədək, yəni bir il altı ay üç gün qüvvədə qalmaqla iddiaçı Bakı İstintaq təcridxanasında həbsdə olmuş, qanunsuz və əsassız olaraq cinayət təqibinə məruz qalmışdır. Məhkəmə iclas zalından azadlığa çıxandan sonra sağlamlığının yerində olmadığının, psixi-mənəvi sarsıntı keçirdiyini hiss etmiş, azadlığa çıxandan sonra bir müddət evdə qalmış, utandığından çölə çıxa bilməmiş, sağlamlığından dolayı müayinə və müalicələrə başlamışdır. Həbsdə olduğu müddətdə müxtəlif xəstəliklərə tutulmuşdur. Eyni zamanda narkotik maddələrin istifadəçisi kimi əməli nəzərdə tutan cinayəti ilə tutulduğu üçün hamı, yəni dostları, qonşular, qohum-əqraba ona cinayətkar, narkotacir gözü ilə baxır. Bu fakt da ona çox pis təsir edir. Hansı ki, məhkəmələr onun cinayətkar olmadığını təsdiq edərək, buna hökm etmişlər. Qeyd olunanlar da təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyanın vurulmasının bariz nümunəsidir. Göründüyü kimi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində bir il altı ay üç gün ərzində iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Bu müddət ərzində məhdudiyyətlərə məruz qalmış, bu müddət ərzində işləmək, pul qazanmaq, istirahət etmək hüququndan məhrum olaraq, eyni zamanda mənəvi və fiziki sarsıntılar keçirmişdir. O cümlədən, ailəsindən, dostlarından, tanışlarından ayrı düşmüşdür. Bundan başqa, bu hadisəyə görə qonşularda, qohumlarda onun haqqında cinayətkar təsəvvür yaranmışdır. Bu fakt da onda məyusluq yaradır, mənəvi sarsıntı və iztirab hissi keçirir. Bunların məntiqi nəticəsi olaraq, bir il altı ay üç gün, yəni ümumilikdə 551 gün qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, azadlığından məhrum edildiyi gün üçün iddiaçıya 100 manat olmaqla, ümumilikdə 55100 manat təzminat ödənilməlidir. Qanunsuz olaraq həbsdə olduğu müddətdə sağlamlığını itirməyi, o cümlədən şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması və eyni zamanda yaxınları ilə münasibətlərin pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməyi, qanunsuz həbsdə olduğu müddətdə ağır xəstəliyə tutularaq hələ də müayinə və müalicələr aldığını nəzərə alaraq ona dəymiş mənəvi ziyanın məbləği də 40.000 manat məbləğində müəyyən edilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X6 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, maddi ziyan tələbi iddiaçının valideynlərinin onun yanına istintaq təcridxanasına gəldikləri zaman çəkdikləri xərclərdən və iddiaçını özünün müalicəsinə görə çəkilən xərclərdən ibarətdir, lakin buna dair konkret sübutları məhkəməyə təqdim edə bilmirlər. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaya etiraz təqdim etmiş və etirazda göstərmişdir ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. Bildirilir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər və s.) konkret növləri göstərilmişdir, iddiaçı isə maddi ziyanın ödənilməsi əvəzi tələb edərkən həmi ziyanın nədən ibarət olunmasını dəqiqləşdirməmiş, təsdiq edən sənədlər təqdim etmədən ümumi ifadələrlə kifayətlənmişdir. İddiaçı mənəvi zərərin ödənilməsini də tələb edir. Bununla bağlı bildirilir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi inzibati protokol tərtib edən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə, iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını və çıxışını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materialları: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(124)-85/2025 saylı hökmündən görünür ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 noyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması” haqqında protokola əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospektində “Göyçə” marketin yaxınlığında saxlanılmış və Abşeron RPİ-nin inzibati binasına gətirilmişdir. Sözügedən hökmlə İddiaçı AR CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş və o, verilmiş ittiham üzrə təqsirsiz hesab olunmuş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və dərhal həbsdən azad edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(105)- 474/2025 saylı qərarına əsasən apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(124)-85/2025 saylı bəraət hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 6(105)- 32/2025 saylı qərarına əsasən Abşeron rayon prokurorunun köməkçisi Ə.Cəlalın xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından verilmiş şikayətin təmin edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 6(012)-18/2025 nömrəli qərarı apellyasiya şikayətinə əsasən ləğv edilmiş, qəbul edilmiş qərarın surəti 477-C-23 nömrəli material üzrə əlavə araşdırılma aparılması üçün Abşeron rayon Prokurorluğuna göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarlarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı barəsində 27 noyabr 2023-cü il tarixdən 29 aprel 2025-ci il tarixədək müddətə, yəni ümumilikdə 17 ay müddətində qanunsuz olaraq cinayət işi üzrə icraat aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi nəticəsində ona qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. İddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı, həmin hissədə tələbini azadlıqdan məhrum edildiyi hər gün üçün 100 manat olmaqla ümumilikdə ona 55100 manat maddi ziyan dəydiyini iddia etsə də, o, bu zərərin real olmasını sübuta yetirməmişdir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. İddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, 17 ay ərzində iddiaçı qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə, tutulmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilməklə əsassız məhrumiyyətlərə məruz qalmışdır. Belə ki, onun barəsində 27 noyabr 2023-cü il tarixdə seçilmiş həbs qətimkan tədbiri Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2025-ci il tarixli bəraət hökmü ilə ləğv edilmiş, iddiaçı dərhal həbsdən azad edilmişdir. O, həmin müddət ərzində müəyyən məhrumiyyətlərə məruz qalmış, inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Odur ki, iddiaçıya barəsində qanunsuz aparılan cinayət işi üzrə və prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi ilə bağlı mənəvi zərər dəyməsi aşkardır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərə görə kompensasiya ödənilməlidir. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. İddiaçıya dəymiş mənəvi zərərə görə tələb olunan məbləğdə deyil, 17.000 manat həcmində kompensasiya ödənilməsini məhkəmə ağlabatan və ədalətli hesab edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 17.000 (on yeddi min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 17.000 (on yeddi min) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar