Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4971/2025 05.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" tələbinə dair iş üzrə (açar sözlər: pul tələbi) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, 41697*****2595 saylı kart hesabına 100 (bir yüz) manat vəsait ödənilmişdir. - Sumqayıt şəhər Polis İarəsinin 1-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, müraciətinə baxılmışdır. Müraciətdə qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə və ya banka müraciət etməyi məqsədə müvafiqdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş İAMAS məlumatlarından görünür ki, xx.xx.2025-ci il tarixdə 100 manat köçürülmüş kart hesabı (41697388****2595) X2 məxsusdur. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kapital bank ASC-nin başqa bir bank kartı müştərisinə "xxxx" MMC-yə məxsus Milli ön ödəniş terminalından səhvən köçürdüyü 100 (bir yüz) azn manat vəsaitin köçürülərək öz adına olan bir bank kartı hesabına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Səyyad oğlu xx.xx.2025-ci il tarixində Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən “Qayalı Qold” ticarət mərkəzinin daxilində qurlaşdırılmış "xxxx" MMC-yə məxsus Milli ön elektron ödəniş sisteminin 50117 saylı terminalı vasitəsilə Kapital Bank ASC-nin öz adına olan 4169 **********95 saylı bir kart balansına 100 (bir yüz) manat vəsait ödəmək istəyərkən səhvən təsadüfən həmin bankın başqa bir bank müştərisinin 4169 7388xxx2595 saylı karta ödəmişdir. İddiaçı bu barədə dərhal "xxxx" MMC-nin x0010 Çağrı mərkəzilə və Kapital Bank ASC-nin 196 müştəri xidmətilə mobil telefonuyla əlaqə saxlayaraq məlumat vermişdir. İddiaçı hər iki qürumun əməkdaşlarından xahiş etmişdir ki, kartına səhvən vəsait köçürdüyü müştərini məlumatlandıraraq onunla və ya onun müştəriylə yaratmağına yardımçı olsunlar. Hər iki qürumun əməkdaşları ilə dəfələrlə uzun sürən danışıq və söhbətlərin heç bir köməyi olmadı. Əməkdaşların tövsiyəsilə bu işlə bağlı DİN-nin 102 xidmətinə müraciət etmişdir. İddiaçının müraciəti DİN 102 xidməti tərəfindən Sumqayıt şəhər polis idarəsinin 1 saylı polis bölməsinə yönləndirilmişdir. 1 saylı polis bölməsində rəsmi olaraq ərizə ilə iddiaçının müraciətini qəbul etmişdirlər. İddiaçının bu müraciəti Polis idarəsi tərəfindən yenidən araşdırıldıqdan sonra rəsmi olaraq ərizəsinə cavab olaraq məktubla bildirmişdirlər ki, bu iş mülki xarakterli olduğu üçün ona banka və ya məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. b) iddiaya etiraz: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2-ci maddəsinə əsasən aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq, sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilsin. Məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı xx.xx.2025-ci il tarixində "xxxx" MMC-yə məxsus ödəniş terminalı vasitəsilə öz adına olan bank kartı hesabına vəsait köçürmək istəyərkən səhvən başqa şəxsə məxsus kart hesabına 100 manat məbləğində pul vəsaiti köçürmüşdür. Məhkəmənin xx.xx.2025-ci il tarixli, № 2(006)-4971/2025 saylı qərardadı ilə iddiaçının vəsatəti təmin edilərək, sözügedən kart hesabının sahibinin anket məlumatları Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tələb edilmiş və bank tərəfindən həmin məlumatlar məhkəməyə təqdim olunmuşdur. Blə ki, iş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş məlumatlardan görünür ki, 100 manat məbləğində vəsait köçürülmüş 41697388****2595 nömrəli kart hesabı X2 məxsusdur. Beləliklə, iş materiallarından aydın olur ki, iddiaçının səhvən köçürdüyü pul vəsaiti cavabdeh qismində göstərilən bankın hesabına deyil, X2 məxsus kart hesabına köçürülmüşdür. Məhkəmə qeyd edir ki, bank müştərilərin hesabları üzrə aparılan köçürmələrdə yalnız hesabların texniki xidmətini həyata keçirən maliyyə təşkilatıdır və müştərilər arasında yaranmış mülki-hüquqi münasibətlər üzrə tərəf qismində çıxış etmir. Bu səbəbdən iddiaçının səhvən köçürdüyü pul vəsaiti bankın mülkiyyətinə keçməmiş, birbaşa digər fiziki şəxsə məxsus kart hesabına daxil olmuşdur. Belə olan halda, mübahisəli pul vəsaitinin qaytarılması ilə bağlı tələb həmin vəsaiti qəbul etmiş şəxsə qarşı irəli sürülməli olduğu halda, iddiaçı tərəfindən cavabdeh qismində bank göstərilmişdir. Bundan başqa, məhkəmə icraatı zamanı bank tərəfindən təqdim edilmiş məlumatlar əsasında pul vəsaitinin köçürüldüyü kart hesabının sahibinin kimliyi müəyyən olunsa da, iddiaçı tərəfindən cavabdehin dəyişdirilməsi və ya işə müvafiq şəxsin cavabdeh qismində cəlb edilməsi barədə vəsatət verilməmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, sonuncu məhkəmə iclaslarında iştirak etməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Beləliklə İddiaçı məhkəmə iclaslarında iştirak etmədiyindən X1 hazırki iş üzrə üçüncü şəxs və ya cavabdeh qismində cəlb edilməsi mümkün olmamışdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibətinin subyekti olmayan şəxsə qarşı iddia tələbinin irəli sürülməsi iddianın təmin olunması üçün hüquqi əsas yaratmır. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti hazırkı mübahisə üzrə subyektiv cavabdeh olmadığından İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-4971/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4971/2025
05.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver