Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4978/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə ("xxxx" ASC-ni mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd etməklə) qarşı «16.09.2020-ci il tarixli 11895 saylı icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə ("xxxx" ASC-ni mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd etməklə) qarşı «16.09.2020-ci il tarixli 11895 saylı icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 6.553 manat 92 qəpik pulun tutularaq "xxxx" ASCnin xeyrinə ödənilməsi barədə Bakı şəhəri 14 saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 16.09.2020-ci il tarixli 11895 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 21 iyun 2021-ci il tarixdə (055 868 27 88 nömrəli mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq) borclu şəxs qismində Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nəzrin İbişova tərəfindən şöbəyə dəvət edilərək, tələbin könüllü icrası haqqında 21.09.2020-ci il tarixli e145985/2020-5-22- 002 nömrəli bildirişi və qərarı (icraata başlamaq haqqında) ona təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən ona məlum olmuşdur ki, Bakı şəhəri 14 saylı Notariat ofisinin xüsusi notariusu X2 «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, "xxxx" ASC-nin xeyrinə ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı 06.16-16-055270 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 6.553 manat 92 qəpik tutulması barədə 16.09.2020-ci il tarixli 11895 nömrəli icra qeydi verilsin. Bakı şəhəri 14 saylı Notariat ofisinin icra qeydinə əsaslanan Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru ondan 6.553 manat 92 qəpik pul vəsaitinin tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə 21.09.2020-ci il tarixli qərar qəbul etmişdir. Onunla "xxxx" ASC-nin Nəsimi rayon filialı arasında bağlanmış 27 iyul 2016-cı il tarixli 06.16-16-055270 saylı kredit borc müqaviləsi əsasında ona əmək pensiyası alan bir şəxs kimi 60 ay müddətinə 15.000 manat məbləğində pul krediti verilmişdir. Kredit götürən şəxs kimi "xxxx" ASC tərəfindən həyat sığortası şəhadətnaməsi 27.07.2016-cı il tarixdə verilmişdir və onun tərəfindən sığorta haqqı olaraq 2.250 manat pul vəsaiti ödənilmişdir. Əmək pensiyası pensiya kartı vasitəsi ilə "xxxx" ASC tərəfindən həyata keçirildiyindən kredit müqaviləsi üzrə borc pensiya kartına yönəldilmişdir. Aldığı pensiyadan isə 26 avqust 2016-cı il tarixdən mütəmadi qaydada hər ayda 476 manat kredit borcu tutularaq 27 yanvar 2020-ci il tarixə kimi 19.516 manat kredit borcu tələbkarın xeyrinə tutulmuşdur. 2020-ci ilin yanvar ayından isə ondan asılı olmayan səbəbdən əmək pensiyasının pensiya kartı ilə ödənilməsi "xxxx"a həvalə edildiyindən və tələbkar kredit borcunu pensiya kartına yönəltmədiyindən arada fasilə yaranmış və tələbkar ona bildiriş təqdim etmədən icra qeydi almaq üçün notariat ofisinə müraciət etmişdir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsi ilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlamalıdır. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması barədə «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsi ilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Müqavilənin 6.3-cü bəndinə görə tərəflər arasında mübahisələr qarşılıqlı razılaşma ilə həll ediləcəyi və qarşılıqlı razılaşma əldə edilmədikdə qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında həll ediləcəyi nəzərdə tutulur. Tələbkar qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona bildiriş təqdim etməmişdir. O, qeydiyyatda olduğu ünvanda daimi yaşadığı halda kredit borcu ilə bağlı 21 iyun 2021-ci il tarixə kimi heç bir bildiriş və qərar almamışdır. 2021-ci ilin may ayı da daxil olmaqla kredit borcunu tələbkarın xeyrinə (hər ayda davamlı qaydada bir neçə ay fasilə verilsə də) icra qeydi ona təqdim edilməzdən əvvəl ödənilmişdir. Kredit müqaviləsinin müddəti isə 26 avqust 2021-ci il tarixdə bitir. Ondan 6.553 manat 92 qəpik pulun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə Bakı şəhəri 14 saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 16.09.2020-ci il tarixli icra qeydi «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərini pozmaqla verildiyindən ləğv edilməlidir. İddiaçı məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, 14 saylı Notariat ofisi tərəfindən qəbul edilmiş 16.09.2021-ci il tarixli 8İ-11895 saylı icra qeydinə əsasən İddiaçı "xxxx" ASC-nin xeyrinə 6.573 manat 92 qəpik pul məbləğinin tutulması müəyyən edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət olunaraq 16.09.2021-ci il tarixli icra qeydinin ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfindən icra qeydinin ləğv edilməsinə əsas qismində göstərilmişdir: 1. İddiaçı bildiriş təqdim edilməməsi; 2. Şəxsə ödənilən pensiyanın "xxxx" ASC-dən "xxxx" ASC-yə keçməsi. "xxxx" ASC tərəfindən İddiaçı 29.07.2020-ci il tarixdə kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Qeyd edilən məktub cavabdehin MAPS arayışında qeyd edilən, qeydiyyatda olduğu ünvana göndərilmişdir, lakin poçt xidmətini göstərən orqan tərəfindən «qapı bağlıdır» əsası ilə xəbərdarlıq məktubu geri qaytarılmışdır. Göründüyü kimi, 3-cü şəxs tərəfindən pretenziya qaydasına riayət edilmişdir. Digər tərəfdən, şəxsə pensiya ödənişini həyata keçirən bankın dəyişməsi şəxsin öhdəliyini icra etməməsi üçün əsas deyildir. Şəxs kredit müqaviləsini imzalayaraq, müqavilə üzrə yaranmış borc məbləğini vaxtında ödəmək öhdəliyini üzərinə götürmüşdür. Belə ki, ilk olaraq İddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi imzalanmışdır. Daha sonra isə "xxxx" ASC tərəfindən tələb hüquqları "xxxx" ASC-yə güzəşt olunmuşdur. Tələb hüquqlarının güzəşt edilməsi barədə bildiriş İddiaçı təqdim edilmiş, şəxs imzası ilə etiraz etmədiyini bildirmişdir. Mövcud vəziyyətdə "xxxx" ASC həm kreditor, həm də pensiya ödənişini həyata keçirən subyekt qismində çıxış etdiyinə görə cavabdeh tərəfindən borc məbləğinin ödənişi gecikdirildikdə tutma kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq şəxsin hesabından həyata keçirilmişdir. Növbəti tarixlərdə isə şəxsə əmək pensiyası həyata keçirən subyekt qismində "xxxx" ASC çıxış etmişdir. Kredit müqaviləsinə əsasən yaranmış öhdəlik münasibətində "xxxx" ASC kredit qismində çıxış etmədiyinə görə tutma şəxsin əmək pensiyasından həyata keçirilə bilməzdi, lakin bu, İddiaçı öhdəliyi icra etmək vəzifəsindən azad etmir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Göründüyü kimi, icra qeydi «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə riayət olunmadan verilmiş, pretenziya qaydasında həll ilə bağlı qanun normasına riayət edilməmiş, bildiriş icra qeydi verilməmişdən ən azı 20 gün öncə iddiaçıya rəsmi şəkildə təqdim edilməmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, tərəflər müqaviləyə əsasən aralarında yaranacaq mübahisələri öz aralarında danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisənin həll edilməsi üçün müvafiq instansiya məhkəməsinə müraciət edəcəklərini razılaşdırmışlar. Üçüncü şəxs iddia ərizəsi ilə müvafiq instansiya məhkəməsinə deyil, icra qeydinin verilməsi ilə bağlı Notariat ofisinə müraciət etmişdir. İddiaçı məhz bu səbəbdən məhkəməyə müraciət edərək, icra qeydini mübahisələndirmişdir və göründüyü kimi, iddia tələbi əsaslıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı 6.553 manat 92 qəpik pulun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə Bakı şəhəri 14 saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 16.09.2020-ci il tarixli 11895 nömrəli icra qeydi ləğv edilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. 3-cü şəxsə izah edilməlidir ki, o, pretenziya qaydasına riayət etməklə, iddiaçıya qarşı müvafiq iddia ərizəsi ilə aidiyyatı birinci instansiya məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 6.553 manat 92 qəpik pulun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə Bakı şəhəri 14 saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 16.09.2020-ci il tarixli 11895 nömrəli icra qeydi ləğv edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4978/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4978/2021
19.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver