Məhkəmə qərarları › İş №2(006)-4980/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4980/2025

13.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4980/2025 13.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Adgözəlova Nərgiz Elçin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndələri X4 və X2, tərcüməçi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «əmrin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəyə bərpa, mənəvi zərərin və xərclərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Competo” MMC ilə bağlanmış əmək müqaviləsinin xitamı əsasını qanunsuz olduğuna, sözügedən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin A bəndinə ilə əvəz edilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, müvafiq olaraq 30 iyun 2025-ci il tarixli 273/2025K nömrəli əmrin ləğv edilməsi, iddiaçıya ödənilməmiş əmək haqqı məbləğinin qalıq hissəsinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında 01 aprel 2025-ci il tarixli Əmək müqaviləsi bağlanmışdır. Sözügedən əmək müqaviləsi 3 aylıq sınaq müddəti ilə ümumilikdə 7 ay müddətinə bağlanmışdır və iddiaçı Kateqoriya meneceri vəzifəsinə işə qəbul olmuşdur. İşlədiyi müddət ərzində heç bir səhv, qanun pozuntusu etməmişdir, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini lazımi qaydada icra etmiş, işi ilə bağlı heç bir neqativ rəy almamışdır. 25 iyun 2025-ci il tarixdə gözləmədiyi halda Sınaq müddətində özünü doğrultmadığına dair xəbərdarlıq verilmişdir. Xəbərdarlıqda iddiaçının bilavasitə rəhbəri Anastasiya Belinska tərəfindən verilən təqdimata istinad edilmişdir. Həmin təqdimatda iddiaçının Kateqoriya meneceri vəzifəsinin tələblərinə cavab vermədiyi, iş məktublarına gec cavab verdiyi, verilmiş tapşırıqları vaxtında və tam şəkildə icra etməməyi bildirilmişdir. Həmin xəbərdarlıq və təqdimatda qeyd edilən məsələlərdən hamısı əsassızdır. Əsl səbəb Anastasiya Belinska məzuniyyətdə olduğu zaman Promokod yayımlanması və iddiaçının bu promokoda uyğun promo səhifə yaradılması üçün Marketinq şöbəsi ilə danışıq aparmamağı olmuşdur. Ümumiyyətlə bu məsələ həmişə onun özü tərəfindən yerinə yetirilir, onun öhdəliyində olur, Kateqoriya menecerləri yalnız onun seçdiyi kateqoriyalara uyğun məhsulları seçir, müvafiq şöbəyə göndərir. Yəni bu onu əvəz etmə tələbi idi, iddiaçının öhdəliyi deyildi, iddiaçının onu əvəz etməyinə dair heç bir əmr olmayıb. xx.xx.2025-ci ildə iddiaçıya rəhbəri Anastasiya Belinska tərəfindən bildirildi ki, iddiaçı işdən ayrılmalıdır "Biz eyni dalğada deyilik" və bildirdi ki, iddiaçının hazırladığı məhsul matrisası əvvəldən onun xoşuna gəlməyibmiş (bu haqda daha öncədən heç bir qeydi olmamışdır). İddiaçı matrisanı da onunla birlikdə buludda yerləşən bir excel faylında düzəliş edirdi. O digər "Makeup" kateqoriyasını, iddiaçı isə "Baxım" kateqoriyasını işləyirdi. Buludda yerləşən faylın dəyişiklik tarixçəsinə nəzər yetirilsə, görmək mümkündür ki, iddiaçıya irad olaraq bildirdiyi məsələlərdə özü də korrektələr etmiş, iddiaçı da ona uyğun korrektələr etməyi xahiş etmişdir və iddiaçı bütün korrektələri zamanında etmişdir. Daha sonrasında iddiaçıya bildirmişdir ki, öz sistemlərindən matrisa üçün məhsul çeşidini yükləsin və faylı yenidən işləsin. İddiaçı yenidən işlədiyi halda, buludda da digər işlədiyi matrisa dururdu. İddiaçıya Teams tədbiqindən açıb yazışmaları göstərir ki, sanki iddiaçı vaxtında təhvil verməmişdir. Amma buluddakı faylda hər şey daha əvvəldən onun göstərişinə uyğun hazırlanmış və tapşırığın son icra tarixindən əvvəl hazır idi. Sonra isə, Anastasiya Belinska məzuniyyətdə olanda Olivianı FBU-ya qoşmaq üçün Vüqar Əliyevdən (Layihə meneceri) heç olmasa bir brendlə başlamağı üçün geri dönüş tələb etməyini qabaqcadan iddiaçıya tapşırdığını, iddiaçının heç nə etmədiyini bildirdi. İddiaçı bu barədə Vüqar Əliyevə 3 dəfə sorğu göndərmişdir. Amma geri dönüş olmayıb (Olivia tərəfdən). Bütün yazışma Teams tədbiqi üzərindən aparılıb. İddiaçı sifarişi artıq xx.xx.2025-ci il tarixində vermişdir, xx.xx.2025-ci il tarixində təkrar göndərmişdir. İddiaçının vəzifə öhdəliyi Layihə menecerini tələsdirmək deyil, öz tərəfindən sadəcə sifarişi göndərməkdir. Olivia məsələsi artıq 4 aydır asılı qalmışdır. İddiaçı özü həm FBU, həm 3P üçün gedib Olivia ilə görüşlərdə iştirak etmişdir və onlar razılaşmışlar, stoklarını göndərmişlər. Bu mövzuda iddiaçının böyük dəstəyi olduğu halda işdən çıxma səbəbləri arasında bu səbəb ümumiyyətlə göstərilə bilməzdi. Əsl səbəb Qurban bayramı kampaniyası çərçivəsində promo səhifəyə seçdiyi məhsulların xoşuna gəlməməsi olmuşdu. İddiaçı bildirəndə ki, sizin seçdiyiniz kateqoriyalara uyğun ən top məhsulları seçmişdir, cavab vermişdir ki, siz bu ölkədə yaşayırsınız, mənim qurban bayramında hansı kateqoriyaların aktual olduğunu bilməməyim normaldır, siz mənə deməlisiniz. Bu mövzudan sonra iddiaçı ilə bir neçə gün danışmamış, ünsiyyəti kəsmişdir. Halbuki, promolara qadın üçün ülgüclərin daxil edilməsinin lazım olmadığını, ölkədə bunun aktual olmadığını bildirdikdə, "sən mənim dediyimi et" cavabı verilmişdi. Burada çalışdığı müddətdə iddiaçıya heç bir xəbərdarlıq olunmamışdır. Umicoda iddiaçıya Baxım kateqoriyasını idarə etdiyi bildirilsə də, qeyd şərtsiz hər zaman parfüm, makyaj kateqoriyalarına da aid işləri görmüşdür. Yəni öz öhdəliyindən əlavə işləri iddiaçıya tapşırırdı və iddiaçı da edirdi. İddiaçı narazılığını bildirmişdir, İnsan Resursları şöbəsindən Cəmaləddin Rzayev ilə görüşdə olmuş, bütün səbəbləri sübutlar ilə birlikdə təqdim etmişdir. Anastasiya Belinska ilə danışıb, geri dönüş etmişdir ki, heç bir faydası yoxdur, qərar qətidir. Kommersiya rəhbəri Konstantin Maslov da onun işindən narazıdır. İddiaçı Kommersiya rəhbəri ilə birbaşa işləmədiyini, onun iddiaçının işini qiymətləndirə bilməyəcəyini bildirmişdir. Cəmaləddin Rzayev "Bəlkə oradan keçəndə görüb" kimi bir absurd fikri səsləndirmişdir. İddiaçı yenidən etiraz edib icraçı direktorla görüş tələb edəndə, iddiaçını onunla görüşdürməmişlər. Yenidən HR Cəmaləddin Rzayev, Kommersiya rəhbəri Konstantin Maslov və Anastasiya Belinska ilə görüş təşkil olunmuş, bu dəfə iddialara sübutları ilə birlikdə cavab vermiş və Anastasiya Belinska yeni bir səbəb bildirmişdir ki, Layihə meneceri Vüqar Əliyev xx.xx.2025-ci il tarixində e-mail yazıb, xx.xx.2025-ci il tarixində maillə bağlı sual verib ki, "məhsul sifariş edəcəyik ya yox? İddiaçı xx.xx.2025-ci il tarixində, X14 üzərindən, hal-hazırda Rebrending ilə bağlı aksiyalara hazırlaşdığını, sifarişi gələn həftə verəcəyini bildirmişdir. xx.xx.2025-xx.xx.2025-ci il tarixi bayramla əlaqəli qeyri-iş günləri olduğu nəzərə alınsa, xx.xx.2025-ci il tarixində göndərilən mailin məzmunu olmadığını, xx.xx.2025-ci il tarixində sual verdiyini əsas götürərək bildirə bilər ki, mail-ə bir gün sonra cavab vermişdir. Elektron poçtların cavablandırılma müddəti ilə bağlı şirkət daxilində heç bir reqlament həmin müddətdə mövcud olmayıb. Bütün bu sadalananlar qarşısında öz sübutlarını ortaya qoyduqda, Kommersiya rəhbəri Konstantin Maslov iddiaçıya "Siz 100% haqlı olsanız belə, rəhbəriniz Anastasiya Belinska ilə münasibətlər artıq pozulub bir-birinizə qarşı çıxmısınız, yenidən bir yerdə çalışmağınız nə dərəcədə real görə bilərsiniz" fikrini səsləndirmişdir. Daha sonra Anastasiya Belinska bildirmişdir ki, "Əgər sən belə narazılığını bildirən biri idinsə, nəyə görə mən ilk dəfə sənə işdən çıxmağın barədə məlumat verəndə, burada dediklərini mənə bildirmədin?" Cavab olaraq iddiaçı bildirmişdir ki, siz mənə sual vermədiniz, bildirdiniz ki, "Qərar artıq verilib, seçim et, ya bu həftə ya da gələn həftə sonuna kimi işdən çıxmalısan". Anastasiya Belinskanın verdiyi sualdan da bilinir ki, işdən çıxarılmağı şəxsi münasibətlər zəminində olmuşdur. Əgər iddiaçı həqiqətən öhdəliyini yerinə yetirə bilməsə idi, ona etirazını bildirməyi heç nəyi dəyişdirməməli idi. Bütün bu müzakirələrə rəğmən, xx.xx.2025-ci il tarixində iddiaçıya yazılı xəbərdarlıq verildi, xx.xx.2025-ci il tarixində isə Əmək Məcəlləsinin 70-ci maddəsinin d) bəndi ilə işdən azad edilmişdir. İddiaçı işdən çıxmağına etiraz etmir, artıq belə münasibətdən sonra özü də həmin şirkətdə işləmək İstəmir. Sadəcə tətbiq olunan maddənin iddiaçının peşəkarlığına, iş təcrübəsinə və şirkətdə faktiki gördüyü işə ziddir. İddiaçının bu maddə ilə, yəni sınaq müddəti ərzində özünü doğrultmamağına heç bir sübut təqdim edilməyib, təqdim edilə belə bilməz, çünki belə hal heç zaman baş verməyib. Dediyinin bariz nümunəsi olaraq Mediasiya prosesi zamanı Şirkətin heç bir sübut təqdim edə bilməməsi və işdən çıxma maddəsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin A bəndinə dəyişdirilməsinə şirkətin razılığı və bu təklifi etmələridir. Lakin iddiaçı bu təkliflə razı olmamışdır, çünki şirkət tərəfindən belə ədalətsiz, ölkədə bərqərar olmuş mövcud əmək praktikasına zidd, əmək qanunvericiliyinin ciddi şəkildə pozuntusu və iddiaçının peşəkarlığının şübhə altına alınmasıdır ki, belə qeyri-peşəkar davranışa heç vaxt layiq olmamışdır. İddiaçının Cavabdeh MMC-yə qədər olan iş stajı bunun əyani sübütudur. Sonradan, iddiaçının nümayəndəsi (vəkili) Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 30 iyun 2025-ci il tarixli 273/2025K nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi, həmçinin iddiaçının məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi 500 (beş yüz) manat məbləğində xərcin və iddiaçıya dəymiş 2026 (iki min iyirmi altı) manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı izahatında bildirdi ki, işdən azad olmağı ilə bağlı etirazı var. Əvvəl 3 ay müddətinə sınaq müddəti idi. Bu müddət ərzində ona heç bir irad bildirilməmişdir. Sınaq müddətinin bitməyinə az qalmış ona bildirildi ki, yollarını ayırmalıdırlar. İddiaçı üst rəhbər ilə danışmaq istəmişdir. Ona bildirilmişdir ki, bu qərarı üst rəhbər verib. İnsan Resurslarından bir nümayəndə ilə görüşmək istədi. Ona direktorla da görüşməyinə əngəl oldular. Tələsik formada mətn hazırladılar. Mətn hansı maddələrlə işdən çıxarılmağı ilə bağlı idi. İddiaçının göstərilən səbəblərlə bağlı ekran görüntüləri vardı. O, daha sonra HR ilə görüşmüşdür. Ona demişdir ki, onun işini görməyən direktor işindən necə narazı ola bilər. İnsan Resurslarında rəhbər olan Cəmaləddin Rzayev ona bildirdi ki, “Sizi yəqin keçəndə görüb ki, Siz işləmirsiniz”. Bu mümkün olan hal deyil. Sonra dediər ki, mailə gec cavab yazmış, vaxtında cavabları verə bilməmişdir. Cəmi 1 mail var idi ki, ona gec cavab verilmişdi. Həmin vaxt 3 kateqoriyaya birdən baxırdı. O, üz baxımı kateqoriyasına baxırdı, lakin parfüm, “make-up” dəstlər kateqoriyalarına da nəzarət edirdi. Həmin ərəfələrdə “Umico” market “Bir” marketə keçirdi deyə həddindən artıq iş çox idi. Daxili yazışmalarda cavab yazdı ki, maillərə cavab yaza bilmir, sifarişləri çoxdur. Qurban bayramı da bu tarixə təsadüf edirdi. Hesablanılsa mailə cəmi 1 gün gec cavab yazmışdır. Şirkət daxilində mail gələn kimi cavab verilsin deyə bir qayda da yox idi. Əslində kateqoriya meneceri özü öz prioritetlərini seçir ki, onun kateqoriyasının inkişafına hansı amil təsir göstərə bilər. Mailə gec cavab vermək onlarda indiyə qədər olmayan məhsulu sifariş verməklə bağlı idi. Onlar həmin məhsulu sifariş etsələr belə bu kompaniyaya qədər gəlib çatması mümkün deyildi. Sistemə bu məhsulların tanıdılması 2 ay çəkir. Ona görə də bir çox gecikmələr olur. O, prioritet olan isti satışı seçmişdir. Kompaniyalar hazırlayırdı deyə mailə gec cavab yazmışdır. Bunu da bildirir ki, “Olivia” mağazası ilə danışıqlar ilişib qalmışdı. O, şirkətə bildirdi ki, əməkdaşlığa başlaya bilər. Çünki, iddiaçı 2 il 8 ay həmin mağazada işləmişdi. 3 dəfə görüşdükdən sonra əməkdaşlıq baş tutdu. Şirkətdə layihə meneceri var ki, iddiaçı ona ötürür, o da məhsulların sistemə əlavə edilməsinə nəzarət edir. İddiaçı layihə menecerinə işi ötürmüşdür. Həmin vaxtı Anastasiya xanım məzuniyyətə getmişdi. Məzuniyyətdə olanda menecer və “Teams” yazışmalarına cavab verirdi. Gedəndə iddiaçıya bir neçə tapşırıq vermişdi ki, həmin tapşırıqlardan biri də “Olivia”ya bütün bredləri sala bilməzlər, heç olmasa bir brenddən başlasınlar. Bununla bağlı Vüqar bəyə bir neçə dəfə yazmışdır. Bildirdi ki, zəhmət olmasa geri dönüş etsin. Yazışmaların ekran görüntülərini məhkəməyə təqdim etmişdir. İddiaçının əlində yalnız bu idi. O, başqa cür birbaşa təsir göstərə bilmir. Bəhanə də edirlər ki, guya gecikmə olub. Halbuki, 8 ay idi ki, ”Olivia” ilə danışıqlar gedirdi və bir nəticəyə varmamışdılar. İddiaçı danışdıqdan sonra bu əməkdaşlığa təkan vermişdir. Əmrdə və digər sənədlərdə olmayan səbəblər qeyd etmişdilər. Guya o, hesabatları vaxtında təqdim etmirmiş. Sübut təqdim ediblər, lakin onun təqdim etdiyi hesabatlar hissəsini kəsiblər. İddiaçı tərəfindən göndərilən hesabatı da məhkəməyə təqdim etmişdir. Satış qrafiki təqdim ediblər. Orada iddiaçı olduğu dövrdə satışın düşdüyünə dair dinamika var idi. Bu dinamika iddiaçının satış tempinə aid təsir edəcək heç bir irad təklif olmayıb. Dinamika düzgün deyil. O, hər həftə hesabatlar hazırlayırdı. Hesabatlardakı rəqəmlər azdan-çoxdan ona məlum idi. Dinamikada hansı kateqoriya olduğunu qeyd etməyiblər. Bununla bərabər bu dinamikada məntiqli qrafik var. Həmin qrafikdə yanvar, fevral və mart ayında satış yuxarıya doğru qalxır. Onun olduğu aprel və may ayında isə satış aşağıdır. Fevral ayında “14 Fevral” ilə, mart ayı isə “8 Mart” günləri ilə əlaqədar kosmetika satışı qeyri-real dərəcədə yuxarı qalxır. Aprel və may ayında satış yenə yanvar ayındakı kimi olmuşdur. Hətta may ayında nisbətən satış artıq olub. İyun ayında da aprel dinamikasına qayıdıb. İyul, avqust və sentyabr ayında satışın artığı görünür. Bu “Umico” market “Bir” marketə keçidi ilə əlaqədar satışın artması da ola bilər. Günəş kateqoriyasını özü göstərib, çünki yay aylarında günəş məhsullarına tələbat artır. Bununla belə dinamika yenə də düzgün deyil. Sifariş sayı sarı rəngdə qeyd edilib. Satışın deyil, məbləğin artımı müşahidə olunur. Ədəd olaraq daha ucuz məhsullar satılıb. Mart ayında bayramla əlaqədar parfüm satışı çox olub. Amma satış 1.000 ədəd, qiymət isə 200.000-dən çox görünür. Bu iddiaçının fəaliyyəti ilə əlaqəli deyildir. Bütün bazarda bu formada olur. Onun bu sahədə 2019-cu ildən təcrübəsi var. Təraş məhsullarında əvvəl belə bir problem olmuşdu. Yay aylarında kompaniyaya anti-persparant, təraş məhsullarını kompaniyada seçmək və ana səhifədə yerləşdirməyi tapşırdı. O da bildirdi ki, lazer daha populyardır,çünki, təraş məhsullarını analiz etmişdi və hesabat aparmışdı. Satışa heç bir təsiri olmayacaq. Anastasiya xanım iddiaçıya deyir ki, hər dəfə məhsul seçildikdən sonra kompaniyaya gec qoyulur. O isə seçimdən sonra analiz edir. Həmişə dinamikanı izləmək lazımdır. O da dedi ki, belə qəbul edirsə, o da belə etməlidir. O da razılaşmışdır. İkinci belə tapşırıq verəndə etiraz etməmişdi. İddiaçı Çindən və Türkiyədən çox kosmetika sifariş verir. Gömrükdən keçəndə məhsulun 50% xərci var. Mümkün deyil ki, məhsulun 50% satış qiyməti olsun. Hər bir sahibkarınn özünün 20-25% mayası, satışa gedəndən sonra da üstünə 20-25% gələndən sonra satılır. Hamısı üst-üstə gələndən sonra ilk alınan qiymətin 70-80%dən artıq qiymət alınır. İddiaçının seçdiyi məhsullar daha çox satılıb. Bunun hesabatını da çıxartmışdır. Yazışmaların ekran görüntüsü də var. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə (vəkil) izahatında bildirdi ki, Aygül xanım apreldə işə başlayanda nümayəndə də keçən iclas qeyd etmişdir ki, öyrəşmə periodu olur. Göründüyü kimi, dinamikaya əsasən aprel ayında satış aşağı düşüb. Bu o deməkdir ki, bu insanın peşəkar olub-olmamasından asılı deyil. Aprel ayı ənənəvi satış ayı deyil. İşə başlayanda satış düşüb. May ayında satış qalxıb. Bunu sübut kimi qəbul etmir. Kosmetika olsa belə sezon satışları olub. 1.500 ədəd məhsul satıla bilər, onu da tutaq ki gəliri 5.000 manat ola bilər. 10 məhsul da satıla bilər ki, 5.000 manat gəlir də o gətirsin. Bu məhsul satışının “Umico” marketə və ya “Bir” marketə məxsus olduğu bilinmir. İddiaçı kifayət qədər peşəkardır. İşini biləndir. İşinə həvəslə yanaşıb. Xanıma stajçı kimi yanaşıblar. Xanım oraya öyrənməyə yox, işləməyə gəlmişdi. Kifayət qədər təcrübəsi olub. İnsan faktorundan asılı olraq axsamalar ola bilər. Hər bir adamın özünə görə vizyonu olur. Rəhbər şəxs baxanda, özünün yanaşmasını ona təqdim edəndə rəhbərin tam yanaşmasını tam bilə bilməz. Özünün düz bildiyini ora əlavə edir, rəhbər də baxır, detalını dəyişir və ya dəyişmədən saxlayır. Səhhəti ilə bağlı evdən işləməyi istəyib. Bu o demək deyil ki, xanım işləməyib. Bir işi tələsik görməkdənsə gecikdirib keyfiyyətli görmək yaxşıdır. Hər birinin təcrübəsində rast gəlinən haldır. Gecikmə halı sübutlardan da görünür ki, cəmi bir dəfə olub. Səhhətində mövcud çətinliklərə baxmayaraq gecikdirib. Əsas məsələ odur ki, işə biganə yanaşmayıb. Vaxtında və düzgün etməmə halını müşahidə etməmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.Nümayəndə izahatında bildirdi ki, Aygül xanım ona ayrılan dövrdə özünü doğrultmamışdır. Birinci ay Aygül xanımda yüklənmə olmamışdır. Elementar məsələləri həll edirdi. 6 pozisiya üzrə ləng olub, tapşırıqları vaxtında icra edə bilməyib. İşçinin peşəkarlığını onlar deyə bilməzlər. Başqa şirkətdə güclü ola bilər. Onların müəssisəyə uyğun gəlmədiyi üçün iddiaçını sınaq müddəti ilə işdən azad etmişlər. Hər kateqoriyanın ayrıca menecer olub-olmadığını dəqiq deyə bilməz. Xanımın təklif verməsinə bir söz demirlər,ola bilər,lakin, vaxtında və düzgün işi icra etməyib. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə izahatında bildirdi ki, tərəfindən tərtib edilmiş təqdimat əsaslı hesab edilməlidir. İddiaçının işə qəbulunda iştirak etmiş və onun peşəkar olduğunu görmüşdür. Lakin iddiaçı verilən tapşırıqları gecikdirməklə və lazımi keyfiyyətdə icra etməmişdir. İşə qəbul olduğu ilk ayda iddiaçıdan o qədər də iş tələb etməmişdir. Lakin sonrakı aylarda iddiaçının işi onu qane etməmişdir. Həmçinin iddiaçı bilirdi ki, hər həftə o, rəhbərlik qarşısında hesabat verir, iddiaçının ucbatından hesabat gecikmişdir. Həmçinin işçiyə məzuniyyətdən əvvəl verdiyi tapşırığı icra etməmişdir, hər hansı bir təşəbbüslə çıxış etməmişdir. Həmin vaxt bəzən iddiaçı digər kateqoriyalarla bağlı işləri görmüşdür. Lakin ümumiyyətlə nə həmin vaxt, nə də indi kateqoriya menecerləri ilə belə problemlər yaşanmamışdır. İddiaçı sınaq müddətində özünü doğrultmamışdır. Həmçinin, cavabdehin direktoru X8 məhkəməyə ünvanlandığı etirazda qeyd etmişdir ki, İddiaçı iddiasını əsassız hesab edir. İddiaçı 3 aylıq sınaq müddəti ilə “Kateqoriya meneceri” vəzifəsinə qəbul edilmiş və sınaq müddəti ərzində rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirmiş, fəaliyyətinə nəzarət etmiş və staj müddəti ərzində stajçının sınaq müddətində özünü doğrultmaması ilə əlaqədar rəhbərliyə təqdimat vermişdir. İddiaçı ərizəsində sınaq müddəti ərzində ona tutulan iradları əsassız hesab edir, lakin əsassız olduğunu sübut edə bilmir. Əgər sübut edə bilsəydi, onda işə bərpa tələbi ilə iddia edərdi. İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsasının dəyişdirilməsi məsələsinə iddia ərizəsinin sonuncu səhifəsində özünün qeyd etdiyi kimi şirkət tərəfindən bir dəfə baxılmışdır. Belə ki, ona izah edilmişdir ki, hazırda əmək müqavilələrinin bağlanılması və ona xitam verilməsi elektron formada aparıldığı üçün qanunvericiliklə “Əmək və Məşğulluq” alt sistemində əmək müqaviləsinə xitam verilməsinin əsasını işəgötürən müstəqil surətdə dəyişə bilmir, eləcə də işəgötürənin X11 Xidmətinə rəsmi əsaslandırılmış müraciəti əsasında Müfəttişlik də bunu həyata keçirə bilmir. Burada məhkəməyə qədər Mediasiyanın qərarı əsasında Müfəttişlik “Əmək və Məşğuluq” alt sistemində bu dəyişikliyi həyata keçirə bilər ki, iddiaçı iddia ərizəsinin sonunda qeyd etdiyi kimi Mediasiya prosesi zamanı buna razı olmamışdır. İddiaçı 7 ay müddətinə bağlanılmış müddətli əmək müqaviləsinin xitamdan sonra qalan müddəti ərzində ona ödənilməli olan əmək haqqının ödənilməsi iddiasına etiraz edərək bildirir ki, iddiaçı mahiyyət etibarı ilə əmək müqaviləsinə xitam verilməsinin əsasının dəyişdirilməsini iddia edir ki, hətta onun bu iddiası məhkəmə tərəfindən təmin ediləcəyi halda əmək müqaviləsinin xitamdan sonra qalan müddəti ərzində ona ödənilməli olan əmək haqqının ödənilməsi məcburi işburaxma anlamına gəlmir və xitam əsasının dəyişdirilməsi bu ödənişin edilməsinə hüquqi əsas yaratmır. İddiaçı sınaq müddətində ərzində rəhbərliyin təyin etdiyi X3-Nabok iddiaçının sınaq müddətini keçməməsi barədə Cavabdeh MMC-nin direktoru Rauf Qulaməliyevə ünvanlanmış təqdimatında 6 pozisiya üzrə onun tapşırıqları ləng, pozuntulara yol verilməklə və aşağı keyfiyyətlə icra etdiyini bildirmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, X5 məzuniyyətdə olduğu üçün Promokod yayımlanması və bu məqsədlə səhifə yaradılması üçün Marketinq şöbəsi ilə danışıqlar aparılması barədə ona tapşırıq verə bilməzdi, çünki bu iş onun qəbul edildiyi Kateqoriya menecerinin əmək funksiyasına aid deyildir. İddiaçı ərizəsində heç də bu işi təcrübəsiz olduğu üçün yerinə yetirə bilməməsi məsələsini deyil, məhz bu işin ona aid olmadığını irəli çəkir, bu işin ona rəsmi həvalə edilmədiyini bildirir. Bununla bağlı bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinin 4-cü hissəsinə əsasən “əgər müəyyən səbəblərdən işəgötürən göstərilən işlərlə işçini təmin edə bilmədiyinə görə ona peşə-ixtisas dərəcəsinə uyğun olan başqa iş verəcəksə, işçi həmin işləri yerinə yetirməkdən yalnız orta əmək haqqı saxlanılmadıqda imtina edə bilər”. X3-Nabok tapşırılan işin iddiaçı tərəfindən yerinə yetirmək bacarığını qiymətləndirərək ona bu tapşırığı vermiş, lakin heç bir əsas olmadan iddiaçı hətta sınaq müddətində bu tapşırığı yerinə yetirməmişdir. Halbuki, iddiaçı sınaq müddətində tapşırıqların icrasına daha diqqətli və təşəbbüskar olmalı idi. İddiaçının iddia ərizəsindən də göründüyü kimi iddiaçı sınaq dövründə ona tapşırılan bəzi işlərin mahiyyətini dərindən dərk edə bilməmiş, eləcə də öz maraqlarını müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutmuşdur. Məsələn, iddia ərizəsində göstərilən “mənim vəzifə öhdəliyim layihə menecerini tələsdirmək deyil, öz tərəfimdən sadəcə sifarişi göndərməkdir” kimi məsələlərə yanaşması onun gələcəkdə yalnız öz maraqları baxımından işləyəcəyini bir daha təsdiq edir. Ümumiyyətlə iddiaçının iddia ərizəsindən də görünür ki, o öz öhdəliyindən əlavə işlərin ona tapşırılmasına etiraz edir və iş prosesində bir sıra məsələlər barədə özü qərar verməyi sevir. Sınaq dövründə bu kimi hallara iddiaçı ərizəsində göstərdiyi kimi öz narazılığını bildirmiş, daha yuxarı rəhbər işçilərə öz ambisiyaları ilə bağlı müraciət etmiş, onlardan dəstək almadıqda icraçı direktorla görüş keçirməyi xahiş etmiş, hər şeyi onlardan daha yaxşı bilirmiş kimi sübutlar gətirməyə çalışmışdır. Ərizəsində göstərir ki, hətta e-maillərə vaxtında dönüş etməməsini “elektron poçtların cavablandırılma müddəti ilə bağlı şirkət daxilində heç bir reqlament həmin müddətdə mövcud olmayıb” deyə məsələyə münasibət bildirib. İddia ərizəsindən də göründüyü kimi əslində iddiaçı sınaq dövründə əmək kollektivində nüfuz qazanmaq üçün çalışmamış, rəhbər şəxslər tərəfindən ona bildirilən haqlı iradları şəxsi münasibətlər zəminində baş verdiyini iddia etmiş və staj keçdiyi dövrdə öyrənməli olduğunu unudaraq müəyyən vəziyyətlərdə ona qiymət verən rəhbər şəxsləri öyrətməyə çalışmışdır. İş materialları: Tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, ilk 3 ayı sınaq müddəti müəyyən edilməklə 7 ay müddətinə əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı Kommersiya bloku/Gözəllik sahəsi üzrə Kateqoriya meneceri vəzifəsində işə qəbul edilmişdir. Əmək müqaviləsinə əsasən işçinin əmək funksiyaları kimi aşağıdakılar göstərilmişdir: 3.1.1. Gözəllik məhsulları üçün kateqoriya strategiyaları hazırlayıb və həyata keçirmək; 3.1.2. Qiymətləri təhlil etmək, rəqabətli qiymətləri təyin etmək; 3.1.3. Promosyonları idarə etmək; 3.1.4. Çeşid və marjalara nəzarət etmək; 3.1.5. GMV-ni artırmaq; 3.1.6. Ehtiyata nəzarət etmək və ən yaxşı tərəfdaşlarla əlaqə saxlamaq; 3.1.7. Trendləri, müştəri ehtiyaclarını və imkanları müəyyən etmək üçün bazarı təhlil etmək; 3.1.8. İnventar planlaması, qiymətlər və promosyonlar daxil olmaqla məhsul çeşidini idarə etmək; 3.1.9. Təchizatçılar və istehsalçılarla əməkdaşlıq edin, müqavilələr bağlayıb və əlaqələri idarə etmək; 3.1.10. Bazar payını artırmaq üçün innovativ strategiyalar tətbiq etmək; 3.1.11. Kateqoriya performansını qiymətləndirmək və məlumatlara əsaslanan qərarlar qəbul etmək üçün hesabatlar hazırlayıb və təhlil etmək; 3.1.12. Məhsulun səmərəli idarə edilməsini təmin etmək üçün digər şöbələrlə əlaqə yaratmaq. X1 “Competo" MMC-nin direktoru Rauf Qulaməliyevə ünvanlanmış sınaq müddətindən keçilməməyə dair məlumatdan göstərilmişdir ki, Aygün Tahirli sınaq müddəti ərzində promo, promo kodun aktivləşdirilməsi, FBU-nin idarə olunması, matrisa, hesabatlılıq və təşəbbüskarlıq meyarları üzrə tapşırıqları ləng və icra tarixləri pozulmaqla icra etmişdir. Təqdimatda göstərilən meyarların açıqlamasına əsasən promosəhifələrin doldurulması 30 dəqiqə əvəzinə yarım gün təşkil etmiş, Qurban bayramında promosəhifəyə analoji olaraq 12 manat dəyərində məhsul müəyyən edildiyi halda 18 manat dəyərində məhsul daxil edilmişdir.xx.xx.2025-ci il tarixdə məzuniyyətdə getdiyi ərəfədə xx.xx.2025-ci il tarixdən promokodun istifadəyə verilməsi ilə bağlı göstəriş versə də, xx.xx.2025-ci il tarixdə səhifəyə promokod aktivləşdirilməmiş, bununla bağlı suala isə işçi bu barədə məlumatsız olduğunu bildirmişdir.İcra müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmiş tapşırıq yalnız sorğudan sonra xx.xx.2025-ci il tarixdə qüsurlu icra edilmiş, digər kateqoriya menecerlərində belə problemlər olmamışdır. Mütəmadi olaraq hesabatları son anda və izahsz təqdim etmişdir. Kateqoriyanın inkişaf etdirilməsində təşəbbüskarlıq nümayiş etdirilməmişdir. “Competo" MMC-nin xx.xx.2025-ci il tarixli xəbərdarlığından görünür ki, Cavabdeh ilə bağlanmış xx.xx.2025-ci il tarixli müddətli əmək müqaviləsində peşəkarlıq səviyyəsini və əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə 3 aylıq sınaq müddəti müəyyən edilmişdir. İddiaçının işinə bilavasitə rəhbərliyi həyata keçirən vəzifəli şəxsin işəgötürənə ünvanlanmış xx.xx.2025-ci il tarixli təqdimatından görünür ki, sınaq müddətində əmək müqaviləsi üzrə vəzifə öhdəliyinə daxil olan (Kateqoriya meneceri vəzifəsinin tələblərinə cavab verməməyi, iş məktublarına gec cavab vermək, verilmiş tapşırıqları vaxtında və tam şəkildə icra etməmək və s.) işləri qənaətbəxş yerinə yetirə bilməmisdir. Əmək funksiyasının icra edildiyi sınaq müddətində aparılmış müşahidələr göstərmişdir ki, əmək müqaviləsi üzrə tutduğu vəzifədə peşəkarlıq səviyyəsi kifayət dərəcədə deyildir və əmək funksiyaları iddiaçı tərəfindən peşəkarlıqla tam icra olunmur. Bu səbəbdən müəyyən olunmuş sınaq müddəti ərzində işəgötürən tərəfindən özünü doğrultmamış hesab edilir və əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin d) bəndi ilə xitam veriləcəyi barədə xəbərdarlıq edilir. Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli 273/2025K saylı əmrindən görünür ki, "Kommersiya bloku/Gözəllik sahəsi" bölməsində "Kateqoriya meneceri" vəzifəsində işləyən İddiaçı sınaq müddəti ərzində özünü doğrultmadığına görə təqdimat və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən "Kommersiya bloku/Gözəllik sahəsi" bölməsində "Kateqoriya meneceri" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx001100 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70."d" - sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025 tarixindən xitam verilmiş, işçinin xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 7.4 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi İnsan Resursları əməliyyatları və əmək haqqı hesablanması şöbəsinə həvalə edilmişdir. Hüquqi yardımın göstərilməsi üçün De Fendo Vəkil bürosu ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli EM-1945VK-55937/25 saylı müqavilədən görünür ki, iddiaçıya hüquqi yardım göstərilməsi üçün haqq 500 manat məbləğində müəyyən edilmiş, həmin vəsait iddiaçı tərəfindən ödənilmişdir. Bakı 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/6-01376 saylı arayışdan görünür ki, ilkin mediasiya sessiyasının davam etdirilməsi mümkün olmamış, 50 manat mediasiya rüsumu və 10 manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir. Tərəflər arasında elektron poçt və müvafiq tətbiqlər üzərindən aparılmış yazışmalara əsasən müəyyən edilir ki, rəhbər şəxs N.Anastasiya tərəfindən işçi Aygül Tahirliyə tapşırıqlar verilmiş, tapşırıqların icrası ilə rəhbər şəxs tərəfindən işçiyə sorğular edilmiş, işçi tərəfindən müəyyən edilən hallara dair rəhbər şəxsə məlumatlar verilmişdir. Həmçinin təqdim edilən yazışmaların ekran görüntüsündən müəyyən edilir ki, X16 Əliyev, Elmira Balayeva adlı əməkdaşlarla da işlə bağlı yazışmalar aparmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş diaqrama əsasən 2025-ci ilin aprel, may və iyun aylarında satışın mart ayından daha az olması və satışın avqust ayından etibarən yüksəlişə doğru gedərək noyabr ayında göstəricinin ən yüksək həddə çatdığı müəyyən edilir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş elektron daşıyıcıda olan məlumatlara əsasən müəyyən edilir ki, işəgötürənin müvafiq daxili elektron sistemində gözəllik kateqoriyası başlığı altında parfümeriya və digər kateqoriyalar cəmləşir və hər kateqoriya üzrə satışa dair diaqramlar əks olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddəsinin: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 3-cü maddəsinin 9-cu bəndinə əsasən Əmək funksiyası – əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. 11-ci bəndinə əsasən əmək şəraiti – işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusu. 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və daxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək; g) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 51-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. 53-cü maddəsinin: 1-ci bəndinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. 2-ci bəndinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. 3-cü bəndinə əsasən əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. 4-cü bəndinə əsasən sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri (sərəncamı) ilə xitam verilə bilər. 68.2-ci maddəsinin a bəndinə əsasən, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. 70-ci maddəsinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: a) müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. 154-cü maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2024-cü il 15 aprel tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq, əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Bu səbəbdən Konstitusiyanın 35-ci maddəsi ilə hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ tanınmışdır. Həmin normaya əsasən, əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən əsas normativ hüquqi akt Əmək Məcəlləsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında əmək münasibətləri mövcud olmuş, işəgötürənin xx.xx.2025-ci il tarixli 273/2025K saylı əmri ilə iddiaçının (işçinin) sınaq müddəti ərzində özünü doğrultmaması əsas gətirilərək onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "d" bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Məhkəmə toplanmış sübutları tərəflərin istinad etdiyi hallarla müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, iddiaçının işdən çıxarılması ilə bağlı cavabdehin əmri qanunsuzdur. Belə ki, əmrin qəbul edilməsinə əsas iddiaçının sınaq müddəti ərzində özünü doğrultmaması olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, işçinin öz əmək funksiyasını sanki lazımi şəkildə icra etmədiyi üçün onun birbaşa rəhbəri olan X10 rəhbərliyə işçi barəsində təqdimat vermiş, bundan sonra tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı iddiaçıya yazılı xəbərdarlıq edilmişdir. X10 yazılı təqdimatında qeyd etmişdir ki, Tahirli (Ələkbərova) Aygül Şahriza qızı promo məhsulların seçilməsi və reklamının təşkil edilməsi ilə bağlı vəzifəsini icra etməmişdir. İddiaçı tərəfindən təqdim edilən tərəflər arasında aparılmış yazışmaların ekran görüntüsündən isə müəyyən edilir ki, tərəflər arasında tapşırıqların icrası ilə bağlı yazışmalarda birbaşa rəhbərin verdiyi tapşırıqları işçi tərəfindən cavablar təqdim edilmişdir. X4 təqdimatında göstərilən qiymətləndirmə meyarları ilə bağlı işçi bildirmişdir ki, promo məhsulların müvafiq səhifədə yerləşdirilməsi, habelə promokodun aktivləşdirilməsi ilə bağlı rəhbərin tapşırığının gecikməsinə səbəb həmin tarixlərdə Qurban bayramına görə qeyri-iş günü olması olmuş, öz növbəsində tapşırığı ən tez vaxtda icra edərək satış şöbəsinə məlumat vermişdir. Təqdimatda həmçinin X10 qeyd etmişdir ki, İddiaçı məhsul təqdim edən şirkətlər tərəfindən promokodların da təqdim edilib-edilmədiyini yoxlamamışdır. Eyni zamanda, qeyd etmişdir ki, şirkətdaxili qaydalara görə həftədə bir gün rəhbərliyə hesabat verməlidirlər. Bu hesabat İddiaçı tərəfindən gecikdirilməklə ona təqdim edildiyindən o özü də vaxtında hesabatı məruzə edə bilməmişdir. Həmçinin, hesabatları tərtib edərkən İddiaçı lazımi qaydada araşdırma aparmamış, məlumatları təhlil etməmiş, heç bir təşəbbüs irəli sürməmişdir. Lakin təqdim edilmiş yazışmalarda tərəflərin qeyd edilən məsələlər üzrə müzakirələr aparması görünür. Habelə məhkəmə iclasında da tərəflərlə aparılmış müzakirələrdə işçinin dəqiq olaraq hansı vəzifənin öhdəsindən gəlməməsi ilə bağlı suallara da işəgötürən ümumi mövqe bildirmiş,cavabdeh tərəfindən tərtib edilmiş təqdimatda göstərilən qiymətləndirmə meyarlarına əsasən iddiaçının əmək funksiyalarını vicdanlı şəkildə icra etməməsinə dair şübhələr arasında aparılmış yazışmalarla təkzib olunmuşdur. Birbaşa rəhbər təşəbbüskarlıq irəli sürülməməsini də işçinin sınaq müddəti üçün özünü doğrultmaması kimi qiymətləndirmişdir. İddiaçı isə bildirmişdir ki, işə başladığı ilk müddətdə X10 ülgüc satışının artırılmasını təklif etdikdə, o, ölkədə buna tələbatın olmadığını, həmin vasitənin aktual olmadığını, bu səbəbdən onu reklam etməyin əhəmiyyətsiz olduğunu bildirmişdir. İşçinin bu təklifi birbaşa rəhbər tərəfindən bəyənilməmiş, sonrakı müddətdə də işçi tərəfindən hər hansı təşəbbüslə çıxış edilməmişdir. Təqdimatda göstərilən meyarlar: - Promosəhifələrin doldurulması 30 dəqiqə əvəzinə yarım gün təşkil etmiş - cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. - Qurban bayramında promosəhifəyə analoji olaraq 12 manat dəyərində məhsul müəyyən edildiyi halda 18 manat dəyərində məhsul daxil edilmişdir - iddiaçının dəlili və yazışmalarda qeyd etdiyi kimi məhsulun orijinallığını müəyyən etməyin mümkün olmamasından irəli gəlmişdir. - xx.xx.2025-ci il tarixdə məzuniyyətdə getdiyi ərəfədə xx.xx.2025-ci il tarixdən promokodun istifadəyə verilməsi ilə bağlı göstəriş versə də, xx.xx.2025-ci il tarixdə səhifəyə promokod aktivləşdirilməmiş, bununla bağlı suala isə işçi bu barədə məlumatsız olduğunu bildirmişdir yazışmalara əsasən iddiaçı bununla bağlı anlaşılmazlıq olduğunu bildirirərək rəhbərindən üzrxahlıq etmişdir. (Həmçinin qeyd edilən müddət ölkədə Qurban bayramının qeyd edilməsi ilə əlaqədar qeyri-iş günlərinə təsadüf edir). İcra müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmiş tapşırıq yalnız sorğudan sonra xx.xx.2025-ci il tarixdə qüsurlu icra edilmiş, digər kateqoriya menecerlərində belə problemlər olmamışdır. Mütəmadi olaraq hesabatları son anda və izahsz təqdim etmişdir. Kateqoriyanın inkişaf etdirilməsində təşəbbüskarlıq nümayiş etdirilməmişdir-cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir. Yazışmaların ekran görüntüsündə N.Anastasiianın yalnız xx.xx.2025-ci il tarixdə hesabatın ona göndərilməsini xahiş etməsi öz əksini tapır. Həmçinin işçinin əmək funksiyaları ilə bağlı məsələ müzakirə olunarkən onun baxım məhsulları üzrə kateqoriya meneceri olması aydın olmuş, bununla yanaşı onun bütün gözəllik və parfumeriya məhsulları üzrə menecerliyi icra etdiyi də müəyyən edilmişdir. Belə olan təqdirdə işçinin sınaq müddətində əmək funksiyalarının icrasına etinasız yanaşmasını demək doğru olmazdı. Məhkəmə iclasında cavabdehin irəli sürdüyü, lakin təqdimatda öz əksini tapmayan dəlillərdən biri də odur ki, sanki məhz iddiaçının öz əmək funksiyalarını lazımi qaydada icra etməməsi nəticəsində şirkətin satışlarında azalma olmuşdur. Məhkəmə irəli sürülən dəlili tamamilə əsassız hesab edir, belə ki, qeyd edilən dəlil nə əmrin verilməsinə əsas olmamış, nə də ki, işəgötürən tərəfindən təqdim edilən diaqramda satış göstəricilərinin məhz iddiaçının əmək funksiyalarının icrasından irəli gəlməsinə dair bir mənalı qənaətə gəlmək olmaz. Hamıya bəlli olan hal ondan ibarətdir ki, ölkədə mart ayında qeyd edilən bayramlarla əlaqədar ölkə miqyasında alınan hədiyyələrin həcmi digər aylarla müqayisədə yüksək göstəriciyə malik olur. Habelə noyabr ayında nəinki ölkə, dünya miqyasında tətbiq edilən endirimlər də satışa ən böyük təsir edən amillərdəndir. Odur ki, cavabdehin bu dəlilləri özlüyündə əsassız hesab edilməklə qəbulolunmazdır. Bundan başqa iddiaçının daha əvvəlki əmək stajı əsasında onun peşəkarlığı barədə qənaətə gəlmək imkanına malik olan işəgötürən özünün əmək münasibətlərində üstün mövqeyindən suiistifadə edib, əmək müqaviləsi bağlayarkən sınaq müddəti müəyyən etməmək hüququ olduğu halda 7 ay müddətinə bağladığı müddətli əmək müqaviləsi üzrə 3 ay sınaq müddəti müəyyən etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iddiaya münasibətlərini və etirazlarını işin bütün halları ilə müqayisəli şəkildə təhlil edərək belə hesab edir ki, cavabdehin gətirdiyi dəlillər iddianın rədd edilməsi üçün əsas deyildir. X4 rəhbərliyə ünvanlandığı təqdimatda qeyd etdiyi hallar işçinin əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsi üzrə ona həvalə edilmiş vəzifələrin icrası üçün müvafiq hərəkətlər etmiş (iş materiallarında olan yazışmalar, cədvəllər və digər fayllardan bunu müəyyən etmək mümkündür) və hazırladığı materialları rəhbəri ilə bölüşmüş, həmin materiallar üzrə sonuncu ilə müzakirələr aparmışdır. Qeyd edilənlər onun öz vəzifə funksiyasına laqeyd yanaşmasını, ona həvalə edilən tapşırıqları icra etməməsini istisna edir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin nümayəndəsi sadəcə olaraq işəgötürən tərəfindən qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmri gücləndirmək, bununla da əmri daha əsaslı etmək üçün rəhbərliyə ünvanladığı təqdimatda qeyd etdiyi hallara istinad etmişdir. Odur ki, məhkəmə iddiaçının dəlillərini əsaslı sayaraq Cavabdeh MMC-nin 30 iyun 2025-ci il tarixli 273/2025K nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi hissəsində iddianın təmin edilməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbinin İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi hissəsinə münasibətdə qeyd edir ki, nə qədər ki, məhkəmə araşdırması nəticəsində iddiaçının işdən çıxarılması barədə Cavabdeh MMC-nin 30 iyun 2025-ci il tarixli 273/2025K nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilmişdir, odur ki, iddia tələbi bu hissələrdə də təmin edilməli, İddiaçı "xxxx" MMC-də tutduğu Kommersiya bloku/Gözəllik sahəsi üzrə Kateqoriya meneceri vəzifəsinə bərpa olunmalı, məcburi işburaxma müddətinə görə ona əmək haqqı ödənilməlidir. Məhkəmə iddia tələbinin iddiaçının məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi 500 (beş yüz) manat məbləğində xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddianı əsaslı sayır. Belə ki, iddiaçı məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün vəkillə təmsil olunmuş, bunun üçün vəkil qurumuna 500 manat vəsait ödəməklə xərc çəkmişdir. Odur ki, çəkdiyi xərcin əvəzini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin mənəvi ziyan üçün 2.026 (iki min iyirmi altı) manat pulun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, aparılmış məhkəmə araşdırması zamanı cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan dəyməsi halı aşkar edilmədiyindən, iddia bu hissədə rədd edilməlidir. İddia tələbinin bu hissəsində iddiaçının dəlilləri əsaslı olmadığından və buna dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən məhkəmə iddia tələbini bu hissədə əsassız hesab etdiyindən əlavə araşdırma aparmadan mənəvi ziyan tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı Ələkbərova (Tahirli) Aygül Şahriza qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "Competo” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 273/2025K saylı əmri ləğv edilməli və İddiaçı “Competo" MMC-də Kommersiya bloku/Gözəllik sahəsi üzrə Kateqoriya meneceri vəzifəsinə bərpa edilməli, cavabdeh "Competo” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məcburi buraxılmış iş günləri üçün əmək haqqı hesablanıb İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. İddiaçının vəkilə hüquqi xidmət haqqı kimi ödədiyi 500 manat vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı qanunla dövlət rüsumunun ödənilməsindən azad olunduğu üçün cavabdeh "Competo” Məhdud Məsuliyyətli Cəmiyyətindən 100 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "Competo” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 273/2025K saylı əmri ləğv edilsin və İddiaçı “Competo" MMC-də Kommersiya bloku/Gözəllik sahəsi üzrə Kateqoriya meneceri vəzifəsinə bərpa edilsin. Cavabdeh "Competo” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məcburi buraxılmış iş günləri üçün əmək haqqı hesablanıb İddiaçı ödənilsin. Cavabdeh "Competo” Məhdud Məsuliyyətli Cəmiyyətindən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, İddiaçı tərəfindən vəkilə hüquqi xidmət haqqı kimi ödənilmiş 500 (beş yüz) manat vəsait alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar