Məhkəmə qərarları › İş №2(006)-5018/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5018/2022

22.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5018/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, İddiaçının nümayəndəsi – X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7100 manat və ödənilmiş 91 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, təxminən iki il bundan əvvəl ona məxsus “Audi Q7" markalı avtomobilini maşın ustası kimi fəaliyyət göstərən Cavabdeh1 təmir üçün vermişdir. Xəqani adlı ustaya ilkin ödəniş 1500 manat ödəniş etmişdir. O, avtomobilin mühərrikində olan nasazlıqları aradan qaldırmalı və əsaslı təmir etməli idi. Maşını sürüb işlək vəziyyətdə onun işlədiyi təmir sexinə aparmışdır. Usta artıq iki ilə yaxındır ki, maşını təmir edib ona təhvil vermir. Ona məxsus avtomobilinin dəyəri 20.000 manat təşkil edir. Lakin sonradan ona məlum olmuşdur ki, sözü gedən avtomobilin ehtiyat hissələrini sökərək satmışlar. Bununla da ona məxsus avtomobil tamamilə yarasız hala salınmışdır. Xaqaninin qardaşı İlkinin başqa servisdə işlədiyini bilirdi. İlkin və onunla işləyən ustaların onun avtomobilinin Kondisioner kompressorunu söküb götürmək istədiyinin şahidi olmuşdur. Məcburiyyət qarşısında qalaraq maşınını maşın daşıyan avtomobilin üzərinə qoyaraq yaşadığı evin həyətinə gətirmişdir. Hal-hazırda maşın olduğu kimi qalır. Pulunun qaytarılmasını tələb etsə də müxtəlif bəhanələr gətirilərək verməmişlər. Yalan vədlər versələr də bu günə kimi heç bir iş görməmişlər. Daha sonra məcburiyyət qarşısında qalaraq Binəqədi RPİ-nə onların qanunsuz hərəkətləri barədə şikayət etmişdir. Şikayəti Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Rasim Məmmədovun icraatına verilmiş, araşdırmalar aparılmış və izahatlar alınmışdır. “Cinayət işinin rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Maşınlarının hissələrini sökülüb satılan yararsız vəziyyətə salınan zərərçəkənlər sayca onlarca var. X1, X4, X7, Bəşirov Ceyhun srafıl oğlu və sairlərini göstərə bilər. Mülkiyyətində olan maşından dəyəri 400 manat olan havatəmizləyici, dəyəri 1100 manat olan kondinoserin kompressoru, dəyəri 600 manat olan su paylayıcısı, dəyəri 2500 manat olan katalizatoru, dəyəri 700 manat olan razdatkasını, dəyəri 400 manat olan akumulyatoru açaraq satmışlar. Eyni zamanda qabaqcadan da işi görmək üçün 1400 manat pul almışlar. Cavabdehlərdən müştərək caydada 7100 manat məhkəmə qaydasında tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərardan müəyyən olunur ki, aralarında olan razılaşmaya əsasən İddiaçı 2021-ci ilin fevral ayı olan müddətdə idarə etdiyi “AUDİ Q-7” markalı avtomobilini Amor şadlıq sarayı ilə üz-bəüz yerləşən avtoservisə Xəqani adlı şəxsin yanına təmir etmək üçün qoymuş və Cavabdeh1 1400 manat pul verilmiş, lakin sonuncu aldığı pul vəsatinın müqabilində iş görməmiş və İddiaçı borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 arasında iddiaçıya məxsus “AUDİ Q-7” markalı avtomobilin təmir edilməsi üçün şifahi qaydada razılaşma olmuş, razılaşmaya əsasən iddiaçı Cavabdeh1 1400 manat pul ödəmiş, Cavabdeh1 isə öz öhdəliklərini icra etməmişdir. İddiaçı ilə Cavabdeh1 arasında yaranan mübahisənin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, bu hüquq münasibətləri şifahi qaydada bağlanmış podrat müqaviləsi olmaqla onun qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, xidmətin haqqı Cavabdeh1 ödənilmiş, bunun nəticəsində iddiaçının Cavabdeh1 şifahi qaydada bağlanmış müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi (avtomobilin təmir edilib təhvil verilməsi) tələb etmək hüququ yaranmış, Cavabdeh1 isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 ödədiyi pulu geri tələb etməkdə haqlıdır. Lakin iddiaçı 7100 manat məbləğində pulun ödənilməsini tələb etsə də, məhkəmə tədqiqatı zamanı iddiaçı tərəfindən Cavabdeh1 yalnız 1400 manat məbləğində pulun verildiyi müəyyən olunmuşdur ki, bu halda məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə 1400 manat tutulmaqla iddia qismən təmin edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində ona məxsus avtomobilin ehtiyat hissələrinin satıldığını qeyd etsə də, bu iddia tələbinin əsasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddianın Cavabdeh2 qarşı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasında mülki hüquqi məsuliyyətin yaranma əsaslarından heç biri mövcud deyildir. Belə ki, xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərardan göründüyü kimi iddiaçı ilə Cavabdeh2 arasında hər hansı şifahi razılaşma olmamış, iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməmiş və iddiaçı tərəfindən pul məbləği Cavabdeh2 ödənilməmişdir. İddiaçı tərəfindən Cavabdeh2 şifahi razılaşmaya əsasən hər hansı öhdəlik götürməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh2 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən edilməli, Cavabdeh1 1400 manat və ödənilmiş 91 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1400 manat və ödənilmiş 91 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar