Məhkəmə qərarları › İş №2(006)-5028/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5028/2025

19.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5028/2025 19.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı "pul" tələbinə dair iş üzrə (açar sözlər: pul tələbi) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MTK ünvan 1 ünvanında yerləşən, mülkiyyətçiyə məxsus 83 saylı mənzilin söküntüsünü apararaq, həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək. Sökülən həmin binada “Mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 27 kv.m. mənzilin ümumi sahəsinə əlavə etməklə, yeni tikilmiş binada 50 kv.m. təmirli yeni mənzili “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. “Mülkiyyətçi” bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" MTKya təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilədən görünür ki, əlavə 28 kv.m ödənişlə almağını nəzərə alaraq, mülkiyyətçi ümumi sahəsi 78 kv.m olan mənzilə payçı qəbul ediləcəkdir. Əlavə hesablanan 28 kv.m mənzilin hər kvadratmetri üçün 1500 manat, ümumi olaraq 42.000 manat ödəməyi Mülkiyyətçi öz öhdəsinə götürür. - "xxxx" MTK-nın 17 iyul 2025-ci il tarixli, 3431 saylı maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M. Qaşqay küçələrinin kəsişməsi ünvanında tikilən yaşayış binası İddiaçı MTK-ya məxsusdur. Qeyd olunan ünvanda 3 saylı binanın 9-cu mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 73 kv.m olan 251A saylı mənzilin pay haqqı vətəndaş Cavabdeh tərəfindən 17 iyul 2025-ci il tarixə 2000 manat məbləğində ödənilmişdir. Kooperativə qalıq borcu 10500 manat təşkil edir. - "xxxx" MTK-nın 06 noyabr 2025-ci il tarixli, 3491 saylı maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M. Qaşqay küçələrinin kəsişməsi ünvanında tikilən yaşayış binası İddiaçı MTK-ya məxsusdur. Qeyd olunan ünvanda 3 saylı binanın 9-cu mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 73 kv.m olan 251A saylı mənzilin pay haqqı vətəndaş Cavabdeh tərəfindən 17 iyul 2025-ci il tarixə 2000 manat məbləğində ödənilmişdir. Kooperativə qalıq borcu 5.500 manat təşkil edir. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi Cavabdehya qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin xeyrinə 10.500 manat vəsaitin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən əlavə verilən 28 kv.m sahənin 1 kv.m 1500 manat olmaqla ümumilikdə cavabdeh müqavilənin 2.2.2-ci bəndinə əsasən 42000 manat vəsaiti onlara ödəməli idi. Onlar tərəfindən öhdəliklər vaxtında icra edilərək, xx.xx.2023-cü il tarixində mənzil təmirli şəkildə cavabdehə təhvil verilmişdir. Həmin müddətdən 2 il 2 ay keçməsinə baxmayaraq bu günə qədər cavabdeh 10500 manat borcu ödəməmişdir. Daha sonra iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi dəqiqləşmə ərizəsi ilə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfindən 7000 manat vəsaitin ödənildiyini nəzərə alaraq Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin xeyrinə 5.500 manat vəsaitin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) iddiaya etiraz: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. b) məhkəmə icraat iştiakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, habelə icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış razılaşmaya əsasən cavabdehin mülkiyyətində olan 27 kv.m sahəli mənzilin sökülməsi müqabilində yeni tikilən binada ona 50 kv.m sahəli təmirli mənzil verilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilədə tərəflər əlavə olaraq razılaşmışlar ki, cavabdeh əlavə 28 kv.m sahəni ödənişli əsaslarla əldə edəcək və bunun müqabilində hər kvadratmetr üçün 1500 manat olmaqla ümumilikdə 42.000 manat məbləğində vəsaiti kooperativə ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı MTK tərəfindən təqdim edilmiş maliyyə arayışlarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllədə yerləşən yaşayış binasının 3 saylı binasının 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 73 kv.m olan 251A saylı mənzil üzrə cavabdeh tərəfindən ödənişlər tam şəkildə həyata keçirilməmiş, 17 iyul 2025-ci il tarixə olan vəziyyətə görə onun kooperativ qarşısında borcu mövcud olmuşdur. Sonradan cavabdeh tərəfindən qismən ödəniş edildiyi nəzərə alınaraq borcun məbləğinin 5.500 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər icra edilmiş, yeni tikilmiş mənzil xx.xx.2023-cü il tarixində cavabdehə təmirli şəkildə təhvil verilmişdir. Lakin buna baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü pul öhdəliyini tam həcmdə yerinə yetirməmiş və qalan borcu ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərə uyğun olaraq cavabdeh əlavə sahəyə görə müəyyən edilmiş ödənişi tam şəkildə həyata keçirməli olduğu halda bunu etmədiyindən, iddiaçının cavabdehdən qalan borc məbləğinin tutulması barədə tələbi əsaslıdır. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən borcun ödənildiyini və ya öhdəliyin digər qaydada icra edildiyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçı kooperativin xeyrinə 5.500 manat məbləğində borcun tutulması üçün hüquqi əsaslar mövcuddur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5.500 (beş min beş yüz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 5.500 (beş min beş yüz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar