Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5036/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Həxiyeva Şəbnəm Səlim qızının katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1, onun vəkili X3, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, onun nümayəndəsi X4 iştirakları ilə İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı "zəbt olunmuş torpaqdan istifadəyə görə kompensasiya ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov rayon XDS İK-nin xx xxxxxx 1990-ci il tarixli, 03 saylı qərarına əsasən iş üzrə Cavabdeh Buzovna qəsəbəsində 240 saylı sahədə fərdi yaşayış evi tikmək üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Sonradan İddiaçı1 bilmişdir ki, cavabdeh 600 kv.m. əlavə torpaq sahəsi zəbt edib, ona ayrılmış torpaq sahəsinə birləşdirmiş və özünkü hesab etdiyi bu torpağı 2003-cü ildə 1450 manata İddiaçı1 “satmış” və bu barədə baş etibarnamə vermişdir. Əvvəlcə cavabdeh bu torpağı Bakı şəhəri, Keşlə qəsəbəsində yaşayan X7 ilə İddiaçı1 birgə satsa da, Eyvaz Mahmudov da “satıcının” səmimiyyətinə şübhə yarandığı üçün verdiyi pulu Cavabdeh geri tələb edib almış, yalnız bundan sonra Cavabdeh guya satılmasını təsdiq edən verdiyi etibarnamədə Eyvaz Mahmudovun adını sildirərək torpağın hamısını İddiaçı1 ilə razılaşdıqları 1450 manata satmışdır. Etibarnamə 3 il müddətinə verilmiş və burada göstərilmişdir ki, əqdi verən şəxs İddiaçı1 Buzovna qəsəbəsində 240 saylı mübahisəli sahədə bir sıra işləri görməyə, habelə həmin sahədə tikinti işlərini aparmağa səlahiyyətli etmişdir. İddiaçı1 aldığı torpaq sahəsi üzərində 2004-cü ildə həm qardaşı, iş üzrə ikinci iddiaçı, həm də özü üçün ev tikdi. Ailələri ilə iki qardaş bu evlərdə yaşayırlar. Lakin cavabdeh İddiaçı1 verdiyi etibarnaməni ləğv etdirərək, evlərin sökülməsinə dair məhkəmədə iddia qaldırdı. Uzun mübahisədən sonra əziyyətlə iddiaçıların tikdirdiyi evlərin sökülməsinə dair məhkəmə qətnamələri çıxartdırmağa nail oldu. Cavabdeh mübahisəli torpaq sahəsindən Bakı şəhərində mənzil növbəsində olduğu üçün imtina etmişdir və “satdığı” torpaq sahəsinin ona heç bir aidiyyəti yoxdur. Bundan əlavə, həmin torpaq sahəsinin Dövlət Neft Şirkətinə aid olmasına dair mübahisələr mövcuddur. Evlər iddiaçılara etibarnamə verilən müddət ərzində tikilmişdir, sənəddə göstərilən səlahiyyətlərdən kənara çıxmamışlar. Cavabdeh iddiaçılara qarşı məhkəmədə iddia qaldıraraq tikdiyi evlərin sökülməsinə nail olmuşdur. Beləliklə iddiaçının min bir əziyyət hesabına xərc qoyub tikdiyi ev sökülməldir. İddiaçıya və ailəsinə külli miqdarda ziyan dəymişdir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçılara dəyən 20.000 manat manat maddi zərərin və 10.000 manat mənəvi zərərin, ümumilikdə 30.000 manatın ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı "zəbt olunmuş torpaqdan istifadəyə görə kompensasiya ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə tanış olarkən onun məzmunun absurd, əsassız, şər və böhtan xarakterli, heç bir qanuna, mötəbər sübuta, dəlilə istinad edilməyən, şəxsi mülahizələrdən ibarət olduğu görünür. Belə ki, əvvəla onlar iddialarında Cavabdeh qanuni olaraq Əzizbəyov rayon XDS İK tərəfindən 03 saylı, xx.xx.1990-cı il tarixli qərara əsasən Buzovna qəsəbəsində Albalılıq ərazisində verilmiş 240 saylı bağ sahəsinin- 600 kv.m ona məxsus olduğu həmin qərarda öz əksini taparaq təsdiq edilmiş, həm də qarşı tərəf özləri bunu iddialarında etiraf etmişlər. Müvafiq qətnamə ilə Cavabdeh aid 6 sot sahədə həmin tikililərin sökülməsi qət edilmişdir. Bundan başqa, qarşı tərəf iddiasında bu işə heç bir aidiyyəti olmayan şəxs - X6 qeyd edir. Tərəflər arasında Cavabdeh məxsus bağ sahəsinin satılması ilə bağlı danışıqları olmamış, yalnız onların bağa nəzarət etmə üçün bir kənarında müvəqqəti yaşamaq üçün otaq tikmələrinə icazə verilmişdir. Əvvəl iddiaçıya məxsus ərazidə bir otaq tikmək üçün 2003cü ildə verilmiş etibarnamə əsasında 3 ədəd xırda təmirsiz otaq və tövlə tikmişlər. Lakin bir müddət sonra qarşı tərəf bağ sahəsində olan iddiaçıya məxsus 3500 ədəd mişar daşlarını istifadə edib, bağ sahəsinin qarşısında, yəni girişindəki neytral 600 kv.m sahəni özünə və qardaşına icazəsiz, heç bir sənəd və razılığı olmadan evlər tikərək qanuni bağ sahəsinə giriş-çıxışı bağlamışlar. Daha sonra isə qarşı tərəf bu etibarnamədən sui-istifadə edib, danışıqlarından kənar işlər gördüklərinə görə iddiaçı 2006-cı ildə onu ləğv etdirdi. Qarşı tərəf 15 ildən artıq iddiaçıya məxsus bağ sahəsindən istifadə edib gəlir (fayda) əldə etmişdir. Belə ki, qarşı tərəf qanunsuz tikdiyi evlərin bir hissəsini kirayə vermiş, orada əkin əkib becərmiş, toyuq-cücə saxlamış və s. Eyni zamanda qarşı tərəfin qanunsuz hərəkəti nəticəsində bu illər ərzində bağ sahəsində ev tikib onu sənədləşdirib üzərində mülkiyyətçi kimi sərəncam vermək (kirayə, alqı-satqı, sair müqavilələr və hüquqi əməliyyatlar) hüququndan da məhrum edilmişdir. Bunlar da iddiaçıya münasibətdə əldən çıxmış fayda kimi qəbul edilməlidir. Cavabdehlər 15 ildir iddiaçıya məxsus bağa giriş-çıxışı bağladıqlarına görə onun istifadəsindən məhrum olunduğundan iddiaçıya kompensassiya ödəməlidirlər. Hər dəfə problemin aradan qaldırılması ilə bağlı müraciət etdikdə, cavabdehlərin iddiaçını təhqir etmələri və polislə hədə-qorxu gəlmələrinə görə stress və gərginlik keçirərək səhhətinə ziyan dəymişdir. Ona görə də qarşı tərəf iddiaçıya mənəvi ziyanın əvəzini də ödəməlidir. Göstərilənlərə əsasən cavabdehlər İddiaçı1, İddiaçı2 100.000 manat maddi ziyan, 150.000 manat kompensassiya, əldən çıxmış fayda və mənəvi ziyanın tutularaq iddiaçı Cavabdeh Məmmədrəhim oğlunun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1, onun vəkili X5 ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, onun nümayəndəsi X8 ilkin iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hər iki iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-234/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Əzizbəyov rayon XDS İK-nin xx xxxxxx 1990-cı il tarixli qərarı ilə Cavabdeh Buzovna qəsəbəsində fərdi ev tikmək üçün ayrılmış 600 kv.m torpaq sahəsində cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən inşa edilmiş özbaşına tikililərin onların hesabına sökülməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Əzizbəyov rayon XDS İK-nin xx xxxxxx 1990-cı il tarixli qərarı ilə Cavabdeh Buzovna qəsəbəsində 240 nömrəli sahədə fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinə dair Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Rayon Təsərrüfatı şöbəsinin memarı tərəfindən cizgi plan tərtib edilmişdir. Cavabdehlər bağ sahəsini mülkiyyətçinin razılığı olmadan ələ keçirib özbaşına tutmuş, həmin bağ sahəsində qanunsuz tikinti işləri apararaq iddiaçının torpaq üzərində mülkiyyət hüququnu pozmuşlar. Ekspert rəyi ilə həmin ərazidə tikililərin mövcud olduğu, tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Hazırki iddia tələbləri ilə (həm ilkin, həm də qarşılıqlı) bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Tərəflər onlara mənəvi zərərin vurulduğunu bildirsələr də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ilkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə iddiaçı hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmələrinə baxmayaraq, tələblərinin əsaslı olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərdən keçirib hesab edir ki, hazırki mülki işə iddia müddətinin ötürülməsi ilə bağlı müddəalar şamil edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Bundan əlavə, eyni Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Beləliklə, məhkəmə hesab edir ki, həm ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair ilkin iddia tələbi, həm də qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı "zəbt olunmuş torpaqdan istifadəyə görə kompensasiya ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı "zəbt olunmuş torpaqdan istifadəyə görə kompensasiya ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-5036/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5036/2020
17.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver