Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5039/2025 06.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Baş Prokurorluğu cəlb olunmaqla) "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iş üzrə (açar sözlər: vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Baş Prokurorluğu cəlb olunmaqla) "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-82/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi hökm edilmişdir. Hökmdən görünür ki, Elşad Məmmədovun polis şöbəsi rəisinə yazdığı xx.xx.2024-cü il tarixli digər təqrirində isə İddiaçı idarə etdiyi «Ford Fusion» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən həmin gün saat 15:30-da Hacıqabul rayonu Nəvahi kəndi ərazisində saxlanılması göstərilmişdir. İddiaçı 24 aprel 2024-cü il tarixdə saat 15:55-də şübhəli şəxs kimi tutulmuşdur. - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası CPM-nin 234.4.3-cü maddəsi ilə bəraət alınmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (099)-82/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü xx.xx.2025-ci il tarixə qanuni qüvvəyə minmişdir. Hökmdən apellyasiya şikayəti və protesti verilməmişdir. Mülki iş materiallarına ittiham aktı, alı-satqı müqaviləsi və çıxarışlar əlavə edilmişdir. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Baş Prokurorluğu cəlb olunmaqla) "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı vurulmuş maddi ziyana görə 50.000 manat məbləğində və vurulmuş mənəvi ziyana görə 20.000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu il tarixdə Qazı-Məmməd (hazırki Hacıqabul) şəhərində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. O heç vaxt narkotik vasitələrlə məşqul olmamışdır. 24 aprel 2024cü il tarixdə polis işçiləri onu faktiki olaraq narkotik vasitə ilə bağlı saxlamamışlar və polis tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. O ünvan 1-da qeydiyyatda olmaqla Bakı şəhərində yaşayaraq etibarnamə əsasında idarə etdiyi "Ford Fusion" markalı, **-GF-*** qeydiyyat nişanlı avtomobil ilə "Bolt" şirkətində taksi fəaliyyəti ilə məşqul olmuşdur. X3 və anası X1 isə Hacıqabul şəhərindəki evlərində yaşamışlar. O taksi fəaliyyəti ilə məşqul olmaqla yanaşı, gizli kamera alıb-satmaqla da məşqul olmuşdur və bu barədə sosial şəbəkədə elan yerləşdirmişdi. 12 aprel 2024-cü il tarixdə onunla "WhatsApp" proqramı vasitəsi ilə əlaqə saxlayan Fəxriyyə adlı qadın istifadəçi ona avtomaşına quraşdırmaq üçün gizli kamera almaq istədiyini bildirmişdir. O həmin qadınla 100 manat pul müqabilində ona gizli kamera satmağa razılaşdı. Özünün "Birkard" bank kartının nömrəsini həmin qadına göndərdi və qadın 12 aprel 2024-cü il tarixdə onun kartına 100 manat pul köçürdü. Lakin o saz vəziyyətdə olan kamera tapa bilmədiyinə görə qadına kameranın verilməsini gecikdirdi. Həmin qadın onunla mobil telefonda pis danışmağa başladı. Qadın elə başa düşmüşdür ki, onu aldatmışdır. Qadın ona başına iş açacağı ilə hədələmişdir. O isə qadına gedib, işi ilə məşqul olmasını demişdi. Bundan sonra bir nəfər ağsaçlı kişi ona "WhatsApp" proqramı vasitəsi ilə zəng edərək deputat olduğunu bildirdi və 100 manat pulu aldığı halda nə üçün qadına kameranı vermədiyini soruşdu. O həmin şəxsin danışığından ondan kamera almaq istəyən qadını saxlayan şəxs olduğunu başa düşdü. Həmin şəxs deputat olduğunu bildirməklə onun başına oyun açmaqla hədələdi. Bundan bir müddət sonra 19 aprel 2024-cü il tarixdə özü Bakı şəhərində olduğu zaman evdən valideynləri ona zəng edərək Hacıqabul Rayon Polis Şöbəsinin işçilərinin onu axtardıqlarını, rayon polis şöbəsinə gəlməsini tələb etdiklərini bildirdilər. O isə heç bir cinayət xarakterli iş görmədiyinə görə polis işçilərinin oonu axtarmalarına əhəmiyyət vermədi. Həmin gün ata-anası ona zəng edərək onları Hacıqabul Rayon Polis Şöbəsinə çağırmaqla orada saxladıqlarını, onun polis şöbəsinə gəlməyinədək orada saxlayacaqlarını bildirdilər. Onu həmin gün rayon polis şöbəsinə getməyə məcbur etmək üçün ata-anasının polis şöbəsində saxlanılmaları barədə 19 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng etməklə şikayət etdi. Bundan sonra Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ata-anasının polis şöbəsində saxlanılmalarına süni olaraq əsas yaratmaq üçün guya onların inzibati xətaya yol vermələri barədə protokol tərtib etmişlər. O, polis şöbəsinə getmədiyinə görə atasıanasını 2024-cü ilin aprel ayının 19-dan 20-nə keçən gecə və 20 aprel 2024-cü il tarixdə o polis şöbəsinə gələnədək rayon polis şöbəsində saxlamışlar. O, 20 aprel 2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhərindən Hacıqabul Rayon Polis Şöbəsinə gəlmişdir. O polis şöbəsinə gələndə ata-anası hələ də rayon polis şöbəsində saxlanılmışlar. Polis işçiləri onu deputatın tanışı olan bir nəfər qadına kamera satmaq üçün 100 manat pul aldığını, lakin kameranı vermədiyini, onu həmin məsələ ilə bağlı axtardıqlarını dedilər. Ondan izahat alınandan sonra ata-anasını polis şöbəsindən evə buraxmışlar. Sonra polis işçisi Cavid Misirxanov ona komputerinin xarab olduğunu. səhəri gün polis şöbəsinə gələrək komputeri təmir etmək lazım olduğunu demişdir. O, səhəri gün, yəni 21 aprel 2024-cü il tarixdə Hacıqabul Rayon Polis Şöbəsinə getmiş və Cinayət axtarışı bölməsi rəisinin komputerini düzəltmişdir. Sonra isə Bakı şəhərinə getmişdir. Lakin bundan sonra polis işçiləri Cavid Misirxanov, Samid Misirxanov və başqaları ona zəng edərək yenidən Hacıqabul Rayon Polis Şöbəsinə çağırmışlar. O isə işinin olduğunu bildirdi və polis şöbəsinə getmədi. Lakin polis işçiləri yenidən onu ata-anasına və özünə tez-tez zəng edərək Hacıqabul Rayon Polis Şöbəsinə gəlməli olduğunu, polis rəisinin onu gözlədiyini bildirmişlər. O məcburiyyət qarşısında qalaraq polis işçilərinə 24 aprel 2024-cü il tarixdə Hacıqabul Rayon Polis Şöbəsinə gələcəyini bildirdi. O, 24 aprel 2024-cü il tarixdə günün ikinci yarısı idarə etdiyi "Ford Fusion" markalı, **-GF-*** qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Hacıqabul rayonuna yola düşdü ki, rayon polis şöbəsinə getsin. Yolda olduğu zaman polis işçiləri ona zəng etmişlər. Həmçinin anası və sevgilisi ilə "WhatsApp" vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlamışdır. Onun polisdə saxlanıla biləcəyindən narahat olmuşdum. Lakin polis şöbəsinə getməli oldu. Bakı şəhərindən Hacıqabul rayonuna gələn zaman saat 15 radələrində Hacıqabul rayonu, Nəvahi kəndi ərazisində yerləşən X8 postunda yol polisi əməkdaşları onun avtomaşınını saxlamışlar. Bu zaman Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşmış, onu orada tutmuş, mobil telefonunu əlindən almışlar. Daha sonra qollarına qandal vurub, onu rayon polis şöbəsinə aparmışlar.Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. Polis şöbəsində cibinə bir ədəd bükümdə narkotik vasitə qoymuşlar. Ondan həmin narkotik vasitənin özünə məxsus olması barədə ifadə verməyini tələb etdilər. Lakin o razılaşmaq istəmədikdə polis işçiləri onun qarşısına bir kisədə narkotik gətirib, qoymuşlar, boynuna almağını demişlər. Həmçinin avtomobilinə də çox miqdarda narkotik qoymaqla hədələmişlər. O da qorxduğu üçün məcbur olub, polis işçilərinin şalvar cibinə bir ədəd bükümdə qoyduqları narkotik vasitə heroinin guya ona məxsus olmasına dair sənədlərə imza etmiş və videoçəkiliş zamanı etiraf etmişdir. Polis işçiləri ilə danışıqlar apardığını və tutulduğu zaman üzərində ***-***-**-** "WhatsApp" nömrəsi və ***-***-**-** işlək telefon nömrəsi olmuşdur. İstintaqda ifadəsini hədə-qorxu və polislərin təzyiqi altında vermişdir. maumhədə-qorxu və polislərin təzyiqi altında vermişəm. Beləliklə də o heç bir təqsiri olmadığı halda əsassız olaraq 24 aprel 2024-cü il tarixdə saat 15:55-də Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Heybətov Mübaşir Mikayıl oğlu tərəfindən şübhəli şəxs qismində tutuldu. 26 aprel 2024-cü il tarixdə o Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və həmin tarixdə barəsində Hacıqabul Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətində həbs qətimkan tədbiri seçildi. 16 iyul 2024-cü il tarixdə barəsində olan ********* saylı cinayət işi üzrə ittiham aktı tərtib edilmiş və həmin ittiham aktı həmin tarixdə Hacıqabul Rayon Prokuroru, baş ədliyyə müşaviri Lalə xanım Hüseynova tərəfindən təsdiq edilərək məhkəməyə verilmişdir. Onun barəsində olan cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılmış və məhkəmənin 25 aprel 2025-ci il tarixli 1(099)-82/2025 saylı hökmü ilə ona, yəni İddiaçı Azərbaycan Respublikasının CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyim sübuta yetirilmədiynə görə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilmiş və barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilmişdir. Beləliklə də, o bütün bu dövr ərzində qanunsuz olaraq 01 il 01 gün həbsdə saxlanılmışdır. O həbs edilməmişdən əvvəl yuxarıda qeyd etdiyi kimi taksi fəaliyyəti ilə məşqul olmaqla yanaşı, gizli kamera alıb-satmaqla da məşqul olmuşdur. Bundan əlavə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək əsassız olaraq Hacıqabul RPŞ-də və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılmaqla, azadlıqdan məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə 20000 manatdan çox pul sərf olunmuşdur ki, həmin məsrəfi də cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətindən qalmışlar. Ailə üzvləri ona yemək və ərzaq gətirmək üçün hətta ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evlərini də 22000 manata satmağa məcbur olmuşlar. Həmin fərdi yaşayış evlərinin satışından da əldə olunmuş vəsait də onun yolunda xərclənmişdir. Bundan əlavə o günahsız olaraq 01 il 01 gün müddətə haqsız yerə azadlığından məhrum olunduğu üçün, eləcə də heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan da dəymişdir. Belə ki,cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində çəkdiyi əzab-əziyyət onda əsəb pozuntusu və ürək ağrısına gətirib çıxarmışdır. Belə ki, heç bir əsas olmadan Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə barəsində cinayət işi başlanmış və bir ildən çox həbsxanada qalmağa məcbur olmuşdur. Həmçinin polis əməkdaşları onu polis şöbəsinə gətirməyinə nail olmaq üçün atasını və anasını polis şöbəsinə apararaq onların guya inzibati xəta törətmələri və barələrində inzibati tənbeh tədbirlərinin görülməsinə dair 19 aprel 2024-cü il tarixdə protokol və qərar tərtib etmişlər və onları buna görə əsassız olaraq 19 aprel 2024-cü il tarixdən 20 aprel 2024-cü il tarixə keçən gecə qanunsuz olaraq rayon polis şöbəsinin inzibati binasında saxlamışlar. Buna görə də o mənəvi iztirablar keçirmişdir. Bütün bunların nəticəsində çox böyük psixoloji sarsıntılar,əsəb gərginliyi keçirmişdir. Həmçinin o tutulmamışdan əvvəl taksi fəaliyyəti ilə məşqul olmaqla yanaşı, gizli kamera alıb-satmaqla da məşqul olmaqla gündəlik 50-60 manata işləməklə özünü və ailəsini dolandırırdı.Tutulduğu müddətdə o bu qazancından da məhrum edilmişdir. Bu səbəbdən, hesab edirəm ki, cavabdehlər vurduqları maddi ziyanla yanaşı, həmçinin 20000 manat məbləğində mənəvi ziyanı da ödəməyə borcludurlar. Bu səbəbdən iddia tələbi məhkəmə tərəfindən təmin edildiyi təqdirdə qətnamənin icrası dövlət büdcəsi hesabına olacağı üçün hesab edir ki,hazırki iddia tələbimin yönələcəyi cavabdehlərdən biri də məhz Azərbaycan Respublikası Maliyyə Nazirliyidir. Ona görə də hazırki,iddia ərizəsi ilə məhkəməyə müraciət edir. b) iddiaya etiraz: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı hüquq-mühafizə orqanları tərəfindən AR Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin başlanmasını və barəsində cinayət təqibinin aparılmasını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə maddi və mənəvi ziyanın əvəzi olaraq 70.000 manat pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Qanunun maddələrinin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. "Azərbaycan Respublikası" dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəsən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli alaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. c) məhkəmə icraat iştiakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddiasının təmin olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, tərəflər iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsindəgöstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona ümumilikdə 50.000 manat maddi ziyanın vurulduğunu, qətnamə icra olunan günə kimi hər ay üçün aylıq qazancını (taksi fəaliyyəti və gizli kamera alqı-satqısından qazandığı aylıq gəlirini) nəzərə alınmaqla ümumi məbləğin ona ödənilməsini tələb etsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə iddiaçı anası və atası tərəfindən onlara məxsus evin satılaraq vəkillərə və ona yemək və ərzaq gətirilməsinə xərcləndiyini bildirsə də, bununla bağlı da hər hansı sübutları (qəbzlər, vəkil müqaviləsi və sair) məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz . Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 1 il 1 gün müddətinə (xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixədək) «həbs» qətimkan tədbiri seçilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 1 il 1 gün müddətinə həbs qətimkan tədbirinə görə 12.050 manat (bir ay üzrə 1000 manat x 12 ay 1 gün) məbləğində müəyyən olunmalıdır. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 12.050 (on iki min əlli manat) manat manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 12.050 (on iki min əlli manat) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-5039/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5039/2025
06.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver