Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5048/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi, əmək kitabçasının verilməsi və gecikməyə görə ödəniş edilməsi, itirilmiş gəlirin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi, əmək kitabçasının verilməsi və gecikməyə görə ödəniş edilməsi, itirilmiş gəlirin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, möhürlə təsdiqlənmiş əmrin surətinin və əmək müqaviləsinin ləğv edilməsi barədə müvafiq qeydlər aparılaraq möhürlə təsdiq edilmiş əmək kitabçasının ona təqdim edilməsi, əmək kitabçasının təqdim edilməsinin ləngidildiyi bütün dövr üçün 21.845 manat, istifadə olunmayan məzuniyyətlərə görə 1.822 manat məbləğində pul əvəzinin, ödənişin gecikdirildiyinə görə Mərkəzi Bankın uçot dərəcəsi ilə 9.666 manat məbləğində faizlərin, habelə cavabdehin təqsiri üzündən pensiya hüququndan vaxtında istifadə edə bilmədiyinə görə 4.742 manat məbləğində itirilmiş gəlirin, cəmi 38.075 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 01 sentyabr 1998-ci il tarixli 10k nömrəli əmrlə həmin tarixdən Azərbaycan Sənaye İnvestisiya X1 Bakıxanov filialına Valyuta mübadilə məntəqəsinə xəzinədar vəzifəsinə təyin olunmuşdur. 2000-ci ilin mart ayında ona bildirmişlər ki, mübadilə məntəqəsinin fəaliyyəti dayandırılmışdır, lakin, ilk günlərdən başlayaraq dəfələrlə çoxsaylı müraciətlərinə baxmayaraq bu günədək nə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, nə də işdən çıxması barədə müvafiq qeydlər aparılmış və möhürlə təsdiq edilmiş əmək kitabçası ona təqdim olunmamışdır. Nəhayət bir çox müraciətlərdən sonra bu yaxınlarda SİSKB-nin hüquqi varisi olan "xxxx" ASC-də ona bildirmişlər ki, mübadilə məntəqəsinin fəaliyyəti 24 mart 2000-ci il tarixli 12- YM nömrəli əmrlə dayandırılıb. O, tutduğu vəzifənin ixtisar olması və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin möhürlə təsdiq edilmiş surətini və işdən çıxması barədə müvafiq qeydlər aparılmış əmək kitabçasını bir daha tələb etdikdə, məlum olmuşdur ki, əmək müqaviləsinə xitam verilməsi haqqında əmr mövcud deyil və bu səbəbdən onun surəti ona təqdim olunmamış, əmək kitabçası isə işdən çıxması barədə heç bir qeyd aparılmadan ona qaytarılmışdır. Beləliklə, rəsmi olaraq o, bu günə kimi həmin vəzifədə qalır. Əmək kitabçasını vaxtında ala bilmədiyinə görə o, 2000-ci ildən heç yerə işə düzələ bilməmişdir və təsadüfi qazanclarla yaşamağa məcbur olmuşdur. 25 may 2020ci il tarixdə o, Cavabdeh ASC-yə rəsmən müraciət edərək xahiş etmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin möhürlə təsdiq edilmiş surəti ona təqdim edilsin, əmək kitabçasında işdən çıxması barədə müvafiq qeydlər aparılsın və möhürlə təsdiq edilsin və bundan sonra ona verilsin, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq onunla son haqqhesab edilsin. Bu müraciətinə aldığı 30 iyul 2020-ci il tarixli 125000/1-02-1996 nömrəli cavab məktubunda Cavabdeh ASC-dən ona bildirmişlər ki, müraciəti ilə bağlı müvafiq araşdırma aparılır və araşdırma bitdikdə ona məlumat veriləcək. Lakin bu cavabı aldığı gündən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Cavabdeh ASC pozulmuş hüquqlarını bərpa etməyib və araşdırmanın nəticələri barədə ona məlumat verməyib. Göründüyü kimi, Azərbaycan Sənaye İnvestisiya X6 və onun hüquqi varisi olan Cavabdeh ASC qanunvericiliyin tələblərini və onun Konstitusiya və Əmək Məcəlləsi ilə qorunan hüquqlarını kobud surətdə pozublar və pozmaqda davam edirlər. Belə ki, işlədiyi mübadilə məntəqəsinin fəaliyyəti dayandırıldıqda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə «işçilərin sayı və ya ştatları ixtisarı» əsası ilə xitam verilməli idi. Məcəllənin 83-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməli, əmrin surəti, müvafiq qeydlər aparılmış və möhürlə təsdiq edilmiş əmək kitabçası, son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı) ilə birlikdə sonuncu iş günü ona verilməli idi. Lakin onun çoxsaylı müraciətlərinə baxmayaraq, nə Azərbaycan Sənaye İnvestisiya X6, nə də onun hüquqi varisi Cavabdeh bunları etməmişlər. Cavabdeh ASC isə bu günədək əmək qanunvericiliyinin tələblərini və onun hüquqlarını pozmaqda davam edir. Mübadilə məntəqəsində işlədiyi dövrdə onun əmək haqqı ölkə üzrə minimum əmək haqqı səviyyəsində müəyyən edilmişdir. Əmək kitabçası ona təqdim olunmadığı dövrdə onun əmək haqqı aşağıdakı kimi olmalı idi: 2000-ci ildə (aprel ayından) – 300 manat; 2001-ci ildə – 360 manat; 2002-ci ildə – 360 manat; 2003-cü ildə – 360 manat; 2004-cü ildə – 360 manat; 2005-ci ildə – 360 manat; 2006-cı ildə – 480 manat; 2007-ci ildə – 580 manat; 2008-ci ildə – 795 manat; 2009-cu ildə – 900 manat; 2010-cu ildə – 940 manat; 2011-ci ildə – 1.028 manat; 2012-ci ildə – 1.122 manat; 2013cü ildə – 1.168 manat; 2014-cü ildə – 1.260 manat; 2015-ci ildə – 1.260 manat; 2016-cı ildə – 1.260 manat; 2017-ci ildə – 1.392 manat; 2018-ci ildə – 1.560 manat; 2019-cu ildə – 2.060 manat; 2020-ci ildə – 2.440 manat; 2021-ci ilin 6 ayında – 1.500 manat. Beləliklə, əmək kitabçasının sonuncu iş günü verilməsinin işəgötürənin təqsiri üzündən ləngidildiyini, habelə işə düzələ bilmədiyi bütün müddət üçün ona Əmək Məcəlləsinin 176-cı maddəsinin 6-cı bəndinə əsasən bütün ləngidilmə dövrü üçün Cavabdeh ASC tərəfindən ona ümumilikdə 21.845 manat ödənilməlidir. Bundan əlavə, Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən ona istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi də ödənilməlidir. Bu məbləğlərin ora aylıq əmək haqqı kimi hesablandığını nəzərə alaraq, ona ödənilməyən istifadə olunmayan məzuniyyətlərə görə pul əvəzi aşağıdakı kimi olmalıdır: 2000-2005-ci illərə görə – hər il üçün 30 manat; 2006-cı ilə görə – 40 manat; 2007-ci ilə görə – 48 manat; 2008-ci ilə görə – 66 manat; 2009-cu ilə görə – 75 manat; 2010-cu ilə görə – 78 manat; 2011-ci ilə görə – 85 manat; 2012-ci ilə görə – 93 manat; 2013-cü ilə görə – 97 manat; 2014-2016-cı illərə görə – hər il üçün 105 manat; 2017-ci ilə görə – 116 manat; 2018-ci ilə görə – 130 manat; 2019-cu ilə görə – 171 manat; 2020-ci ilə görə – 203 manat; 2021-ci ilin 6 ayına görə 125 manat. Ümumilikdə əmək məzuniyyətinə görə ödənilməli olan, lakin ödənilməyən məbləğ 1.822 manat təşkil edir. Ləngitmə dövrü üzrə əmək haqqının (21.845 manat) və ödənilməyən məzuniyyət pulunun (1.822 manat) ümumi məbləği 23.667 manat təşkil edir. Mərkəzi Bankın qəbul etdiyi son uçot dərəcəsi 6,25 % təşkil edir. Faizlər hər gecikdirmə ilinin sonuna olan məbləğə bu məbləğin hər il artması nəzərə alınmaqla hesablanmalıdır. Müvafiq olaraq ləngitmə illəri üzrə Cavabdeh ASC tərəfindən aşağıdakı məbləğlərdə faizlər ödənilməlidir: 2000-ci il – 19 manat; 2001-ci il – 41 manat; 2002-ci il – 64 manat; 2003-cü il – 86 manat; 2004-cü il – 109 manat; 2005-ci il – 131 manat; 2006-cı il – 161 manat; 2007-ci il – 197 manat; 2008-ci il – 247 manat; 2009cu il – 303 manat; 2010-cu il – 362 manat; 2011-ci il – 426 manat; 2012-ci il – 496 manat; 2013-cü il – 570 manat; 2014-cü il – 648 manat; 2015-ci il – 727 manat; 2016-cı il – 806 manat; 2017-ci il – 893 manat; 2018-ci il – 990 manat; 2019-cu il – 1.119 manat; 2020-ci il – 1.271 manat. Faizlərin ümumi məbləği 9.666 manat təşkil edir. Bundan əlavə adı gedən banklar qanunsuz hərəkətləri və hərəkətsizliyi ilə həmçinin onun Konstitusiya ilə təmin edilmiş pensiya hüququnu da pozmuşlar. Belə ki, əgər onun əmək kitabçası müvafiq qeydlərlə ona vaxtında verilsə idi o, 07 sentyabr 2016-cı il tarixdə yaşa görə pensiyaya çıxmalı idi. Lakin əmək kitabçası və təsdiq olunmuş əmək stajı olmadığına görə o, vaxtında pensiya ala bilməmişdir. Yalnız ölkə qanunvericiliyində edilmiş dəyişikliklər ona 2019-cu ilin fevral ayının 28-də 160 manat pensiya təyin olunmuşdur. Beləliklə, Cavabdeh ASC tərəfindən onun hüquqlarının pozulması nəticəsində o, pensiya hüququndan iki il altı ay ərzində istifadə edə bilməmişdir və real gəlirini itirmişdir. Beləliklə, o, 07 sentyabr 2016cı il tarixdən 2019-cu ilin fevral ayınadək, yəni ona pensiya təyin olunan tarixədək təyin olunmuş ilkin pensiya məbləği ilə əldə edəcəyi gəlirlər aşağıdakı kimi olmalı idi: 2016-cı ilin son dörd ayı ərzində – 602 manat; 2017-ci ildə – 1.920 manat; 2018-ci ildə – 1.920 manat; 2019-cu ilin yanvar-fevral aylarında – 300 manat. Beləliklə, "xxxx" ASC-nin təqsiri üzündən pensiya şəklində itirdiyi gəlir 4.742 manat olmuşdur. İddiaçının nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, Azərbaycan Sənaye İnvestisiya X1 11.02.2000-ci il tarixli 10-03/024 saylı məktubu əsasında Bakıxanov Sənaye İnvestisiya X1 24.03.2000-ci il tarixli 12-ÜM saylı əmri ilə valyuta mübadilə məntəqələrinin fəaliyyəti 24.03.2000-ci il tarixdən dayandırılmışdır. Həmçinin iddiaçı 31.03.2000-ci il tarixli ərizə ilə müraciət edərək öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən Bakıxanov Sənaye İnvestisiya X1 31.03.2000-ci il tarixli 10-k saylı əmri ilə İddiaçı Əmək Məcəlləsinin 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı banka ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi barədə əmrin təqdim olunmasını, əmək kitabçasına müvafiq qeydlərin aparılmasını və son haqq-hesabın aparılaraq ödənişin olunmasını xahiş etmişdir. Bankın 05.11.2020-ci il tarixli 125000/1-02-2735 saylı məktubu ilə iddiaçıya vəzifədən azad olunmasına dair əmr barədə məlumat verilmiş, həmçinin əmək kitabçasına müvafiq qeydlərin əlavə olunması üçün bankın Bakıxanov filialına müraciət edə bilməsi, hər hansı ödənişin olunmasının mümkünsüzlüyü izah olunmuşdur. İddia tələbini aşağıdakılara görə əsassız hesab edirlər: 1). İddiaçı iddia ərizəsində mübadilə məntəqəsinin fəaliyyətinin dayandırılması ona deyilsə də, işdən çıxmasına dair əmrin surətinin təqdim olunmadığını əsas gətirərək bu günə kimi həmin vəzifədə rəsmi olaraq qaldığını qeyd edir. Əgər iddiaçı bu günədək həmin vəzifədə rəsmi olaraq qaldığını iddia edirsə, o zaman bank tərəfindən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə və 72-ci maddəsinin «a» bəndinə əsasən xitam verilməlidir. Belə ki, iddiaçı həmin vəzifədə qaldığını iddia etsə də, ötən müddət ərzində işə gəlməmiş və həmin vəzifə üzrə öhdəliklərini icra etməmişdir. Belə olan halda, ötən müddət üçün əmək haqqı və məzuniyyətə görə ödənişlərin tələb olunması da əsassızdır. Həmiçinin təqdim olunan ərizədən də görünür ki, iddiaçı öz xahişi ilə vəzifədən azad olunmuşdur, yəni vəzifədən azad olunması ona məlum olmuşdur. Öz ərizəsi əsasında vəzifədən azad olunduğu halda hazırda da həmin vəzifədə qaldığını iddia edərək buraxılmış müddət üçün əmək haqqı və məzuniyyət haqqının tələb olunması sadəcə hüquqdan sui-istifadədir. 2). Həmçinin iddiaçı əmək kitabçasının ona vaxtında verilməməsini və müvafiq qeydlərin aparılmamasını əsas gətirərək vaxtında pensiyaya çıxa bilmədiyini və bununla da ona maddi ziyan dəydiyini qeyd edir. Lakin iddiaçı əmək kitabçasının ona hansı tarixdə verilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Əlavə olaraq bildirirlər ki, iddiaçının əmək kitabçasında qeyd olunan vəzifəyə təyin olunması barədə qeyd vardır. Bu cür hallarda pensiya təyini üçün stajın hesablanmasında sual yarandığı halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-in müvafiq qurumu tərəfindən banka sorğu ünvanlanaraq işçinin stajını təsdiq edən sənədlər (əmək haqqı cədvəlləri, işdən çıxması barədə əmr) tələb olunur. 3) Təqdim olunmuş bankın cavab məktubundan da görünür ki, bank iddiaçının vəzifədən azad edilməsinə dair əmrin surətini iddiaçıya təqdim etmiş, həmçinin əmək kitabçasına müvafiq qeydlərin aparılması üçün filiala müraciət etməsini izah etmişdir. Bu halda hesab edirlər ki, əmrin təqdim olunması və əmək kitabçasına qeydlərin aparılması ilə bağlı hissədə mübahisə yoxdur. Azərbaycan Respublikası MPM-in 76.1, 77.1, 80, 88-ci maddələrinə istinadən, həmçinin məhkəməyə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə verdiyi ərizənin nəzərə alınaraq, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, əsassız olduğundan və iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Azərbaycan Sənaye İnvestisiya X1 11.02.2000-ci il tarixli 10-03/024 saylı məktubu əsasında Bakıxanov Sənaye İnvestisiya X1 24.03.2000-ci il tarixli 12-ÜM saylı əmri ilə valyuta mübadilə məntəqələrinin fəaliyyəti 24.03.2000-ci il tarixdən dayandırılmışdır. İddiaçı 31.03.2000-ci il tarixli ərizə ilə müraciət edərək öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İddiaçı ərizəsinə əsasən Bakıxanov Sənaye İnvestisiya X1 31.03.2000-ci il tarixli 10-k saylı əmri ilə İddiaçı Əmək Məcəlləsinin 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı banka ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi barədə əmrin təqdim olunmasını, əmək kitabçasına müvafiq qeydlərin aparılmasını və son haqqhesabın aparılaraq ödənişin olunmasını xahiş etmişdir. Bankın 05.11.2020-ci il tarixli 125000/1-02-2735 saylı məktubu ilə İddiaçı vəzifədən azad olunmasına dair əmr barədə məlumat verilmiş, həmçinin əmək kitabçasına müvafiq qeydlərin əlavə olunması üçün bankın Bakıxanov filialına müraciət edə bilməsi, hər hansı ödənişin olunmasının mümkünsüzlüyü izah olunmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmiş, digər sözlə ifadə edildikdə, cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmamışdır. Göründüyü kimi, iddia əsassızdır. Bundan başqa, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan xeyli ötürüldükdən sonra, iddia ərizəsi ilə yalnız 05.07.2021-ci il tarixdə məhkəməyə müraciət olunmuşdur. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi, əmək kitabçasının verilməsi və gecikməyə görə ödəniş edilməsi, itirilmiş gəlirin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan və iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi, əmək kitabçasının verilməsi və gecikməyə görə ödəniş edilməsi, itirilmiş gəlirin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan və iddia müddəti tətbiq edilməklə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5048/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5048/2021
26.08.2021 · Müqavilələrin ləğv edilməsi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver