Məhkəmə qərarları › İş №2(103)-11574/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11574/2021

12.11.2021 · Müqavilələrin ləğv edilməsi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11574/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi, əmək kitabçasının verilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2(006)-5048/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2(006)- 5048/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi, əmək kitabçasının verilməsi və s. tələbinə dair” iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti vermişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin apelyasiya şikayətinin verildiyi vaxt qüvvədə olan 361.1-ci maddəsinə əsasən, apelyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apelyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apelyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçı isə apelyasiya şikayətini Məcəllə ilə müəyyən edilmiş forma və qaydaya əməl etmədən vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Halbuki, məhkəmə aktlarından apelyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2(006)- 5048/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar