Məhkəmə qərarları › İş №2(006)-507/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-507/2023

13.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-507/2023 13.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi zərərə görə 100000 (bir yüz min) manat məbləğində kompensasiyanın və 9390 (doqquz min üç yüz doxsan) manat maddi ziyanın cavabdeh vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1989-cu il tarixində Bərdə rayonunda anadan olmuşdur. O, 2008-2009-cu illərdə Daşkəsən rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı 2012-ci ildən etibarən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamış, 2015-ci ildə xidmətdən ehtiyata buraxılmışdır. Bundan sonra o, həqiqi hərbi xidmətini davam etdirmək üçün rayon üzrə müvafiq hərbi orqanlara müraciət etmiş və 2016-cı ildən etibarən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətini davam etdirmişdir. İddiaçı hazırda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmətdədir. İddiaçı Vətən müharibəsində Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak etmiş, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Vətən müharibəsi zamanı o, Suqovuşan rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə güllə yarası alaraq yaralanmışdır. İddiaçı 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olarkən heç bir əsas olmadan hazırda “Tərtər işi” kimi tanınan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin tərkib hissəsi kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı 08 may 2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Hərbi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti 4 ay müddətinə, 22 dekabr 2017ci il tarixli qərarı ilə 03 iyun 2018-ci ilə qədər uzadılmışdır. 25 yanvar 2018-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. 29 yanvar 2018-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. 09 fevral 2018-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 27 fevral 2018-ci il tarixli hazırlıq iclasının qərarına əsasən İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığına buraxılmış, həmin məhkəmənin 02 aprel 2018-ci il tarixli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə təqsirli bilinib 700 (yeddi yüz) manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur. İddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1, 303.3, 303.3.1, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 02 aprel 2018-ci il tarixli hökmü və məhkəmə hazırlıq iclasının 27 fevral 2018-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 331.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Qasım Məmmədova həvalə edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 33.1-ci maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş, Cinayət Məcəlləsinin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 329-cu maddəsi ilə əhatə olundğu üçün 29 aprel 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsindən həmin Məcəllənin 329.1-ci maddəsinə tövsif edilmişdir. 30 iyun 2022-ci il tarixli qərarla iddiaçının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, iş üzrə iddiaçıya həm Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü, həm də 331.2-ci (329.1-ci maddəsinə tövsif edilməklə) maddəsi ilə irəli sürülmüş ittihama bəraətverici əsaslarla xitam verilmişdir. İddiaçı əsassız ittihamlara məruz qalmış, 08 may 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddəti bir neçə dəfə artırılmış, həbsinin ilk 1 ayını ağır işgəncələrə məruz qalmış, ona qarşı yeni ittiham irəli sürülmüş, həbsdən yalnız 27 fevral 2018-ci il tarixdə buraxılsa da, cinayət təqibi davam etmiş, yeni ittihamla təqsirli bilinərək 700 (yeddi yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır maddi ziyan və mənəvi zərər vurulmuşdur. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və onun barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirdi. O, cinayət məsuliyyətinə cəlb edilməzdən əvvəl sonuncu dəfə aylıq əmək haqqını 2017-ci ilin aprel ayında almışdır. "xxxx" ASC-nin Bərdə rayon filialından təqdim edilmiş çıxarışdan görünür ki, onun həmin dövrdə orta aylıq əmək haqqı məbləği 790 (yeddi yüz doxsan) manat təşkil etmişdir. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin may ayından 2018-ci ilin aprelində yenidən işə çıxana qədər, yəni 11 (on bir) ay – may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr 2017-ci il və yanvar, fevral, mart 2018-ci il tarixləri ərzində faktiki aylıq qazancından məhrum edilmiş, eyni zamanda 700 (yeddi yüz) manat miqdarında cərimə ödəmişdir. Bu isə 9.390 (doqquz min üç yüz doxsan) manat edir (790x11=8690+700=9390). İddiaçı ona vurulmuş mənəvi zərərə görə isə 100000 (bir yüz min) manat məbləğində kompensasiya tələb edir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək, iddianın rədd edilməsi xahiş edilmişdir. Etiraz ərizəsi belə əsaslandırılmışdır ki, iddia ərizəsindən aydın olur ki, İddiaçı ibtidai istintaq orqanlarının, eləcə də Tərtər Hərbi Məhkəməsinin və Bakı Hərbi Məhkəməsinin AR Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən onun barəsində tətbiq olunmuş hökmlərini və buna müvafiq olaraq tətbiq olunmuş cəzanı qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən mənəvi ziyanın əvəzi olaraq 100.000 (yüz min) manat, maddi ziyana görə 9.390 (doqquz min üç yüz doxsan) manat, ümumilikdə 109.390 (yüz doqquz min üç yüz doxsan) manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı istintaq hərəkətlərinin aparılması və çıxarılan hökmlər ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Həmçinin, Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə əlaqədar sübut kimi gətirdiyi faktlar əsassızdır. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X5 iddianı qəbul etməyib, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndələrinin izahatını, vəkilin çıxışını dinləyib, cavabdeh tərəfindən təqdim edilmiş etiraz ərizəsini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AD seriyalı ******* nömrəli şəxsi vəsiqədən görünür ki, həmin vəsiqə N nömrəli hərbi hissə tərəfindən İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğuna görə verilmişdir. Mülki işin materiallarında olan Tərtər Hərbi Məhkəməsinin 08 may 2017-ci il tarixli 4(098)- 25/2017 saylı qərarından görünür ki, İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlanılma müddəti 4 (dörd) ay həddində müəyyən edilməklə azadlıq hüququnun faktiki məhdudlaşdırıldığı 08 may 2017-ci il tarixdə saat 17:05 dəqiqədən hesablanmışdır. Mülki işin materiallarında olan Bakı Hərbi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli qərarından görünür ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan İddiaçı həbsdə saxlanılması müddəti 04 (dörd) ay həddində, 5-8-ci aylara, yəni 08 yanvar 2018-ci il tarixədək uzadılmışdır. Mülki işin materiallarında olan Bakı Hərbi Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qərarından görünür ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan İddiaçı məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddəti 03 iyun 2018ci il tarixədək uzadılmışdır. Mülki işin materiallarında olan Tərtər Hərbi Məhkəməsinin 1(098)-114/2018 saylı, 27 fevral 2018-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-in 331.2-ci maddəsi ilə məhkəməyə verilməsi və onun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri əvəz edilməsi və onun məhkəmə iclas zalında həbsdən azad edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Tərtər Hərbi Məhkəməsinin 1(098)-114/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-in 331.2-ci maddəsi ilə təqsirli bilinib barəsində, Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 700 (yeddi yüz) manat cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən 08 may 2017-ci il tarixdən 27 fevral 2018-ci ilədək olmaqla 09 (doqquz) ay 20 (iyirmi) gün müddətində həbsdə saxlandığı nəzərə alınaraq ona təyin edilən 700 (yeddi yüz) manat cərimə cəzasına ödəməkdən azad edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməmişdir. Mülki işin materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 1-1(104)-35/2022 saylı, 30 mart 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Tərtər Hərbi Məhkəməsinin 02 aprel 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 27 fevral 2018-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Mülki işin materiallarında olan Tərtər Hərbi Məhkəməsinin 1(098)-125/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi (01 iyun 2020-ci il tarixədək qüvvədə olan) ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tərtər Hərbi Prokuroruna qaytarılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Qasım Məmmədovun 30 iyun 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi 29 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X1 barəsində Azərbaycan Respublikası CMin 274-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işindən İddiaçı Azərbaycan Respublikası CM-in 331.2-ci maddəsi ilə təqsirləndirilməsi barədə ayrılaraq istintaqın davam etdirilməsi üçün Tərtər hərbi prokurorluğuna göndərilmiş, 30 yanvar 2018-ci il tarixdə cinayət işi Tərtər hərbi prokurorluğunun müstəntiqi Nicat Eyvazov tərəfindən icraata qəbul edilərək istintaqı aparılmışdır. Azərbaycan Respublikası CM-in 274-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı 08 may 2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-in 274-cü maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Hərbi Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti 29 avqust 2017-ci il tarixdə 4 ay müddətinə, 22 dekabr 2017-ci il tarixdə isə 03 iyun 2018-ci ilədək uzadılmışdır. 25 yanvar 2018-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-in 331.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. 29 yanvar 2018-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası CM-in 274-cü maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. 09 fevral 2018-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, məhkəmənin 02 aprel 2018-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-in 331.2-ci maddəsi ilə təqsirli bilinib 700 manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur. İddiaçı Azərbaycan Respublikası CM-in 331.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə CPM-in 303.3.1, 303.3.3, 303.3.6 və 303.3.8-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 02 aprel 2018-ci il tarixli hökmü və məhkəmə hazırlıq iclasının 27 fevral 2018-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-in 331.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tərtər hərbi prokuroruna qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin tarixdən cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədova həvalə edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş Cinayət Məcəlləsinin 331-ci maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 329-cu maddəsi ilə əhatə olunduğu üçün 29 aprel 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsindən həmin Məcəllənin 329.1-ci maddəsinə tövsif edilmişdir. 30 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev tərəfindən ********* nömrəli cinayət işi üzrə istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinə həvalə edilmişdir. İstintaq cinayət işində tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməməsi nəticəsinə gəlmiş və belə hesab etmişdir ki, təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatına əməlində cinayət tərkibinin olmaması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri, işdə olan və tədqiq edilmiş digər mötəbər sübutlarla təsdiq olunmuşdur. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası CM-in 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli xx.xx.2017-xx.xx.2019-cu il tarixləri əhatə edən ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı "xxxx" ASC-də olan əmək haqqı hesabına: - xx.xx.2017-ci il tarixdə 1.065,55 manat; - xx.xx.2017-ci il tarixdə 721.21 manat; - xx.xx.2017-ci il tarixdə 655.84 manat; - xx.xx.2017-ci il tarixdə 719.21 manat; - xx.xx.2018-ci il tarixdə 1354.10 manat məbləğlərində pul köçürülmüşdür. Mülki işin materiallarında olan Bərdə rayon icra və Probasiya şöbəsinin rəisi Rusif Quliyevin xx.xx.2023-cü il tarixli 184 nömrəli cavab məktubundan görünür ki, İddiaçı məhkum olunmasına dair hökm Bərdə rayon icra və Probasiya şöbəsinin icraatına daxil olmamışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Tərtər Hərbi Məhkəməsinin 08 may 2017-ci il tarixli 4(098)-25/2017 saylı qərarına əsasən İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş, onun həbsdə saxlanılma müddəti 4 (dörd) ay həddində müəyyən edilməklə onun azadlıq hüququnun faktiki məhdudlaşdırıldığı 08 may 2017-ci il tarixdə saat 17:05 dəqiqədən hesablanmışdır. İddiaçı həbsdə saxlanılma Bakı Hərbi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli qərarı ilə 04 (dörd) ay həddində, 5-8-ci aylara, yəni 08 yanvar 2018-ci il tarixədək, 22 dekabr 2017-ci il tarixli qərarı ilə 03 iyun 2018-ci il tarixədək uzadılmışdır. Tərtər Hərbi Məhkəməsinin 1(098)-114/2018 saylı, 27 fevral 2018-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-in 331.2-ci maddəsi ilə məhkəməyə verilməsi və onun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri əvəz edilməsi və onun məhkəmə iclas zalında həbsdən azad edilməsi qərara alınmışdır. Tərtər Hərbi Məhkəməsinin 1(098)-114/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-in 331.2-ci maddəsi ilə təqsirli bilinib barəsində, Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 700 (yeddi yüz) manat cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən 08 may 2017-ci il tarixdən 27 fevral 2018-ci ilədək olmaqla 09 (doqquz) ay 20 (iyirmi) gün müddətində həbsdə saxlanıldığı nəzərə alınaraq ona təyin edilən 700 (yeddi yüz) manat cərimə cəzasına ödəməkdən azad edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 1-1(104)-35/2022 saylı, 30 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protestinə əsasən Tərtər Hərbi Məhkəməsinin 02 aprel 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 27 fevral 2018-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin 1(098)-125/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsi (01 iyun 2020-ci il tarixədək qüvvədə olan) ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tərtər Hərbi Prokuroruna qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin tarixdən cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqinə həvalə edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklilk edilməsi haqqında” 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş Cinayət Məcəlləsinin 331.2-ci maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə əhatə olundğu üçün 29 aprel 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci maddəsindən həmin Məcəllənin 329.1-ci maddəsinə tövsif edilmişdir. 30 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev tərəfindən ********* nömrəli cinayət işi üzrə istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinə həvalə edilmişdir. Lakin istintaq cinayət işində tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməməsi nəticəsinə gəlmiş və belə hesab etmişdir ki, təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin icraatına əməlində cinayət tərkibinin olmaması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri, işdə olan və tədqiq edilmiş digər mötəbər sübutlarla təsdiq olunur. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası CM-in 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2ci maddəsinə əsasən xitam verilmişdir. Göründüyü kimi, İddiaçı 08 may 2017-ci il tarixindən 27 fevral 2018-ci il tarixinə kimi, yəni 9 (doqquz) ay 20 (iyirmi) gün müddətində qanunsuz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə iddia tələbinin maddi ziyan hissəsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı 08 may 2017-ci il tarixindən 27 fevral 2018-ci il tarixinə kimi qanunsuz olaraq həbsdə saxlanılması nəticəsində aylıq əmək haqqısından məhrum olmuş, nəticədə ona maddi zərər dəymişdir. Belə ki, məhkəmə qərarı ilə həbs olunduqdan sonra, yəni 08 may 2017-ci il tarixindən faktiki olaraq işdə olma imkanı olmadığına görə ona əmək haqqı ödənilməmiş, həmin tarixə qədər isə iddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmət etmiş, orta aylıq əmək haqqı iddia ərizəsində qeyd olunana əsasən 790 manat təşkil etmişdir. İddiaçıya ödənilən aylıq əmək haqqının məbləği barəsində məlumatların təqdim edilməsi üçün məhkəmə tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə xx.xx.2022-ci il tarixində sorğu göndərilmiş, AR Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubundan aydın olmuşdur ki, həmin sorğu N və N nömrəli hərbi hissələrə göndərilmiş, məhkəməyə məlumat verilməsi xahiş edilmişdir. Lakin məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusu cavabsız qalmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi məlumat onun tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş kartı üzrə hesabdan çıxarışla təsdiq edilir. Buna görə də məhkəmə iddiaçıya maddi ziyan dəyməsi faktını işin mübahisəsiz halı kimi qəbul etmişdir. İddiaçının orta aylıq əmək haqqı məbləğinin 790 manat olduğu nəzərə alınaraq, orta günlük əmək haqqı məbləğinin isə “790 / 30.4 ≈ 26” manat olduğu müəyyən edilmişdir.. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qanunsuz olaraq həbsdə saxlanıldığı 9 ay 20 gün müddətində iddiaçıya 7630 (9 ay * 790 + 20 gün * 26 = 7630) manat məbləğində maddi zərər dəymişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi maddi ziyan hissəsində qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 7630 (yeddi min altı yüz otuz) manat məbləğində maddi zərərin əvəzi İddiaçı verilməlidir. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). Avropa İnsan Hüquqları Məhkəməsi «Kalaşnikov Rusiyaya qarşı» iş üzrə 15 iyul 2002-ci il tarixli qərarda Konvensiyanın 3-cü maddəsinin, 5-ci maddəsinin 3-cü bəndinin və 6-cı maddənin 1ci bəndinin pozulması faktını müəyyən etməklə yanaşı Konvensiyanın 41-ci maddəsinin zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsi müddəasına istinad edərək dəymiş zərər, mənəvi ziyan, məhkəmə xərcləri və digər məsrəflər məsələsini də müzakirə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) İddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur və məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsinin aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsinin qismən, yəni 10000 (on min) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, İddiaçı 08 may 2017-ci il tarixindən 27 fevral 2018-ci il tarixinə kimi, yəni 9 (doqquz) ay 20 (iyirmi) gün həbsdə saxlanılması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratsa da, stres, əzab və əziyyətlər versə də, bunun qarşılığının dəymiş mənəvi ziyana görə iddia edilən 100000 (bir yüz min) manat məbləğində ödənilməsi ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 7630 (yeddi min altı yüz otuz) manat məbləğində maddi zərərin, 10000 (on min) manat məbləğində mənəvi zərərin əvəzi olaraq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 7630 (yeddi min altı yüz otuz) manat məbləğində maddi zərərin, 10000 (on min) manat məbləğində mənəvi zərərin əvəzi, cəmi 17630 (on yeddi min altı yüz otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar