Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-507/2024 12.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianı təmin edərək, Cavabdeh maddi zərərin əvəzi olaraq 1.000 manat, mənəvi zərərin əvəzi olaraq 4.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70,00 manat, cəmi 5.070,00 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində, ünvan 1 ünvanının qarşısında ona qarşı zor tətbiq edərək, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib, ona fiziki ağrılarla müşayət olunan və əmək qabiliyyətinin itirlməsi ilə nəticələnən xəsarətlər yetirmişdir. Faktla bağlı Bakı şəhəri, Nəsimi RPİ-nin 19cu PŞ-də araşıdırma aparılmış və o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi (döymə) ilə inzibati qaydada cərimə edilmişdir. Cavabdeh qeyd olunan hərəkətləri ilə ona maddi və mənəvi zərər vurmuşdur. Belə ki, cavabdehin törətdiyi hüquqazidd hərəkətləri nəticəsində paltarı cırılıb yararsız hala düşdüyündən, mobil telefonu qırıldığından və əmək qabiliyyətini itirdiyindən ona maddi zərər, yetirdiyi fiziki ağrılara görə mənəvi sarsıntı və iztirab keçirdiyindən mənəvi zərər dəymişdır. Qeyd edir ki, ərizəsinə əlavə olunmuş tibbi sənədlərdən də göründüyü kimi, həmin hadisədən sonra o, 20 gündən çox müddət ərzində əmək qabiliyyətini itirmiş, heç bir işlə məşğul ola bilməmişdir. Eləcə də cavabdehin bu yaşında küçənin ortasında ona qarşı etdiyi haqsız hərəkət nəticəsində şüurunda baş vermiş mənfi psixi reaksiya (həyəcan, özünü aciz və alçalmış kimi hiss etmə və s), indiyədək hələ də ona sakit buraxmır və ona əzab, iztirab verir. Beləliklə işin şərh olunan halları və mübahisənin həllinə tətbiq olunmalı milli qanunvericilik və beynəlxalq hüquq normalarına əsasən, Cavabdeh hüquqazidd hərəkətləri ilə ona vurduğu maddi və mənəvi zərərin əvəzini ödəməlidir. Qeyd edir ki, onun həmin hərəkətləri nəticəsində ona 1000 manat dəyərində maddi zərər, 4000 manat dəyərində mənəvi zərər, cəmi 5000 manat dəyərində zərər vurulmuşdur və həmin məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan başqa, iddia vermək üçün tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən alınıb ona verilməlidir. Cavabdeh "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı iddia qaldıraraq, ondan maddi zərərin əvəzi olaraq 1000 manat, mənəvi zərərin əvəzi olaraq 4000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat olmaqla: cəmi 5070 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "…Cavabdeh xx.xx.2023-cü i tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, H.B.Əliyev küçəsi ünvanın qarşısında ona qarşı zor tətbiq edərək, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib, ona fiziki ağrılarla müşayiət olunan və əmək qabiliyyətinin itirilməsi ilə nəticələnən xəsarətlər yetirmişdir. Faktla bağlı Bakı şəhəri, Nəsimi RPİ-nin 19-cu PŞ-də araşdırma aparılmış və o, (Cavabdeh) Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi (döymə) ilə inzibati qaydada cərimə edilmişdir…" Cavabdeh iddia tələbini qəbul etmir, aşağıdakı əsaslarla iddiaya etiraz edir və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. İlk növbədə qeyd edir ki, iddia tələbinin əsaslarına dair iddiaçı tərəfindən hər hansı mötəbər dəlil təqdim olunmamışdır. Belə olduğu halda, iddaçının öz tələbində subyektiv hüququnun olduğuna dair, yəni: hüququnun pozulması (ziyan vurma), hüququnun cavabdeh tərəfindən pozulması və irəli sürdüyü tələbin ehtimal olunan belə hüquq pozuntusunun aradan qaldırılmasına adekvat olub-olmadığı aydınlaşdırılmalıdır. Bu halın aydınlaşması ona görə əhəmiyyətlidir ki, ilk növbədə iddiaçı cavabdeh olaraq onun tərəfindən hüququnun pozulması; ona maddi və mənəvi zərər vurduğuna dair iddiasını sübut etməlidir. İddiaçı istinad etdiyi, aralarında baş vermiş insidentdə onun tərəfindən ona xəsarət yetirilməsi və xüsusən, "belə xəsarət nəticəsində" ona maddi və mənəvi zərər dəyməsini sübut etməlidir. Məhkəmənin diqqətinə çatdırır ki, İddiaçılə aralarında yaranmış insidentdə onun hər hansı təqsiri olmamışdır. Cavabdeh onu döyməmiş və hər hansı xəsarət yetirməmişdir. Eyni zamanda, iddiaçının da istinad etdiyi Bakı şəhəri, Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısının "Cinayət işinin başlanmasının rədd edilməsi barədə" qərarı vardır. Həmin qərara əsasən cavabdeh "İddiaçı döyməkdə təqsirli bilinərək" inzibati qaydada cərimə olunmuşdur". Lakin həmin qərarda iddiaçının istinad etdiyi hallar müəyyən edilməmişdir. Belə ki, iddiaçı, aralarında baş vermmiş hadisə nəticəsində, guya, ona maddi zərər dəyməsini iddia edir. İddiaçı, guya, şalvarının cırıldığını, "MARKASİNİ UNUTDUĞU" mobil telefonun qırıldığını və yararsız hala düşdüyünü iddia edir. Bu iddiaları ilə bağlı nəzərə alınmalıdır ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısının qəbul etdiyi qərarda iddiaçının şalvarının cırılması və ya "mobil telefonun qırılaraq yararsız hala düşməsi" müəyyən olunmamışdır. Həmin qərarda, iddiaçının izahatının məzmununda onun dilindən bunlar göstərilmiş, lakin təhqiqat orqanı tərəfindən belə halların mövcudluğu təsdiq olunmamışdır. Belə olduğu halda, iddiaçı paltarının və ya telefonunun yararsız hala düşməsi ilə ona maddi zərər dəydiyini sübut etməlidir. Lakin onun tərəfindən belə bir sübut təqdim edilməmişdir. Əslində belə sübut yoxdur, ola da bilməz. Çünki, iddiaçının iddia etdiyi bu hallar baş verməyib. İddiaçıya maddi zərər dəymiş olsaydı, polis orqanının qəbul etdiyi qərarda öz əksini tapardı. Digər tərəfdən, iddiaçı özü qeyd edir ki, guya, "MARKASİNİ UNUTDUĞU mobil telefonu yararasız hala düşüb". İddiaçının özünün belə markasını bilmədiyi mobil telefonuna görə, guya, ona 200 manat zərər dəydiyini necə müəyyən etmişdir? Əlbəttə ki, belə bir hal baş vermədiyi aşkardır, iddiaçının bu mülahizəsinin əsası və sübutu yoxdur. İddiaçı, guya, "əmək qabiliyyətini itirdiyindən" ona maddi zərər dəydiyini iddia edir. İddiaçı bu mülahizəsində də yalan (əsası olmayan) məlumat vermişdir. Məlum olduğu kimi, əmək qabiliyyətinin müvəqqəti itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səlahiyyətli qurum tərəfindən, qanunla müəyyən olunmuş qaydada tərtib və təsdiq edilmiş tibbi rəy (rəsmi sənəd) əsasında müəyyən olunur. Lakin iddiaçının əmək qabiliyyətini itirməsi barədə belə bir rəsmi sənəd mövcud deyildir. İddiaçının istinad etdiyi Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısının qərarından göründüyü kimi, iş üzrə Nəsimi rayon MTE PA Birliyinin təqdim etdiyi Rəydən görünür ki, İddiaçı bədən səthində aşkar olunmuş xəsarətlər - … sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Yəni, iddiaçının özünün istinad etdiyi rəsmi sənəddə iddia etdiyi "xəsarətin" SAĞLAMLİĞA ZƏRƏR VURMAYAN OLDUĞU MÜƏYYƏN OLUNUR. Beləliklə, iddiaçının, ona maddi zərər dəyməsi ilə bağlı mülahizələri əsassızdır, hər hansı rəsmi sənədlə təsdiq olunmur. İddiaçı aramızda olub-keçmiş kiçik insidentlə bağlı cavabdehdən qisas almaq məqsədilə əsassız iddia qaldırmışdır ki, bu halda cavabdeh tərəfindən onun hüququnun pozulmadığı, ümumiyyətlə, hər hansı maddi və mənəvi zərərə məruz qalmadığı Məhkəmə tərəfindən nəzərə alınmalıdır. Aralarında olub-keçmiş insident polis orqanı tərəfindən araşdırılmış və müvafiq hüquqi qiymət verilmişdir. İddiaçının mülahizələri əsaslı olsaydı, polis orqanının qərarında əks olunar və ona qarşı müvafiq hüquqi tədbirlər görülərdi. İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək İddiaçı tərəfindən verilmiş iddia ərizəsi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan və Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 51-1/2-14541/23 nömrəli İddiaçı ünvanlanan məktubundan görünür ki, daxil olmuş müraciət əsasında araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən, Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 212-ci maddələrinə əsasən, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəhər Travmotoloji Məntəqəsinin xx.xx.2023-cü il tarixli, 653 nömrəli arayışından görünür ki, 62 yaşlı İddiaçı xx.xx.2023-cü il tarixində travmatoloji məntəqəyə müraciət etmiş, sağ diz onağının ön səthinin yumuşaq toxumalarının əzilməsi və sıyrılmış xırda yarası diaqnozu qoyulmuşdur. İş materiallarında olan “əmək qabiliyyətinin olmaması” barədə ******* nömrəli vərəqəyə əsasən, İddiaçı 20 aprel 2023-cü il tarixindən 02 may 2023-cü il tarixinədək işdən azad edilmişdir. Məhkəmə ilk öncə iddianın vurulmuş maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikasının: Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan baş qa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. İddiaçı tərəfindən cavabdehin törətdiyi hüquqazidd hərəkətləri nəticəsində paltarının cırılıb yararsız hala düşdüyündən, mobil telefonu qırıldığından və 20 gündən çox müddət üçün əmək qabiliyyətini itirdiyindən ona 1000 manat maddi ziyan dəydiyini qeyd etmiş, lakin bu xüsusatlarla bağlı məhkəməyə sübut təqdim olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 39.1 və 39.1.2-ci maddələrinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 39.2 və 39.3-cü maddələrinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir və bu halda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Beləliklə, Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində iddiaçının paltarının cırılıb yararsız hala düşdüyü, mobil telefonu qırıldığı və 20 gündən çox müddət üçün əmək qabiliyyətini itirdiyindən zərərə düşmə faktının sübuta yetirilməməsi istintaq orqanının cinayət tərkibi olmadığına görə cinayət işi başlanmasının rədd edilməsi haqqında qanuni qüvvəyə minmiş qərarı ilə də təsdiq olunur. Bununla da, bir daha həmin məlumatın doğru olmadığı öz təsdiqini tapır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində ünvan 1 ünvanının qarşısında iddiaçıya xəsarətlər yetirdiyindən və bu hal cavabdehin Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi (döymə) ilə inzibati qaydada cərimə edilməsi barədə Bakı şəhəri, Nəsimi RPİ-nin 19-cu PŞ-nin qərarı ilə öz təsdiqini tapdığından, İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi kimi (keçirdiyi sarsıntı və narahatlıq, qorxu hissi) kompensasiya ödənilməlidir. Lakin İddiaçı mənəvi zərərin məbləğinin hansı səbəbdən 4000 manat təşkil etməsini əsaslandırmadığından və bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmadığından, iddia tələbi bu hissədə qismən təmin edilərək, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi ağlabatan hesab edilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh mənəvi zərərə görə 500 (beş yüz) manat və 70 manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutularaq İddiaçı xeyrinə verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh mənəvi zərərə görə 500 (beş yüz) manat və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutularaq İddiaçı xeyrinə verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-507/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-507/2024
12.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver