Məhkəmə qərarları › İş №2(006)-5078/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5078/2020

02.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5078/2020 02.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı Müzəffər qızının cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Körpələr Evinə qarşı “məlumatların əldə edilməsi tələbinə dair” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Müzəffər qızı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Körpələr Evinə qarşı “məlumatların əldə edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Verilmiş iddia ərizəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Körpələr Evinə xx.xx.1967-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Məlikov adına xəstəxanada doğulmuş anadan bir olan bacısı X1 1968-ci ildə verilmə ehtimalı olduğu üçün, onun həmin müəssisəyə nə vaxt daxil olduğu və sonradan hansı ünvana göndərildiyi barədə məlumat verilməsinə dair cavabdehi məcbur edən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin153.2.1-cü maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin ilkin araşdırması zamanı müəyyən olunmuşdur ki, göstərilən tələbə mülki mühakimə icraatı qaydasında deyil, inzibati qaydada baxılmalıdır. Belə ki iddia ərizəsindən görünür ki, tərəflər arasında yaranmış mübahisə inzibati xarakterli mübahisədir. Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin məcəllənin 2.2.3-cü maddəsinin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, hazırki mübahisə ilə bağlı inzibati qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153.2.1, 153.3, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Müzəffər qızının cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Körpələr Evinə qarşı “məlumatların əldə edilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki mübahisə ilə bağlı inzibati qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. İddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi iddiaçının həmin predmet barəsində və həmin əsaslarla yenidən ərizə verməsinə mane olur. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar