Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-508/2023 10.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 100.000 manat məbləğində kompensasiyanın və 7.896 manat maddi ziyanın cavabdeh vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 03 avqust 1983-cü il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndində doğulmuşdur. O, 2000-ci ilin avqustun 8-də Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuş və buranı 2004-cü ildə uğurla bitirdikdən sonra, 24 iyun 2004-cü ildən etibarən 1 il ərzində Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində dinləyici kursunu bitirərək xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmişdir. Bundan sonra, 2017-ci ilin may ayına qədər Müdafiə Nazirliyinin düşmən Ermənistan silahlı birləşmələri ilə keçmiş təmas xəttində yerləşən müxtəlif hərbi hissələrində zabit kimi xidmətini həyata keçirmişdir. 26 iyun 2016-cı il tarixdə baş leytenant rütbəsinə yüksəlmişdir. Ümumilikdə xidmətini yüksək səviyyədə apardığına görə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli və «Qüsursuz, xidmətə görə» 2-ci dərəcəli medallarla, habelə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» və «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalları ilə təltif olunmuşdur. İddiaçı könüllü müraciət edərək Vətən Müharibəsinə yollanmış, Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinin azad olunmasında fəal iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə «Füzulinin azad olunmasına» görə və «Xocavəndin azad olunmasına» görə medalları, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə «Vətən Müharibəsi iştirakçısı» medalı ilə təltif edilmişdir. Füzuli rayonunda gedən döyüşlərdə yaralanmışdır. Müharibədə aldığı xəsarətlərlə əlaqədar xx.xx.2021-ci il tarixdə ona İİ qrup gözdən əlillik və müvafiq təqaüd təyin edilmişdir. Əlilliyi ilə əlaqədar yalnız yüngül işlərdə işləyə bilər. İddiaçı 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olarkən heç bir əsas olmadan hazırda «Tərtər işi» kimi tanınan və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən istintaqı təzələnərək aparılan iş çərçivəsində təxminən 10 gün ərzində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və fiziki və psixoloji zorakılığa məruz qalıb. 20 may 2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamlar elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 04 avqust 2017-ci il tarixdə təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti Tərtər Hərbi Məhkəməsi tərəfindən 2 ay olmaqla, 20 oktyabr 2017-ci il tarixədək uzadılmışdır. 29 sentyabr 2017-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, Məhkəmənin 24 noyabr 2017-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 ve 331.3-cü maddələri ilə təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1, 303.3, 303.3.1, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 18 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin Məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 20 iyun 2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 08 iyul 2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ceyhun Hümbətova həvalə edilmişdir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» 01 may 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 33.1-cü maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş Cinayət Məcəlləsinin 331.3-cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 329-cu maddəsi ilə əhatə olunduğu üçün 13 iyul 2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələrindən həmin Məcəllənin 329.1-ci maddəsinə tövsif edilmişdir. 04 avqust 2022-ci il tarixli 3672 nömrəli qərarla İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, iş üzrə İddiaçı Şiməli oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü (329.1-ci maddəyə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. İddiaçı oglu Azərbaycan Ordusunda nümunəvi xidmətinə baxmayaraq əsassız ittihamlara və işgəncələrə məruz qalmış, barəsində 20 may 2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsdə qalma müddəti uzadılmış, irəli sürülmüş ittihamlarla təqsirli bilinənik 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 may 2017-ci il tarixdən 20 dekabr 2017-ci il tarixədək həbsdə saxlanılmışdır. Bununla da, iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ağır maddi və mənəvi ziyan vurulmuşdur. İddiaçı oglu cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında zabit olaraq Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirdi. O, cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə sonuncu dəfə əmək haqqını 2017-ci ilin may ayında almışdır. "xxxx" ASC-nin Biləsuvar filialından təqdim edilmiş çıxarışdan görünür ki, onun orta aylıq əmək haqqı məbləği 1.128 manat təşkil edirdi. İddiaçı oglu cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin may ayından 2018-ci ilin yanvar ayına qədər, yəni 7 ay - iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr 2017-ci il ərzində faktiki aylıq qazancından məhrum edilmişdir. Bu isə 7.896 manat edir (1.128 x 7 = 7.896). İddiaçı ona vurulmuş mənəvi zərərə görə isə 100.000 manat kompensasiya tələb edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X7 məhkəməyə iddiaya etiraz təqdim edərək göstərmişdir ki, iddia tələbi əsaslı olmadığından rədd edilməlidir. Belə ki, iddiaçı Tərtər Hərbi Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə zərərçəkmiş şəxs olduğuna əsaslanaraq onlara dəymiş mənəvi ziyana görə hər birinə 100.000 manat, maddi ziyana görə 7.896 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Bununla bağlı bildirirlər ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi ilə bağlı müddəalar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 189-191-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. Zərər çəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir. Bu baxımdan hesab edirlər ki, ilk növbədə cinayət işi üzrə məhkəmə icraatı zamanı iddiaçıya kompensasiya ödənilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib-etməməsi, həmin məhkəmə işi üzrə hökmdə kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılması məsələsinin qeyd olunubolunmaması araşdırılmalıdır. Bundan başqa, Cinayət Prosessual Məcəllənin 197-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərər çəkmiş şəxsə vurulmuş ziyana görə kompensasiya qismində ödənilmiş məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunan məhkəmə məsrəfi məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Göstərilənlərə əsasən bildiririk ki, məhkəmə tərəfindən kompensasiya müəyyən edilərkən, həmin kompensasiyanın dövlət büdcəsinə qaytarılması məsələsi də həll edilməlidir. Bununla yanaşı iddia ərizəsində «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa istinad edilərək kompensasiya tələb edilmişdir. Bununla bağlı bildirirlər ki, Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Lakin iş materiallarında iddiaçıya cinayət prosesini həyata keçirən orqanın (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının) səhvi və ya sui-istifadəsi nəticəsində ziyan dəyməsi faktını müəyyənləşdirmək mümkün deyildir. Belə ki, yuxarıda qeyd olunan cinayət işi üzrə məhkum olunmuş şəxslərin cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxsləri olubolmaması məlum deyildir. Eyni zamanda nəzərə çatdırırlar ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili işlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən cinayət işi ilə bağlı 2017-ci il 7 may tarixli bəyanat yaymışdır. Bu baxımdan hesab edirlər ki, yuxarıda qeyd olunan məsələlər ilə bağlı adıçəkilən orqanların məhkəmə işinə cəlb olunması məqsədəmüvafiqdir. Bundan başqa qeyd edirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 8 nömrəli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bununla yanaşı maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. Bundan başqa iddiaçı maddi zərərə görə kompensasiya tələb etmişdir. Bununla bağlı bildiririk ki, sözügedən məsələ əmək mübahisəsi olduğundan qeyd olunan məsələ işçi (hərbi qulluqçu) və işəgötürən (müvafiq hərbi hissə) arasında tənzimlənməlidir. Mülki Prosessual Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən maddi və mənəvi zərərə məruz qaldığını sübut edən hallar mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmədən İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri X2 04 avqust 2022-ci il tarixli, ********* saylı cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından göründüyü kimi, ********* saylı cinayət işi üzrə İddiaçı hərbi qulluqçular X1, X8, X10 və X9 döyməsi faktlarına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş; İddiaçı hərbi qulluqçu X3 döyməsi xüsusatı ilə bağlı barəsində istintaq olunan ********* saylı cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-nin 40.2-ci maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı xitam verilmişdir. Göründüyü kimi, iddia ərizəsində İddiaçı qeyd etdikləri xüsusatlar (təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılması, barəsində ittihamedici hökm çıxarılması, ona qarşı irəli sürülmüş ittihamla və cəza təyin edilməsi ilə bağlı işindən bir neçə ay ərzində kənarda qalması və s.) doğrudur. İddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı həm mənəvi, həmçinin işsiz qaldığı dövr ərzində hər ay aldığı əmək haqqı miqdarında maddi ziyan vurulmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. http://eqanun.az/files/framework/data/5/c_f_5104.htmBu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 10.000 (on min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 10.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı öncələr əmək fəaliyyəti ilə məşğul olarkən hər ay 1.128 manat əmək haqqı almışdır. Göründüyü kimi, iddiaçı iş yerindən və aylıq stabil gəlirdən məhrum olmuşdur. İddiaçının 7 ay ərzində gəlirindən məhrum olması nəzərə alındıqda, iddiaçıya vurulmuş maddi ziyan 7.896 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pul və 7.896 manat maddi ziyan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pul və 7.896 manat maddi ziyan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-508/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-508/2023
10.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver