Məhkəmə qərarları › İş №2(006)-5083/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5083/2021

09.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5083/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov Səməd Fəxrəddin oğlu, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinə qarşı "mənzilin həbsdən azad edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinə qarşı "mənzilin həbsdən azad edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsindən aydın olur ki, iddiaçının oğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin 17.10.2008-cı il tarixli, 2(103)- 3734/2008 saylı qərarı qəbul edilmişdir. Həmin qərar üzrə müvafiq icra sənədi verilmişdir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 8(005)-64/2021 saylı qarardadı ilə ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, tələbin mahiyyəti icra icraatı ilə bağlı ərizə olsa da, iddiaçı tərəfindən verilmiş olan ərizə “iddia ərizəsi” formasında verilmişdir. Halbuki həmin ərizəyə iddia icraatında baxılması yolverilməzdir. Belə ki, iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 8(005)-64/2021 saylı qarardadı ilə qoyulmuş həbsin götürülüməsi ilə bağlı iddia ərizəsi ilə deyil, icra icraatı çərçivəsində məhkəməyə “ərizə” formasında müraciət etməlidir. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, mülki prosessual qanunvericiliyə əsasən onun yaxın qohumunun (oğlunun) nümayəndəsi olmaq hüququ vardır. Lakin bu halda həmin səlahiyyət lazımı qaydada rəsmiləşdirilməli və iddiaçı qismində iddiaçının (ərizəçinin) özü göstərilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, qərardad ərizəyə əlavə edilmiş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunan bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina edilməsi, ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinə qarşı "mənzilin həbsdən azad edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, o, icra icraatı çərçivəsində ərizə ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinə qarşı "mənzilin həbsdən azad edilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, o, icra icraatı ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar