Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5095/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 37000 ABŞ dolları məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh mobil telefon aksesuarlarının gətirilməsi, alqısatqısı və rəsmiləşdirilməsi barədə tərəfindən 13.08.2020-ci il tarixdə 37000 (otuz yeddi min) ABŞ dolları məbləğində vəsait verilmişdir. Cavabdeh razılaşdıqları işlə bağlı heç bir tədbir görməmişdir və nəticədə ona verilən 37000 (otuz yeddi min) ABŞ dolları məbləğində vəsait ona qaytarılmamışdır. Ona görə də, Cavabdeh ilə aralarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882-ci maddəsinə əsasən, mövcud olan 37000 (otuz yeddi min) ABŞ dollarının etirafı haqqında 08 aprel 2021-ci il tarixdə mücərrəd müqaviləsi bağlamışlar və hər ikisi həmin müqaviləni imzalamışlar. Cavabdehə verilən 37000 (otuz yeddi min) ABŞ dollarında məbləğə dair 08 aprel 2021-ci il tarixdə qəbz tərtib edib hər ikisi həmin qəbzi imzalamışlar. Həmin müqavilənin 2-ci bəndinə əsasən, borclu Cavabdeh mövcud olan 37000 (otuz yeddi min) ABŞ dolları məbləğində borcdan 31 iyul 2021-ci il tarixədək hər ayın son iş günü 9250 (doqquz min iki yüz əlli) ABŞ dolları məbləğində ödəniş etməli idi. Cavabdeh, 37000 (otuz yeddi min) ABŞ dolları məbləğində borcdan bir dollar belə ödəniş etməmişdir. Cavabdehlə aralarında bağlanılan müqaviləyə əsasən 37000 (otuz yeddi min) ABŞ dolları məbləğində borcun tələb edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, onda olan məlumata görə Cavabdeh müxtəlif vətəndaşlara olan borcunun ödənilməməsi ilə bağlı Bakı şəhər, Nəsimi Rayon Məhkəməsində cinayət və mülki xarakterli işlər mövcuddur. Mülki işin obvektiv və qərəzsiz aparılması üçün, Cavabdeh digən vətəndaşlara borcunun olub-olmaması, cinayət və mülki xarakterli işlərin olması və hansı hakinin icraatında olması barədə 29.06.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh ona olan borcunu etiraf etdiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə əsasən mücərrəd müqaviləsi bağlamışdır. Mövcud borcun etirafı haqqında mücərrəd müqaviləsi borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini ehtifa edilən müqavilədir. Ona görə də hesab edir ki, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqdddən irəli gələn heç bir etiraz cavabdeh tərəfindən irəli sürülə bilməz. Göründüyü kimi cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək ona ziyan vurmuşdur. Cavabdehin ona olduğu borcunun ödənilməsi üçün, məhkəməyə ödədiyi 30 (manat) məbləğində dövlət rüsumu da ondan tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, o, İddiaçı ilə birgə fəaliyyət ilə məşğul olmuşlar. Belə ki, tərəflər arasında razılaşmaya əsasən onlar xaricdən elektronika malları və avadanlıqları gətirib satırmışlar. İddiaçı fəaliyyətin təmin edilməsi məqsədilə faizlə pul vəsaiti qoyur, o isə xaricdəki əlaqələrindən istifadə edərək xaricdən mal gətirir və satışını təşkil edirdi. Hər mal dövriyyəsi təqribən iki ay çəkirdi. Tərəflər arasında bağlanmış və İddiaçı istinad etdiyi 08.04.2021-ci il tarixli müqavilə formal xarakterli olmuşdur. Beləliklə, həqiqətən 13.08.2020-ci il tarixdə İddiaçı ona faizə 37.000 ABŞ dolları məbləğində pul vermiş, həmin borc faizlər ilə birlikdə qismən qaytarıldıqdan sonra pandemiya ilə bağlı iqtisadi əlaqələr kəsildiyindən, borcun qalan hissəsini qaytarmaq mümkün olmamışdır. Belə ki, 2020-ci ilin mart ayından etibarən pandemiya ilə əlaqədar bütün ticarət obyektləri bağlanmış, bu səbəbdən gətirilmiş malların satılmasında və pulların yığılmasında ciddi problemlər olmuş, nəticədə bu günə obyekt sahiblərinin ona külli miqdarda borcu qalmışdır. Beləliklə, əslində onun İddiaçı daha az borcu qalmışdır. Bu barədə dəqiq məlumat məhkəməyə təqdim ediləcəkdir. Belə ki, işin həqiqi hallarından göründüyü kimi, tərəflər arasında qarşılıqlı etimada əsaslanan fəaliyyət olmuş, bu səbəbdən o, hər dəfə borc qaytarıldıqdan sonra İddiaçı heç bir qəbz tələb etməmişdir. Əks halda, İddiaçı da ona verməzdi. Belə ki, onun istər faiz, istərsə də əsas borcu vaxtında qaytarılmadıqda, dərhal həmin şəxs barəsində müvafiq tədbirlər görərdi. Nəhayət onu da qeyd edir ki, İddiaçı istinad etdiyi 08.04.2021-ci il tarixli müqavilənin icra müddəti 31.07.2021-ci il tarixədək olmasına baxmayaraq, iddiaçı bundan təqribən 1 ay əvvəl, 02.07.2021-ci il tarixdə iddia qaldırmışdır. Beləliklə, göründüyü kimi, iddia tamamilə əsassız və qanunsuzdur. Tərəflər yuxarıda qeyd olunan normada nəzərdə tutulan borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə müqavilə bağlamamışdır. Ona görə iddiaçının borc öhdəliyinin icrasını cavabdehdən tələb edilməsi qanunsuzdur. Beləliklə, göründüyü kimi, iddianın dəlilləri formal mülahizələrə əsaslanır. Beləliklə, göründüyü kimi, iddianın dəlilləri formal mülahizələrə əsaslanmaqla yanaşı, tamamilə əsassız və qanunsuzdur, hətta əsaslı olsa belə, o halda hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə qərar qəbul edilməlidir. İddiaçı tərəfindən Cavabdeh qarşı «cavabdehdən 37.000 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi» haqqında iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mülki Məcəllənin (bundan sonra – MM) 882.1-ci və 882.5-ci maddələrinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 08.04.2021-ci il tarixli “Mövcud borcun etirafı haqqında” mücərrəd müqaviləyə əsasən borcun etiraf edən (cavabdeh) borc verənə (iddiaçıya) 37000 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf edir. Aralarındakı razılıqdan görünür ki, cavabdeh həmin borcu 31.07.2021-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. 08.04.2021-ci il tarixli qəbzdən görünür ki, cavabdeh iddiaçıdan 13.08.2020-ci il tarixdə 37000 ABŞ dolları məbləğində borc qismində pul aldığını etiraf etmiş, qəbz iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Ödəniş qəbzindən (№4217) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından göründüyü kimi, borc razılaşmaya əsasən etiraf olunmuşdur. Belə ki, müqavilə üzrə pulun verilməsi halı məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq, cavabdehin həmin müqaviləyə əsasən pulun qaytarılmasına dair üzərinə götürdüyü öhdəliyin lazımi qaydada icra etdiyi halının işdə olan materialları ilə müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc müqaviləsi üzrə alınmış pulun iddiaçıya qaytarılmış olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Beləliklə məhkəmə, pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin onun, məhkəmə tərəfindən məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlmədiyini və beləliklə də pulun iddiaçıya qaytarılmasını təsdiq edən sübutların iş materiallarında mövcud olmadığını, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən notariat qaydasında bağlanmış borc müqaviləsinə əsasən verilmiş məbləğdə pulun iddiaçıya qaytarılması halı sübuta yetirilməmişdir. Beləliklə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən müqavilənin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-in 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır. MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.1-373.3-cü maddələri). Məhkəmə hesab edir ki, 08.04.2021-ci il tarixli “Mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə 31.07.2021-ci il tarixinədək bağlandığından tələb üzrə iddia müddətinin axımının başlanğıcı məhz bu tarixdən hesablanmalıdır. Belə ki, iddiaçının 07.07.2021-cı il tarixdə məhkəməyə müraciət etdiyini nəzərə alaraq hesab edir ki, iddia müddətinin tətbiqindən imtina edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddia təmin edilməli, 37000 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Borc üzrə 37000 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-5095/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5095/2021
12.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver