Məhkəmə qərarları › İş №2(006)-51/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-51/2025

29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-51/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X12 oğlunun katibliyi, Cavabdeh2, vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2012-ci il təvəllüdlü X4 və 2013-cü il təvəllüdlü X5 törətdikləri mülki hüquq pozuntusu nəticəsində iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə 18000 manat, mənəvi zərərin əvəzinin ödənilməsi məqsədilə 2.000 manat olmaqla, cəmi 20.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Qonşuluqda yaşayan Cavabdeh2 ilə arasında torpaq sahəsi ilə bağlı mübahisə mövcuddur və həmin mübahisə əsasında başlanmış mülki iş məhkəmə baxışındadır. Cavabdeh2 iddiaçıya və ailəsinə olan qərəzli mövqeyini öz övladına da sərgiləmiş, azyaşlı uşaqda iddiaçıya qarşı kin və öfkə yaratmışdır. Bütün bunlar isə son nəticədə Cavabdeh2 övladı X8 tərəfindən mülki hüquq pozuntusunun törədilməsinə gətirib çıxarmışdır. Belə ki, iddiaçının yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin fasadı aqlay daş örtüyü ilə örtülmüşdür. Həmin aqlay daşlar üzərində X8 şəxsən və onun öyrətməsi ilə qonşuluqda yaşayan digər uşaqlar dəfələrlə nalayiq sözlər yazmış, aqlay daşları cızmışlar. Bununla bağlı iddiaçı X4 valideynlərinə dəfələrlə müracitə edərək, övladının qanunsuz hərəkətlərinə son qoymasını tələb etmişdir. Lakin müraciətləri heç bir nəticə verməmiş, X9 bu hərəkətlərinə davam etmişdir. 12 mart 2023-cü il tarixdə, təxminən saat 15 radələrində evdə olarkən, evin giriş qapısına zərbələr dəydiyini eşidib, nə baş verdiyini öyrənmək üçün evdən çölə çıxmışdır. Həmin vaxt qonşuluqda yaşayan, hazırkı iş üzrə cavabdehlərin övladları X8 və X5 iddiaçını gördükdən sonra əllərindəki daşları yerə ataraq qaçdıqlarını görmüşdür. Evin dəmir qapısına baxdıqdan sonra isə görmüşdür ki, həmin uşaqlar qəsdən qapını daşla cızıq-cızıq etmişlər. X6 bu son hərəkəti artıq səbrini daşırmış və iddiaçı baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş və ölçü götürülməsini xahiş etmişdir. Həmin müraciət əsasında Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı onların izahatları alınmışdır. X8 və X10 verdikləri izahatlarda iddiaçının yaşadığı evin giriş qapısını qəsdlə daşla cızdıqlarını etiraf etmişlər. X8 2012-ci il təvəllüdlü, X10 isə 2013-cü il təvəllüdlü olduqları üçün onları inzibati və ya cinayət məsuliyyətinə cəlb etmək mümkün olmamışdır. Lakin buna baxmayaraq, iddiaçıya qarşı yol verilmiş qanunsuz hərəkətin nəticələri aradın qaldırılmalı, iddiaçıya vurulmuş maddi zərər ödənilməlidir. O, üzəri daşla cızılmış evin giriş qapısını 10.000 ABŞ dollarına Türkiyədən əldə etmişlər. Artıq həmin qapını əvvəlki vəziyyətinə gətirmək mümkün deyil. Həmin cızılmış qapını yenisi ilə əvəz etmək məcburiyyətindədirlər. Bundan başqa, evin aqlay daşları üzərində yazılan nalayiq söyüşləri sildirmək üçün 1000 manat vəsait tələb olunur. İddiaçıya vurulmuş maddi zərər 18.000 (10.000 ABŞ dolları, yəni 17.000 manat + 1.000 manat) manat təşkil edir və həmin zərər, onu yetirmiş 2012-ci il təvəllüdlü X8 və 2013-cü il təvəllüdlü X5 valideynləri olan hazırkı iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ödənilməlidir.

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinə əlavə təqdim edərək, 2012-ci il təvəllüdlü X4 və 2013-cü il təvəllüdlü X5 törətdikləri mülki hüquq pozuntusu nəticəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə 18.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq birgə iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, İddiaçı1 vəsatət ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər İddiaçı2 isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında Cavabdeh2 vəkili-nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək, iddia tələbinin Cavabdeh2 aid hissədə rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıların əsl niyyəti aralarında olan torpaq mübahisəsinə görə cavabdehi incitməkdir. Belə ki, hazırda tərəflər arasında olan həmin məsələ ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma davam edir. Həmin məsələ nəzərə alınsa demək olar ki, iddiaçıların heç divardakı yazı izləri ilə bağlı zərər tələb etmək üçün subyektiv hüquqları yoxdur.

7. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edib bildirdi ki, divarı təmizlədiklərindən, orada ekspert rəyində göstərildiyi kimi 400 manatlıq zərər yoxdur. Qapını isə oğlu cızdığından, bu cızığa görə iddianı yalnız 100 manat hissəsində qəbul etdiyini qeyd etdi. İddia tələbin qalan hissədə rədd edilməsini məhkəmədən xahiş etdi.

8. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2 mülkiyyətindədir (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi: xx.xx.2017).

10. xx.xx.2018-ci il tarixdə İddiaçı1 verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, onun yaşayış yeri ünvan 3 ünvanıdır (qeydiyyatdadır).

11. Nəsimi RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Murad Mustafayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X7 dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

12. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin qapısı üzərində cızıqların mövcud olduğu müəyyən edilir. Onların aradan qaldırılmasının mümkün olubolmaması məhkəmə-tikinti texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından, qərardadın birinci sualının ikinci və üçüncü hissələri üzrə tədqiqat aparılmadı. Evin fasadını təşkil edən aqlay daşının üzərində yazıdan qalan izlərin aradan qaldırılması üçün görülməli tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 435 manat məbləğində olduğu müəyyən edilir. Aparılmış tədqiqat nəticəsində, internet saytlarında və Bakı şəhərində yerləşən “HAFELE home” “SUR” markalı qapıların sifarişlə satışını həyata keçirən mağazadan əldə edilmiş məlumatlara əsasən qeyd edilən “SUR” markalı 215 x 152 sm ölçülü, üzəri dekorativ daşla üzlənmiş çöl qapısının təzə vəziyyətdə orta bazar qiyməti təxminən 8.160 manat (4.700 $ + 4.900 $) : 2 x 1,7 manat; istifadəsinə görə təxminən 10 % köhnəlmə tətbiq edilməklə qalıq qiyməti təxminən 7.344 manat müəyyən edilir.

14. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

15. “X2” MMC-nin xx.xx.2025-ci il tarixli, 36 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin giriş qapısının dekorativ daşlarının üzərində mövcud cızıqların sadə üsulla aradan qaldırılmasının mümkün olduğu və bu üsulla bərpa işlərinin həyata keçirilməsi üçün, təqribən 100 manat məbləğində pul vəsaitinin (material və xidmət haqqı daxil olmaqla) tələb olunduğu müəyyən edilir. ünvan 6 ünvanında yerləşən və “Hafele Home” “SUR” markalı qapıların satışını həyata keçirən mağazadan əldə olunmuş şifahi məlumatlar nəticəsində, bu marka qapıların yığılma xüsusiyyətinə görə, dekorativ daşların dəyişdirilməsinin qeyrimümkünlüyü müəyyən edilir. MMC tərəfindən verilmiş məktubdan görünür ki, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsi, 34A saylı fərdi yaşayış evi ilkin olaraq xx.xx.2014-cü il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə-141 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə İddiaçı2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

17. Məhkəmə sorğusuna əsasən Nəsimi rayon polis idarəsinin İstintaq Şöbəsindən əldə edilmiş İddiaçı1 müraciəti ilə əlaqədar toplanmış materialda olan xx.xx.2013-cü il təvəllüdlü X5 atası Cavabdeh1 iştirakı və xx.xx.2012-ci il təvəllüdlü X4 atası Cavabdeh2 iştirakı ilə alınmış xx.xx.2023-cü il tarixli izahatlarından görünür ki, İddiaçı1 yaşadığı evin divar örtüyü olan aqlayın üzərinə nalayiq sözlər yazılması barədə suala cavab olaraq xx.xx.2013-cü il təvəllüdlü X17 adlı qadının yaşadığı evin divar örtüyü olan aqlayın üzərinə yazıları Aminlə birgə yazdığını; xx.xx.2012ci il təvəllüdlü X18 adlı qadının yaşadığı evin divar örtüyü olan aqlayın üzərinə yazıları Əli ilə birgə yazdıqlarını bildirmişlər.

18. İş materiallarına qapının və divarın fotoşəkilləri, türk dilində olan X20 X19 Sanayi ve Ticaret LTD Şirketi ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə də əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

19. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı1 qeydiyyatda olmaqla yaşadığı, digər İddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin divarına İddiaçı1 barəsində nalayiq sözlər yazılmış və evin qapısı cızılmışdır. İddiaçı1 müraciəti əsasında Nəsimi rayon polis idarəsinin İstintaq Şöbəsində aparılan araşdırma zamanı iddiaçının yaşadığı evin qonşuluğunda yaşayan Cavabdeh1 xx.xx.2013-cü il təvəllüdlü oğlu Ələkbərov Əli və digər Cavabdeh2 xx.xx.2012-ci il təvəllüdlü oğlu Məmmədli Amin atalarının iştirakı ilə verdikləri izahatlarında evin divar örtüyü olan aqlayın üzərinə yazıları birgə yazdıqlarını etiraf etmiş, lakin onlar cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqlarından, Nəsimi rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilərək, iddiaçı Həmidov Aynura dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

20. Hazırda iddiaçılar cavabdehlərin 14 yaşına çatmayan uşaqlarının törətdikləri mülki hüquq pozuntusu nəticəsində onlara vurulmuş 18.000 manat məbləğində maddi zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməsini, o cümlədən İddiaçı1 ona vurulmuş 2.000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq öz xeyrinə ödənilməsini məhkəmədən xahiş edirlər. Cavabdeh2 iddia tələbini qətiyyən qəbul etmir. Digər Cavabdeh1 isə oğlunun qapını cızmasının qarşılığı kimi 100 manat məbləğində ziyanı ödəməyə razı olduğunu bildirir, divardakı yazıları silib təmizlədiklərini qeyd edərək, qalan hissədə iddia tələbini qəbul etmir.

21. Məhkəmə araşdırmaları zamanı iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan, məhkəmənin müvafiq qərardadları ilə ekspert və mütəxəssis rəyləri alınaraq işə əlavə edilmiş; habelə iş üzrə mübahisəli qapı və divara məhkəmə tərəfindən yerli baxış təşkil edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin qapısı üzərində cızıqların mövcud olmasının müəyyən edilməsi, lakin onların aradan qaldırılmasının mümkün olub-olmamasının məhkəmə-tikinti texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmaması, evin fasadını təşkil edən aqlay daşının üzərində yazıdan qalan izlərin aradan qaldırılması üçün görülməli tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 435 manat məbləğində olması qeyd edilmişdir. Ekspert tərəfindən aparılmış tədqiqat nəticəsində, internet saytlarında və Bakı şəhərində yerləşən “HAFELE home” “SUR” markalı qapıların sifarişlə satışını həyata keçirən mağazadan əldə edilmiş məlumatlara əsasən qeyd edilən “SUR” markalı 215 x 152 sm ölçülü, üzəri dekorativ daşla üzlənmiş çöl qapısının təzə vəziyyətdə orta bazar qiymətinin təxminən 8.160 manat (4.700 $ + 4.900 $) : 2 x 1,7 manat; istifadəsinə görə təxminən 10 % köhnəlmə tətbiq edilməklə qalıq qiyməti təxminən 7.344 manat müəyyən edilmişdir. “X2” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 36 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin giriş qapısının dekorativ daşlarının üzərində mövcud cızıqların sadə üsulla aradan qaldırılmasının mümkün olduğu və bu üsulla bərpa işlərinin həyata keçirilməsi üçün, təqribən 100 manat məbləğində pul vəsaitinin (material və xidmət haqqı daxil olmaqla) tələb olunduğu; ünvan 6 ünvanında yerləşən və “Hafele Home” “SUR” markalı qapıların satışını həyata keçirən mağazadan əldə olunmuş şifahi məlumatlar nəticəsində, bu marka qapıların yığılma xüsusiyyətinə görə, dekorativ daşların dəyişdirilməsinin qeyri-mümkünlüyü müəyyən edilir. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı isə sadə müşahidə yolu ilə müəyyən edilmişdir ki, divardakı aqlay daşların üzərindəki yazılar silinmiş, yerində aydın olmasa da, görünən izlər qalmışdır. Evin qapısının üzlüyündəki daşlarda cızıqlar mövcud olsa da, qapı salamat vəziyyətdədir.

c) Məhkəmənin mövqeyi:

22. Məhkəmə iddia tələbinin “maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar ilk öncə qeyd etməyi zəruri sayır ki, hər iki iddiaçı maddi zərərin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etsələr də, məhkəmənin mövqeyinə görə fərdi yaşayış evinin qapısının cızılması və divarının yazılması ilə bağlı maddi ziyan məhz evin mülkiyyətçisi olduğu müəyyən edilən İddiaçı2 vurulmuşdur. Belə ki, iş materiallarında olan dövlət reyestrindən çıxarış və daşınmaz əmlakın dövlət reyestrini aparan müvafiq dövlət orqanı tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş sənədlər əsasında müəyyən edilir ki, hasar və qapının aid olduğu fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı2 mülkiyyətindədir. Belə olan halda əmlaka (onun hissələrinə) vurulmuş real zərəri tələb etmək hüququ da subyektiv olaraq məhz ona məxsusdur. Cavabdeh tərəfin aralarındakı torpaq mübahisəsinə görə divarla bağlı iddiaçıların subyektiv hüququnun olmaması barədə dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, əvvəla onlar bu dəlillərini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə sübutetmə ilə bağlı öz vəzifələrini yerinə yetirməmişlər. İkincisi isə hazırkı işin faktiki halı ondan ibarətdir ki, divar İddiaçı2 evinin ətrafına çəkilmişdir. Deməli, İddiaçı2 subyektiv hüququnun olmaması ilə bağlı cavabdehlərin dəlilləri formal, heç bir əsası olmayan mülahizələr sayılmalıdır.

23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı1 isə hazırkı iş üzrə “maddi ziyanın ödənilməsi” tələbinə dair iddianı irəli sürmək üçün subyektiv hüququ yoxdur. İddiaçı1 həmin evdə yaşaması, qeydiyyatda olması, hətta mübahisəli qapını özünün alması ilə bağlı dəlilləri onun bu tələbə subyektiv hüququ olması qənaətinə gəlmək üçün əsas hesab olunmur. Çünki kim tərəfindən alınmasından asılı olmayaraq, qapı faktiki olaraq İddiaçı2 mülkiyyətində olan evə quraşdırılmış və hasar da həmin evin ətrafına çəkilmişdir. Hətta bu ev lap birgə nikah dövründə əldə edilmiş olsa da belə, bu məsələyə hazırkı mübahisə çərçivəsində qiymət verilməsi düzgün olmayacaqdır.

24. Beləliklə, məhkəmə İddiaçı1 subyektiv hüququnun olmaması əsası ilə onun maddi ziyan barədə tələbinin təmin edilməməli olması qənaətinə gəlməklə yanaşı, maddi ziyan tələb etmək hüququ olan İddiaçı2 bu barədə olan tələbinin qismən təmin edilməsi üçün əsaslar müəyyən edir. Belə ki, iddiaçı qapının qiymətinin 17.000 manat olduğunu, divardakı yazıları sildirmək üçün isə 1.000 manat tələb olunduğunu iddia edərək, cəmi 18.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etsə də, məhkəmə hesab edir ki, Cavabdeh1 qapını oğlunun cızdığını etiraf etdiyindən, qapı ilə bağlı tələbin təmin edilməli olan hissəsi yalnız ona münasibətdə təmin edilməlidir. Çünki Cavabdeh1 on dörd yaşınadək olan yetkinlik yaşına çatmayan Ələkbərov Əlinin valideyni olaraq onun törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.

25. Tələbin məbləği ilə bağlı isə qeyd edilməlidir ki, ilk öncə qapının üzərindəki cızığın silinə bilib-bilməməsi, yoxsa qapının üzərindəki daşın və ya qapının özünün tamamilə dəyişdirilməli olubolmaması məsələsi məhkəmə tərəfindən araşdırılmışdır. Belə ki, “X2” MMC-dən əldə edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin giriş qapısının dekorativ daşlarının üzərində mövcud cızıqların sadə üsulla aradan qaldırılmasının mümkün olduğu və bu üsulla bərpa işlərinin həyata keçirilməsi üçün təqribən 100 manat məbləğində pul vəsaitinin (material və xidmət haqqı daxil olmaqla) tələb olunduğu, həmçinin, bu marka qapıların yığılma xüsusiyyətinə görə, dekorativ daşların dəyişdirilməsinin qeyri-mümkünlüyü müəyyən edilmişdir. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı isə sadə müşahidə yolu ilə qapının üzlüyündəki daşlarda cızıqların mövcud olması, lakin qapının salamat vəziyyətdə olması faktı təsdiqini tapmış, bununla da məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, sadə üsulla aradan qaldırılmasının mümkün olduğu və bu üsulla bərpa işlərinin həyata keçirilməsi üçün təqribən 100 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilən bir məsələyə görə qapının özünün dəyərini təşkil edən məbləğin Cavabdeh1 tutulmasına səbəb yoxdur. Həm də nəzərə alınmalıdır ki, qapının dəyərinin iddia edilən məbləğdə olması ilə bağlı mötəbər sübut iddiaçı tərəfindən təqdim edilməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində isə qapının təzə vəziyyətdə orta bazar qiymətinin təxminən 8.160 manat, istifadəsinə görə təxminən 10 % köhnəlmə tətbiq edilməklə qalıq qiymətinin təxminən 7.344 manat olması qeyd edilmişdir. Qapıya vurulmuş ziyanın 100 manat sərf etməklə aradan qaldırılmasının mümkün olduğu halda, qiymətinin ən azı 7.344 manat olmasına istinadən bu tələbin daha yüksək məbləğdə təmin edilməsi hüquqdan suiistifadəyə məhkəmə tərəfindən şərait yaradılması kimi qiymətləndirilməlidir. Çünki söhbət maddi ziyandan gedir, maddi ziyan isə reallıq xüsusiyyəti ilə səciyyələnir. Yəni maddi ziyan dedikdə pozulmuş hüququn (zədələnmiş əmlakın) bərpası üçün şəxsin çəkməli olduğu real xərc başa düşülməlidir. Bu məbləğ isə “X2” MMC-dən əldə edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə görə 100 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qapı ilə bağlı vurulmuş maddi ziyan hissəsində qismən təmin edilməli, məhz Cavabdeh1 100 (bir yüz) manat məbləğində maddi zərərin əvəzi alınaraq İddiaçı2 verilməlidir. Qeyd olunmalıdır ki, Cavabdeh1 özü iddianın bu məbləğdə təmin olunmasına etiraz etməmiş, vurulan 100 manat ziyanı ödəyəcəyini bildirmişdir.

26. Maddi ziyan tələbinin divardakı yazıların silinməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edilməlidir ki, bununla bağlı 1.000 manat tələb edən iddiaçı yenə də öz sübutetmə vəzifəsini yerinə yetirməmiş, bu məbləği nəyə əsasən tələb etdiyini bildirməmiş, heç bir sübut təqdim etməmiş, yalnız öz mülahizəsini irəli sürmüşdür. Məhkəmə araşdırmaları zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən əldə edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən evin fasadını təşkil edən aqlay daşının üzərində yazıdan qalan izlərin aradan qaldırılması üçün görülməli tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 435 manat məbləğində olması müəyyən edilmişdir. Rəyin mötəbər sayılmaması üçün heç bir əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cavabdehlər isə bu tələbi ümumiyyətlə qəbul etməmiş, uşaqlarının yazdıqları yazıları sildiklərini və heç bir iz qalmadığını bildirmişlər. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı sadə müşahidə yolu ilə divardakı aqlay daşların üzərindəki yazıların silindiyi və yerində aydın olmasa da, görünən izlərin qaldığı müəyyən edildiyindən, məhkəmə hesab edir ki, cavabdehlərin etirazlarının bu dəlili tələbin təmin edilməməsinə əsas verə bilməz. Çünki yazılardan izlərin qalması sadə gözlə də görünür. Burada qeyd edilməlidir ki, yazıların cavabdehlərin 14 yaşına çatmamış uşaqları tərəfindən yazılması da mübahisəsizdir. Belə ki, hər iki uşaq divardakı yazıları birlikdə yazdıqlarını Polis İdarəsi tərəfindən aparılan araşdırma zamanı atalarının (cavabdehlərin) iştirakı ilə verdikləri izahatlarında bildirmişlər. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iş üzrə mötəbər sübut kimi qiymətləndirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, yazıdan qalan izlərin aradan qaldırılması üçün 435 manat tələb olunması müəyyən edildiyindən, tələb bu hissədə də qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 435 (dörd yüz otuz beş) manat məbləğində maddi zərərin əvəzi alınaraq İddiaçı2 verilməlidir.

27. İddiaçı1 “mənəvi zərərin ödənilməsi” tələbi ilə bağlı isə qeyd edilməlidir ki, iş materialları və tərəflərin izahatı əsasında onun digər iddiaçının mülkiyyətində olan, divarına yazılar yazılmış həmin evdə yaşaması və qeydiyyatda olması mübahisəsiz olaraq müəyyən edildiyindən məhkəmə hesab edir ki, İddiaçı1 bu hadisə nəticəsində mənəvi zərərə məruz qalması ağlabatandır. Çünki yaşadığı evin divarına onun barəsində nalayiq sözlər yazılmasının, bu məsələyə görə hüquq mühafizə orqanlarına müraciət etməyə məcbur olmasının ona əzab verməsi, şüurunda mənfi psixoloji reaksiyaya və onun stress keçirməsinə səbəb olması mübahisəsizdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi zəruridir. Cavabdeh2 divara sözlər yazanın təkcə bu iki uşaq olmadığını, nalayiq sözlərin də onlar tərəfindən yazılmadığını (onların divarda oyunlar oynamaq üçün yazılar yazdığını), məhəllədəki bütün uşaqların o divarda yazılar yazdıqlarını bildirsə də, etirazının bu dəlilini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, sübutetmə ilə bağlı öz vəzifəsini yerinə yetirməmişdir. Buna görə də məhkəmə bu dəlili əsassız və formal mülahizə kimi qiymətləndirir. Məhkəmə işin bütün diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən 2.000 manat məbləğ ona vurulmuş mənəvi zərərə mütənasib deyildir. Məhkəmə qiymətləndirmə sərbəstliyinə əsasən, İddiaçı1 vurulmuş mənəvi zərəri 500 manat məbləğində qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 14 yaşına çatmayan hər iki uşaq divardakı yazıları birlikdə yazdıqlarını Polis İdarəsi tərəfindən aparılan araşdırma zamanı atalarının (cavabdehlərin) iştirakı ilə verdikləri izahatlarında bildirdiklərindən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi alınaraq İddiaçı1 verilməlidir.

28. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi alınaraq İddiaçı1 verilməli, İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 435 (dörd yüz otuz beş) manat məbləğində maddi zərərin əvəzi alınaraq İddiaçı2 verilməli, həmçinin, Cavabdeh1 100 (bir yüz) manat məbləğində maddi zərərin əvəzi alınaraq İddiaçı2 verilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası qalan hissədə təmin edilməməlidir.

d) Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Maddə 1103.1. On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

30. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: 8-ci bənd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

31. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

32. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” xx.xx.2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

37. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

38. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

39. Qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi alınaraq İddiaçı1 verilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 435 (dörd yüz otuz beş) manat məbləğində maddi zərərin əvəzi alınaraq İddiaçı2 verilməli, Cavabdeh1 100 (bir yüz) manat məbləğində maddi zərərin əvəzi alınaraq İddiaçı2 verilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası qalan hissədə təmin edilməməlidir.

40. Məhkəmə xərcləri ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı1 verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçılara aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 30 (otuz) manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, qalan 70 (yetmiş) manat hissəsi isə iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına; mütəxəssis rəyi üçün tələb edilən 300 (üç yüz) manat məbləğində pulun 100 (bir yüz) manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, qalan 200 (iki yüz) manat hissəsi isə iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınaraq “X2” MMC-nin hesabına köçürülməlidir.

Nəticə:

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi alınaraq İddiaçı1 verilsin. İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 435 (dörd yüz otuz beş) manat məbləğində maddi zərərin əvəzi alınaraq İddiaçı2 verilsin. Cavabdeh1 100 (bir yüz) manat məbləğində maddi zərərin əvəzi alınaraq İddiaçı2 verilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı1 verilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçılara aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 30 (otuz) manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, qalan 70 (yetmiş) manat hissəsi isə iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22); mütəxəssis rəyi üçün tələb edilən 300 (üç yüz) manat məbləğində pulun 100 (bir yüz) manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, qalan 200 (iki yüz) manat hissəsi isə iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınaraq “X2” MMC-nin hesabına (X3 MMC, VÖEN: **********, İBAN: AZ94BRES********************, bank: "xxxx" ASC, VÖEN: **********, Müxbir hesab: AZ80NABZ********************, Kod: 513489, SWİFT: BRESAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar