Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5105/2025 17.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iş üzrə (açar sözlər: pul tələbi) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı məxsus 416974*****9028 nömrəli kart üzrə çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixində 453.20 manat məbləğində pul köçürməsi həyata keçirilmişdir. - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 453.20 (dörd yüz əlli üç manat iyirmi qəpik) AZN vəsaitin ona geri qaytarılması və məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o - İddiaçı, cavabdeh Kapital Bank ASC-nin Birbank Tətbiqi vasitəsiylə xx.xx.2025-ci il tarixində 453.20 (dörd yüz əlli üç manat iyirmi qəpik) AZN pul köçürməsi etmişdir. Lakin pul köçürməsini edən zaman kartın son rəqəmin səhv yazdığı üçün göndərdiyi pul vəsaiti tanımadığı başqa şəxsə getmişdir. Cavabdehdən həmin vəsaitin geri qaytarılmasına köməklik etməkləri və ya pul vəsaitinin göndərildiyi şəxslə bağlı hüquq mühafizə orqanlarına şikayət etmək üçün məlumatlarla bağlı etdiyi tələb yerinə yetirilməmiş və nəticə olmamışdır. Nəticədə ona 453.20 (dörd yüz əlli üç manat iyirmi qəpik) AZN məbləğində zərər dəymişdir. b) iddiaya etiraz: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları: İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və işdə mövcud materiallar əsasında baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2-ci maddəsinə əsasən aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq, sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilsin. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixində Cavabdeh ASC vasitəsilə Birbank tətbiqi üzərindən 453.20 manat məbləğində pul köçürməsi etmiş, lakin köçürməni həyata keçirərkən kart nömrəsinin son rəqəmlərini səhv daxil etdiyini və nəticədə pul vəsaitinin tanımadığı şəxsə göndərildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi vəsaitin kimə məxsus karta köçürüldüyü, həmin şəxsin şəxsiyyəti və digər zəruri məlumatlar yalnız bankın təqdim edə biləcəyi məlumatlar əsasında müəyyən edilə bilər. Bu məqsədlə məhkəmə tərəfindən həmin məlumatların əldə olunması üçün müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi, o cümlədən sübutların təmin edilməsi məsələsi müzakirə oluna bilərdi. Lakin iş materiallarından görünür ki, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, yalnız teleqram vasitəsilə müraciət edərək işə onun iştirakı olmadan və iş materialları əsasında baxılmasını xahiş etmişdir. Bu halda iddiaçı tərəfindən sübutların toplanmasına yönəlmiş prosessual hərəkətlərin həyata keçirilməsi, o cümlədən bankdan müvafiq məlumatların tələb olunması ilə bağlı vəsatət qaldırılmamış və sübutların təmin edilməsi üçün zəruri şərait yaradılmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçının izahatına görə pul köçürməsi onun özü tərəfindən könüllü olaraq bank tətbiqi vasitəsilə həyata keçirilmişdir. Mövcud materiallardan bankın həmin əməliyyatın icrası zamanı hər hansı qanun pozuntusuna yol verməsi və ya iddiaçıya zərər vurmasına səbəb olan hərəkət və ya hərəkətsizliyi müəyyən edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının göstərdiyi hallarla bağlı mübahisə faktiki olaraq pul vəsaitinin köçürüldüyü şəxs ilə bağlı ola bilər. Cavabdeh ASC isə həmin hüquq münasibətlərində mübahisələndirilən pul vəsaitinin əldə edilməsi ilə bağlı subyektiv məsuliyyət daşıyan şəxs hesab edilə bilməz və hazırkı mübahisə üzrə düzgün cavabdeh deyildir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibətinin subyekti olmayan şəxsə qarşı iddia tələbinin irəli sürülməsi iddianın təmin olunması üçün hüquqi əsas yaratmır. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti hazırkı mübahisə üzrə subyektiv cavabdeh olmadığından İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-5105/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5105/2025
17.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver