Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5106/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakları ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi ziyana görə onların hər birinə 50.000 (əlli min) manat olmaqla, ümumilikdə 100.000 (yüz min) manat; İddiaçı1 vurulmuş maddi ziyana görə 11.700 (on bir min yeddi yüz) manat məbləğində dəymiş mənəvi və maddi ziyanın cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar ər-arvaddır. Onların dörd azyaşlı uşaqları var. Bundan başqa, ikinci iddiaçının yaşlı valideynləri onun himayəsindədir. 29 oktyabr 2019-cu il tarixdə Nizami Rayon Polis İdarəsi tərəfindən AR CM-nin 178.4.3-cü maddəsi ilə cinayət işi başlandı. İddiaçı1 öz rəfiqəsini və onun tanışlarını aldadaraq pullarını ələ keçirməklə dələduzluq törətməkdə ittiham olundu. 10 fevral 2021-ci il tarixdə İddiaçı1 barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçildi. 30 iyun 2021-ci il tarixdə İddiaçı2 şübhəli şəxs qismində tutuldu. O, arvadı ilə əlbir olaraq dələduzluq etməkdə ittiham olundu. Nizami Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərarı ilə İddiaçı2 barəsində bir ay on dörd gün müddətinə həbs qətimkan tədbiri seçildi. Daha sonra həbs müddəti bir neçə dəfə uzadıldı. Həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair çoxsaylı vəsatətlər təmin olunmadı. Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli hökmü ilə İddiaçı1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindi və ona 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildi. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 07 aprel 2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmış, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmlə İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindi və ona 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildi. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 30 iyun 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alındı. Təqsirləndirilən şəxslər həmin hökmdən apellyasiya şikayətləri verdilər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli hökmü ləğv edildi və təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə hər ikisinə bəraət verildi, barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edildi və hər ikisi məhkəmə iclas zalından azad olundu. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya protesti və zərərçəkən şəxslərin kassasiya şikayətləri təmin olundu və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ləğv edildi və cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edildi. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-312/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli hökmü ilə iddiaçılara yenə bəraət verildi. Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli, 1(102)-1835/2025 nömrəli qərarı ilə kassasiya protesti təmin edilmədi və Bakı Apellyasiya Məhkəməsinin 10 aprel 2025-ci il tarixli bəraət hökmü qüvvədə qaldı. Beləliklə, iddiaçılar barəsində aşağıda göstərilən müddətlərdə qətimkan tədbiri icra olunub: birinci İddiaçı1 - xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək polisin nəzarətində olub (iyirmi altı ay); xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (on üç ay) istintaq təcridxanasında həbsdə saxlanılıb. İkinci İddiaçı2 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək (otuz dörd ay) istintaq təcridxanasında həbsdə saxlanılıb. İddiaçılar onlara vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya tələb edirlər. İddiaçılar hər biri mənəvi ziyana görə ayrı-ayrılıqda 50.000 (əlli min) manat (ümumilikdə yüz min manat) tələb edir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçıların dörd azyaşlı övladı var. Əvvəlcə, ataları, sonra isə anaları həbs olunan uşaqlar qoca nənə-babanın ümidinə qaldılar. İddiaçı2 34 ay, İddiaçı1 isə 13 ay öz uşaqlarından, həm də bir-birindən uzaq qalıb, daim narahatçılıq içində olublar və özlərini əlacsız hiss ediblər. Uşaqlar dərslərindən geri qalıb, qidalanma və gündəlik baxım keyfiyyəti aşağı düşüb, ata-ana qayğısından məhrum olublar. Bu səbəbdən iddiaçıların uzun müddət yaşadıqları stress nəticəsində dəyən mənəvi ziyanın miqyası nəzərə alınmalı olan ilk amildir. Bundan başqa, iddiaçılar öz çevrələrində müəyyən hörmətə, nüfuza malikdirlər. Onlar ali təhsilli, əvvəllər məhkum olunmayan, yaşadıqları yer və iş yerindən müsbət xarakterizə olunan şəxslərdir. Dələduzluq əməlini törətməkdə ittiham olunmaları onların insanlar arasında olan nüfuzuna ziyan vurub, xoşagəlməz reaksiyalara və söz-söhbətə səbəb olub, sosial əlaqələrini zədələyib. İttihamdan bəraətə qədər keçən üç il ərzində iddiaçılar bütün güclərini təqsirsiz olduqlarını, şər-böhtan qurbanı olduqlarını sübut etməyə sərf ediblər. Cinayət işi üzrə zərərçəkmiş şəxslər mütəmadi olaraq müxtəlif media orqanlarına, o cümlədən çox populyar internet kanallarında cinayət işini gündəmdə saxlayıb, öz versiyasını işıqlandırıb, müsahibələr verib, iddiaçıları dələduz kimi təqdim edib. Həm iddiaçıların özlərinin, həm ailə üzvlərinin zədələnmiş nüfuzunu bərpa etməyə uzun vaxt lazımdır. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyil. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Birinci İddiaçı1 həbsindən əvvəl uzun illər Farm Line adlı farmasevtik şirkətdə satış meneceri vəzifəsində çalışıb. Aylıq əmək haqqı ***-**** manat olub (yəni orta hesabla 900 manat). İddiaçı1 həbsindən əvvəlki illərə aid gəliri iddia ərizəsinə əlavə olunan bank çıxarışları ilə və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemindən çıxarışlarla təsdiq olunur. 07 aprel 2023-cü il tarixdə o, Bakı Ağır Cinayətlər Məhkəməsinin iclasında iştirak etmək üçün iş yerindən icazə alıb və həmin iclasda məhkəmə zalında həbs edilib (ittiham hökmü çıxarılıb). Bununla da birinci iddiaçı öz mütamədi gəlirini itirib və bəraət alana qədər olan 13 ay ərzində qazancından məhrum olub. Bu isə 11.700 (on bir min yeddi yüz) manat edir (13x11.700). İddiaçının maddi ziyana görə tələbi 11.700 (on bir min yeddi yüz) manat təşkil edir. Daha sonra İddiaçı1 ərizə təqdim edərək, həbsdə olduğu 13 ay ərzində hər ay üçün 1.000 manat olmaqla ümumilikdə 13.000 manat məbləğində maddi ziyanın ona ödənilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə etdi, sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin iddiaçı izahatında bildirmişdir ki, o, işlədiyi sahədə onun işgüzar nüfuzuna vurulmuş zərəri aradan qaldırmaqda çətinlik çəkir, habelə həbsdə olduğu müddətdə dörd övladı çox ağır vəziyyətdə qalmışlar, hələ də onlar mənəvi baxımdan özlərinə gələ bilməmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə etdi, sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi tərəfindən məhkəməyə elektron kabinet vasitəsilə təqdim edilən iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, İddiaçı1 xərcləri əsaslandırmadan maddi zərərə görə 11.700 manat kompensasiya ödənilməsini tələb edir. Belə ki, iddiaçı həbs olunmadan əvvəl “Farm Line” adlı farmasevtik şirkətdə çalışdığını, həbs olunduğuna görə işdən çıxarıldığını və gəlirindən məhrum olunduğunu qeyd edib. Lakin iddiaçı vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədləri işin materillarına əlavə etməmişdir. Həmçinin, iddiaçının işdən azad olunmasının məhz bu cinayət işi ilə əlaqəli olub-olmaması barədə hər hansı təsdiqedici sənəd təqdim olunmamışdır. Göründüyü kimi iddia tələbinin maddi zərər hissəsində hüquqi əsası yoxdur və bu səbəbdən rədd edilməlidir. Bundan əlavə, iddiaçılar mənəvi ziyana görə 100.000 manat kompensasiya ödənilməsini tələb etmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçılar mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidirlər. Hesab edilir ki, iddiaçılar onların barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə-üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə-yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə-əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə-on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarım) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1- 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçılara münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və onlara Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərilməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçılara qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə, iddiaçılar heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Halbuki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq iddiaçılar X1 və İddiaçı2 Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materialları: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-96/2023 saylı hökmünə əsasən İddiaçı1 AR CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərinə 04 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilərək dərhal məhkəmə iclas zalından həbsə alınmış, İddiaçı2 AR CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 30 iyun 2021-ci il tarixdən hesablanaraq barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)- 31/2024 saylı hökmünə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)- 96/2023 saylı hökmü ləğv edilərək, İddiaçı1 və İddiaçı2 təqsirliliyin sübuta yetirilməməsi əsası ilə bəraət verilərək, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-1939/2024 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-31/2024 saylı hökmü ləğv edilərək, cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(103)- 312/2025 saylı hökmünə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)- 96/2023 saylı hökmü ləğv edilərək yeni hökm çıxarılmış, CPM-in 42.1.4-cü maddəsinə əsasən İddiaçı1 və İddiaçı2 CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən onlara həmin maddə ilə bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(102)-1835/2025 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(103)-312/2025 saylı hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanlanan sorğuya cavab məktubuna əsasən İddiaçı1 Novruz qızı "xxxx" MMC-də “satış üzrə nümayəndə (tibb və əczaçılıq məhsulları)” vəzifəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək işləmişdir. Belə ki, İddiaçı1 Novruz qızının əmək haqqı məbləği xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək işlədiyi dövrdə 250 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 300 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək isə 1000 manat təşkil etmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 10/044 nömrəli əmr və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən “satış şöbəsi” bölməsində “satış üzrə nümayəndə (tibb və əczaçılıq məhsulları)” vəzifəsində işləyən İddiaçı1 Novruz qızı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” – tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarlarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin araşdırılan və müəyyən edilən hallarından göründüyü kimi İddiaçı1 barəsində ilkin olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (bəraət hökmü çıxarılanadək) “həbs” qətimkan tədbiri, İddiaçı2 barəsində isə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək (bəraət hökmü çıxarılanadək) “həbs” qətimkan tədbiri seçilmiş, hər iki iddiaçı barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli bəraət hökmü Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilsə də, sonradan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ləğv edilərək, CPM-in 42.1.4-cü maddəsinə əsasən İddiaçı1 və İddiaçı2 CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən onlara həmin maddə ilə yenidən bəraət verilmiş, ən sonda qeyd edilən hökm Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə də, qanunsuz və əsassız yerə İddiaçı1 barəsində 2 il 2 ay müddətinə “polisin nəzarəti altına vermə”, 13 ay müddətinə isə “həbs” qətimkan tədbirinin seçilməsi, İddiaçı2 barəsində isə 34 ay “həbs” qətimkan tədbirinin seçilməsi işin mübahisəsiz hallarıdır. Hər iki iddiaçı qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməklə, tutulmaqla, barələrində “həbs” qətimkan tədbiri seçilməklə əsassız məhrumiyyətlərə məruz qalmışdır. Qeyd edilən müddətlər ərzində iddiaçılar müəyyən məhrumiyyətlərə məruz qalmış, qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmə onlarda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və stress, əzab-əziyyət vermiş, şüurlarında mənfi psixoloji reaksiyaya səbəb olmuş, onların nüfuzuna xələl gəlmiş, barələrində mənfi fikir formalaşmışdır. Odur ki, iddiaçılara barələrində qanunsuz aparılan cinayət işi üzrə və prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi ilə bağlı mənəvi zərər dəyməsi aşkardır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçılara vurulmuş mənəvi zərərə görə kompensasiya ödənilməlidir. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin məbləğləri ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Dəymiş mənəvi zərərə görə tələb olunan məbləğdə deyil, İddiaçı1 21.000 (iyirmi bir min) manat həcmində (26 ay “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə görə 8.000 manat + 13 ay “həbs” qətimkan tədbirinə görə 13.000 manat = 21.000 manat), İddiaçı2 isə 34.000 (otuz dörd min) manat həcmində (34 ay “həbs” qətimkan tədbirinə görə 34.000 manat) kompensasiya ödənilməsini məhkəmə ağlabatan və ədalətli hesab edir. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi “mənəvi zərər” hissəsində qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı1 vurulmuş mənəvi zərərin əvəzi kimi 21.000 (iyirmi bir min) manat, İddiaçı2 isə vurulmuş mənəvi zərərin əvəzi kimi 34.000 (otuz dörd min) manat məbləğində pul ödənilməlidir. Məhkəmə iddiaçılara ödənilməli mənəvi ziyanın həcmini müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Həmçinin, məhkəmə İddiaçı1 maddi ziyanın ödənilməsi tələbi bağlı vurğulayır ki, tələb bu hissədə də əsaslı hesab edilməklə təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı, həbs edilməmişdən öncə "xxxx" MMC-də “satış üzrə nümayəndə (tibb və əczaçılıq məhsulları)” vəzifəsində çalışmaqla, aylıq əmək haqqı məbləği 1000 manat təşkil etmişdir. Lakin barəsində xx.xx.2023-cü ildə çıxarılan ittihamedici hökm əsasında iddiaçı həbs edilmiş və nəticədə, xx.xx.2023-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə də xitam verilmişdir. Göründüyü kimi iddiaçı həbs edildiyi tarixdən bəraət aldığı tarixədək, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək – 13 ay müddətinə faktiki olaraq əsassız və qanunsuz yerə əmək haqqından məhrum edilməklə ona maddi ziyan dəymişdir. Odur ki, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya dəymiş maddi ziyanın əvəzi kimi 13.000 manat məbləğində pul vəsaiti ona ödənilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı2 vurulmuş mənəvi zərərə görə 34.000 manat, İddiaçı1 vurulmuş mənəvi zərərə görə isə 21.000 manat və maddi ziyana görə 13.000 manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı2 vurulmuş mənəvi zərərə görə 34.000 (otuz dörd min) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddiaçı1 vurulmuş mənəvi zərərə görə isə 21.000 (iyirmi bir min) manat və maddi ziyana görə 13.000 (on üç min) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-5106/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5106/2025
27.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver