Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5112/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Lələyev Saleh Cabbar oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs (iddiaçı tərəfdən) X3 cavabdehlər Cavabdeh və İddiaçı qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 89,1 kv.m-dən ibarət 34 saylı sahə üzərində onun sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, onun mülkiyyətçi kimi həmin sahədən istifadə etmək, həmin sahəyə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi və həmin sahədən istifadəsinə mane olan hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o - İddiaçı ünvan 1 ünvanında tikilmiş yüksəkmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 89,1 kv.m sahədən ibarət 34 saylı sahəni Cavabdeh satın alaraq onun dəyərini tam olaraq ödəmişdir. Bildirir ki, həmin binanın tikintisi sərəncam əsasında Cavabdeh həvalə edilmişdir. Cavabdeh binanı inşa edərək qeyd olunan sahəyə dair onunla xx xxxx 2018-ci il tarixli müqavilə bağlamışdır. Lakin buna baxmayaraq cavabdeh bu günə qədər həmin sahəni ona təhvil vermir. Cavabdehin bəhanəsi budur ki, guya o, onun da yerini zəbt etmiş və ona həmin yerlə bağlı hələ də borcu qalmışdır. Halbuki bu belə deyil, o, qeyd olunan sahənin dəyərini tam ödəmişdir və yalnız öz sahəsini tələb edir. Onu da qeyd edir ki, həmin sahəyə dair onunla «Azəriqaz» İB arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanılmış, eləcə də işıq və su təchizatı da tam təmin edilmişdir. Lakin buna baxmayaraq cavabdeh onun həmin sahəni təmir etməyinə, həmin sahəyə sərbəst giriş-çıxışına mane olur, sahiblik hüquqlarını pozur. Hesab edir ki, aşağıda göstərilən əsaslara görə ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 89,1 kv.m dən ibarət 34 saylı sahə üzərində onun sahiblik və istifadə hüquqları bərpa edilməli, onun həmin sahədən istifadə etmək, həmin sahəyə sərbəst, maneəsiz gediş-gəliş imkanları təmin edilməli və onun həmin sahədən istifadəsinə mane olan hərəkətlərin edilməsi cavabdehə qadağan edilməlidir. Belə ki, Cavabdeh ilə bağlanılan xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən icraçı müqavilədə göstərilən sahəni iddiaçıya təhvil verməlidir. Müqavilənin şərtinə uyğun olaraq iddiaçı sahənin tam dəyərini cavabdehə ödəmişdir və bu barədə müvafiq maliyyə arayışı da almışdır. Odur ki, iddia tələbləri təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 89,1 kv.m-dən ibarət 34 saylı sahə üzərində onun sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, onun mülkiyyətçi kimi həmin sahədən istifadə etmək, həmin sahəyə sərbəst, maneəsiz gedişgəliş imkanlarının təmin edilməsi və həmin sahədən istifadəsinə mane olan hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilmiş (iddiaçı tərəfdən) X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 89,1 kv.m-dən ibarət 33 saylı sahənin Cavabdeh alınaraq ona təhvil verilməsi, həmin sahə üzərində onun sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, həmin sahədən istifadəsinə mane olan hərəkətlərin edilməsinin cavabdehlər İddiaçı və Cavabdeh qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında tikilmiş yüksəkmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 89,1 kv.m sahədən ibarət 34 saylı sahənin ona təhvil verilməsini tələb etmişdir. Bildirir ki, Cavabdeh ilə bağlanılan xx xxxx 2018-ci il tarixli müqaviləyə uyğun olaraq o, həmin ünvandakı binanın 11-ci mərtəbəsindəki 89,1 kv.m 33 saylı sahəni satın alaraq dəyərini tam ödəmişdir. O, həmin sahəni təmirli halda satın almışdır, dəyərini də tam ödəmişdir. Amma həmin sahə ona təhvil verilmir. Cavabdeh onun ona borcunun olduğunu bildirir. Eləcə də bildirir ki, guya həmin sahəyə qonşu olan İddiaçı sahəsi ilə ona satılan sahə dəqiq bəlli deyil. Beləliklə İddiaçı da onun həmin sahədən istifadə etməyinə mane olur. Halbuki həmin sahələr tamamilə bir-birindən ayrıdır və girişləri də tam ayrıdır. Buna baxmayaraq İddiaçı da onun həmin sahədən istifadə etməyinə əngəl yaradır. Cavabdeh isə sahənin giriş qapısının açarlarını ona təhvil vermir. Nəticədə onun hüquqlarını pozur. Odur ki, iddia tələbləri təmin edilməli, ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 89,1 kv.m dən ibarət 33 saylı sahə ona təhvil verilməli, həmin sahəyə sərbəst, maneəsiz gediş-gəliş imkanları təmin edilməli və onun həmin sahədən istifadəsinə mane olan hərəkətlərin edilməsi cavabdehlər İddiaçı və Cavabdeh qadağan edilməlidir. Qeyd edilənlərə əsasən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 89,1 kv.m-dən ibarət 33 saylı sahənin Cavabdeh alınaraq ona təhvil verilməsi, həmin sahə üzərində onun sahiblik və istifadə hüquqlarımın bərpa edilməsi, həmin sahədən istifadəmə mane olan hərəkətlərin edilməsinin cavabdehlər İddiaçı və Cavabdeh qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianı müdafiə etdiyini bildirmiş, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb edilmiş X5 iddia ərizəsinə etiraz edərək, hər iki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ona qarşı məhkəmədə iddia qaldırmışdır. O, ünvan 2 ünvanında tikilən binanın 11-ci mərtəbəsindəki 34 saylı sahənin təhvil verilməsini tələb etmişdir. Eyni zamanda X5 da həmin binada 33 saylı sahənin ona verilməsini tələb etmişdir. Bununla bağlı bildirir ki, xx xxxx 2018-ci il tarixli müqavilə ilə o, binadakı 34 saylı mənzili İddiaçı, xx xxxx 2018-ci il tarixli müqavilə ilə 33 saylı sahəni isə X1. Lakin İddiaçı həmin sahənin pulunu ona tam olaraq ödəməmişdir və borcu vardır. X2 33 saylı sahə tam təmirli olmuşdur və onun təmirini o, həyata keçirmişdir. X8 təmirin pulundan ona borclu qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, həmin sahələr bir-birindən tam ayrıdır, bir mülkiyyətçinin digərinin sahəsinə keçməsi mümkün deyildir. Bu mənada X5 təmirin pulunu ona ödəməmək üçün əsassız bəhanələr gətirir. Odur ki, ona qarşı iddiaları qəbul etmir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 saylı ünvanında yerləşən binanın 11-ci mərtəbəsindəki ümumi sahəsi 89,1 kv.m olan 34 saylı mənzil üzərində onun istifadə və sahiblik hüquqlarının tanınmasını və həmin mənzildən onun istifadəsinə mane olan hər-hansı hərəkətlərin edilməsinin Cavabdeh qadağan edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs (iddiaçı tərəfdən) X5 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 saylı ünvanında yerləşən binanın 11-ci mərtəbəsindəki ümumi sahəsi 89,1 kv.m olan 33 saylı mənzil üzərində onun istifadə və sahiblik hüquqlarının tanınmasını və həmin mənzildən onun istifadəsinə mane olan hər-hansı hərəkətlərin edilməsinin Cavabdeh qadağan edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddiaçı iddiası təmin edilməlidir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddiası təmin edilməlidir. İcraçı Cavabdeh ilə sifarişçi İddiaçı arasında bağlanmış “Mənzil tikintisi və satışına dair” 25 saylı, xx xxxx 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, sifarişçi ünvan 1 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının 1-ci girişi, 11-ci mərtəbədə ümumi sahəsi 89,1 kv/m, 34 saylı iki otaqlı mənzili almaq üçün müqavilədə göstərilmiş qrafik əsasında tam və vaxtında müqavilə qiymətini ödəməyi, icraçı isə, həmin mənzili sifarişçiyə tikilib təhvil verilməsi üçün lazım plan bütün sənədləri əldə etməyi, Əlavə 1-də göstərilən işləri yerinə yetirməyi, tikinti işlərini layihəı sənədlərinə və texniki norma və qaydalara tam uyğun olaraq aparmağı, kommunikasiya (qaz, elektrik, su, kanalizasiya xəttlərini, yalnız ana xətt olaraq çəkməyi, mənzilə aid bütün hüquqları, bina tikildikdən sonra və ümumi müqavilə qiyməti ğdənildikdən sonra sifarişçiyə təhvil verməyi üzərinə gğtürmüşdür. Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında fiziki şəxs Cavabdeh tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasında, 11-ci mərtəbədə, ümumi sahəsi 89.1 m2 olan 34 saylı mənzilə görə İddiaçı, Fiziki şəxs Cavabdeh maliyyə borcu yoxdur. Mənzilin dəyəri tam ödənilmişdir. Paylayıcı “Azəriqaz” İstehsalat Birliyi ilə ünvan 1 saylı binadakı 34 saylı mənzilin sahibi İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 113066 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İcraçı Cavabdeh ilə sifarişçi X5 arasında bağlanmış “Mənzil tikintisi və satışına dair” 42 saylı, xx.xx.2018-ci il tarixli tarixli müqavilənin surətindən görünür ki, sifarişçi ünvan 1 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının 1-ci girişi, 11-ci mərtəbədə ümumi sahəsi 89,1 kv/m, 33 saylı iki otaqlı mənzili almaq üçün müqavilədə göstərilmiş qrafik əsasında tam və vaxtında müqavilə qiymətini ödəməyi, icraçı isə, həmin mənzili sifarişçiyə tikilib təhvil verilməsi üçün lazım plan bütün sənədləri əldə etməyi, Əlavə 1-də göstərilən işləri yerinə yetirməyi, tikinti işlərini layihə sənədlərinə və texniki norma və qaydalara tam uyğun olaraq aparmağı, kommunikasiya (qaz, elektrik, su, kanalizasiya xəttlərini, yalnız ana xətt olaraq çəkməyi, mənzilə aid bütün hüquqları, bina tikildikdən sonra və ümumi müqavilə qiyməti ğdənildikdən sonra sifarişçiyə təhvil verməyi üzərinə götürmüşdür. Mənzilin 1 m2 üçün qiymət 720 manat təşkil edir. Mənzilin ümumi müqavilə dəyəri 64152 manat təşkil edir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında fiziki şəxs Cavabdeh tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasında, 11-ci mərtəbədə, ümumi sahəsi 89.1 m2 olan 33 saylı mənzilə görə X3, Fiziki şəxs Cavabdeh maliyyə borcu yoxdur. Mənzilin dəyəri tam ödənilmişdir. Beləliklə iş materiallarından müəyyən edilmişdir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlə “Mənzil tikintisi və satışına dair” qarışıq müqavilə baqlayraq, müvafiq öhdəlik hüquq münasibətlərinə girmişlər. Hər iki müqavilə üzrə sifarişçilərin mənzilin dəyəyərinin tam ödənilməsi barədə maliyyə arayışlarının mövcudluğuna baxmayaraq cavabdeh İddiaçı münasibətdə sahənin pulunun tam ödənilmədiyi, X4 münasibətdə isə onun təmirin pulundan borclu qaldığı səbəbilə mübahisəli mənzilləri təhvil verməkdən imtina etməklə işin bu hallarını mübahisələndirir. Cavabdeh qeyd edilən hallara istinad etsə də, göstərilənləri təsdiq edən hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında mənzillərinin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışlarında isə görünür ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin cavbdehin qarşısında maliyyə borcları yoxdur. Məhkəmə bunu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən prosessual hüquq normaları Konstitusiya da nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edir. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282) Beləliklə, İddiaçı və X5 müqavilə əsasında üzərinə düşən vəzifələrini yerinə yetirərək, razılaşdırılmış pul məbləğini Cavabdeh ödəsələr də, o, qarşılıqlı öhdəliyi icra etməyərək razılaşdırılmış yaşayış sahələrini iddiaçı və üçüncü şəxsə təhvil verməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. İddiaçı və X5 cavabdehdən müqavilələrin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdilər. Belə ki, tərəflər arasında bağlanmış müqavilə üzrə sifarişçinin razılaşdırılmış pul vəsaitini ödəməsi icraçının razılaşdırımış qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X7 Hüquqları Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” işi üzrə qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə 7 nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmaması onu mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 157.1, 157.4 və 157.8-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı cavabdehin tikdiyi binada ona ayrılmış mənzilin dəyərini ödəməklə 25 saylı, xx xxxx 2018-ci il tarixli müqavilə üzrə öhdəliklərini tam icra etdiyindən, Cavabdeh həmçinin müqavilə üzrə öhədliklərini icra etməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 saylı binadakı 34 saylı mənzil üzərində İddiaçı istifadə və sahiblik hüquqları tanınmalı və həmin mənzildən onun istifadəsinə mane olan hər-hansı hərəkətlərin edilməsi cavabdehə qadağan edilməlidir. Həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehin tikdiyi binada ona ayrılmış mənzilin dəyərini ödəməklə 42 saylı, xx.xx.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərini tam icra etdiyindən, Cavabdeh müqavilə üzrə öhədliklərini icra etməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 saylı binadakı 33 saylı mənzil üzərində X3 istifadə və sahiblik hüquqları tanınmalı və həmin mənzildən onun istifadəsinə mane olan hər-hansı hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: İddiaçı Cavabdeh qarşı “mənzilin təhvil verilməsi və s.” tələbi və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs (iddiaçı) X3 cavabdehlər Cavabdeh və İddiaçı qarşı “mənzilin təhvil verilməsi və s.” tələbi təmin edildiyindən, onlar tərəfindən ödənilmiş dövlət rüsumları Cavabdeh tutularaq İddiaçı və X4 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair iddiası təmin edilsin. ünvan 1 saylı ünvanında yerləşən binanın 11-ci mərtəbəsindəki ümumi sahəsi 89,1 kv.m olan 34 saylı mənzil üzərində İddiaçı istifadə və sahiblik hüquqları tanınsın və həmin mənzildən onun istifadəsinə mane olan hər-hansı hərəkətlərin edilməsi Cavabdeh qadağan edilsin. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs (iddiaçı tərəfdən) X3 cavabdehlər Cavabdeh və İddiaçı qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair iddiası təmin edilsin. ünvan 1 saylı ünvanında yerləşən binanın 11-ci mərtəbəsindəki ümumi sahəsi 89,1 kv.m olan 33 saylı mənzil üzərində X3 istifadə və sahiblik hüquqları tanınsın və həmin mənzildən onun istifadəsinə mane olan hər-hansı hərəkətlərin edilməsi Cavabdeh qadağan edilsin. İddiaçı tərəfindən ödənilmiş 20 manat və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs (iddiaçı tərəfdən) X5 tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumları Cavabdeh tutularaq İddiaçı və X4 ödənilmiş dövlət rüsumuna müvafiq qaydada ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-5112/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5112/2020
30.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver