Məhkəmə qərarları › İş №2(006)-5124/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5124/2021

23.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5124/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Qafqaz Müsəlmanları İdarəsinə və “Hacı Əjdərbəy” Məscidinə qarşı "dinə etiqad etmək hüququna və dini mərasimləri yerinə yetirmək sərbəstliyinə maneəçilik yaratmamaq öhdəliyinin qoyulması və s. tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə, Qafqaz Müsəlmanları İdarəsinə və “Hacı Əjdərbəy” Məscidinə qarşı "dinə etiqad etmək hüququna və dini mərasimləri yerinə yetirmək sərbəstliyinə maneəçilik yaratmamaq öhdəliyinin qoyulması və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25.06.2021-ci il tarixdə vətəndaşlar saat 12:43-də başlayacaq cümə namazı ibadətini digər vətəndaşlarla birlikdə yerinə yetirmək məqsədilə ünvan 1 ünvana yerləşən “Hacı Əjdərbəy” məscidinə gələrək içəriyə daxil olmuşlar. İddiaçı eyni məqsədlə saat 12:40 radələrində Məscidə gəlsə də, içəridə 50 nəfərdən çox şəxsin olması səbəbi ilə Məscidin giriş qapısı bağlanmış və cümə namazı ibadətini digər vətəndaşlarla birlikdə Məsciddə yerinə yetirməyinə faktiki olaraq qadağa qoyulmuşdur. Bu qadağa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin (sonradan NK) 26.05.2021 -ci il tarixli, 151 saylı qərarı və Qafqaz Müsəlmanları İdarəsinin (sonradan QMİ) 02.06.2021-ci il tarixli bəyanatına əsasən tətbiq edilmişdir. Belə ki, NK-nin 26.05.2021-ci il tarixli, 151 saylı qərarının 2.2. və 2.2.1 -ci bəndlərinə əsasən, dini ibadət yerlərinin fəaliyyəti (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla) 10.06.2021 -ci il tarixdən etibarən bərpa edilmişdir. Bununla da, NK dini ibadət yerlərində (məscidlərdə) eyni zamanda 50 nəfərdən artıq insanın ibadət etməsinə qadağa qoymuşdur. QMİ-nin internet səhifəsində 02.06.2021-ci il tarixdə dərc edilmiş “X1: X2 müəyyən etdiyi qaydalara ciddi riayət olunmalıdır” adlı yazısında da NK-nın müəyyən etdiyi 50 nəfərlik say məhdudiyyətinə istinad edilmiş, habelə ibadət yerlərində (məscidlərdə) riayət olunmalı digər əlavə qayda və qadağalar da bəyan edilmişdir. İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məscidə, N K , QMİ və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (sonradan DQK) 25.06.2021 -ci il tarixdə şikayət ünvanlasa da, bu müraciəti hələ də cavablandırılmamışdır. Daha məhdud tutumu olan məkanlara (metro, təyyarə, avtobus və s.) 50 nəfərlik məhdudiyyət qoyulmadığı halda, açıq və qapalı ərazisində yüzlərlə (bəzi məscidlərdə isə minlərlə) insanın eyni zamanda ibadəti mümkün olan məscidlərə 50 nəfərlik məhdudiyyətin tətbiqini dini mənsubiyyətə görə tətbiq edilən ayrı-seçkilikdir. NK-nın bu qadağası insan hüquqları və azadlıqlarına təminat verən Azərbaycan Respublikasının Konstitusiyasına (sonradan Konstitusiya) və beynəlxalq hüquqa ziddir. Bu ayrı-seçkiliyin dini mənsubiyyətə görə tətbiq edilməsi həm də onunla sübut olunur ki, NK -nın bu qərarının digər bəndləri ilə fəaliyyəti bərpa edilmiş və dini xarakter daşımayan aşağıdakı fəaliyyət növlərinin heç birinə 50 nəfərlik say məhdudiyyəti tətbiq edilməmişdir: Təxminən 60 nəfərədək sərnişin tutumu olan avtobuslara malik yerüstü nəqliyyata; təxminən 240 nəfərədək sərnişin tutumu olan təyyarələrə malik hava nəqliyyatına; təxminən 330 nəfərədək sərnişin tutumu olan vaqonlara malik metro nəqliyyatına; təxminən minlərlə insan tutumu olan iri ticarət mərkəzlərinə və su attraksionlarına; təxminən on minlərlə insan tutumu olan çimərliklərə və idman oyunu yerlərinə. Göründüyü kimi, sahəsindən asılı olmayaraq, bütün ibadət yerlərində, o cümlədən ümumi sahəsi 4000 kv.m. olan və eyni vaxtda təxminən 3000 nəfərin ibadət edə biləcəyi Məsciddə 50 nəfərdən artıq şəxsin toplanmasına qadağa qoyulsa da, sahəsi bundan dəfələrlə az olan qeyri-dini məkanlara 50 nəfərdən artıq şəxsin toplanmasına heç bir qadağa qoyulmamışdır. Nəticə etibarı ilə NK bu qadağaları yalnız dini ibadətləri yerinə yetirən şəxslərə münasibətdə tətbiq etmişdir. Bu isə dini mənsubiyyətə görə tətbiq edilən ayrı-seçkiliyin bariz nümunəsidir. NK-nin bu qərarına və QMİ-nin buna dair bəyanatına əsaslanaraq vicdan azadlığının məhdudlaşdırılmasına son qoyulmalı və iddiaçının Məsciddə Konstitusiyaya ilə təminat verilmiş təkbaşına və başqaları ilə birlikdə dinə etiqad etmək hüququ, habelə dini mərasimlərin yerinə yetirmək sərbəstliyi təmin edilməlidir. Göstərilənlərə əsasən iddiaçının 25.06.2021 -ci il tarixdə cümə namazı ibadətini başqaları ilə birlikdə yerinə yetirmək üçün “Hacı Əjdərbəy” Məscidinə buraxılmamağını dinə etiqad etmək hüququnu və dini mərasimləri yerinə yetirmək sərbəstliyini məhdudlaşdıran və qanunvericiliyə zidd hesab edilməsi, cavabdehlərin hər birinin üzərinə Nazirlər Kabinetinin 26.05.2021-ci il tarixli, 151 saylı qərarına və QMİ-nin 02.06.2021-ci il tarixli bəyanatına əsaslanaraq “Hacı Əjdərbəy" məscidində 50 nəfərdən artıq şəxsin eyni zamanda ibadət etməsi səbəbi ilə təkbaşına və başqaları ilə birlikdə dinə etiqad etmək hüququna və dini mərasimləri yerinə yetirmək sərbəstliyinə maneəçilik yaratmamaq öhdəliyinin qoyulmasına və cavabdehlərin hər birinin üzərinə Nazirlər Kabinetinin 26.05.2021-ci il tarixli, 151 saylı qərarına və QMİ-nin 02.06.2021-ci il tarixli bəyanatı ilə müəyyən edilmiş 50 nəfərlik say məhdudiyyətini tətbiq etmədən “Hacı Əjdərbəy” məscidində təkbaşına və başqaları ilə birlikdə dinə etiqad etmək hüququnun, habelə dini mərasimlərin yerinə yetirmək sərbəstliyinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 25.06.2021-ci il, 09.07.2021-ci il, 06.08.2021-ci il, 13.08.2021-ci il, 03.09.2021-ci il, 17.09.2021-ci il və 24.09.2021-ci il tarixlərdə cümə namazı ibadətini başqaları ilə birlikdə yerinə yetirmək üçün “Hacı Əjdərbəy” məscidinə buraxılmamağını dinə etiqad etmək hüququnun və dini mərasimləri yerinə yetirmək sərbəstliyinin pozulması kimi qiymətləndirilməsinə və “Hacı Əjdərbəy” məscidinə cümə namazını yerinə yetirmək, təkbaşına və başqaları ilə birlikdə dinə etiqad etmək hüququna və digər dini mərasimləri yerinə yetirmək sərbəstliyinə maneə yaratmamaq öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, 25.06.2021-ci il, 09.07.2021-ci il, 06.08.2021-ci il, 13.08.2021-ci il, 03.09.2021-ci il, 17.09.2021-ci il, 24.09.2021-ci il və 12.11.2021-ci il tarixlərdə cümə namazı ibadətini başqaları ilə birlikdə yerinə yetirmək üçün “Hacı Əjdərbəy” məscidinə buraxılmamağını dinə etiqad etmək hüququnun və dini mərasimləri yerinə yetirmək sərbəstliyinin pozulması kimi qiymətləndirilməsinə və “Hacı Əjdərbəy” məscidinə cümə namazını yerinə yetirmək, təkbaşına və başqaları ilə birlikdə dinə etiqad etmək hüququna və digər dini mərasimləri yerinə yetirmək sərbəstliyinə maneə yaratmamaq öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, “Hacı Əjdərbəy” məscidi dini icma və Qafqaz Müsəlmanları İdarəsinin bu iş üzrə cavabdeh qismində, Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin isə üçüncü şəxs qismində iştirakına dair elektron məhkəmə portalına yerləşdirilməsi, elektron məhkəmə portalında Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bu iş üzrə üçüncü şəxs kimi qeyd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Qafqaz Müsəlmanları İdarəsinin və “Hacı Əjdərbəy” Məscidinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Hazırki iddia tələbləri bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə əsasən dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 3-cü bəndinə əsasən müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 9-cu maddəsinə əsasən hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarının 1- ci bəndinə əsasən Koronavirus (Covid – 19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 01 avqust saat 06:00-dək uzadılmışdır. Nazirlər Kabinetinin sonrakı qərarları ilə bu müddət bir neçə dəfə uzadılmışdır. Həmin qərarın 2.2.1-ci bəndinə əsasən 2021-ci il 31 may saat 06:00-dan dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla müəyyən edilməsi qərara alınmışdır. Göründüyü kimi Koronavirus (Covid – 19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ibadət yerlərinə 50 nəfərdən çox olmamaqla şəxslərin girişinə icazə verilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə hesab edir ki, İddiaçı “Hacı Əjdərbəy” məscidinə buraxılmamağı dinə etiqad etmək hüququnun və dini mərasimləri yerinə yetirmək sərbəstliyinin pozulması kimi qiymətləndirilməməlidir. Cavabdeh “Hacı Əjdərbəy” məscidi tərəfindən İddiaçı ibadət evinə buraxılmamağı digər şəxslərin hüquq və azadlıqlarını (sağlamlıqlarını) qorumaq üçün qanunla nəzərdə tutulmuş çərçivədə həyata keçirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Qafqaz Müsəlmanları İdarəsinə və “Hacı Əjdərbəy” Məscidinə qarşı "dinə etiqad etmək hüququna və dini mərasimləri yerinə yetirmək sərbəstliyinə maneəçilik yaratmamaq öhdəliyinin qoyulması və s. tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Qafqaz Müsəlmanları İdarəsinə və “Hacı Əjdərbəy” Məscidinə qarşı "dinə etiqad etmək hüququna və dini mərasimləri yerinə yetirmək sərbəstliyinə maneəçilik yaratmamaq öhdəliyinin qoyulması və s. tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar