Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-513/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X17 oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər LPO Cavabdeh2 ASC-yə və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçılara məxsus 70.000 manat pulun əsas məbləğinin və 4 (dörd) il 1 (bir) ay ərzində 30.000 manat əldən çıxmış real fayda, dəymiş maddi və mənəvi zərərin hesablanaraq əsas məbləğdən 42.000 manatının İddiaçı1, 28.000 manatının İddiaçı2 hesabına keçirilməsi barədə və 30.000 manat əldən çıxmış fayda, dəymiş maddi və mənəvi zərərin 15.000 manatının İddiaçı1, qalan 15.000 manatının isə İddiaçı2 hesabına dərhal keçirilməsi barədə qərar verilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 15 avqust 2019-cu il tarixində Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov 6V ünvanında yerləşən X5 məxsus 2 mərtəbəli dövlət reyestrində qeydə alınmayan evi 70.000 manata onun həyat yoldaşına verdiyi etibarnamə əsasında İddiaçı2 ilkin alqı-satqı ilə almışdır (bu pulun 42.000 manat hissəsini əvvəldən tanıdığı, ailəvi dostluq etdiyi hazırki İddiaçı1 borc olaraq almışdır). Belə ki, İddiaçı1 evini satdığından İddiaçı2 onda pulun olduğunu bilirdi. İddiaçı2 ümumilikdə 70.000 manat pulu Bakı şəhəri 14 saylı Notariat Ofisinin Cavabdeh2 ASC-dəki depozit hesabına ödəmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın sözügedən məsələ ilə bağlı sədrliyi zamanı Bakı şəhəri 14 saylı Notariat Ofisinin Cavabdeh2 ASC-nin 5 saylı şöbəsinə ünvanladığı məktuba əsasən xx.xx.2019-cu il tarixli xəzinə mədaxil orderi üzrə 70.000 manat məbləğində pulun İddiaçı2 tərəfindən notariusun depozit hesabına ödənilməsi haqqında müsbət cavab almış və fakt öz təsdiqini tapmışdır. Bundan sonra İddiaçı2 İddiaçı1 evi almaq istədiyi yaxın qohumu X10 Cavabdeh2 ASC-dən pulu almamasını və ona evi verməyəcəyini bildirərək Xətai Rayon Prokurorluğuna şikayət etmişdir. İşi araşdıran Xətai Rayon Polis İdarəsinin müstəntiqi tərəfindən İddiaçı2 pulu Bakı şəhəri 14 saylı Notariat Ofisinin Cavabdeh2 ASC-dəki depozit hesabına keçməsi faktını tanımış və cinayət işini rədd etmişdir. X1 Xətai Rayon Məhkəməsinə müraciəti əsasında 2(011)-7464/2019 nömrəli qətnaməsi ilə (hakim Ə.Abbasova) ilkin alqı-satqı müqaviləsi bağlanmış və 70.000 manat məbləğində pulun İddiaçı2 qaytarılması qət edilmişdir. X10 həmin qətnamədən şikayət vermiş, lakin o, iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etdiyinə görə apellyasiya şikayətinin geri qaytarılması barədə ərizə təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2256/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qərardadı ilə Xətai Rayon Məhkəməsinin 2(011)-7464/2019 nömrəli 15 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək işin icraatına xitam verilmiş və eyni predmet haqqında eyni əsaslarla mübahisə barəsində təkrar müraciət etməmək barədə İddiaçı2 hüquqlarını pozan qətnamə qəbul edilmişdir. Bundan sonra İddiaçı2 dəymiş zərər barədə Xətai Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin hakimi Aygün Həsənovanın sədrliyi ilə (İş № 2(011)-64/2022) keçirilən məhkəmə iclasında cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisində yalnız baş etibarnamə verdiyini, ilkin alqı-satqıdan həmin notariusun onun depozit hesabından pul vəsaitini götürmədiyi haqqında məhkəməyə vəsatət vermiş və məhkəmə 70.000 manat məbləğində pulun verilməsinə dair qəbzin surətindəki imzanın X6 aid olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 6 aprel 2022-ci il tarixli 4/174 nömrəli ekspert rəyi ilə imzanın və yazıların X10 tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan sonra Xətai Rayon Məhkəməsinin 2(011)-64/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı2 iddiası rədd edilmişdir. Sonra İddiaçı2 Cavabdeh2 ASC-nin baş idarəsinə rəsmi olaraq etdiyi müraciətində Cavabdeh2 ASC-nin 5 saylı filialında 14 saylı Notariat Ofisinin depozit hesabına keçirdiyi 70.000 manat məbləğində pulun və həmin bankın müştərilərindən aldığı əmanətlərə illik faiz dərəcəsinə görə zərərin hesablanaraq ona qaytarılmasını tələb etmişdir. Yalnız bundan sonra Cavabdeh2 ASC maraqlarının pozulmasına dair apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Lakin bankın müraciətləri təmin olunmamış, sözügedən qərardan belə şikayət verərək sonunda tərəf kimi apellyasiya instansiya məhkəməsində iştirak etmə hüququ almışdır. Təkcə apellyasiya şikayəti verməklə Cavabdeh2 ASC 1 (bir) ilə qədər vaxt itirmişdir. Lakin apellyasiya şikayətinin verilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında Cavabdeh2 ASC iştirak etməmişdir. Bu məsələdən sonra İddiaçı2 14 saylı Notariat Ofisinin Cavabdeh2 ASC-nin hesabına keçirdiyi 70.000 manat məbləğində pulun alqı-satqı zamanı satan şəxsə verilməməsinə dair qətnamədə maraqlı və bankın maraqlarının pozulması olmasını düşünmüşdür. Nəticə etibarı ilə Cavabdeh2 ASC və Bakı şəhəri 14 saylı Notariat Ofisi Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti müddətinin 2 ay müddətdə olmasını bilə-bilə müraciət etməmişlər. Yalnız bundan sonra İddiaçı2 yaxın qohumlarının haqlı olması, yəni 70.000 manat məbləğində pulu Bakı şəhəri 14 saylı Notariat Ofisinin Cavabdeh2 ASC-dən almamasına inanmış, Bakı şəhəri 14 saylı Notariat Ofisinin Cavabdeh2 ASC-nin alqı-satqıya görə İddiaçı2 köçürdüyü pul işinin danılmaz fakt olması, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-776/2023 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir. İddiaçı2 14 saylı Notariat Ofisinin Cavabdeh2 ASC-dəki hesabına qoyduğu 70.000 manat depozitlərindən verməmələrindən 4 (dörd) il 1 (bir) ay müddət keçməkdədir. Cavabdeh2 ASC-nin öz müştərilərinə pul yatırarkən illik 10 % məbləğində artım verməsi bunu sübut edir ki, bank tərəfindən faktiki İddiaçı2 4 (dörd) ildə qoyduğu məbləğin 40% dərəcəsində ziyan vurulmuş və bu halda qeyd edilən məbləğ depozitə deyil, banka qoyulsaydı, 4 (dörd) il 1 (bir) ay müddət ərzində 28.000 manatdan çox məbləğ edərdi. Cavabdeh2 ASC İddiaçı2 pulunu özündə saxlaması sonuncuya 28.000 manat ziyan vurması faktı, bundan əlavə 400 manat dövlət rüsumu, bu günədək ödənilən məhkəmə rüsumları, hüquqlarını qorumaq üçün vəkillərə verdiyi pullar, yol xərcləri və ev almadığına görə 49 (qırx doqquz) ay müddətində hər ay 300 manat olmaqla, kirayə qalmasına görə 14.700 manatdan maddi zərər dəymişdir. Ümumilikdə 70.000 manat əsas məbləğ 42.000 manat dəymiş real zərər vurulmuşdur. Eyni zamanda ,digər İddiaçı1 xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsi, 39 nömrəli evi 42.000 manat məbləğə satmışdır. Həmin məbləğ ilə kiçik ticarət obyektini işlədərək, qazanc əldə edirmiş. 10 avqust 2019cu il tarixdə İddiaçı2 ona 3-4 ay müddətinə pul lazım olduğunu, həmin pula Xətai rayonunda ev alacağını, ona olan borcunu isə rayonda yerləşən evini satıb qaytaracağını bildirmişdir. Onlar Bakı şəhəri 14 saylı Notariat Ofisində görüşdükdə İddiaçı2 aid olan evin çıxarışsız olması və gələcəkdə evin çıxarışını baş etibarnamə ilə düzəldəcəyinə görə o, həmin notariusda baş etibarnamə almışdır. Onlar arasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra notarius tərəfindən çek verilmiş, onunla İddiaçı2 pulu cəmlənərək 14 saylı Notariat Ofisinin Cavabdeh2 ASC-nin 5 saylı filialındakı depozitinə pul qoyulmuş və müvafiq çek alınmış, notarius tərəfindən onlara ilkin alqı-satqı müqaviləsi verilmişdir. Lakin sonradan o, İddiaçı2 və ailə üzvlərinin heç bir pul almamalarını və evi satmaq istəməmələri barədə məlumat almış, bütün prokurorluğa, məhkəmə instansiyalarına pulunun qaytarılması ilə müraciət etmiş, lakin sonda alqı-satqı zamanı sözügedən məbləğin bank tərəfindən ödənilmədiyi məlum oldu. Hətta İddiaçı1 şəxsən özü dəfələrlə Cavabdeh2 ASC-nin baş ofisinə gedərək faktiki olaraq öz maraqlarından çox həmin bankın maraqlarını qoruduğunu, əgər həqiqətən də bank ondan aldığı 70.000 manat pulu satıcıya ödəyibsə, məhkəmələrdə iştirakı etməsini tələb etmişdir. İddiaçı1 Cavabdeh2 ASC-nin hüquq şöbəsinə dəfələrlə müraciət etmişdir. Bankın öz maraqlarını qorumaması satıcıya pulu verməməsini sübut edir. İddiaçı2 vəkili-nümayəndəsi Vəkil və digər İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, notariusun depozit hesabına ödənilmiş 70.000 manat və əldən çıxmış fayda kimi 30.000 manat olmaqla, cəmi 100.000 (bir yüz min) manat məbləğində maddi zərərin cavabdehlərdən tutularaq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar və cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İddiaçı2 vəkili-nümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirib, işə baxılıb mahiyyəti üzrə qərar qəbul edilməsini xahiş etmiş, digər İddiaçı1 gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisi isə məktub göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçıların və cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-513/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər LPO Cavabdeh2 ASC-yə və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “pul” tələbinə dair iddia ərizəsinin “cavabdeh LPO Cavabdeh2 ASC-yə qarşı “pul” tələbinə dair” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmış, iddiaçılara qeyd olunan tələblə bankın iflas proseduru çərçivəsində birinci instansiya qismində nəzarəti həyata keçirən Bakı Apellyasiya Məhkəməsinə (inzibati kollegiya) müraciət etmək hüququna malik olmaları, həmçinin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmuşdur. Məhkəmə İddiaçı2 vəkili-nümayəndəsi Vəkil ərizəsini və cavabdehin məktubunu nəzərdən keçirib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri 14 saylı Notariat ofisinin 3M-1934 reyestr nömrəli notariat işindəki: - X11 əvəzinə X10 ilə İddiaçı2 arasında bağlanılmış 15 avqust 2019-cu il tarixli ilkin alqısatqı müqaviləsindən görünür ki, müqavilənin predmeti ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 195.7 kv.metr olan 2 mərtəbəli 6V saylı fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləridir. Bu müqavilənin predmeti olan əmlakın qiyməti 70.000 (yetmiş min) manat məbləğində müəyyən olunmuşdur. Tərəflər arasında əmlak ilə əlaqədar hesablaşma qaydası: “Alıcı” əmlakın bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan qiymətini “Satıcı”ya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmişdir. “Satıcı” istifadəsində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 195.7 kv.metr olan 2 mərtəbəli 6V saylı fərdi yaşayış evini bu müqavilə bağlandığı andan 1 gün müddətinə təhvil verməyi və əsas alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini öz öhdəsinə götürür. “Alıcı” isə qeyd olunan əmlaka istifadə və sahiblik hüququnu, həmçinin bütün sənədləşdirmə işlərini, çıxarışın alınmasını və əsas alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini öz öhdəsinə götürür. - Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən Cavabdeh2 ASC-nin 5 saylı şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 1327 nömrəli məktubdan görünür ki, İddiaçı2 notariat qaydasında təsdiq olunacaq alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 70.000 (yetmiş min) manat məbləğində pulun müvafiq müqavilə notarius Elmar Əliyev tərəfindən təsdiq edildikdən sonra 70.000 (yetmiş min) manatının X6 verilməsi üçün bankda olan **********00001AZM38 №-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir. - xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı2 1327 saylı alqı-satqı müqaviləsi – məktubuna əsasən 70.000 manat məbləğində pulu X7 Cavabdeh2 ASC-dəki depozit hesabına daxil edilməsi üçün bankın xəzinəsinə təhvil vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli 2(011)-7464/2019 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdehlər X11 və İddiaçı2 arasında bağlanılmış 15 avqust 2019-cu il tarixli “ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 195.7 kv.metr olan 2 mərtəbəli 6V saylı fərdi yaşayış evinin ilkin alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, 70.000 manat məbləğində pulun cavabdeh İddiaçı2 geri ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2256/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, iddiaçı X8 cavabdehlər İddiaçı2 və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiasından imtinasının məhkəmə tərəfindən qəbul edilməsi, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7464/2019 saylı 15 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmış, iddiaçıya eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət etmənin yol verilməzliyi izah olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 2(011)-64/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı2 cavabdehlər X5, X9 və X6 qarşı “Cavabdeh1 iddiaçıdan aldatmaq yolu ilə mənimsənmiş 70 min manat və bu müddət ərzində dəymiş maddi və mənəvi və əldən çıxmış faydanın ən azından 10.000 manat hesablayaraq cavabdehlərin dərhal ümumi olaraq 80.000 manat iddiaçıya ödəməsi barədə” iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-776/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 2(011)-64/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 390 (üç yüz doxsan) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı2 xx.xx.2019-cu ildə notarial qaydada təsdiq edilmiş ilkin alqı-satqı müqaviləsi bağlayaraq, X3 istifadəsində olan fərdi yaşayış evini 70.000 manata almağa dair razılığa gəlmiş və notarius tərəfindən verilmiş məktuba əsasən elə həmin tarixdə 70.000 manat məbləğində pulu notariusun bankda olan depozit hesabına mədaxil etmişdir. İddiaçı2 X5 və digər şəxslərə qarşı “Cavabdeh1 iddiaçıdan aldatmaq yolu ilə mənimsənmiş 70 min manat və bu müddət ərzində dəymiş maddi və mənəvi və əldən çıxmış faydanın ən azından 10.000 manat hesablanaraq cavabdehlərin dərhal ümumi olaraq 80.000 manat iddiaçıya ödəməsi barədə” iddia tələbinin rədd edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 70.000 manat məbləğində pulun İddiaçı1 tərəfindən İddiaçı2 borc kimi verildiyinə istinad edərək, İddiaçı2 tərəfindən notariusun depozit hesabına ödənilmiş 70.000 manat və əldən çıxmış fayda kimi 30.000 manat olmaqla, cəmi 100.000 (bir yüz min) manat məbləğində maddi zərərin cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisindən tutularaq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə “İddiaçı1 cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “pul” tələbinə dair iddiası”na münasibətdə hesab edir ki, İddiaçı1 bu iddianı qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçıların iddia ərizəsində və izahatlarında göstərdikləri faktiki hallardan aydın olur ki, onlar 70.000 manat məbləğində pulun İddiaçı1 tərəfindən məhz İddiaçı2 verildiyini iddia edirlər. İşdə olan sübutlar əsasında müəyyən olunur ki, 70.000 manat məbləğində pul hazırki iş üzrə cavabdeh qismində cəlb edilmiş Bakı şəhəri 14 saylı Notariat Ofisinin bankda olan depozit hesabına notarius tərəfindən onun adına verilmiş məktub əsasında məhz İddiaçı2 tərəfindən daxil edilmişdir. Hazırki mübahisə də İddiaçı2 tərəfindən notariusun depozit hesabına ödənilmiş həmin məbləğdə pulun və əldən çıxmış faydanın maddi zərər kimi tələb edilməsi ilə əlaqədar yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı1 cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “pul” tələbinə dair iddia irəli sürmək üçün subyektiv hüququ olmadığından, tələb bu hissədə təmin edilməməlidir. “İddiaçı2 cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “pul” tələbinə dair iddiası” ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iş materiallarında olan sübutlar əsasında cavabdeh qismində cəlb edilmiş Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən İddiaçı2 70.000 manat məbləğində pulun müqavilə təsdiq edildikdən sonra X6 verilməsi üçün depozit hesaba qəbul edilməsinə dair məktub xx.xx.2019-cu il tarixdə Cavabdeh2 ASC-nin 5 saylı şöbəsinə ünvanlanması, həmin məktub əsasında 70.000 manat məbləğində pul İddiaçı2 tərəfindən bankın xəzinəsinə təhvil verilməsi müəyyən edilmişdir. Beləliklə, iddiaçı bu pulun və həmin pula dair əldən çıxmış faydanın, yəni dəymiş maddi ziyanın əvəzinin cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, pulun cavabdehdə olması və ya məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi faktı öz təsdiqini tapmır. Belə ki, cavabdeh müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada öz vəzifə səlahiyyətlərini icra etmiş və pulun aidiyyəti şəxsə verilməsi üçün depozit hesaba mədaxil edilməsini təmin etmək istiqamətində lazımi tədbiri görmüşdür. Cavabdehin hərəkətləri qanunazidd olmadığından və iddiaçıya iddia etdiyi məbləğdə maddi ziyan dəyməsində təqsiri müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, İddiaçı2 cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “pul” tələbinə dair iddiası da təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddələrinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməli, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-513/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-513/2024
29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver