Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5149/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.995 manat məbləğində pul vəsaiti, işə baxılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı olmaqla, cəmi 2.025 manat 40 qəpik pul vəsaitinin iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan «Mercedes Benz» markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(006)-5149/2021 saylı qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, 07.01.2021-ci il tarixdə saat 02.30 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində Şirkətdə icbdari sığorta növü üzrə sığortalanmış «Mercedes Benz» markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh tərəfindən idarə olunarkən «Toyota Rav 4» markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Nəsimi rayon DYPŞ-nin 13.01.2021-ci il tarixli TP ******* saylı qərarına əsasən baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh qanunvericiliyin tələblərini pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə (hadisə yerindən yayınma) inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, «Toyota Rav 4» markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə 1.995 manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 0480 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərər çəkən «Toyota Rav 4» markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1.995 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 1.995 manat məbləğində sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərər çəkənə ödənildiyindən, Dövlət Sığorta Kommersiya Şirkətinin «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələbinə görə, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti məhkəməyə ərizə ilə müraciət edərək, iş həcminin çoxluğu və pandemiya ilə bağlı olaraq üzürlü səbəbdən nümayəndələrinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etməklə, məhkəmədən mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 04.09.2020-ci il tarixdə bağlanmış PDS********** nömrəli sığorta müqaviləsinə əsasən Cavabdeh idarə etdiyi «Mercedes Benz» markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi «avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmışdır. 07.01.2021-ci il tarixdə saat 02:30-da Cavabdeh idarə etdiyi «Mercedes Benz» markalı ** VF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə YNH törətmiş və nəticədə X1 idarə etdiyi «Toyota Rav 4» markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Hadisə ilə bağlı 13.01.2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-in aidiyyatı maddələrinə əsasən inzibati tənbeh edilmişdir. 22.01.2021-ci il tarixli dəymiş zərərin qiymətləndirilməsi hesabatına (qüsur aktına) əsasən «Toyota Rav 4» markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün (dəymiş ziyanın aradan qaldırılması üçün ehtiyat hissələrinin alınması və görüləcək işlər) 1.995 manat tələb olunur. 22.02.2021-ci il tarixli 0480 saylı sığorta aktına əsasən Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 1.995 manat məbləğində sığorta ödənişinin X3 ödənilməsi qərara alınmış və 26.02.2021-ci il tarixli 5455 saylı ödəniş tapşırığına əsasən 1.995 manat məbləğində sığorta ödənişi X2 hesabına köçürülmüşdür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göründüyü kimi, Cavabdeh YNH yerini tərk etmiş, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və iddiaçının subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddənin mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi yalnız bir nəfərin, yəni yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə hesab edir ki, vurulmuş zərər Cavabdeh tutulmalıdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, 40 qəpik xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, subroqasiya qaydasında 1.995 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı olmaqla, cəmi 2.025 manat 40 qəpik Cavabdeh iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Subroqasiya qaydasında 1.995 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı olmaqla, cəmi 2.025 manat 40 qəpik Cavabdeh iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5149/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5149/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver