Məhkəmə qərarları › İş №2(006)-515/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-515/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-515/2022 17.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Santa fe” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə görə ödənilmiş 7.488 manat icbari sığorta ödənişindən sonra qalmış 2.488 (iki min dörd yüz səksən səkkiz) manatın və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Audi Q7” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 21.11.2017-ci il tarixdən 20.11.2018-ci il tarixədək AZ/MİH/17/GC61 №-İi “avtonəqliyyat vasitələrinin kompleks sığortası" şəhadətnaməsi ilə sığortalalnmışdır. 23.06.2018-ci il tarixdə Siyəzən rayonu, Qalaaltı kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh tərəfindən idarə edilən “Audi Q7" markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə “Hyundai Santa fe” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi toqquşmuş, həmçinin hadisə zamanı cavabdehin təqsirli olması 23.06.2018-ci il tarixli İXP ******* saylı “inzibati xəta haqqında’’ protokol ilə təsdiq edilmişdir. Hadisə zamanı zərəçəkmiş tərəfindən AZ/MİH/17/0061 №-li “Avtonəqliyyat vasitlələrinin kompleks sığortası” şəhadətnaməsi ilə sığortalandığından, hadisə nəticəsində “Hyundai Santa fe” markalı 10AZ448 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 2846/ACM-080/2018 №-li aktla ümumilikdə 7.488 (yeddi min dörd yüz səksən səkkiz) AZN məbləğində sığorta ödənişi verilmiş və qanunvericiliyə uyğun olaraq sığorta ödənişi məbləğində cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh tərəfindən idarə edilən “Audi Q7” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə bağlı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” mövcud olduğundan mütənasib borc məbləğinin 5.000 manat hissəsi olaraq subroqasiya tələbi əsasında "xxxx" ASC tərəfindən ödənildiyindən, qalan hissədə subroqasiya tələbi qaydasında cavabdehdən alınmalıdır. Sürücülük hüququ olmadan cavabdeh tərifindən avtomobil idarə olunaraq yol-nəqliyyat hadisəsi törətdilməsi səbəbindən üçüncü şəxsin əmlakına, avtomobilinə vurulmuş zərərə görə ödənilməli 7.488 mantdan qalmış 2.488 (iki min dörd yüz səksən səkkiz) manat pul cavabdehdən alınaraq "xxxx" ASC-yə verilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə işə mahiyyəti üzrə baxılmasını tələb etmiş, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən o, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1114.1-ci maddəsinə müvafiq olaraq başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. AC seriyalı, 335017 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-AZ-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Santa fe” markalı avtomobilin sahibi "xxxx" ASC-dir. AC seriyalı, 324309 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-TS-*** dövlət qeydiyyat nişanlı, “AUDİ Q7" markalı avtomobilin sahibi Cavabdehdur. AZ/MİH/170061 nömrəli “Avtonəqliyyat vasitələrinin kompleks sığorta şəhadətnaməsi”nin surətindən görünür ki, "xxxx" ASC-yə məxsus avtomobil 21.11.2017-ci il tarixindən 20.11.2018-ci il tarixinə kimi KASKO sığortası üzrə sığortalanmış, əmlakın dəyəri 55.000 manat, sığorta məbləği isə 155.000 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş 26.07.2018-ci il tarixli 2846/CM-080/2018 saylı sığorta aktından görünür ki, "xxxx" ASC-yə məxsus olan “avtonəqliyyat vasitələrinin kompleks sığortası” ilə sığortalanmış “Hyundai Santa fe” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yolnəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın ümumi məbləği 7.583 manat məbləğində müəyyən edilmiş və sığorta ödənişi zərərçəkmiş şəxsin hesabına ödənilmişdir. 26.07.2018-ci il tarixli 2846/CM-080/2018 saylı akta 1 nömrəli əlavədən görünür ki, “Hyundai Santa fe” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində 10.218 manat zərər müəyyən edilmişdir. Təmir-bərpa işlərinin başlanılması üçün avans olaraq 7.583 manat F.S X2 bank hesabına köçürülmüşdür. Qüsur aktına əsasən qalıq məbləğ 2.635 manat F.S X2 bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin İXP seriyalı, ******* nömrəli, 23.06.2018-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “AUDİ Q7" markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Fərdi sahibkar X2 tərtib etdiyi 28.06.2018-ci il tarixli qüsür aktından görünür ki, **-AZ-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Santa fe” markalı avtomobilin təmir-bərpa xərci 7.583 manat (dəyişilməli hissələrin dəyəri – 7.203 manat + təmir işlərinin dəyəri – 380 manat) müəyyən edilmişdir. "xxxx" MMC-nin tərtib etdiyi 28.06.2018-ci il tarixli qüsür aktından görünür ki, **-AZ-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Santa fe” markalı avtomobilin təmir-bərpa xərci 10.218 manat (dəyişilməli hissələrin dəyəri – 8.782 manat manat + təmir işlərinin dəyəri –1.436 manat) müəyyən edilmişdir. 27.07.2018-ci il tarixli kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 bank hesabına 7.583 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9360 saylı, 21.02.2022-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, fərdi sahibkar X3 tərəfindən tərtib edilmiş 28.06.2018-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Hyundai Santa fe” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5.190 manat müəyyən edilmişdir. 29.06.2021-ci il pretenziya məktubundan görünür ki, Cavabdeh sığorta ödənişini 15 təqvim günü ərzində "xxxx" ASC-yə ödəməsi barədə xəbərdar olunmuşdur. Ödəniş qəbzinə əsasən hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30,40 manat dövlət rüsumu ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Sığortaçı sığortalıya (faydalanan şəxsə) əmlak sığortası üzrə sığorta ödənişini həyata keçirdiyindən, həmin ödəniş məbləğində zərər vuran şəxsin özünə qarşı subroqasiya hüququna malikdir. Məhkəmə tərəfindən təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyinə əsasən “Hyundai Santa fe” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5.190 manat müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən idarə edilən “Audi Q7” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə bağlı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” mövcud olduğundan sığorta məbləğinin 5.000 manat hissəsi subroqasiya tələbi əsasında "xxxx" ASC tərəfindən ödənilmişdir. 23.06.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Santa fe” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 5.000 manat məbləğində sığorta ödənişi verildiyindən, avtomobilə dəymiş zərərin ümumi məbləği 5.190 manat məbləğində müəyyən edildiyindən, Cavabdeh "xxxx" ASC-nin 190 manat məbləğində pul tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 190 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 8 manatı, cəmi 198 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 92 manatı iddiaçı "xxxx" ASC-dən, 8 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar