Məhkəmə qərarları › İş №2(006)-5164/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5164/2024

26.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5164/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı-Mineralnıye Vodi istiqaməti üzrə 10 sentyabr 2024-cü il tarixli, J28717 saylı reysə “PEK764-YAKE” saytından “Buta büdcə” tarifinə məxsus olan özü və nəvəsi X3 üçün əldə etdiyi **********761 və **********762 nömrəli aviabiletlər, o cümlədən Mineralnıye Vodi-Bakı istiqaməti üzrə 13 sentyabr 2024cü il tarixli J28718 saylı reysə “Voyzant US-Chikago İL” saytından yalnız özü üçün 15 avqust 2024-cü il tarixində əldə etdiyi **********828 nömrəli avoiabiletin müəyyən zəruri səbəblər üzündən qaytarılması məcburiyyətindən qaytarılması ilə bağlı uçuşdan xeyli öncə, xx.xx.2024-cü il tarixindən etibarən aviaşirkətə müraciət etməyinə baxmayaraq ümumi dəyəri 1085 AZN olan pul onlara qaytarılmayıb. Adıgedən aviabiletlərin müəyyən zəruri səbəblər üzündən qaytarılması məcburiyyətində qaldığından qaytarılması ilə bağlı uçuşdan xeyli öncə, xx.xx.2024-cü il tarixindən etibarən aviaşirkətə müraciət etmişdir və ona bildirilib ki, təqdim etdiyi biletlər “ekonom budget tarifi” olduğu üçün dəyişmək və geri qaytarmaq mümkün deyil. Online aldığı ekonom budget tarifi biletlərinin qaytarılmasının mümkünsüzlüyü haqqında qaydaların hansı normativ hüquqi akt və ya texniki normativ hüquqi akta əsasən qəbul olunduğu ilə bağlı sənədlə tanış olmaq üçün təkrar müraciət etmişdir, sorğu göndərilmişdir, lakin ona tanış olmaq üçün sadəcə olaraq müvafiq linkə (https://azal.az/az/informasiya/fare-rules/) daxil olmaq bildirilib. Bugünədək ona ekonom budget tarifinin hansı qanunvericiliyə əsasən qəbul edilməsi haqqında cavabdeh tərəfindən sorğusuna cavab verilməyib. Azalın şirkətinə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir və ona bildirilib ki, Azərbaycanın Hava Yollarına elektron qaydada (mailto:Airlinescallcenter@azal.azElektron ünvan 1) müraciət etmək lazımdır. O da xx.xx.2024-cü il tarixdən etibarən (26-30 avqust və 5,10, 11 sentyabr 2024-cü il) tarixlərdə elektron poçtasından (mailto:verli.qarayev@rambler.azElektron ünvan 2) müraciət etməyinə baxmayaraq ümumi dəyəri 1085 manat olan pul qaytarılmayıb və “ekonom budge tarifi” biletlərinin qaytarılmasının mümkünsüzlüyü haqqında qaydaların hansı normativ hüquqi akt və ya texniki normativ hüquqi akta əsasən qəbul olunduğu ilə bağlı sənəd təqdim olunmayıb. Odur ki, məcburiyyət qarşısında qalaraq xx.xx.2024-cü il tarixdə teleqramla (№AZ1156/**********) bir daha Azərbaycan Hava Yollarına müraciət edib nəzərdə tutulan adıgedən biletlərin dəyərinin ödənilməsinə müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Milli Aviasiyasının "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən adıgedən teleqrama xx.xx.2024-cü il tarixdə (№AZ1156/**********) rəsmi olaraq cavab verilmişdir. Cavab məktubunda bildirilir ki, əldə etdiyi biletlər “Buta Büdcə” tarifinə məxsusdur və tarif qaydalarına əsasən aviabiletin dəyərinin qaytarılmasına və tarixinin dəyişilməsinə icazə verilmir. Yenə də iddiaçıya https://azal.az/az/informasiya/fare-rules/ linkinə daxil olaraq tarif qaydaları ilə tanış olmaq tövsiyə edilib. Azərbaycan Hava Yollarına dəfələrlə müraciət etməyinə baxmayaraq 15 avqust 2024-cü il tarixdə “Buta Büdcə” tarifinə məxsus “on line” əldə etdiyi **********761, **********762 və **********828 nömrəli aviabiletlərin dəyərinin ödənilməsi (ümumilikdə 1085 manat) təmin olunmayıb. “Buta Büdcə” tarifində aviabiletin dəyərinin qaytarılmaması və tarixinin dəyişilməsinə icazə verilməməsi haqqında qaydaların hansı normativ hüquqi akt və ya texniki normativ hüquqi akta əsasən qəbul olunduğu haqqında məlumat iddiaçıya verilməyib. Göstərilənlərə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 15 avqust 2024cü il tarixində “on line” əldə etdiyi “Buta Büdcə” tarifinə məxsus **********761, **********762 və **********828 nömrəli aviabiletlərin dəyərinin ödənilməməsinin istehlakçının hüququnun pozulması hesab olunduğunu nəzərə alaraq 1085 manat məbləğin və iddiaçıya dəyən maddi və mənəvi ziyanın 1000 manat məbləğində cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra iş üzrə cavabdehin nümayəndəsi X1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia tam əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, "xxxx" QSC-nin “Tarif Qaydaları” və “Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları”nın tətbiqi ilə bağlı - iddiaçının **********761, **********762 və **********828 nömrəli “Buta Büdcə” tarifli biletlərin pulunun qaytarılması barədə "xxxx" QSC-yə ünvanladığı müraciətə xx.xx.2024-cü il tarixdə 13-2/2-Q-1381/1-28/2024/3350 nömrəli məktubla cavab verilmişdir. Həmin məktubda istinad olunan “Tarif Qaydaları” və “Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları” "xxxx" QSC-nin rəhbərinin əmri ilə təsdiq edilmiş və hər iki qayda rəsmi internet səhifəsində yerləşdirilmişdir. İddiaçı bilet alarkən həmin qaydalarla tanış olmuşdur, bilet almışdır. Bu isə öz növbəsində sərnişinin həmin qaydalarla razılaşdığını göstərir. Bundan başqa, işin hallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya qarşı qeyri-maddi nemətlərə aid hüquqlarının pozulması ilə nəticələnən hər hansı mənəvi zərər vurulmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq İddiaçı iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı “Buta Büdcə” tarifli bilet alınması ilə bağlı müqavilə bağlamış və bilet əldə edilərkən həmin biletin qaytarılan bilet olmaması onun nəzərinə çatdırılmışdır. İddiaçı həmin bəndlə razılaşmış və onu qəbul etmişdir. Ona görə də sonradan iddiaçı tərəfindən biletinin dəyərinin qaytarılması ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, burada heç bir hüquqpozuntusuna yol verilməmişdir. Odur ki, iddia ərizəsinin rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının qeyd etdiyi şərt iddiaçı ilə aralarında bağlanmış müqavilədə qeyd edilmiş və iddiaçı bunu təsdiq edərək həmin şərtlə razı olduğunu göstərmişdir. Yəni hazırda onlar müqavilə şərtlərinə istinad edirlər ki, bu da AR Mülki Məcəlləsinin müqavilə azadlığı prinsipinə söykənir. Əlavə olaraq, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, bilet üzrə ödənişin ÇXR-nın pul vahidi olan “Yuan”la edilməsinin səbəbi odur ki, həmin bilet ÇXR saytından əldə edildiyinə görə yığım xərcləri ÇXR pul vahidi ilə ödənilmişdir. 6.Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə online qaydada özü və nəvəsi üçün Bakı-Mineralnıye Vodi istiqaməti “Buta Büdcə” tarifinə məxsus **********761, **********762 nömrəli və əlavə olaraq özünün geri qayıtması üçün Mineralnıye Vodi-Bakı istiqaməti üzrə **********828 nömrəli aviabiletlər əldə etmişdir. Lakin daha sonra iddiaçı müəyyən üzrlü səbəblərdən həmin aviabiletlərin qaytarılması məcburiyyətində qalmış və bununla bağlı ilk dəfə xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən aviabiletlərin qaytarılması mümkün olmamışdır. Hazırda iddiaçı aldığı aviabiletlərin ümumi dəyəri olan 1085 manat və ona dəyən maddi və mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb edir. Cavabdeh tərəf isə iddia tələbi ilə razı deyildir və iddia tələbinin rədd edilməsini tələb edir. . b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanan aviabiletlərin qaytarılması barədə cavab məktubundan görünür ki, Bakı-Mineralnıye Vodı istiqaməti üzrə 10 sentyabr 2024-cü il tarixli J28717 saylı reysə “PEK764-YAKE” saytından əldə etdiyi **********761, **********762 nömrəli aviabiletlər, o cümlədən Mineralnıye-Vodi-Bakı istiqaməti üzrə 13 sentyabr 2024-cü il tarixli J28718 saylı reysə “Voyzant US-Chicago İL” saytından əldə etdiyi **********828 nömrəli aviabilet “Buta Büdcə” tarifinə məxsusdur. Belə ki, tarif qaydalarına əsasən aviabiletin dəyərinin qaytarılmasına və tarixinin dəyişdirilməsinə icazə verilmir. Tarif qaydaları ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilər (https://azal.az/az/informasiya/fare-rules/). Bundan əlavə, aviabiletlərin “Buta Büdcə” tarifi üzrə rəsmiləşdirildiyindən, aviaşirkətin tarif qaydalarına əsasən hər bir bilet üçün yalnız 8.00 Çin yuanı (CYN) məbləğində hava limanı yığımı geri qaytarılır. Vəsaitin qaytarılması üçün aviabiletləri əldə etdiyi yerə müraciət edilməsi tövsiyə edilmişdir. Bildirilmişdir ki, Azalın Sərnişlərin, baqajın və yükün daşınması qaydalarının 20.1.5-ci yarımbəndinə əsasən məbləğin qaytarılması daşınmanın satıldığı ölkədə yalnız biletin alındığı yerdə həyata keçirilir. 9.Mülki işin materiallarında olan İddiaçı tərəfindən cavabdehə onlayn qaydada ünvanlanan məktublardan görünür ki, iddiaçı **********761, **********762 və **********828 nömrəli aviabiletlərin məbləğinin geri qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 11.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 12.Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 13.Həmin Məcəllənin 405-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 14.Həmçinin, Məcəllənin 842-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. 15.Hazırki iş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi İddiaçı tərəfindən “Buta Büdcə” tarifinə məxsus **********761, **********762 və **********828 nömrəli aviabiletlərin alınması işin mübahisəsiz halıdır. Yəni bu halda məhkəmə hər hansı bir öhdəliyin yaranması və tələbin formalaşması üçün tərəflar arasında bağlanmış müqavilə olduğundan müqavilə hüquq münasibətlərinə istinad etməlidir. Hazırda iddiaçı müəyyən üzrlü səbəblərdən almış olduğu aviabiletlər üzrə uçuşu həyata keçirə bilmədiyini və biletləri aldıqdan qısa müddət sonra cavabdehə biletlərin geri qaytarılması barədə müraciət etməsinə baxmayaraq biletlərə görə ödədiyi pul vəsaitinin cavabdeh tərəfindən geri qaytarılmadığını iddia edir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. Hazırki iş üzrə iddiaçı xx.xx.2024-cü il tarixdə elektron qaydada “Buta Büdcə” tarifinə məxsus 3 aviabilet alınmış, bununla da artıq tərəflər arasında müvafiq müqavilə bağlanmış hesab edilmişdir. Bundan əlavə, “Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları”nın 20.1.1-ci bəndinə əsasən biletdə göstərilən tarifin tətbiq olunması qaydaları ilə digər hal nəzərdə tutulmamışdırsa, Aviaşirkət biletin (onun hissəsinin) istifadə olunmamasına görə məbləğin qaytarılmasını yalnız Aviaşirkətin (771) İATA nömrələri olan daşınma sənədləri üzrə həyata keçirir. Halbuki, iddiaçının almış olduğu **********761, **********762 və **********828 nömrəli aviabiletlər “Buta Büdcə” tarifli biletlərdir və “Buta Büdcə” tarif qaydalarına əsasən isə alınan aviabiletlərin qaytarılması və ya tarixinin dəyişdirilməsinə icazə verilməməsi nəzərdə tutulmuşdur. İddiaçı aviabiletləri aldığı zaman həmin şərt cavabdeh tərəfindən təqdim edilən razılaşmada öz əksini tapmış və iddiaçı da bu şərtlər razılaşaraq həmin razılaşmanı könüllü surətdə, heç bir təsir altında qalmadan təsdiq etmişdir. Mülki işin materiallarından göründüyü kimi iddiaçıya cavabdeh tərəfindən ünvanlanan cavab məktublarında da bu şərtin mövcudluğu və iddiaçının aviabiletləri almaqla həmin şərti artıq təsdiq etmiş olduğu öz əksini tapmışdır. Qeyd edilənlərdən göründüyü kimi işin faktiki halları iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının hazırki iddia tələbi ilə, yəni alınan aviabiletlərin ümumilikdə məbləği olan 1085 manat pul vəsaitinin cavabdeh tərəfindən geri qaytarılmasına dair məhkəməyə müraciət etməsi əsassız olmaqla rədd edilməlidir. 16.Həmçinin iddiaçı əlavə olaraq ona dəymiş maddi ziyan tələbini irəli sürsədə bununla bağlı sübutları məhkəməyə təqdim etməmiş və buna dair hər hansı mötəbər dəlilə istinad etməmişdir. Bu tələb isə məhkəmədə yalnız formal xarakter daşımışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əssasız hesab edilməklə təmin edilməməlidir. 17.Bundan başqa, məhkəmə iddia tələbinin 1000 manat məbləğində mənəvi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə tələb əsas tələblə, yəni maddi ziyanın ödənilməsi ilə bağlı olduğuna görə və həmin hissədə də tələb əsassız hesab edildiyindən, yəni iddiaçıya tələb olunan həddə maddi ziyanın dəyməsi öz təsdiqini tapmadığına görə prosessual qənaət prinsipinə əsasən iddia tələbi iddiaçıya dəymiş mənəvi ziyanın ödənilməsi hissəsində də əsassız hesab edilməklə rədd edilməlidir. 18.Beləliklə də, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası əsassız hesab edilməklə rədd edilməlidir. 19.Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 20..Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 21.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 22.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar