Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5189/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı – İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildə yaşayış və istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildə yaşayış və istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanda yerləşən 50 saylı mənzildə istifadə, yaşamaq hüququnun itirilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2005-ci ilin sentyabr ayından ünvan 2 ünvanda yerləşən 50 saylı mənzildə yaşayır. Mənzildən istifadə hüququ məhkəmə qətnaməsi ilə tanınmışdır. 2014-cü ildən mənzildə qeydiyyatdadır. Cavabdehlərdən Cavabdeh1, mərhum qardaşı X1 həyat yoldaşı, X5 isə onun qızıdır. Mübahisəli ünvan 2 ünvanda yerləşən 50 saylı mənzil dövlət tərəfindən 1991-ci ildə qardaşına verilmiş, icarədarı da qardaşı olmuşdur. Mənzil özəlləşdirilməmişdir və Nəsimi rayon İcra Hakimiyyətinin balansındadır. 2001-ci ildə Cavabdeh1 ilə, o zaman mənzilin icarəçisi olan qardaşı X3 arasında mövcud olan nigaha xitam verilmişdir. 25 iyul 2011-ci il tarixdə o zaman onunla bir mənzildə yaşayan qardaşı vəfat etmişdir. Cavabdehlər 1998-ci il tarixdən mübahisəli mənzildə qeydiyyatda olsalar da orada demək olar ki, heç vaxt daimi və aramsız olaraq yaşamamışlar. Artıq uzun müddətdən bəri xaricə köçüb getmələrinə baxmayaraq, qardaşının ölümündən sonra, cavabdehlər, mənzilə dair iddia ilə çıxış etməyə başlamışlar. Onların ona qarşı qaldırdığı iddia tələbi əsasında, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 10 dekabr 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 hal-hazırda mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən 50 saylı mənzilə köçürülmüşlər. Mənzilə dair icarə müqaviləsinin Cavabdeh1 ilə bağlanılması qərara alınmış, həmin qətnamə ilə eyni zamanda, onun bu mənzildən istifadə hüququ rəsmi qaydada tanınmışdır. Cavabdehlər bu mənzildə demək olar ki, heç vaxt daimi yaşamamışlar. Qardaşı ilə Cavabdeh1 arasında mövcud olan nigaha xitam verildikdən sonra isə bu mənzildə heç vaxt yaşamamışlar. Nəsimi rayon məhkəməsinin qeyd etdiyi 10 dekabr 2012-ci il tarixli qətnaməsi ilə cavabdehlərin mübahisəli mənzilə köçürülmələri qərara alınsada, məhkəmə icraçıları onları tapıb, məhkəmə qətnaməsini formal olaraq belə icra edə bilməmişlər. Belə ki, cavabdehlər hər ikisi Türkiyənin vətəndaşıdırlar. Türkiyədə ailə qurub, elə orada da daimi olaraq yaşayırlar. Onlar 20 ildən artıqdır ki, bu mənzildə yaşamamışlar. Mənzilin icarəçisi formal olaraq Cavabdeh1 hesab olunsada mənzildə yeganə olaraq yaşayan özüdür. Mənzilin bütün kommunal ödənişləri də onun tərəfindən ödənilir. Mənzil üzərində istifadə və sərəncam hüquqları yeganə olaraq onun tərəfimdən həyata keçirilir. Cavabdehlər Bakı şəhərinə demək olar ki, gəlib-getmirlər. Mənzildən istifadə və sərəncam hüquqlarını həyata keçirmirlər. Təyinatı üzrə istifadə etmirlər. Hər ikisi xarici vətəndaşla ailə qurub xaricdə yaşayırlar. Cavabdehlər uzun müddət bu mənzildə yaşamamaqla, mənzildən istifadə hüququnu itirmişlər. Ona görə də: onların mənzildən istifadə hüququra xitam verilməsi, mənzildən çıxarılma və mənzilin icarə müqaviləsinin onunla bağlanması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalır. Müvafiq halda cavabdehlər, daimi olaraq yaşayış sahəsini tərk edərək başqa ölkəyə köçmüşlər. Burada yaşamırlar, mənzildən təyinatı üzrə istifadə etmirlər, kirayə və kommunal ödənişləri həyata keçirmirlər. Bu hallar onların mənzildən məhkəmə qaydasında çıxarılmaları üçün əsasdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, iddiaçını 2006-cı ildən tanıyır. İddiaçının mərhum qardaşı ikinci mərtəbədə, o isə üçüncü mərtəbədə yaşayırdı. İddiaçının qardaşı tək yaşayırdı. İddiaçı qardaşına baxırdı. Hazırda orada iddiaçı yaşayır. Cavabdehlər orada yaşamırlar. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirdi ki, iddiaçını 2012-ci ildən tanıyır. İddiaçı həmişə qeyd edilən ünvanda tək yaşayıb. Cavabdehləri tanımır. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 33 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli 34 saylı arayışından görünür ki, ünvan 1 ünvanda yerləşən 50 saylı mənzildə İddiaçı, Cavabdeh1 və Cavabdeh2 daimi qeydiyyatdadırlar. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1093/2012 saylı dekabr 2012-ci il tarixli qətnaməsindən görünür ki, X7 və Cavabdeh2 qeydiyyatda olduqları ünvan 2 saylı evin 50 saylı mənzilinə köçürülməsi, ünvan 2 saylı evin 50 saylı mənzilinə icarə müqaviləsinin X7 ilə bağlanması, İddiaçı Bakı şəhəri, Nəsimi, rayonu Cavagxan küçəsi 14 saylı evin 50 saylı mənzilinə istifadə hüququnun tanınması qət edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, tərəflərin irəli sürdüyü faktiki hallar onların iddia tələblərinin qanuni əsaslarının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadırlar; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, qanuni sahibliylərində olduğunu iddia etdiyi mənzilin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən mənzilin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmiş, eyni zamanda mənzilin Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin balansında olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçını iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli mənzilin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, mənzilin mülkiyyətçisi (Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti) tərəfindən onunla müvafiq müqavilə bağlanmamış, yaxud mənzil qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia ərizəsinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Eyni zamanda məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1093/2012 saylı dekabr 2012-ci il tarixli qətnaməsi ilə hazırkli iş üzrə cavabdehlərin mübahisəli mənzilə köçürülməsi, eyni zamanda həmin mənzilə icarə müqaviləsinin hazırki iş üzrə cavabdeh X7 ilə bağlanması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-5189/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5189/2022
20.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver