Məhkəmə qərarları › İş №2(006)-5189/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5189/2025

27.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5189/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kredit müqaviləsi üzrə aylıq ödənişin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kredit müqaviləsi üzrə aylıq ödənişin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-yə ayda 150 manat kredit borcunu ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2023-cü ildə dörd bankdan – "xxxx" ASCdən 15.000 (on beş min) manat, "xxxx" ASC-dən 9.300 (doqquz min üç yüz) manat, "xxxx" KB ASCdən 10.000 (on min) manat və "xxxx" ASC-dən 9.200 (doqquz min iki yüz) manat olmaqla kreditlər götürmüşdür. Bütün banklara müraciət edib xahiş etmişdir ki, banklar humanist addımlar atıb aldığı əmək haqqına uyğun olaraq real köməklik göstərsinlər. Qeyd olunan banklardan zaminsiz olaraq pul götürmüşdür və götürdüyü pulların sona qədər ödənilməsinin məsuliyyətini dərk edir. Lakin, onun aldığı əmək haqqı 693.88 manatdır. Hal-hazırda bank ödənişlərini ödəməkdə çətinliklər yaranıbdır. Ailədə 2 azyaşlı övladı var. Müəyyən sıxıntılarla üzləşdiyindən qeyd olunanların nəzərə alınmasını və iddiaçıya kömək məqsədilə bankdan aldığı pulların ödənilməsində müəyyən güzəştlər edilməsini – faizlərin dayandırılması; vaxt müddətinin uzadılması; hər bankda ayda 150 manat ödəməsi variantlarından birinə razılıq verilməsini xahiş etmişdir. Lakin, cavabdeh "xxxx" ASC qeyd edilən variantlardan heç birini nəzərə almamışdır. Aldığı əmək haqqından iddiaçıya və ailəsinin dolanması üçün heç nə qalmır.

3. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə münasibət – etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, aylıq ödənişin 150 manata endirilməsi müqavilənin birtərəfli qaydada dəyişdirilməsi kimi başa düşülür. Hazırkı iş üzrə İddiaçı ilə xx.xx.2023-cü il tarixli, CLEE001438157 nömrəli kredit müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin 1 nömrəli əlavəsində isə ödəniş qrafiki öz əksini tapmışdır. Həmin sənədlərdən göründüyü kimi İddiaçı 15000 manat həcmində, 59 ay müddətli, illik faiz dərəcəsi 19,9 %, aylıq ödənişi 400.52 manat (sonuncu ay 399.45 manat) ödəməklə krediti qaytarmağı üzərinə götürmüşdür. İddiaçının ödəniş qabiliyyətinin aşağı düşməsinə istinad edərək kredit müqaviləsinin birtərəfli qaydada dəyişdirilməsi əsassızdır. Kredit müqaviləsinin birtərəfli qaydada dəyişdirilməsi üçün həm məhkəmədən kənar, həm də məhkəmə qaydasında qanunvericilikdə göstərilən əsaslardan heç biri mövcud deyildir. Nə "xxxx" ASC tərəfindən müqavilə pozuntusuna yol verilmiş, nə də müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi halı baş vermişdir. Həmçinin, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Göstərilənlər nəzərə alınaraq, iddia tələbi əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, bankdan biznes məqsədilə 15.000 manat pul götürmüş, lakin işləri batırmışdır. Həmçinin ailəsi də dağılmışdır və maaşından aliment də tutulur. Bank da maaş kartında nə qalırsa, hamısını tutur və ona maaşdan heç nə çatmır. Bu səbəblə iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə etirazını müdafiə edərək, iddia əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Həmçinin, bildirdi ki, kredit istehlak məqsədi ilə verilib və ödəniş qrafiki üzrə tərəf aylıq 400.53 manat ödəməli idi. Hazırda bankın kredit müqaviləsinin restrukturizasiya edilməsinə razılığı yoxdur.

6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və iddia ərizəsinə etirazı, onlara əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

7. "xxxx" ASC (Kreditor) ilə İddiaçı (Borcalan) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış CL_EE001438157 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən kreditor borcalana şəxsi istehlak məqsədilə 59 (əlli doqquz) ay müddətinə illik 19,9 (on doqquz tam onda doqquz) % ödəmək şərti ilə 15000 (on beş min) manat məbləğində kredit vermişdir.

8. Həmin kredit müqaviləsinə 1 nömrəli Əlavədən (kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli) görünür ki, aylıq ödəniş 400.53 manat müəyyən edilmişdir.

9. xx.xx.2023-cü il tarixli kredit sifarişindən görünür ki, iddiaçı "xxxx" QSC-də kabel şəbəkəsi üzrə elektrik quraşdırıcısı işləyir və hesablanmış gəliri 790 manatdır. Sifariş olunan kreditin təyinatı “istehlak məqsədi ilə”dir.

10. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış məktubdan görünür ki, İddiaçı kömək məqsədilə bankdan aldığı pulların ödənilməsində müəyyən güzəştlər edilməsini – faizlərin dayandırılması; vaxt müddətinin uzadılması; hər bankda ayda 150 manat ödəməsi variantlarından birinə razılıq verilməsini xahiş etmişdir.

11. "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onunla "xxxx" ASC arasında 20 iyun 2023-cü il tarixdə 59 ay müddətinə 15000 manat məbləğində nağd pul krediti rəsmiləşdirilmiş, kredit müqaviləsi və təqdim edilmiş ödəniş cədvəli şərtləri ərizəçi tərəfindən razılaşdırılaraq imzası ilə təsdiqlənmişdir. Bank tərəfindən müraciətdə qeyd olunan formada güzəşt edilməsi məqsədəmüvafiq hesab edilməmişdir.

12. İş materiallarına hesabdan çıxarış, maliyyə arayışı və s. sənədlər də əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən ona istehlak məqsədi ilə 15000 (on beş min) manat məbləğində kredit verilmiş, iddiaçı ödəniş qrafiki əsasında aylıq 400.53 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür.

14. İddiaçı kredit müqaviləsi üzrə güzəştlər edilməsi (müqavilə şərtlərinin dəyişdirilməsi) barədə banka müraciət etsə də, müqavilənin digər tərəfi olan Bank razılaşmayaraq ərizəçinin müraciətini imtina məktubu ilə cavablandırmışdır.

15. Hazırda iddiaçı özünün borclu olduğu kredit müqaviləsinə münasibətdə güzəşt edilərək aylıq ödənişlərin 150 manata endirilməsini, bank isə müqavilə şərtlərinin ikitərəfli qaydada dəyişdirilməsi üçün razılığının olmaması, birtərəfli qaydada dəyişdirilməsi üçün isə əsas olmaması səbəbindən iddianın rədd edilməsini xahiş edirlər.

c) Məhkəmənin mövqeyi:

16. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən, müqavilənin şərtlərinin dəyişdirilməsi tərəflərin razılığına əsasən və ya belə bir razılıq yoxdursa məhkəmə qaydasında müəyyən əsaslar mövcud olduqda mümkündür. Məhkəmə araşdırması zamanı həm cavabdehin iddiaçıya yazılı imtinasından, həm də cavabdehin nümayəndəsinin izahatından müəyyən edildi ki, müqavilə tərəfləri arasında belə bir razılaşma mövcud deyildir. Bu zaman məhkəmə müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinin qanunvericiliklə müəyyən edilmiş əsaslarının olubolmamasını müəyyən etməlidir.

17. İddiaçı iddia ərizəsində və izahatlarında müqavilə şərtinin dəyişdirilməsinin əsası kimi maddi və ailə vəziyyətinin çətinləşməsi, azyaşlı övladlarının olması s. səbəbləri bildirir. Məhkəmə qeyd edir ki, bu halların heç biri maraqlı tərəfin tələbi ilə müqavilənin məhkəmə qaydasında dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi şərti ilə məhkəmə o halda müqavilə şərtlərini dəyişdirə bilər ki, işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir. İddiaçının maddi vəziyyətinin dəyişməsi isə şəraitin əhəmiyyətli dərəcədə dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, maddi vəziyyətin dəyişməsi (baxmayaraq ki, iddiaçı bununla bağlı da heç bir sübut təqdim etməmişdir, məhkəmə iddianın əsası kimi çıxış edən halların dispozisiya şərtlərinə uyğunluğu baxımından buna qiymət verməyi zəruri hesab edir) ağlabatan şəkildə əvvəlcədən görülə bilən, təxmin edilə bilən bir hal olub, belə halların və risklərin müqavilə şərtləri razılaşdırılarkən tərəflərin özlərinin nəzərə alması gözləniləndir.

18. Beləliklə, qanunvericiliyin tələblərinə əsasən, iddiaçının iddia tələbinin əsası kimi çıxış edən dəlillərinin heç biri müqavilənin məhkəmə tərəfindən dəyişdirilməsi üçün əsas olmadığından, iddia tələbi əsassızdır.

19. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

d) Tətbiq edilən hüquq və gəlinən nəticə:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddə 422.2.1-422.2.4 Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 sentyabr 2018-ci il tarixli Qərarı: Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Mülki Məcəllənin 422.1-ci maddəsinin məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin tərəflər şəraitin dəyişməsinin qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır. Qanunvericilikdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvinin iki mərhələli qaydası nəzərdə tutulmuşdur. Tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar. Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: Müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Belə ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASCna qarşı “kredit müqaviləsinin restrukturizasiya olunması və s.” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticə:

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdeh "xxxx" ASCna qarşı “kredit müqaviləsinin restrukturizasiya olunması və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar