Məhkəmə qərarları › İş №2(006)-519/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-519/2024

05.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-519/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın vurulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın vurulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1255/2021 saylı 31 avqust 2021-ci il tarixli qərarı ilə cinayət prosesi həyata keçirən orqanın səhvi və sui-istifadəsi nəticəsində CM-nin 308.1-ci maddəsinin müddəasında təqsirli bilinməyi və həmin müddəaya əsasən ona cəza təyin edilməsi ittiham hökmündən və ittiham qərarından xaric edilməsinə əsasən vurulmuş ziyanın ödənilməsi, vurulmuş maddi və mənəvi zərərin hesablanması ilə bağlı ekspertiza və dövlət hesabına vəkil təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə edilməsi barədə ərizə təqdim edərək, məhkəmənin hazırlıq iclasında yazılı müraciəti əsasında cinayət prosesini həyata keçirən orqanların səhvi nəticəsində ona vurulmuş maddi ziyan olaraq aylıq əmək haqqı kimi 5000 manat olaraq mart 2019, sentyabr 2021, dekabr 2019 57 ay üzrə 285000 manat olduğunu nəzərə alaraq mənəvi ziyan kimi, işgüzar nüfuzuna, sağlamlığına, şərəf və ləyaqətinə vurulmuş zərərə görə 100000 manat olmaqla ümumilikdə 385000 məbləğində pulun ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Bakı və Sumqayıt şəhərlərində hündürmərtəbəli çoxmənzilli yaşayış binaları inşa edib satmaqla məşğul olan fiziki şəxs kimi vergi orqanlarında qeydiyyata alınan X3 ilə 01 fevral 2016-cı il tarixdə direktoru olduğu “Qarabağ” X4 Assosasiyası ilə dəyəri 18 620 000 manat olan 01 saylı müqavilə bağlamışdır. Yaşayış binalarının eskiz və işçi layihələri işlənərək Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırıldıqdan sonra Şakir Hüseynovla razılaşaraq aralarında rəhbərlik etdiyi “X6” MMC ( keçmiş “Qarabağ” X4 Assosasiyası) ilə bağlanmış müqavilə əsasında Sumqayıt şəhərində 2 ünvanda çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikinti quraşdırma işlərinə başlanılmışdır.Tikinti quraşdırma işləri başlandıqdan sonra FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 2006-2007-ci illərdə tikinti sahələrində müvafiq yoxlamalar aparılmış, konstruksiyalarda müəyyən zəifliklər aşkar edilmiş və tikinti işləri dayandırılmışdır. Eyni zamanda həmin müddət ərzində respublika prokurorluğu tərəfindən Şakir Hüseynova, ona və digər 3 nəfər qarşı Cinayət Məcəlləsinin 178, 213, 306-cı maddələri ilə cinayət işi qaldırılmışdır. Ağır Cinayətlərə dair işlər üzrə AR Məhkəməsinin 1(101)-76/2009 saylı 25 iyun 2009-cu il tarixli hökmünə əsasən Ş.Hüseynovun, onun və digər 3 nəfərin əmlakları müsadirə olunmamaqla müxtəlif cəzalara məhkum edilməklə (barəsində 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası) həmin cəzalar 5 il müddətinə sınaq olaraq şərti hesab edilmişdir. Həmin hökmün nəticə hissəsində onun, Ş.Hüseynovun və digər 2 nəfərin üzərinə müqavilələrin şərlərinə uyğun olaraq, Sumqayıt şəhərində 79 nəfər, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində 16 nəfər, Yasamal rayonunda 22 nəfər və Nərimanov rayonunda 1 nəfər üçün mənzillər tikib vermək vəzifələri qoyulmuşdur. Bu hökmlə üzərlərinə qoyulmuş vəzifələr icra edilməyən zaman CM-nın 71.3-cü maddəsinə əsasən barələrində olan hökm icra olunmalı idi. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü Ş.Hüseynov barəsində olan hissəsində dəyişdirilmişdir. Ş.Hüseynova qəti olaraq 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökmün nəticəvi hissəsindən Ş.Hüseynovun üzərinə qoyulmuş müqavilələrin şərtlərinə uyğun olaraq mənzillərin tikilib verilməsi vəzifəsi xaric edilmişdir. Bununla da müvafiq məhkəmələr tərəfindən çıxarılmış hökm və qərarlar nəticəsində Ş.Hüseynovun üzərindən mənzillərin tikilib veriləcəyi vəzifəsi xaric edilmiş, həmin çətin vəzifə iddiaçının üzərində saxlanılmışdır. Məhkəmə tərəfindən çıxarılmış hökmün icrası habelə FHN TTNDA tərəfindən 2006-2007ci illərdə aparılmış yoxlamalar zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə onun tərəfindən müvafiq qaydada tərtib olunmuş və ekspertizadan keçirilmiş layihələr əsasında tikinti-quraşdırma, bərpa gücləndirmə işləri aparılaraq Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən üzərinə qoyulmuş vəzifəni yerinə yetirmişdir. xx.xx.2016-cı il tarixdə Ş.Hüseynov Pentensiar Xidmətinin 2 saylı Cəzaçəkmə müəsisəsindən qəflətən ürəktutma xəstəliyindən vəfat etmişdir. Ş.Hüseynovun vəfatından sonra onun yaxın qohumlarının yalan ifadələri əsasında xx.xx.2016-cı il tarixdə Sumqayıt Şəhər Prokurorluğunda ona qarşı CM-nın 176, 313-cü maddələri ilə cinayət işi açılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən o, CM-nın 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə təqsirli bilinərək, qanunsuz və əsassız olaraq 9 il 4 ay 10 gün müddətinə azadlıqdan məhrumedilmə cəzasına məhkum edilərək barəsində CM-nın 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum edilmə cəzası 3 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nın 178.3.2, 308.2 və 313cü maddələri ilə o, təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə onun tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nın 178.3.2, 308.1, 313-cü maddələri ilə təqsirli bilinərək CM-nın 66.3, 66.4, 66.5-ci maddələrinə əsasən qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüquqlarından məhrum edilməklə 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-cu il tarixli qərarı ilə onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə onun tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-cu il tarixli qərarı dəyişdirilmiş, CM-nın 308.1-ci maddəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin qərarından xaric edilmiş CM-nın 66.5-ci maddəsinə əsasən qəti olaraq üzərlərində 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüquqlarından məhrum edilməklə 11 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 1(102)-1255/2021 saylı qərarında qeyd edilmişdir ki, İddiaçı elan edilmiş ittihamda göstərilmiş CM-nın 32.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hər hansı bir əməl törətməsi müəyyən edilməmişdir. Ona görə də CM-nın 308.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan cəza təyin edilməsinə dair müddəalara birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından xaric edilməlidir və məhkumun üzərində CM-nın 178.3.2-ci maddəsi ona təyin olunmuş 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, CM-nın 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə İddiaçı təyin olunmuş əsas cəza olan 11 il azadlıqdan məhrumetmə cəzası hazırki qərarla birləşərək ona 11 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. CPM-nın 416.1.15-ci əsasən məlum olur ki, baxılan işin ibtidai istintaqı və aşağı instansiya məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosesində qanunların pozulmasına və onun hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan X6 MMC-nin təsisçisi və direktoru S.Telmanın müdafiə və ədalətli məhkəmə araşdırması hüququ kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-639/2020 nömrəli xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, İddiaçı CM-nın 178.3.2, 308.1, 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlllərini törətməkdə ilə təqsirli bilinərək ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası və həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən əlavə cəza 2 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrumetmə cəzası, CM-nın 308.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıdan məhrum etmə cəzası təyin edilmiş, İddiaçı CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. AR CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə İddiaçı 2 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nın 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə İddiaçı təyin olunmuş 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 il müddətə azadlıdan məhrumetmə cəzası hazırki hökm üzrə 2 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə təyin edilmiş 8 il müddətə azalıqdan məhrumetmə cəzası ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1255/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə İddiaçı təqsirləndirilməsinə və ona cəza təyin edilməsinə dair müddəalar Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarından xaric edilmiş, məhkum İddiaçı üzərində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə əsas cəza və həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən təyin edilmiş əlavə cəza - 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə saxlanılmış, Azərbaycan Respublikası CM-nın 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmü ilə İddiaçı təyin olunmuş 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, hazırkı cinayət işi üzrə həmin məhkəmənin 07 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnın 178.3.2-ci maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq üzərində 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, qalan hissədə qərar dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan cavabdeh nümayəndəsi tərəfindən verilmiş iddia ərizəsinə etiraz barədə ərizəsində qeyd etmişdir ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia tələbində haqsızdır və onun iddia tələbi formal mülahizələrə əsaslanır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Beləliklə yuxarılda qeyd edilmiş qanunvericilik aktlarından da görünür ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq tam həcmdə ödənilir. Lakin hazırki mülki iş üzrə cinayət prosesini həyata keçirən orqanların səhvi və sui istifadəsindən söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1255/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə İddiaçı təqsirləndirilməsinə və ona cəza təyin edilməsinə dair müddəalar Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarından xaric edilmiş, məhkum İddiaçı üzərində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə əsas cəza və həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən təyin edilmiş əlavə cəza - 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə saxlanılmış, Azərbaycan Respublikası CM-nın 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmü ilə İddiaçı təyin olunmuş 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, hazırkı cinayət işi üzrə həmin məhkəmənin 07 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq üzərində 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, qalan hissədə qərar dəyişdirilmədən saxlanmışdır. Yəni, Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarında iddiaçıya bəraət verilməmişdir, sadəcə olaraq qərarda qeyd edildiyi kimi (səh.64) İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci madəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işinin materialları ilə sübut olunsa da, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə hərəkətləri Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərlə əhatə olunduğundan həmin maddə ilə məhkumetmə məhkəmə qərarlarından xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. İddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsinə münasibət də məhkəmə eyni mövqeyini bildirir. Məhkəmə qeyd edir ki, iddiaçının ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası səbəbi ilə mənəvi iztirab çəkməsi başa düşüləndir. Lakin bu hal istintaq orqanın səhvi nəticəsində baş verməmişdir. Ona görə də iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar