Məhkəmə qərarları › İş №2(006)-520/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-520/2024

19.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-520/2024 19.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Bağırov Şəmı̇ stan Polad oğlunun cavabdeh Şahmuradov Samı̇ r Zı̇ yəddı̇ n oğluna qarşı "maddi və mənəvi ziyanının ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Bağırov Şəmı̇ stan Polad oğlu cavabdehlər Şahmuradov Zı̇ ya Samı̇ r oğlu, Şahmuradov Samı̇ r Zı̇ yəddı̇ n oğluna qarşı "maddi və mənəvi ziyanının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bağırov Şəmı̇ stan Polad oğlunun mənzil almaq üçün nağd pulu olmamış, ona görə də o, ipotekaya ev almaq qərarına gəlmişdir. O, Cavabdeh2 ilə makler Südabə xanım vasitəsi ilə tanış olmuş və onun Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 298-298, 1-ci məhəliə, ev 221, mənzil 84-də yerləşən mənzili ipoteka ilə almaq qərarına gəlmişdir. Ona bildirilmişdir ki, 5000 manat pul versə, həmin mənzilin çıxarışı onun adına keçirilərək həmin mənzili ipotekaya qoyaraq qalan pulu ödəyər. O da razılaşmış və 5000 manat pulu Bakı şəhəri, Xətai rayonu, OPD qəsəbəsi, Qafqaz küçəsi, ev 45, mənzil 9A-da yerləşən evində həyat yoldaşı X1 və qonşusunun yanında vermişdir. Həmçinin bütün söhbələrdən qonşu və həyat yoldaşının xəbəri olmuşdur. Atası Samir müəllim də orada olmuşdur. Sonradan isə xx.xx.2023-cü il tarixdə onunla makler vasitəsi ilə beh müqaviləsi bağlanmışdır. Lakin ona pul verdikdən sonra cavabdehlər verdikləri vədi yerinə yetirməmişdilər. Onlardan pulu tələb etdikdə, hədə qorxu gəlməyə başlamışlar. Pulu verməyəcəklərini bildirmişlər. Müqaviləni onlarla pozmamış və verdiyi vədi də yerinə yetirmişdir. Belə ki, bank onun adına pul ayırmağa razılıq vermədiyi üçün də onların razılaşmaları alınmamış və o da ona görə pulunun geri qaytarılmasını tələb etmişdir. Hətta onlar şər ataraq polis orqanlarına şikayət etmiş və şərləmişlər. Bununla da ona mənəvi ziyan vurulmuşdur. Belə ki, ona qarşı edilmiş hədə qorxular onun səhətində ciddi problemlər yaratmışdır. Bütün əsəb sistemi pozulmuşdur. Ürəyi onun hərəkətləri nəticəsində xəstə düşmüş, hissləriylə oynamışdır. Həmçinin onu təhqir etmişdir. Qeyd olunanları nəzərə alaraq, cavabdehlər barədə qanun çərçivəsində tədbir görülməsini və ona vurulmuş mənəvi ziyana görə 1000 manat pul tələb edir. Cavabdehlə whatsapp yazışmaları da vardır və orada onun iddiasının əsaslı olduğu sübut edilir. Göstərilənləri nəzərə alaraq Cavabdeh2, Cavabdeh1 5000 manatın, verilən 1000 manatın, cavabdehlərin hərəkətləri nəticəsində ona dəyən 1000 manat mənəvi ziyanın və həmçinin ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək iddiaçının verdiyi 5000 manat məbləğində pul vəsaitinin və mənəvi zərərin əvəzi olaraq 1000 manat Cavabdeh1 tutularaq Bağırov Şəmı̇ stan Polad oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, hazırki mülki iş üzrə iddiaçı ipoteka ilə ev almaq istəmiş və Südabə adlı makler vasitəsi ilə hazırki mülki iş üzrə cavabdehlə tanış olmuş və cavabdehlə ikincinin oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ipoteka ilə almaqla bağlı aralarında razılaşma əldə olmuşdur. Cavabdeh ona həm də bildirmişdir ki, iddiaçı 5000 manat məbləğində pul versin, cavabdeh də mübahisəli mənzilin çıxarışını onun adına keçirsin. İddiaçı da evi ipotekaya qoyaraq, götürüdüyü pulla cavabdehin pulunu ödəsin. İddiaçı da bununla razılaşaraq, ona 5000 manat pul ödəmişdir. Bunu ilk məhkəmə iclasında cavabdeh özü də etiraf etmişdir. Hətta pulun verilməsi ilə bağlı onlar arasında beh müqaviləsi də bağlanmışdır. Lakin daha sonra iddiaçı heç bir bankla razılıq əldə edə bilmədiyindən mənzili ipotekaya qoyaraq pul götürə bilməmişdir. Ona görə də aralarında razılığın reallaşdırılması mümkün olmamışdır. Buna görə də iddiaçı cavabehə müraciət edərək verdiyi pulu geri tələb etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələrə, təhdidlərlə pulun verilməsindən imtina etmişdir. Ona görə də iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.

5. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, 29-30 iyul tarixlərində Südabə adlı makler qoyduğu elanla bağlı Şəmistanı tapmışdır. Şəmistan və onun həyat yoldaşı Şəhanə evə baxmış və bəyənmişlər. Daha sonra 1 avqustda onlar evə beh qoymaq istədiklərini, ancaq əllərində sadəcə 110000 manat pul olduğunu bilirmişlər. Şəmistan ona bununla bağlı kömək etməyini istəmişdir. O da ona bilirmişdir ki, qızı təcili əməliyyat olunmalıdır. Bundan başqa onun bank olmayan kredit təşkilatına 22000 manat bocu var. Ona 15 gün vaxt verə bilər. Həmçinin ona bildirmişdir ki, 5000 manat beh versin, o isə evi elandan götürsün. İddiaçı bununla razılaşmış və onun evində oğlu Ziya, həyat yoldaşı Şəhanənın yanında 5000 manat beh vermişdir. Bundan 2 gün sonra oğlu Ziya ona zəng vurmuş və bildirmişdir ki, Şəmistan beh müqaviləsi bağlamaq istəyir. O da heç bir problem olmadığını və bağlıya biləcəyini bildirmişdir. Bütün bu müddət ərzində oğlu Ziya ilə birlikdə o, müxtəlif banklara yaxınlaşmış və evi ipoteka edərək kredit götürməyə çalışmışdır, lakin alınmamışdır. Daha sonra o, Şəmistana onun borclu olduğu bankdan kredit götürə biləcəyini bildirmişdir. Onlar oğluyla birlikdə həmin banka yaxınlaşmışlar, lakin Şəmistan oradakı faizlərin yüksək olması səbəbindən oradan kredit götürməyinin alınmayacağını bildirmişdir. Daha sonra o, bir ev tapmış və Şəmistana zəng vuraraq həmin evə beh verəcəyini bildirmişdir. O da həmin vaxt başqa bir bankla kreditlə bağlı razılığa gəlmək üzərə olmuşdur. İddiaçı onun beh verməyinə etiraz etməmiş və o, həmin evə 1000 manat beh vermişdir. Bir müddət sonra Şəmistan onun kredit işinin alınmadığının və evi ala bilməyəcəyini bildirmişdir. Hazırda onun 5000 manat beh verilməyini inkar etmir, həqiqətən Şəmistan ona 5000 manat beh vermişdir. Onların razılaşması alınmayandan sonra ona bildirmişdir ki, 1000 manat behi batmışdır. Ona görə də onun 5000 manat behini yox, ziyanın oradan çıxıldıqdan sonra qalan hissəni, yəni 4000 manatını qaytaracaqdır. O da bununla razılaşmışdır. Daha sonra 08 oktyabr 2023-cü il tarixdə Şəmistan ona zəng vurub behin nə vaxt qaytarılacağını soruşmuş, ona bildirmişdir ki, qızının toyu ərəfəsidir və həmçinin Beyləqən rayonuna gedir, qayıdandan sonra ona 2000 manat qaytaracaq. Yerdə qalan 2000 manatı isə dekabrda qaytaracaq. Şəmı̇ stan narazılıq etmişdir. Daha sonra isə o, işin məhkəməyə verildiyindən xəbər tutmuşdur.

6. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a)Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı ev almaq məqsədi ilə cavabdehə 5000 (beş min) manat ödəmiş və cavabdehin oğlu ilə yazılı beh müqaviləsi bağlamışdır. Lakin sonradan aralarında razılığın reallaşdırılması mümkün olmamışdır. Buna görə də iddiaçı verdiyi pulu geri qaytarılmasını və mənəvi ziyanın ödənilməsini tələb edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edir.

b) Mülki işin materialları:

8. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli “beh” müqaviləsinin surətindən görünür ki, Şahmuradov Zı̇ ya Samı̇ r oğlu mülkiyyətçisi olduğu Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 298-298, 1-ci məhəllə, 221 saylı evin, 84 saylı mənzilini Bağırov Şəmı̇ stan Polad oğluna 180.000 (bir yüz səksən min) manata satmaq üçün razılığa gələrək ondan 5000 (beş min) manat beh almışdır.

9. Mülki işin materiallarında olan Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 Bağırov Şəmı̇ stan Polad oğluna behdən yaranmış 4000 manat məbləğində borcu olduğunu etiraf etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Məhkəmə hesab edir ki, beh müqaviləsi digər şəxs Cavabdeh2 oğli ilə bağlandığından və Cavabdeh1 arasında isə belə bir müqavilə bağlanmadığına görə öhdəlik hüquq münasibətləri yaranmamışdır. Məhkəmə bu qənaətə gəlir ki, bu halda tərəflər arasında münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır.

12. Azərbaycan Respublikasının Mülki Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

13. Eyni Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

14. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

15. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

16. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, cavabdeh iddiaçıya məxsus 5000 manat məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmışdır və o, əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya geri qaytarmalıdır.

17. Həmçinin araşdırma zamanı müəyyən edildi ki, cavabdeh tərəf 1000 manat pulun iddiaçının razılığı ilə başqa ev üçün beh verdiyini və onun təqsiri üzündən behin geri qaytarılmadığını bildirirək, 4000 manat borcun olmasını etiraf etmişdir.

18. Məhkəmə qeyd edir ki, cavabdeh 1000 manat məbləğində pul vəsaitinin iddiaçının razılığı ilə başqa ev üçün beh verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, etmiş olduğu təqdirdə belə bu qeyd olunan vəsaitin cavabdehə qaytarıla bilməməsi üçün əsas kimi çıxış edə bilməz.

19. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

20. Bundan əlavə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

21. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

22. Beləlikə, məhkəmə bu nəticəyə gəlir ki, iddia bu hissədə təmin edilməli, 5000 (beş min) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Məhkəmə mənəvi zərərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

25. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

26. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

27. Həmçinin Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

28. İddiaçı isə ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası bu hissədə əsassız olduğuna görə rədd edilməlidir.

30. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir.

32. Belə olan halda, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş məbləğin 70 (yetmiş) manatı cavabdeh Şahmuradov Samı̇ r Zı̇ yəddı̇ n oğlundan tutularaq iddiaçı Bağırov Şəmı̇ stan Polad oğlunun xeyrinə tutulmalıdır.

33. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Şahmuradov Samı̇ r Zı̇ yəddı̇ n oğlundan 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat iddiaçı Bağırov Şəmı̇ stan Polad oğlunun xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar