Məhkəmə qərarları › İş №2(006)-5204/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5204/2021

23.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5204/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçıh oğlunun Cavabdeh MMC-yə qarşı «istehlakçıya vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıh oğlu Cavabdeh MMC-yə qarşı «istehlakçıya vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.726 manat maddi zərərin və 2.000 manat mənəvi zərərin Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıh oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, illik məzuniyyətini ailəsi ilə birlikdə xaricdə keçirtmək üçün Cavabdeh MMC-yə müraciət edib, Türkiyə Cumhuriyyətində yerləşən Siren Belek otelində qalmaq və uçuş daxil olmaqla özündə bir çox xidmətləri cəmləşdirən tur paketini ona təqdim etmişlər. İş materiallarına əlavə olunan vouçerlər qeyd olunan faktı təsdiq edir. Bundan başqa, Cavabdeh MMC tərəfindən verilmiş mədaxil qəbzindən də göründüyü kimi, yuxarıda qeyd olunan tur paketinin qarşılığında o, Cavabdeh MMC-yə 4.726 manat ödəmişdir. Bilet təqdim olunan zaman o, biletin həqiqiliyini sübut etmək üçün Azərbaycan Hava Yollarının qaynar xəttinə zəng vurub yoxlatdırmış və biletin etibarlı olması barədə ona məlumat verilmişdir. Bunu nəzərə alaraq, o, məzuniyyətindən istifadə edib ailəsi ilə səfərə hazırlaşmışdır. Qeyd edir ki, tur paketini aldıqdan 1 həftə sonra yenidən Azərbaycan Hava Yollarının qaynar xəttinə zəng vurub yoxlatdırmış və əməkdaşlar ona biletin alınandan 3 saat ərzində ləğv olunduğunu bildirmişlər, çünki bileti alınandan 3 saat ərzində geri qaytarmaq və dəyişmək olar. Bununla da o, cavabdeh tərəfindən aldadıldığını hiss etmiş və ailəsi ilə birlikdə çox böyük sarsıntı və iztirab keçirtmişdir. Bundan sonra, Cavabdeh MMC-nin əməkdaşı Pudovkina Dilbər adlı xanıma zəng vurub tur paketinə görə ödədiyi vəsaiti tələb etmiş, lakin hər dəfəsində müxtəlif bəhanələrlə onun ödədiyi 4.726 manat məbləği geri qaytarmamışlar. Yuxarıda qeyd olunan faktlardan da məlum olur ki, Cavabdeh MMC-nin əməkdaşı Pudovkina Dilbər onlara etibarından sui-istifadə edərək onu aldadıb tur paketini və uçuşu ləğv etmişlər, ona görə də, ona dəymiş maddi və mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsi üçün məhkəməyə müraciət olunması zərurəti meydana gəlmişdir. «İstehlakçıların hüquqlarının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun bir sıra maddələrinə və Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə istinad edən iddiaçı, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, İddiaçıh oğlu məzuniyyətini ailəsi ilə birlikdə xaricdə keçirmək üçün Cavabdeh MMC-yə müraciət edib, Türkiyə Cumhuriyyətində yerləşən Siren Belek otelində qalmaq və uçuş daxil olmaqla özündə bir çox xidmətləri cəmləşdirən tur paket almışdır. Həmin tur paket üçün iddiaçı 20 iyul 2019-cu il tarixdə ƏEİ seriyalı 833278 saylı mədaxil qəbzinə əsasən cavabdehə 4.726 manat pul vəsaiti ödəmişdir. Cavabdeh tərəfindən iddiaçıya 2 yetkin insan, 2 uşaq olmaqla, X5 03.08.2019-cu il tarixdən 10.08.2019-cu il tarixədək 7 gecə müddətinə qüvvədə olan (rezervasiya olunmuş) vauçer təqdim olunmuş, vauçerdə iddiaçının özünün və ailə üzvlərinin soyad və adları qeyd edilmişdir. Bundan başqa, iddiaçıya 03 avqust 2019-cu il tarixə təyyarə biletləri təqdim olunmuşdur. Lakin cavabdeh həmin biletləri alınan vaxtdan 3 saat ərzində ləğv etdirmişdir. Bununla da, cavabdeh iddiaçı qarşısında öhdəliyini icra etməmiş, iddiaçıya 4.726 manat maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh aldığı pul vəsaiti müqabilində iddiaçıya tur paket üzrə xidmətlərin həyata keçirilməsi öhdəliyini üzərinə götürmüş, lakin öhdəliyini icra etməmiş və bununla da iddiaçıya maddi ziyan vurmuşdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia maddi ziyanın ödənilməsi tələbinə dair hissədə təmin edilməli, 4.726 manat maddi ziyan qanunvericiliyə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi) iztirablar və maddi zərər başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, «İnsan hüquqları və X3 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktları, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının ailə üzvləri ilə birlikdə məzuniyyət dövründə istirahət hüququnu həyata keçirmək üçün cavabdehdən pul vəsaiti ödəməklə aldığı tur paket üzrə istirahətə cavabdehin təqsirli hərəkəti nəticəsində gedə bilməməsi – yəni, ona qarşı törədilən qanunsuz hərəkətin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması aşkardır. Məhkəmə hesab edir ki, cavabdehdən vurulmuş mənəvi zərərə görə 500 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 4.726 manat, mənəvi zərərə görə 500 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçıh oğluna ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Çünki, vurulmuş mənəvi zərərin tutulması tələbinə hüquqi qiymət verərkən, məhkəmə vurulmuş maddi ziyanın həcmini, cavabdehin maddi durumunu, işin diqqətəlayiq faktiki hallarını nəzərə almalıdır. Məhkəmə hazırkı iş üzrə iddiaçıya vurulmuş maddi ziyanın həcmini, cavabdehin ödəniş qabiliyyətini və s. diqqətə layiq halları nəzərə alaraq, hesab edir ki, vurulmuş mənəvi ziyana görə 500 manat məbləğində artıq həddə pul vəsaitinin tutulması ədalətli deyil. Bu səbəbdən, mənəvi zərərin ödənilməsinə dair hissədə iddia qismən təmin edilməklə, qalan hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 4.726 manat, mənəvi zərərə görə 500 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçıh oğluna ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar