Məhkəmə qərarları › İş №2(006)-5207/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5207/2021

30.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5207/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması ilə bağlı Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması ilə bağlı Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 200.000 manat maddi ziyan və 200.000 manat mənəvi ziyanın əvəzinin cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 1961-ci il tarixdə Bakı şəhərində doğulmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olaraq orada yaşamış İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2016-cı il tarixli 1(101)-582/2016 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə və cəzaçəkmənin əvvəli 29 iyun 2015-ci il tarixdən hesablanmaqla 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 25 noyabr 2016-cı il tarixli qərarı ilə məhkum olunmuş iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2016-cı il tarixli 1(101)- 582/2016 saylı hökmü dəyişdirilərək, ona CM-in 178.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 ilədək endirilmiş, qalan hissədə hökm dəyişiklik edilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyası tərəfindən baxılaraq, 11 iyul 2018-ci il tarixli qərar ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 25 noyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 04 iyul 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilərək təyin olunmuş cəza müddəti 8 ilədək endirilmişdir. Məhkəmənin bu qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 mart 2021-ci il tarixli 1(102)- 185/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 04 iyul 2019-cu il tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2016-cı il tarixli 1(101)-582/2016 saylı hökmü ləğv edilmiş və İddiaçı Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət törətməkdə təqsirliyi sübuta yetirilmədiyi üçün onun barəsində cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilmiş, İddiaçı oğlu dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. İddiaçı 29 iyun 2015-ci il tarixdən 02 mart 2021-ci il tarixədək, yəni 5 il 8 ay 2 gün və ya daha dəqiq deyilsə 2067 gün müddətində həbs altında saxlanmışdır. İddiaçı ailəsinin yeganə qazanc gətirən şəxsi olmuş, məhkəmə aktlarında qeyd edildiyi kimi Sədərək ticarət mərkəzində Çexiya Respublikasından şəxsən gətirdiyi xrustal qablar və çilçırağın alğı-satqısı ilə məşğul olmuş və hər ay məhkəmə aktında qeyd edildiyi kimi 1.500-2.000 manat məbləğində qazanc əldə etmişdir. Qanunsuz olaraq həbs edildikdən sonra təxminən illik 20.000-25.000 manat təşkil edən, ümumilikdə isə həbsdə olduğu müddətdə 120.000 manatdan artıq qazancdan məhrum edilmiş, ailəsinin dolanışığı pisləşmiş və ailəsi də maddi və mənəvi iztirablara düçar olmuşdur. Qonşular, qohumlar, dost və tanışları arasında nüfuzdan və etibardan düşmüş (indi əvvəlki hörmətini, nüfuzunu qaytarmaq üçün hər bir onu tanıyana Ali Məhkəmənin bəraət qərarını göstərməklə özünü, əvvəlki nüfuzunu reabilitasiya etməyə çalışır, lakin hər bir halda ətrafının şübhəli-inamsız baxışları onu məyus edir. Necə deyərlər, adamın adı çıxmaqdansa canı çıxsa yaxşıdır. O, hər gün bu sarsıntılar, iztirablarla yaşayır), işi ilə bağlı ona olan inam sarsılaraq qazanc yerini, eləcə də, Sədərək TM-də ticarət mağazası da əlindən alınmışdır, eləcə də, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı 51 ünvanda yerləşən evi və ticarət obyekti də (bu daşınmaz əmlakın kirayə və icarə pulu) ona bu qanunsuz ittihamın verilməsinə səbəbkar olan şəxs tərəfindən əlindən alınmışdır. Pasport qeydiyyatı orada olsa da, qohumların evində yaşamaq məcburiyyətində qalmışdır. Bu səbəbdən işini əvvəlki vəziyyətdə bərpa edə bilməmiş, halhazırda işsiz-evsiz olmaqla maddi çətinlik içindədir. Məhkum olunduqdan sonra 1991-ci ildə qurduğu ailəsi dağılmışdır. Belə ki, Yasamal rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli qətnaməsi ilə həyat yoldaşı X3 ondan ayrılaraq boşanmışdır. İddiaçıya qanunsuz ittihamlar verilərək Bakı İstintaq Təcridxanasında saxlanması, sonra məhkum olunaraq cəzaçəkmə müəssisəsində uzun bir vaxtda qalması onun müxtəlif xəstəliklərə düçar olması və xüsusilə də şəkər xəstəliyinə tutulması ilə nəticələnmiş və bu xəstəliyi daha da şiddətləndirmişdir. Buna görə də, iddiaçı ona dəyən fiziki və maddi ziyanı bütövlükdə 200.000 manat, mənəvi ziyanı isə 200.000 manat kimi dəyərləndirir. Bu məbləğin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsini tələb edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı cinayət prosesini həyata keçirən orqanların hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini Maliyyə Nazirliyinə yönəltmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Digər tərəfdən, «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin ibtidai-istintaq və məhkəmə orqanlarının əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına əsasən Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də, iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə əlaqədar heç bir sübut göstərə bilməmişdir, sübut kimi sadəcə olaraq sadaladığı faktlar əsassızdır. Həmçinin iddiaçının qeyd etdiyi məbləğ heç bir real fakta əsaslanmır, əsassızdır. Bu səbəbdən, iddianın Maliyyə Nazirliyinə münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azəbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2016-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin, hökmlə zərərçəkmiş şəxsin mülki iddiası qismən təmin edilərək 388.000 manat və 30.000 avro (cinayət törədilən dövrün məzənnəsi ilə 34.563 manat) məbləğində pul vəsaitinin, habelə 21 manat dövlət rüsumu kimi ödənilmiş pul məbləğinin təqsirləndirilən şəxsdən alınıb zərərçəkmiş şəxsə ödənilməsi qərara alınmışdır. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X17 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə) 25 noyabr 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxs barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2016-cı il tarixli hökmü dəyişdirilərək ona CM-in 178.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 ilədək endirilmiş, qalan hissədə isə hökm dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X10 (sədrlik edən və məruzəçi), X11 və X1 ibarət tərkibdə) 11 iyul 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2016-cı il tarixli qərarı isə ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi N.M.Kantayev tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə əsasən işə təkrarən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X8 (sədrlik edən və məruzəçi), X12 və X7 ibarət tərkibdə) 04 iyul 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilərək təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 ilədək endirilmiş, Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti 102 ünvanda yerləşən anbarda saxlanılan çilçıraqların komplekt hissələrinin hökmün nəticəvi hissəsində göstərilmiş təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə (mülki iddiaçıya) «vurulmuş ziyanla bağlı tutmaların həmin mallara qanuna müvafiq qaydada yönəldiləcəyi» vaxt 66.798,00 manat məbləğin nəzərə alınması qət edilmiş, qalan hissədə isə hökm dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından da təqsirləndirilən şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona bəraət verilməsi haqda qərarın qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 02.03.2021-ci il tarixli 1(102)-185/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, təqsirləndirilən şəxsin Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyul 2019-cu il tarixli qərarı və onunla əlaqəli Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2016-cı il tarixli hökmü ləğv edilmiş, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsindəki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmiş, təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalında həbsdən azad olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə cəza çəkmiş, həbsdə saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 10.000 (on min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X6rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 10.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar