Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-522/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı "subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkəti Cavabdeh qarşı "subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11.12.2018-ci il tarixdə X2 məxsus və 09.01.2019-cu il tarixli icarə müqaviləsinə əsasən X5 tərəfindən istifadədə olan Səbail rayonu, Nizami küçəsi, ev 32 ünvanında yerləşən kişi geyimləri mağazısına 2-ci mərtəbədə yerləşən Cavabdeh məxsus Səbail rayonu, Nizami küçəsi, ev 32, 41 saylı mənzildən su axıdılaraq əmlaka maddi ziyan dəymişdir. Səbail rayon 9 saylı MKİS-in tərəfindən verilmiş aktda Səbail rayonu, Nizami küçəsi, ev 32 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dəymiş ziyanla bağlı müəyyən edilmişdir ki, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə 2-ci mərtəbədə mövcud olan üst mərtəbədə yerləşən 41-ci mənzildən çirkab sular axıldılmışdır. Hadisə nəticəsində Səbail rayonu, Nizami küçəsi, ev 32 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dəymiş maddi ziyanın qiymətləndirilməsinə əsasən 1500 (bir min beş yüz) manat məbləğində maddi zərər müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, 15.04.2018-ci il tarixli, BA 869017 №-li daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən ASC “xxxx” Sığorta şirkəti tərəfindən 0143/19 saylı işə dair sığorta aktı tərtib edilmişdir. Sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada zərərçəkənin mənzilinə dəymiş zərər məbləğindən şərtsiz azadolma məbləğini çıxaraq ASC “xxxx” Sığorta Şirkəti tərəfindən 1420 (bir min dörd yüz iyirmi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən Cavabdeh 1420 (bir min dörd yüz iyirmi) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 1450 (bir min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin ASC “xxxx” Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X6 iddia tələbinə etiraz edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən kişi geyimləri mağazısına 2-ci mərtəbədə yerləşən Cavabdeh məxsus Səbail rayonu, Nizami küçəsi, ev 32, 41 saylı mənzildən su axıdılaraq əmlaka maddi ziyan dəyməsi barədə iddia ərizəsində qeyd edilmişdir. Halbuki, Cavabdeh məxsus mənzildən mübahisəli olan mağazaya su axmamışdır. Həmçinin, su axmış olsa belə iddiaçının nümayəndəsi tərəfindən qeyd edilən zərərin məbləği həddindən artıq yüksək məbləğdə şişirdilmişdir. Ona görə də iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda ərizə təqdim edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkəti tərəfindən verilmiş BA № 869017 saylı, 15.04.2018-ci il tarixli Əmlak Sığortası Şəhadətnaməsinin surətindən görünür ki, X3 məxsus ünvan 1 sığorta şirkəti tərəfindən 36.000 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan 28.12.2018-ci il tarixli sığorta aktının surətindən görünür ki, sığortalanmış ünvan 1 ünvanına 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə 2-ci mərtəbədə mövcud olan 41-ci mənzildən çirkab suların axdığı müəyyən edilmişdir. Məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10/3765 nömrəli, 14 aprel 2021-ci il tarixli rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin divarları və tavanı üzərində hər hansı bir su sızma izlərinin olmadığını, həmin binanın 41 saylı mənzilinin su və kanalizasiya xətlərinin gizli şəkildə olduğunu nəzərə alaraq, qeyri-yaşayış sahəsinə dəymiş ziyanın və həmin sahəyə 41 saylı mənzildən su sızıb sızmasını və texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Həmin ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən mübahisəli qeyriyaşayış sahəsinə dəymiş ziyanın və həmin sahəyə 41 saylı mənzildən su sızıbsızmamasını və texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, habelə ekspert rəyini nəzərə alaraq belə nəticəyə gəlir ki, sığorta olunan sahəyə suyun məhz cavabdehə məxsus olan mənzildən axıdılması, yəni ziyanın məhz cavabdeh tərəfindən vurulması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığına görə iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin (ləğv prosesindədir) Cavabdeh qarşı "subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətindən (ləğv prosesindədir) tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin (ləğv prosesindədir) Cavabdeh qarşı "subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkətindən Şirkətinin (ləğv prosesindədir) tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-522/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-522/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver