Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-523/2023 16.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11000 (on bir min) manat məbləğində pul və ödənilmiş 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumunun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə təxminən bir il yarım əvvəl yaşadığı binada qonşuluqda yaşayan və uzaq qohumu Minarə adlı xanım vasitəsilə tanış olmuşdur. Cavabdeh iddiaçıya 2021-ci ilin dekabr ayında oğlunun Polşaya getməsi ilə əlaqədar pula ehtiyacı olduğunu və həmin pulu 2022-ci ilin mart ayında qaytaracağını bildirmişdir. Tərəflərin münasibətləri yaxşı olduğundan, iddiaçı cavabdehin səmimiliyinə inanaraq ona 2021-ci ilin dekabr ayında 8000 manat məbləğində borc pul vermişdir və sonradan, yəni 2022-ci ilin fevral ayında cavabdeh yenidən iddiaçıdan əlavə olaraq 3000 manat məbləğində borc pul götürmüşdür. İddiaçı cavabdehə ümumilikdə 11000 manat məbləğində borc pul vermiş, cavabdeh də həmin pulun hamısını mart ayında qaytaracağına söz vermişdir. Dəfələrlə cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq, o, borcunu geri qaytarmamış və müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Cavabdehin borcunu qaytarmaması səbəbindən iddiaçı ağır maddi vəziyyətə düşmüşdür. Bundan sonra o, ərizə ilə ərazi üzrə Sabunçu rayonu 13-cü Polis Bölməsinə müraciət etmiş, cavabdeh polis bölməsində verdiyi izahatında iddiaçıdan 11000 (on bir min) manat pulu borc götürdüyünü, işlərinin yolunda getmədiyini və imkanı olmadığı üçün iddiaçıya olan borcunu qaytarmadığını bildirmişdir. Bundan sonra Sabunçu rayonu 13-cü Polis Bölməsi tərəfindən iddiaçıya verilən cavabda bildirilmişdir ki, pul məsələsi mülki xarakterli məsələdir və bu baxımdam məhkəməyə müraciət edilməlidir. Göründüyü kimi, iddiaçı da çətin vəziyyətdə olmasına baxmayaraq, humanist hərəkətinin əziyyətini çəkir. Bütün bunların nəticəsi olaraq, Cavabdeh məhkəmə qaydasında borclu olduğu pulu tələb etmək qərarına gəlmiş və bu səbəbdən məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib bildirdi ki, İddiaçı ümumilikdə 11000 manat borca pul götürmüşdür. Lakin maddi imkanı olmadığı üçün İddiaçı olan borcunu qaytara bilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını, vəkilin çıxışını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan İddiaçı Sabunçu RPİ 13-cü PB-yə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Cavabdeh 2021-ci ilin dekabr ayında 8000 manat, 2022-ci ilin fevral ayında isə əlavə olaraq 3000 manat, ümumilikdə 11000 manat borc pul vermişdir. Cavabdeh borclu olduğu 11000 manat pulu 2022-ci ilin mart ayında qaytaracağını bildirsə də, ərizənin verildiyi tarixədək borcu qaytarmaqdan boyun qaçırır. Cavabdeh 11000 manat pulun qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan Cavabdeh Sabunçu RPİ 13-cü PB-yə verdiyi izahatdan görünür ki, o, problemləri ilə əlaqədar İddiaçı ümumilikdə 11000 manat borc pul götürmüşdür. İşləri yolunda getmədiyi üçün həmin borcu qaytara bilməmiş, lakin imkan olan kimi pulu qaytaracaqdır. Mülki işin materiallarında olan Sabunçu RPİ 13-cü PB-nin ə/m polis baş leytenantı N.Vəliyevin İddiaçı yazdığı şikayət ərizəsinin nəticələrinə dair xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə vətəndaş İddiaçı yazdığı ərizə icraata daxil olmuşdur. Vətəndaş İddiaçı Elnurə adlı xanımla 1 il qabaq Minarənin vasitəsilə tanış olduğunu, münasibətləri yaxşı olduğundan Minarə zəng vuraraq Elnurəyə pul götürməsi və vaxtında ödəməsi, sonradan yenə 8000 manat və 3000 manat pul götürməsi, lakin ödəməməsi barədə bildirmişdir. Azərbaycan Respublikası DİN-nin 015 saylı əmrində qeyd edilir ki, mülki xarakterli ərizələr araşdırılmadan işə tikilir. Vətəndaş İddiaçı ərizəsində göstərilən xüsusatlar barədə məhkəməyə müraciət etməsi ilə əlaqədar hüquq və vəzifələr izah edildi. Odur ki, Sabunçu RPİ 13-cü PB-nə daxil olmuş İddiaçı şikayət ərizəsində göstərilən xüsusatlar mülki xarakterli olduğu və toplanmış materialda heç bir cinayət hadisəsi olmadığı üçün ərizənin işə alınıb, 13-cü PB-nin kargüzarlıq xidmətinə təhvil verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan Sabunçu RPİ 13-cü PB-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 6216 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətində göstərilən xüsusatlar mülki xarakterli olmaqla hər hansı cinayət hadisəsi alınmadığından icraatı dayandırılmışdır. Aidiyyəti üzrə məhkəmə orqanına müraciət edilməsi məqsədəmüvafiqdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 123 (bir yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər arasında 11000 (on bir min) manat pul məbləğinə dair borc müqaviləsi bağlanmışdır. Lakin həmin borc müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş formaya riayət edilmədən, şifahi formada bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin müqavilə etibarsız (əhəmiyyətsiz) əqddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ayrı-ayrı vaxtlarda 3000 manat və 8000 manat olmaqla, ümumilikdə 11000 manat borca pul vermiş, lakin buna dair müqaviləni mülki qanunvericiliyin imperativ normalarına müvafiq olaraq bağlamamışdır. Belə ki, mülki qanunvericiliyin göstərişlərinə əsasən, tərəflər arasında olan pul məbləğlərinin (3000 manatdan çox olduqda) verilməsinə dair müqavilə yazılı formada bağlanmalı olduğu halda, heç bir yazılı müqavilə bağlanmamışdır. Bu səbəbdən də tərəflər arasında olan şifahi əqd məhkəmə tərəfindən etibarsız hesab olunur və mülki qanunvericiliyin tələblərinə görə, cavabdeh əqd üzrə aldıqlarının hamısını iddiaçıya qaytarmağa borcludur. Belə ki, tərəflər arasında olan mülki hüquq münasibətlərindən görünür ki, cavabdeh hazırki situasiyada iddiaçının vəsaiti hesabına əsassız varlanan şəxs hesab olunur. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh öz növbəsində iddianı qəbul edərək, İddiaçı 11000 (on bir min) manat borclu oluğunu etiraf edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 11000 (on bir min) manat məbləğində pul vəsaiti və 123 (bir yüz iyirmi üç) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11123 (on bir min yüz iyirmi üç) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 11000 (on bir min) manat məbləğində pul vəsaiti və 123 (bir yüz iyirmi üç) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 11123 (on bir min yüz iyirmi üç) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-523/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-523/2023
16.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver