Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5235/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi və mənəvi zərərin ödənilməsinin təmin edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi və mənəvi zərərin ödənilməsinin təmin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona – sağlamlığına vurulmuş fiziki zərərə görə 4.800 manat məbləğində müalicə xərclərinin cavabdehdən tutulması; əmək fəaliyyəti ilə müəyyən müddətə məşğul ola bilməməsi nəticəsində qazanc əldə etmək hüququndan məhrum olduğu üçün orta aylıq əmək haqqı məbləğində hər ay üçün 300 manat olmaqla, 8 ay müddətinə hesablanmaqla 2.400 manat məbləğində əmək haqqı xərclərini onun xeyrinə cavabdehdən tutulması; Cavabdeh ona qarşı törətmiş olduğu cinayətkar əməlləri nəticəsində çəkdiyi fiziki, psixoloji və mənəvi əzabların nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 20.000 manat, ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, cəmi 27.200 manat məbləğində zərərin və ödənilmiş 31 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 03.03.2021-ci il tarixdə təqribən saat 13.00 radələrində, vətəndaş onun istifadəsində olan 055 414 75 50 mobil nömrəsinə, əvvəllər tanımadığı şəxs Cavabdeh öz istifadəsində olan 050 213 11 77 mobil nömrəsindən zəng edərək bildirmişdir ki, «sənin mobil nömrəni tanışın Rəvanədən almışam və sadəcə xaricdə olduğum üçün səninlə bu vaxta kimi əlaqə saxlaya bilməmişəm». Cavabdeh onunla əlaqə saxlamasının səbəbi kimi, bildirmişdir ki, onu Rəvanənin yanında olanda görərək bəyəndiyi üçün onun mobil nömrəsini Rəvanədən almışdır. Bundan sonra həmin gün, yəni 03.03.2021-ci il tarixdə təqribən saat 17.00 radələrində, Bakı şəhəri ərazisində Cavabdehla görüşən zaman aralarında bəzi şəxsi dostluq münasibətləri barədə danışaraq, Cavabdeh onu bəyəndiyini, onunla ciddi münasibət qurmaq istədiyini, onu bəyənib sevdiyi üçün, ailəsindən boşandığını və onunla ailə həyatı qurmaq istədiyini bildirmişdir. Daha sonra, həmin gün təqribən saat 23.00 radələrində onunla, Restorana getməmişdən əvvəl Cavabdeh sport geyimlərini dəyişərək, klassik geyim geyməsi üçün, Cavabdeh məxsus, ünvan 1 ünvanda yerləşən mənzilə getmişlər və mənzildə olan zaman o, otaqların birində oturaraq Cavabdeh geyimlərini dəyişərək gəlməsini gözləmişdir. Bu zaman bir neçə dəqiqə sonra Cavabdeh qonaq otağına klassik geyimdə deyil, hamam xalatında gələrək onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş və o, bu zaman sonuncuya sərt şəkildə etirazını bildirmişdir. Buna baxmayaraq Cavabdeh zorakılıq göstərərək onu əl və ayaq zərbələri ilə vəhşicəsinə döyərək zorakılıqla onunla cinsi əlaqədə olmağa çalışmışdır. Cavabdeh cinsi zorakılıq hərəkətlərinə qarşı müqavimət göstərdiyi və həmin vaxt qışqır-bağır saldığı üçün Cavabdeh öz çirkin cinayətkar əməlləri ilə, öz iradəsindən asılı olmayaraq onu zorlama niyyətinə nail ola bilməmişdir. Həmin vaxt ona qarşı zor tətbiq edərək Cavabdeh yumruq və təpiklərlə onun üz-burun nahiyəsinə və bədəninin sair nahiyələrinə zərbələr endirməyə başlamışdır. Cavabdeh fiziki və cinsi zorakılıq hərəkətlərini törədərkən geyindiyi paltarlarını soyundurmağa çalışmış və həmin an, geyinmiş olduğu, alt geyimi olan kolqotkasını cırmışdır. Cavabdeh qeyd olunan qanuna zidd cinayətkar hərəkətləri törədərkən onun cinsiyyət orqanına və bədəninin alt əzalarına toxunmuş və bununla da, sonuncu ona qarşı əxlaqsız hərəkətlərlə, açıq-aşkar cinsi zorakılıq göstərməklə, təbii və ya qeyri-təbii zorlamaya cəhd etmişdir. Faktik olaraq qanuna zidd hərəkətlərdən zərər çəkmiş şəxs olaraq o, həmin vaxt müxtəlif bədən xəsarətləri almasına baxmayaraq özünü qoruya bilməsi və hadisə vaxtı qışqır-bağır salması nəticəsində, əsas da qeyd olunan hadisənin baş verdiyi mənzilin Azərbaycan Respublikası Baş Prokurorluğunun inzibati binasının yaxınlığında olması və həmin ərazidə ümumi hərəkətin intensiv olması səbəblərindən Cavabdeh əlindən namusu ləkələnmədən xilas ola bilmişdir. Əks təqdirdə o, daha çox ciddi zərər görə bilərdi. Cavabdeh qabaqcadan planlaşdırdığı öz iyrənc məqsədinə çatması üçün, ondan gizli olaraq mənzilin əsas giriş qapısını içəridən gizlincə bağlamışdır ki, onun əlindən qaçıb xilas olmaq imkanı olmasın. Həmin vaxt qışqır-bağır salaraq, təkidlə qapını açmasını tələb etdiyi üçün və əlində mobil telefonundan DİN-in 102 xidmətinə zəng etməyə çalışdığını görərək Cavabdeh məcbur qalaraq əvvəlcədən bağladığı qapını açmağa məcbur olmuşdur. Bundan sonra hadisə yerindən, təhlükədən uzaqlaşa bildiyi üçün həmin vaxt qorxu və sarsıntı keçirdiyi üçün həyəcanlı şəkildə DİN-in 102 xidmətinə zəng edərək baş vermiş cinayət hadisəsi barədə şikayətçi olaraq məlumat vermişdir. Şikayəti ilə aparılan araşdırma zamanı qanuna zidd hərəkətlərə yol verilərək, şikayəti qeyri-obyektiv araşdırılaraq, Cavabdeh qanuna zidd cinayətkar əməlləri sifarişli olaraq hər hansısa maraqlar çərçivəsində ört-basdır edilərək, Cavabdeh ağır cinayətkar əməlləri Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə qeyri-qanuni olaraq düzgün tövsif edilməməsi ilə tamamlandırılmışdır. Bakı şəhəri Yasamal RPİ 26-cı PB-nin təhqiqatçısı polis kapitanı İlqar Səfərov tərəfindən verilmiş (cinayət işi başlanmasının rədd edilməsi haqqında) 16.03.2021-ci il tarixli əsassız və qanunsuz qərarının (şikayət ərizəsi əsasında toplanmış materialda) Azərbaycan Respublikası İXM-in 157-ci (döymə) maddəsinin tərkib əlaməti olduğundan, inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surətinin Yasmal RPİ 26-cı PB-yə göndərilməsi əsasında (Cavabdeh cinayətkar əməllərini ört-basdır edilməsi məqsədi ilə planlaşdırılmış şəkildə) Cavabdeh əsl məsuliyyətdən azad edilməsinin təmin edilməsi üçün, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə Cavabdeh barəsində olan material Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Nəticədə aşağıda qeyd olunan məhkəmə qərarları çıxarılmaqla Cavabdeh ona qarşı törətmiş olduğu insanlıq və şəxsiyyəti əleyhinə törədilmiş cinayətkar əməlinin məsuliyyətində 400 manat pul cəriməsi ilə xilas etdirilmişdir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli 3(004)-981/2021 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17.05.2021-ci il tarixli 3(103)-1120/2021 saylı qərarı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli 3(004)-981/2021 saylı qərarı dəyişiklik edilmədən saxlanılmışdır. Qeyd: İş üzrə 04.03.2021-ci il tarixli Məhkəmə-Tibbi Ekspertizasının 145 nömrəli rəyindən məlum olur ki, bədəni üzərində təpə nahiyəsinin şişkinliyi, sağ gözaltı nahiyəsinin, burun belinin, sol yanağın, sağ əlin və sol bardırın qançırları, belin sıyrığı küt əşya nəticəsində əmələ gəlmişlər (Cavabdeh tərəfindən yetirilmiş xəsarətləri, Cavabdeh izahatlarında inkar etmişdir. Bununla da belə belə qənaətə gəlmək olar ki, həqiqətən də Cavabdeh məqsədi, onu cinsi zorakılığa məruz qoyaraq onun planı, məqsədi onu zorlamaq istəməsi olmuşdur). Məhkəmə Tibbi Ekspertizasının 145 nömrəli rəyi işin faktiki hallarının müəyyən edilməsi üçün əsas hesab edilə bilməz. Baş vermiş cinayət hadisəsi dava-dalaş kimi qiymətləndirilməklə ört-basdır edilə bilməz. Qeyd: Aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, guya onunla 200 manat pulun müqabilində görüşmüş və həmin 200 manat razılaşması evdə olarkən pozulmuş və guya ki o, sonuncudan 500 manat pul istəmişdir. Cavabdeh açıq-aşkar etiraf edir ki, ona 200 manat vermişdir ki, onunla cinsi əlaqədə olsun. Cavabdeh bu izahatı ilə açıq-aşkar etiraf etmiş olur ki, həmin vaxt sonuncunun ona qarşı cinsi istəyi olub və bununla da onun bildirdiyi bütün məlumatların həqiqət və əsaslı olmasının təsdiqi kimi ilk olaraq qəbul edilməsi zəruri idi. İş üzrə 04.03.2021-ci il tarixli Məhkəmə-Tibbi Ekspertizasının 145 nömrəli rəyində göstərilən nəticə ilə müəyyən edilmişdir ki, guya ki, aldığı xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri müəyyən edilməmişdir. 04.03.2021-ci il tarixli Məhkəmə-Tibbi Ekspertizasının 145 nömrəli rəyinin nəticəsi işin faktiki halların gizlədilməsinə yönəlmiş əsassız və qərəzli rəydir. Faktiki olaraq Cavabdeh ona qarşı cinsi zorakılıq törədərək onu zorlamağa cəhd etməsi zamanı onun tərəfindən sağlamlığına vurulmuş fiziki zərərin nəticəsində o, səhhətində ciddi əzablar çəkir və həmin vaxt ona yetirilmiş xəsarətlər və Cavabdeh cinayətkar hərəkətlərini törədərkən aldığı psixoloji və mənəvi aldığı travmalar nəticəsində əsəb pozğunluğundan, qarın boşluğuna vurduğu təpiklərin təsirindən daxili orqanlarda yaranmış problemlərdən, burun çəpər sümüyünün əzilməsi (sınması) əyriliyinin yaranması səbəbi ilə, burun hava axın zəiflədiyindən başında və ürəyində yaranmış kəskin ağrılardan əziyyət çəkir. Cavabdeh ona qarşı fiziki və mənəvi işgəncələr verərək cinayətkar əməllərinin nəticəsində sağlamlığının qismən bərpası üçün, ən azından təqribən 10.000 manat məbləğində pul xərcləməlidir. Cavabdehin vurması nəticəsində burun çəpər sümüyünün qılıması səbəbindən estetik cərrahiyyə əməliyyatı üçün müraciət etdiyi həkim bildirmişdir ki, travmadan sonra ən azından altı ay müddət keçməlidir ki, o, plastik cərrahiyyə oluna bilsin. Bu da o deməkdir ki, o, hələ də əlavə olaraq 3 ay müddətdə rahat nəfəs ala bilməyərək əzablar çəkib yaşamalıdır. Əgər buna yaşamaq demək mümkünsə. Cavabdeh ona qarşı törədilmiş cinayətkar zorakılıq əməllərinin nəticəsində sağlamlığına ağır dərəcəli bədən xəsarətləri yetirilməsi ilə, yəni Cavabdeh üz nahiyəsinə zərbə vurması nəticəsində burun keçəcəklərinin daralması, divarlarının qalınlaşması, burun hava axınının zəifləməsi və çəpər əyriliyinin yaranmasına səbəb olan (xəsarətin yetirilməsindən ən azından altı ay müddətdə plastik cərrahiyyə əməliyyatının keçirilməsi mümkün olunmayan bu müddətdə ağrılarla yaşamaq məcburiyyətində qalmaqla) sağlamlığının uzun müddətə pozulması ilə nəticələnən xəsarətlər yetirmişdir. Bundan başqa, həmin vaxt Cavabdeh onu döyərkən yerdə yıxılmış vəziyyətdə olduğu zaman, sonuncu onun qarın və qasıq nahiyələrinə amansızca zərbələr vuraraq daxili orqanlarının zədələnməsi nəticəsində sağlamlığında ginekoloji problemlər yaranmışdır. Qeyd olunan zorakılıq cinayət hadisəsinin acınacaqlı təsirindən əsəb-stres keçirdiyi üçün uzun müddət nevropatoloq müalicəsinə ehtiyacı vardır. Lazur Hospitalda müayinələr keçərkən müəyyən olunmuşdur ki, ilkin olaraq müayinə və müalicəsi üçün təqribən 4.800 manat məbləğində vəsait tələb olunur. Bundan başqa neçə ay müddətdir ki, əsəb gərginliyi və sağlamlığında yaranan ağrılı problemlərin nəticəsində əməklə məşğul ola bilmir və bunun nəticəsində də ən azından hər ay 600 manat məbləğində pul qazanmaq hüququndan məhrum olmuşdur. Cavabdeh ona qarşı cinsi zorakılıqla namusuna təcavüz etməsinə olan cəhdi və həmin vaxt onu söyərək təhqir etməsi, eyni zamanda ona fiziki və psixoloji əzablar verməsi nəticəsində ağır iztirab keçirərək mənəvi zərər çəkmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 3(004)-981/2021 saylı qərarından görünür ki, Cavabdeh 03 mart 2021-ci il tarixdə saat 20:00 radələrində yaşadığı ünvan 2 ünvanda tanışı İddiaçı Füzuli qızını aralarında baş vermiş mübahisə zəmnində döymüş, nəticədə sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Cavabdeh Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək, 400 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 may 2021-ci il tarixli 3(103)-1120/2021 saylı qərarından görünür ki, zərər çəkmiş şəxs İddiaçı Füzuli qızının şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 3(004)-981/2021 saylı qərarı zərər çəkmiş şəxs İddiaçı Füzuli qızı tərəfindən verilmiş şikayətə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdehin iddiaçıya fiziki güc tətbiq etməklə sonuncunu döyməsi və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsinə dair hallar işin mübahisə edilməyən faktiki hallarıdır. Məhkəmə ilk öncə iddianın iddiaçıya mənəvi ziyanın vurulmasına dair hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi) iztirablar və maddi zərər başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 1-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiyasının, «İnsan hüquqları və X1 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktları, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya qarşı törədilən qanunsuz hərəkətin (iddiaçının cavabdeh tərəfindən döyülməsi) iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması aşkardır. Məhkəmə hesab edir ki, cavabdehdən vurulmuş mənəvi zərərə görə 500 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Vurulmuş mənəvi zərərə görə daha artıq məbləğdə vəsaitin cavabdehdən tutulmasına dair hissədə iddia təmin edilə bilməz. Belə ki, mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, vurulmuş mənəvi zərərə görə cavabdehdən 20.000 manat pul vəsaitinin tutulmasına dair hissədə iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin digər hissələri ilə bağlı qeyd edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz. Belə ki, iddiaçı rəsmi şəkildə işləməklə əmək haqqı almasına və ona real maddi zərər vurulmasına dair sübutları məhkəməyə təqdim etməmiş və bu hallara dair sənədlər iş materiallarında aşkar edilməmişdir. Məhkəməyə təqdim edilmiş tibbi sənədlərdə qeyd edilən, iddiaçının səhhətində olan narahatçılıqların yaranması ilə cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya dərəcələri təyin olunmayan xəsarətlərin yetirilməsi arasında səbəbli əlaqə müəyyən edilmir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə 500 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat xidmət (bank xidməti) haqqı Cavabdeh tutularaq İddiaçı ödənilməli və iddia tələbi qalan hissədə rədd eidlməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 1 (bir) manat xidmət (bank xidməti) haqqı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-5235/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5235/2021
19.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver