Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5237/2025 26.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “hesablanmış borcların əsassız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “hesablanmış borcların əsassız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.
Əsaslandırıcı hissə:
3. Belə ki, hazırda yanlış hesablanması səbəbindən əsassız hesab edilməsi tələb edilən borc iş materiallarına əlavə olunmuş qanuni qüvvəsini almış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3242/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsindən və ləğvedici Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı 21 iyul 2025-ci il tarixli cavab məktubundan aydın olduğu kimi, qeyd edilən qətnamənin icrası ilə bağlı tələbin iddiaçıya məxsus fərdi yaşayış evinə yönəldilməsindən və borclu tərəfindən ödənilmiş məbləğin ümumi borc məbləğindən çıxıldıqdan sonra ödənilməmiş qalan borc öhdəliyidir. Belə olan halda, həmin borc məbləğinin mübahisələndirilməsinə iddia icraatı qaydasında deyil, məhz həmin məhkəmə aktının icrası qaydasında – “8” indeksi ilə baxılmalıdır.
4. Məhkəmə qeyd edir ki, həmin qətnamə hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmaqla, qətnamədə müəyyənləşdirilmiş faktların həmin prosesdə cavabdeh olan (o cümlədən, digər cavabdehin hüquqi varisi) hazırki iş üzrə isə iddiaçı tərəfindən yenidən mübahisələndirilməsini və artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlara dair hazırki iş üzrə araşdırma aparılmasını mümkünsüz edir. Məhkəmə hesab edir ki, müvafiq bank ləğv prosesində olduğuna görə onun ləğvedicisi təyin edilmiş təşkilatın cavabdeh kimi göstərilməsi eyni tərəflər arasında eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmadığını deməyə əsas vermir, çünki ləğvedici olaraq Əmanətlərin Sığortalanması Fondu məhz elə həmin bankın adından çıxış edir və onun cavabdeh kimi göstərilməsinin səbəbi də elə bankın ləğvedicisi təyin edilməsi ilə bağlıdır.
5. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbə məhkəmədə və mülki icraat qaydasında (iddia icraatı) qaydasında baxılmalı olmadığından, həmçinin, eyni tərəflər arasında eyni predmet barəsində qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan, hazırkı ərizənin qəbul edilməsindən imtina edilməlidir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 82.3-cü maddə. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 151.1-ci maddə. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; 153.2, 153.2.1-153.2.2-ci maddə. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddə. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-153.6-cı maddə. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
7. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırkı iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.
8. Məhkəmə aktlarının elektron bazasından əldə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6997/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından müəyyən edilir ki, hazırda iddiaçının iddia ərizəsinə əlavə etməklə məhkəməyə təqdim etdiyi dövlət rüsumunun qəbzi həmin qərardadla ona qaytarılmış rüsumun qəbz nömrəsi ilə eynilik təşkil edir. Beləliklə, müəyyən edilir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu da ödənilməmişdir.
Nəticə:
9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 153, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “hesablanmış borcların əsassız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya iddia tələbində göstərilən borc məbləği ilə bağlı müvafiq yekun məhkəmə aktının icrası qaydasında – “8” indeksi ilə məhkəməyə müraciət etmək hüququnun olması, həmçinin, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.
Hakim: Günay Abidova