Məhkəmə qərarları › İş №2(006)-5251/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5251/2021

01.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5251/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə Məcid oğlunun iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “müqavilənin tələblərini yerinə yetirərək, onun işlə təmin olunması, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair ilkin iddia ərizəsi üzrə və qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 748 nömrəli, 12.08.2016-cı il tarixli müqavilənin tələblərinin yerinə yetirilərək, İddiaçı işlə təmin olunmağı, həmçinin ona dəyən 6500 manat maddi ziyan və 3000 manat mənəvi ziyanın ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə aralarında bağlanan 748 saylı, 12.08.2016-ci il tarixli müqavilənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil ilkin iddianı müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, İddiaçı 2016-cı il tarixdə rezidenturaya qəbul alaraq, 748 saylı, 12.08.2016-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə rezidentura həkim-mütəxəssis hazırlığı haqqında 219 nömrəli müqaviləni bağlamışdır. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi rezidentura hazırlığını uğurla başa vurduqdan sonra onu həkim-mütəxəssis kimi işlə təmin etmə vəzifəsini öhdəsinə götürüb. 748 saylı, 12.08.2016cı il tarixli müqavilədən də göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzərinə öhdəlik götürüb, lakin 2019-cu ildən rezidentura hazırlığını bitirməyinə baxmayaraq, bu öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ona ünvanlanan 04.03.2020-ci il tarixli, 05/19-1539 saylı cavab məktubunda həkim-stomatoloq vəzifəsi üzrə vakant yerin olmadığını göstərmiş və azad təyinat verildiyini qeyd etmişdir. Nazirlik “Rezidenturanı bitirən həkim-mütəxəsislərin iş yerlərinə göndərilməsi Qaydaları” nın 2.4 və 2.5-cü maddələrini boş-boşuna, səbəbsizcəsinə, məntiqsizcəsinə məktubda qeyd edib. Həmin qaydalarda azad təyinatdan, ümumiyyətlə təyinat verilməməsindən söhbət belə getmir. Qaydaların adından da göründüyü kimi həmin qaydalar sadəcə həkim-mütəxəsislərin təyinat verilmə prosedurasını və təyinatla bağlı digər məsələləri tənzimləyir. Nazilrlik azad təyinat ifadəsini işlədərək, qanunvericiliyimizə yeni bir hüquqi termin daxil etməyə cəhd göstərmişdir. Ümumiyyətlə Azərbaycan qanunvericiliyinə daxil edilən bu yeni ifadə bir-birinə zidd iki sözün birləşməsindən əmələ gətirilib. Təyinatla azad sözü arasındakı məna əlaqəsini tapmaq qeyri-mümkündür. O, 2019-cu ildə rezidenturanı qurtarmağına baxmayaraq, hələ də barəsində təyinat verilməmişdir. 2019-cu ildən sonrakı illərin məzunlarına həkimstomatoloq vəzifəsi üzrə təyinat verilmişdir. Göründüyü kimi Səhiyyə Nazirliyi tərəfindən edilən bu ayrı-seçkilik beynəlxalq və yeri qanunvericiliyə ziddir. Səhiyyə Nazirliyi həmçinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı etirazda bəzi səlahiyyətlərinin TƏBİB-ə keçdiyi, Nazirliyin tabeliyində qalan tibb müəssisələrinin psixiatrik və narkoloji təyinatlı olduğu üçün təyinat verməyin mümkünsüz olduğunu qeyd etmişdir. Ümumiyyətlə, dövlət orqanları səlahiyyətləri digər orqana verilirsə, həmçinin öhdəlikləri də həmin orqana ötürülür. Səhiyyə Nazirliyi səlahiyyətlərini TƏBİB-ə ötürə bilirsə, eyni zamanda müqavilə üzrə öhdəliklərini də TƏBİB-ə ötürməli idi. Bu günə qədər Səhiyyə Nazirliyi bağlana müqavilə üzrə öz öhdəliyini yerinə yetirmədiyi üçün təyinat verilmədiyi müddətdə ona altı min manat ziyan dəymiş, həmçinin hüquqlarının bərpası üçün vəkilə və hüquqi digər xidmətlərə görə ona beş yüz manat dəyərində ziyan dəymişdir. Həmçinin illərlə oxuyub rezidenturanı bitirib işə girmək xəyalı ilə yaşamışdır. 8 il oxuduqdan sonra işə girəcəyini gözlədiyi halda barəsində qanunsuzcasına təyinat verilməməsi onu gənc bir həkim olaraq mənəvi böhrana sürükləmişdir. Aylarla stres-əzab çəkdikdən , psixoloji dəstək aldıqdan sonra özünə gələ bilmişdir. Bütün bunları nəzərə alaraq, ona mənəvi ziyan da dəymişdir. Sonda iddiaçının nümayəndəsi və vəkil ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə Məcid oğlu ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, İddiaçı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında 748 nömrəli 12.08.2016-cı il tarixli “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında’' müqavilə bağlanmışdır və İddiaçı 25 yanvar 2021-ci il tarixdə həkim-stomatoloq kimi işlə təmin edilməsinin cavabdehə, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə həvalə edilməsi ilə bağlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu”nda və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra təbdbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə 30 dekabr 2019- cu il tarixli 910 nömrəli fərmanının 2.1.ci maddəsinə əsasən əksər tibb müəssisələri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Gəncə Şəhər Səhiyyə İdarəsi, Sumqayıt Şəhər Səhiyyə şöbəsi, habelə tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri TƏBİB-in tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan tibb müəssisələrində həkim-stomatoloq ixtisası mövcud deyildir və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində İddiaçı işlə təmin edilməsi məsələsi şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi olduğundan mümkün deyildir. Mövcud hala əsasən İddiaçı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında bağlanan 748 saylı, 12.08.2016-cı il tarixli müqavilə məhkəmə tərəfindən ləğv edilməlidir. Həmçinin bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində həkim-mütəxəssis ixtisasları İddiaçı həkim-stomatoloq ixtisasına uyğun olmadığından iddiaçı ilə bağlanan 21.07.2021-cı il tarixli 219 nömrəli müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi mümkün deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə İddiaçı arasında qeyd olunan müqavilə 2016-cı ildə bağlanılarkən Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 910 nömrəli fərmanı mövcud olmadığına görə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı situasiya mövcud olmamış və “TƏBİB” qurumu da yaradılmamışdı. Qeyd edilənlərə əsasən, iddiaçının nümayəndəsi ilkin iddianı rədd, qarşılıqlı iddianı isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hər iki iddia rədd edilməlidir. Beləki, iş materiallarında olan X1 ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında bağlanılmış 21 iyil 2017-ci il tarixli 219 saylı “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” Müqavilə bağlanılmışdır. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi rezidenti hazırlığı uğurla başa vurmasından sonra həkim-mütəxəssis kimi işlə təmin etmə vəzifəsini öhdəsinə götürüb. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 04.03.2020-ci il tarixli 05/19-1539 saylı cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 13 oktyabr 2014-cü il Qərarı ilə təsdiq edilmiş “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”nın 2.4-cü və 2.5-ci bəndlərinə əsasən həkim mütəxəssislərin təyinatı Nazirliyin tabeliyində olan tibb müəssisələrindəki vakansiyalar nəzərə alınmaqla və vakansiyaların seçimi zamanı həkim-mütəxəssisə daha çox tələbatın olduğu bölgələrə Komissiya tərəfindən üstünlük verilərək aparılır. Təyinat zamanı həkim-stomatoloq vəzifəsi üzrə vakant yerlər olmadığı üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının 2019-cu il tarixli qərarı ilə həkim-stomatoloqlara azad təyinat verilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçının tələbi işlə təmin olunmağı, həmçinin ona dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsindən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 9-cu bəndinə görə Nazirliyin öz vəzifələrini yerinə yetirmək üçün malik olduğu hüquqlar sırasına tibb və əczaçılıq ixtisaslı mütəxəssislərə olan tələbatı müəyyənləşdirmək, bu mütəxəssislərin təhsil müəssisələrində yetişdirilməsini, eləcə də tibb sahəsində elmi-pedaqoji və elmi kadrların hazırlanmasını təşkil etmək, tibb müəssisələrini tələbata uyğun ixtisaslı tibbi kadrlarla təmin etmək daxildir. Göründüyü kimi burada tibb müəssisələrini tələbata uyğun ixtisaslı tibbi kadrlarla təmin etmək cavabdehin hüququ kimi nəzərdə tutulmuşdur. İddiaçının qaldırdığı məsələ bu baxımdan cavabdeh orqanın diskresion səlahiyyətidir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində İddiaçı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında bağlanılmış 748 saylı 12.08.2016-cı il tarixli müqavilənin tələblərini yerinə yetirilməsi tələb etdiyi halda, X1 ilə bağlanılmış 21 iyul 2017-ci il tarixli 219 saylı müqavilənin surətini iş materiallarına əlavə etmiş, 748 saylı 12.08.2016-cı il tarixli müqaviləni isə məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddiaçının “maddi və mənəvi ziyanın tutulması” tələbi ilə bağlı qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ona mənəvi ziyan vurulması ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim etmədiyindən və cavabdehin təqsirli, hüquqa zidd hərəkəti müəyyən edilmədiyindən iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində də təmin edilə bilməz. Məhkəmə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə münasibət bildirərək, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi 422.2.2-ci maddənin şərtlərinə əsasən şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi müqavilənin ləğvi ilə bağlı İddiaçı müraciət etməsi barədə sübut qarşılıqlı iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia və qarşılıqlı iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “müqavilənin tələblərini yerinə yetirərək, onun işlə təmin olunması, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair ilkin iddia ərziəsi və qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “müqavilənin tələblərini yerinə yetirərək, onun işlə təmin olunması, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair ilkin iddia ərziəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar