Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-528/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «maddi ziyanın, əldən çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «maddi ziyanın, əldən çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 07.09.2019-cu il tarixdə Milli Onkologiya Mərkəzinin həkimi uroloq Cavabdeh2 tərəfindən Cavabdeh1 klinikasında əməliyyat olunmuşdur. Əməliyyatdan bir müddət əvvəl onunla Milli Onkologiya Mərkəzində görüşmüş, sidiyə getməklə bağlı səhhətindəki problemi ona izah etmiş, o vaxta qədərki müayinə sənədlərini ona göstərmişdir. Cavabdeh2 özü iddiaçını ikinci iş yerini kimi işlədiyi «Milano» hospitalda şəxsən müayinə edib və ona prostatın adenoması (hiperplaziyası) diaqnozunu qoymuşdu. İddiaçını prostatın adenoması üzrə ən müasir tibbi apparat olan Olimpus aparatının olduğu Milli Onkologiya Mərkəzində vaporizasiya üsulu ilə əməliyyat edəcəyini söyləmiş və əməliyyatın yüngül, qanaxma omadan, fəsadsız bu əməliyyat olduğuna onu inandırmışdı. Lakin Elnur həkim son anda hansısa səbəbdən əməliyyatı Cavabdeh1 klinikasında etmişdir. O, əməliyyatı iddiaçının istəyi ilə spinal anesteziya yolu ilə yerinə yetirmişdir. Əməliyyatdan sonra iddiaçını palataya gətirəndə həkimdən soruşmuşdur ki, «həkim, prostatın adenomasını tamamilə götürdünüzmü?». O, iddiaçıya cavab vermişdir ki, «yox, biz heç prostata gedib çatmadıq, sidik kanalında (uretrada) darlıq var idi, onu kəsdik». Sözün düzü, iddiaçı çaş-baş qalmışdır. O, iddiaçını narahat edən orqanın-prostatın əvəzinə iddiaçıdan icazə almadan, ona bildirmədən (əməliyyat zamanı iddiaçı tamamilə ayıq idi və əməliyyatı monitorda müşahidə edirdi, o, bunu iddiaçı ilə məsləhətləşə bilərdi və məsləhətləşməli idi) onun tamamilə başqa bir orqanına müdaxilə etmişdir. Axı iddiaçı cərrahiyyə stoluna elə bu həkimin qoyduğu başqa diaqnozla əlaqədar uzanmışdır. İddiaçı indiyədək anlaya bilmir ki, həkimə bu ixtiyarı kim vermişdir ki, o, belə bir özbaşınalıq etmişdir. Həkim nədən bilirdi ki, iddiaçı prostat vəzi əvəzinə sidik kanalında əməliyyat edəcəyinə razılıq verəcək? Sonrakı hadisələr göstərmişdir ki, bu həkim özbaşına olaraq iddiaçının sidik kanalında etmiş olduğu bu əməliyyatı da çox naşı, çox qeyri-peşəkar bir şəkildə aparmış və bununla da onun sağlamlığına çox böyük zərbə vurmuş, onu uzun bir müddətə üç ay yarım müddətinə bütün həyatı boyu görmədiyi dəhşətli ağrı-acıya məruz qoymuşdur. Belə ki, əməliyyat zamanı sidik kisəsinə qoyulan kateteri düz bir həftədən sonra çıxartdıqda iddiası bir damçı sidiyə gedə bilmədi, sidik kanalında yaranmış ödəm yolu tamamilə bağlamışdır. Həkimin dediyi bütün vasitələrdəndərmanlardan, şamlardan istifadə etməsinə baxmayaraq, qətiyyən sidiyə gedə bilmədi və kateter çıxarıldıqdan 2-3 saat sonra oğlugil iddiaçını dözülməz ağrılarla Cavabdeh1 klinikasına çatdırmışlar və orada ona yenidən kateter qoymuşlar. Bu dəfə Elnur həkim demişdir ki, kateteri 10 gün saxlamalıdır. 10 gün kateterlə yaşayandan sonra 3 gün ərzində çox cüzi də olsa, hər yarım saatdan bir olmaqla sidiyə gedə bilmiş, amma bu çox dəhşətli ağrılarla müşayiət olunmuşdur. Dördüncü gün ağrılarla daha dözə bilmədiyini bildirmiş və Elnur həkim ona yenidən kateter qomuş, 12 gün yenidən kateterlə keçirmiş və bütün bu müddət ərzində iddiaçı daima ən güclü antibiotik və digər dərmanlar qəbul etmişdr. Nəhayət, 12 gündən sonra o, kateteri çıxarmışdır. İddiaçı həmin qayda ilə dərmanlar atmış, iynələri vurdurmuşdur, şamları qoymuşdur, sidikqovucu və spazmanı və spazmanı götürən çaylar içmişdir və ir təhər az-az da olsa sidiyə getmişdir. 2019-cu ilin oktyabr ayının 30-da iddiaçı sidiyə gedə bilməməsi ilə bağlı ağrılara daha dözə bilmədiyindən bir daha kateter qoyması üçün X3 həkimin yanına getmişdir. O, sidiyə baxıb sidiyin həddindən artıq iltihablı olduğunu söyləmiş, yenidən kateter qoymuş, yenidən, yəni artıq üçüncü dəfə, resept yazmış, müxtəlif iynə-dərmanlar, əsasən də çox güclü intibiotiklər təyin etmişdir. Ancaq bütün bu müddət ərzində kateterlə yaşamaq və sidik kisəsinin boşala bilməməsi nəticəsində sidik kisəsində və kanalında yüksək dərəcədə iltihablaşma baş vermişdir və bu onun bədənində güclü intoksikasiyaya səbəb olmuşdur. Nəticədə hərarəti 40 dərəcəyə qalxmış, dəhşətli dərəcədə su içmək istəmişdir, bu cür susuzluğu iddiaçı Məkkədə Hacc ziyarəti edərkən 50 dərəcə istisdə yaşamışdır. İddiaçı Elnur həkimlə əlaqə saxlamış, o, bu susuzluğun intoksikasiya ilə bağlı olduğunu demişdir. Heç nə yeyə bilməmiş, bir tikə yeyən kimi dərhal qusmuşdur, gün ərzində 3 dəfə qusmuş, təzyiqi kəskin şəkildə aşağı düşmuş – 74/90 və iddiaçı özündən getmiş kollaps olmuşdur. Ailə üzvləri təcili yardım çağırmışlar, təcili yardım həkimi dərhal 2 ədəd iynə vurmuş onu Məlikov adına 6 nömrəli xəstəxanaya aparmış və orada qipotonik kriz diaqnozu ilə reanimasiya şöbəsinə yerləşmişlər və onun bu duruma düşməyinin səbəbi olaraq sidiyin tamamilə iltihablaşması nəticəsində bədənində güclü intoksikasiya baş verdiyini göstərmişlər. Orada 3 gün ərzində sistem qoşuraqa intensiv şəkildə iddiaçını ən güclü antibiotiklərlə və digər dərmanlarla müalicə etmişlər. Üç gündən sonra reanimasiya şöbəsindən evə buraxılmış və evdə müalicəni davam etmişdir. Amma iddiaçı üç gecə bir dəqiqə də olsa yata bilməmiş, gözünə yuxu gedən kimi dəhşətli şeylər görürmüş, səslər eşitmişdir. Elnur həkimlə əlaqə saxlamışdır və o, bütün bunların qanının zəhərlənməsindən baş verdiyini söyləmişdir. Noyabr ayının 10-da iddiaçı bir az yaxşılaşmış və Onkoloji Mərkəzə getmişdir. Elnur həkim kateteri çıxartmış və yenidən, dördüncü dəfə dərmanlar yazmışdır. İddiaçı ona söyləmişdir ki, o, «Omnik» dərmanını qəbul etməsi dayandıran kimi qətiyyən sidiyə gedə bilməmiş, hətta «Omnik»i qəbul edəedə sidiyə çox tez-te- və çox kiçik porsiyalarla getmiş, buna görə də gecələr yata bilməmişdir. Hər dəfə bunu həkimə söyləyəndə o, iddiaçıya demişdir ki, iddiaçı hələ bir neçə ay «Omnik»i içməlidir və bu yavaş-yavaş düzələcək. Amma heç nə düzəlməmişdir. Bir sözlə, Elnur həkimin bu uğursuz əməliyyatı nəticəsində iddiaçının vəziyyəti əməliyyatdan qabaqdakı vaxtla müqayisədə qat-qat ağırlaşmış və artıq o, bu cür yaşaya bilməmişdir. Sidiyə getmək üçün özünü maksimum gərginləşdirirmiş və bu zaman həm sidik kisəsində. Həm sidik axarlarında, həm də böyrəklərində çox pis ağrılar əmələ gəlmişdir. Xaric edə bilməyən sidik geriyə böyrəklərə qayıdırdı. Ona görə başqa tanınmış həkimlərə, o cümlədən məşhur cərrah Rəşad Şolana müraciət etmişdir. O, iddiaçıya söyləmişdir ki, təkrar əməliyyat olunmalıdır və həm sidik kisəsindəki darlığı, həm də adınomanı eyni zamanda əməliyyat edib problemi aradan qaldıracaqdır. Ancaq iddiaçının artıq yerli həkimlərə inamın tamamilə itmişdir. Gürcüstana, yaxud Türkiyəyə getməsi planlaşdırmışdır və oradakı tanışları ilə əlaqə saxlayıb həmin ölkələrdə əməliyyat olunmaqla bağlı ona məlumat vermələrini xahiş etmişdir. Bu zaman X2 bir türk professorun urologiya uzmanının gələcəyi barədə məlumat almışdır. Dekabr ayının 19-da axşam onunla görüşüb onun özü tərəfindən UZİ və digər müayinələrdən keçmişdir. O, iddiaçının sidik kisəsinin çox itlihablı vəziyyətdə olduğunu və dərhal əməliyyat olunmalı olduğunu söyləmiş, əks halda sidi kisəsinin öz funksiyasını yerinə yetirə bilməyəcəyini bildirmişdir. O demişdir ki, əsas problemin sidik kanalındakı darlıqdır (onda belə bir sual ortaya çıxır: bəs onda Elnur həkim onun sidik kanalında nə etmişdir?), amma həm də prostat vəzinin adenomasından əməliyyat olunacaqdır. İddiaçının artıq çıxış yolu qalmamışdr, vəziyyəti dözülməz idi və o, elə ertəsi gün, yəni dekabr ayının 20-də həm sidik kanalından, Elnur həkimin etmiş olduğu həmin yerdən, həm də prostat vəzinin adenomasından əməliyyat olunmuş və bir həftədən sonra kateteri çıxardıqda o, 20 yaşındakı kimi sidiyə getmişdir. O, zamandan bəri o, iddiaçı özünü əla hiss edir, heç bir dərman-davadan istifadə etmir və bütün ömrü boyu həmin türk professora minnətdar olacaqdır. Beləliklə, Elnur həkim öz qeyri-peşəkar cərrahiyə əməliyyatı ilə onun sağlamlığına çox böyük zərər yetirmiş, iddiaçını üç ay yarım müddətinə dəhşətli ağrı-acıya məhkum etmiş, ona külli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, o, iddiaçının vəziyyətinin yaxşılaşmadığını görüb dörd dəfə ona resept yazıb iynə və dərmanlar təyin etmişdir. Əlbətdə ki, uzun müddət qəbul etdiyi bu dərmanlar onun orqanizmini zəhərləyərək sağlamlığına mənfi təsir göstərmişdir. O, həmin dərmanları qəbul etdiyi zaman mədəbağırsaq sitemində güclü ağrılar hiss edirdi, uzun müddət disbakterioz olmuşdur. Hətta bir müddət yeriyərkən müvazinəti aozulmuşdur, hərəkətlərində koordinasiyasızlıq əmələ gəlmişdir. Reanimasiya şöbəsində olarkən bununla əlaqədar olaraq nevropatoloq onu müayinə etmiş və belə bir pozuntu olduğunu təsdiq etmişdir. İddiaçı təkcə dərmanlara 700 manat pul vermişdir. Reanimasiyada aldığı müalicəyə görə 400 manatdan çox pul xərcləmişdir. Onun etdiyi əməliyyatın iddiaçının vəziyyətini kritik dərəcədə ağırlaşdırması ucbatından 3500 manat ödəməklə yenidən əməliyyat olunmuşdur ki, bu pulun 2500 manat yaxınlarından borc almışdır. İddiaçı türk professor tərəfindən əməliyyat olunandan sonra Elnur həkimin cərrah kimi tamamilə yararsız olduğu qənaətinə gəlmişdir. Çünki hər şey göz qarşısındadır. İddiaçı eyni uroloji problemlə əvvəlcə Elnur həkim tərəfindən əməliyyat olunmuş və onun vəziyyəti əməliyyatdan sonra əvvəlki vəziyyəti ilə müqayisədə o dərəcədə ağırlaşmışdır ki, o, bir neçə ay katetersiz və dərmanlarsız sidiyə gedə bilməmişdir. Həmin problemlərlə, həm də Elnur həkimin müdaxiləsindən sonra daha da ağırlaşmış bir formada bu dəfə türk pofessor tərəfindən əməliyyat olunmuşdur. Bununla da iddiaçının hər iki problemin – həm sidik kanalının darlığı, həm də prostat vəzindəki hiperplaziya tamamilə və dərhal aradan qalxmışdır. Elnur həkimin əməliyyatının videoyazısını türk professora göstərəndə o, başını buladı və söylədi ki, o həkim bu əməliyyatı yarımçıq aparmışdır və o, təkrar əməliyyat olunmalıdır. Əməliyyatın tibbi cəhətdən detallarına gəlincə, məsələ belədir ki, Elnur həkim əməliyyat zamanı sidik kanalının içərisində doğru çıxan şərtləşmiş qövsvari ərpi sadəcə bir neçə yerdən yarıb, amma onu qaşıyıb çıxarmamışdır. Türk həkim isə həmin ərpi, eləcə də kanalın içərisində doğru böyümüş adenomanı çox mükəmməl şəkildə qaşıyıb götürmüşdür (bunları hər iki əməliyyatın videoyazısından çox aydın şəkildə görmək olar). İddiaçı Elnur həkimlə əlaqə saxlayıb onun əməliyyatı düzgün aparmaması nəticəsində ona üç ay yarım bir müddətə çox əzab-əziyyət verdiyini və buna görə də ona dəymiş ziyanı ödəməsini tələb etmişdir ki, təkrar əməliyyat üçün borc alaraq aldığı pulu qaytarsın. O, əvvəlcə türk professorun səhv etdiyini – kanalı qaşımağın düzgün olmadığını söyləmiş, sonra demişdir ki, türk həkim də edə o, etdiyini etmişdir. İddiaçı ona demişdir ki, əgər türk həkim elə o, yəni Elnur həkim, etdiyini edibsə, bəs iddiaçı indi niyə bu prodlemdən tamamilə qurtulmuşdur. Bundan başqa, o iddiaçıya demişdir ki, onun ikinci dəfəə əməliyyat olunmasına ehtiyac yox idi (ölüm-qalım mübarizəsi aparan bir insana bunu söyləmək üçün həqiqətən insanın öz vicdan və ləyaqətini tamamilə itirməsi, sadist olması lazımdır). Sonra o söyləmişdir ki, əgər iddiaçı əməliyyatdan sonra bujlamaya getsəydi, ona əməliyyat lazım olmazdı. İddiaçı ona söyləmişdir ki, «mənim siz müalicə edirsiniz, siz nə demisiniz mən də ona nöqtə-vergülünə qədər dəqiqliklə riayət etmişəm. Mənə bujlamaya getməyi söyləməmisiniz və söyləyə də bilməzdiniz, çünki mən sentyabrın 7-dən noyabrın 10-dək kateterlə (az bir müddət istisna olmaqla) yaşamışam». Bir sözlə, pulu qaytarmamaq üçün o, hər cür ziddiyyətli sözlər söyləyir, vicdansız bəhanələrlə əl atmışdır. Elnur-həkimlə son söhbətlərin birində o, çox az sayda sidik kanalı əməliyyatları etdiyini söyləmişdir. Onun türk professorun əməliyyatı yanlış aparması haqqında mülahizəsindən sonra isə Elnur həkimin sidik kanalı əməliyyatı barədə tamamilə qeyrikompetent olduğu sübut olunur, çünki bütün karyerası ərzində beş-on ədəd sidik kanalı əməliyyatı etmiş bu adam iddiaçını xilam etmiş, minlərlə əməliyyat həyata keçirmiş, beş il Amerikada çalışmış bir uzmanın işində nöqsan axtarır. Ödənişi ona qaytarmaq haqqında son söhbətləri zamanı Elnur həkim onunla danışmağın mənasız olduğunu söyləmiş, göndərdiyi votsap mesajlarını heç oxumağı da lazım bilməmişdir. Belə olan halda iddiaçı fevral ayının 19-da şikayət ərizəsi ilə Cavabdeh1 klinikasının rəhbərinə müraciət etmişdir. Bir neçə gün keçəndən sonra klinikanın hazırki rəhbəri iddiaçıya söyləmişdir ki, klinikanın rəhbərliyi və işçi heyəti dəyişib, iddiaçı əvvəlki heyətin vaxtında əməliyyat olunmuşdur, o, iddiaçının ərizəsini klinikanı bundan əvvəl işlədən şəxslərə vermiş və hər şeyə görə onlar cavabdehdirlər. O, iddiaçıya həmin şəxslərin, yəni klinikanın keçmiş baş həkimin (onun adını unutmuşdur) və urologiya üzrə işlərə cavabdeh olan Emin həkimin telefon nömrələrini vermişdir. İddiaçı klinikanın əvvəlki baş həkiminə bir neçə dəfə zəng vursa da, onun telefonu bağlı idi. Belə olan halda iddiaçı Emin həkimə zəng vurmuşdur. O, iddiaçının şikayətini oxunduğunu və onu həm klinikanın keçmiş baş həkimi ilə, eləcə də onu əməliyyat etmiş Elnur həkimlə müzakirə edəcəyini söyləmişdir. Bir neçə gün keçəndən sonra iddiaçı onunla bir daha əlaqə saxlayanda o, söyləmişdir ki, Elnur həkim əməliyyat üçün ödədiyi vəsaitdən ona çatan qədər, yəni 400-500 manat ödəməyə hazır olduğunu bildirmişdir. İddiaçı ona demişdir ki, bəs o, pulun halan hissəsini haradan alacaq, onda o demişdir ki, Elnur həkim deyir ki, pulun qalan hissəsini də klinika ödəsin. İddiaçya dəyən ziyanın hesablaması belədir: 1195 manat klinikaya ödədiyi vəsait, sonra iki dəfə həmin klinikada kateter qoyulması xərcləri 45 manat, taksi xərcləri – 90 t manat, dərmanlara ödədiyi vəsait – 700 manat, Məlikov adına xəstəxananın reanimasiya şöbəsinə düşərkən xərclənən rəsmi və qeyri-rəsmi ödənişlər 400 manat, iynələri vurmaq üçün tibb bacılarına ödənilən 70 manat, təkrar əməliyyat xərcləri 3500 manat və başqa həkimlərin qəbulu üçün xərclədiyi 80 manat. Adi halda Azərbaycanda ona edilən edilən əməliyyatın qiyməti 2000 manat təşkil edirsə, Elnur həkimin uğursuz əməliyyatı nəticəsində bu əməliyyat iddiaçının üzərinə 6000 manatdan yuxarıya başa gəlmişdir. Bu sadalaqları yalnız nominal olaraq xərclənən pulları ifadə edir. İddiaçının 3 ay yarım ərzində çəkdiyi dəhşətli ağrıları, uzun müddət kateterlə yaşamağın əziyyətini heç bir məbləğlə pulla kompensasiya etmək mümkün deyil. İddiaçıya o ağrıları təkrar yaşamaq üçün yüz min manat ödəsələr, o, buna razı olmazdı. Bunlardan əlavə, iddiaçı üç ay yarım heç bir işlə məşğul ola bilməmişdir. İddiaçı ingilis dili üzrə birinci kateqoriyalı tərcüməçidir. Onun bir günlük işinə görə beynəlxalq təşkilatlar bir neçə yüz manat pul ödəyir. Hesab etsələr ki, iddiaçı heç olmazsa ailəsi üçün ayda gerçəkdə olduğundan çox-çox aşağı olan beş-altı yüz manat pul qazana bilərdi, fakt odur ki, o, həmin pulu qazana bilməmişdir, çünki o, işləməmişdir, ona görə ki, iddiaçı işləyə biləsi bir durumda deyildir. Bir tərəfdən iddiaçıya kateter qoşulu idi, o birisi tərəfdən isə o, sidiyə gedərkən dəhşətli ağrılardan əziyyət çəkirdi, belə bir vəziyyətdə neçə işləyə bilərdi. Baxmayaraq ki, iddiaçının ümumi xərcləri 6000 manatı ötür, o, dəymiş maddi zərəri 6000 manat çıxış edərək aparır. Beləliklə, 6000 manatdan 1195 manatı, yəni Elnur həkimin əməliyyat xərcini çıxdıqdan sonra yerdə qalan 4805 manat və işləyə bilmədiyinə görə mərhum olduğu 1750 manat, cəmisi 6555 manat. Bundan başqa, 3 ay yarım ərzində özünün keçirdiyi dəhşətli ağrılar, stress, depressiya və ailə üzvlərinin məruz qaldığı stress, əziyyət, yuxusuzluq və narahatçılıqlara görə on min manat məbləğində mənəvi ziyan. Hesab edir ki, klinika və Elnur həkim tərəfindən iddiaçıya bu məbləğ, yəni 16555 manat ödənilməlidir. Təbii ki, iddiaçıya dəyən maddi, psixoloji zərərə görə Elnur həkim birbaşa məsuliyyət daşıyır. Amma iddiaçı Cavabdeh1 klinikası ilə müqavilə bağlamışdır, əməliyyat haqqını həmin klinikaya ödəmişdir və ona dəyən ziyana görə hüquqi cəhətdən bu klinika məsuliyyət daşıyır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Klinikasından maddi ziyanın əvəzi olaraq 4805 manat, əldən çıxmış fayda kimi 1750 manat, mənəvi ziyanın əvəzi olaraq 10000 manat, dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 16585 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddiada göstərilənləri təsdiq edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, sırf iddiaçıya köməklik etmək məqsədilə məbləğin ona aid olan hissəsini ödəməyə razıdır. Lakin bu o demək deyil ki, o, əməliyyatının uğursuz olduğu fikri ilə razıdır. Bu səbəbdən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 MMC-nin ünvana göndərilmiş bildirişlər ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Belə olan halda, məhkəmə işə Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, «xxxx» MMC tərəfindən verilmiş ******* nömrəli epikrizin surətindən görünür ki, İddiaçı 07.09.2019-cu ildə klinikaya daxil olmuş, 09.09.2019-cu ildə evə yazılmışdır. Əsas xəstəliyin tam diaqnozu: «Uretra darlığı. Prostat vəzi adenoması». İş üzrə Cavabdeh1 Klinikası tərəfindən verilmiş 07.09.2019-cu il tarixli, 24 nömrəli göndərişin surətindən görünür ki, İddiaçı prostat vəzisinin TUR-un xidmətinə görə cəmi 1600,01 manat ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanan 14.04.2020-ci il tarixli məktubun surətindən görünür ki, «Özəl tibb fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununu 13-cü maddəsinə əsasən özəl tibb müəssisələrində xəstələrə göstərilən tibb xidmətlərinin tarifləri klinika ilə xəstə arasında razılaşma yolu ilə müəyyənləşdirilir. Tibbi yardımın göstərilməsi tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə tənzimlənir. Həmçinin nəzərinə çatdırırlar ki, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərər üçün məsuliyyətinin müəyyənləşdirilməsi, ekspertizanın təyin edilməsi və bunun nəticəsində dəymiş zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmə orqanları tərəfindən baxılır. Bu baxımdan qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. İş üzrə Stimul Hospital tərəfindən verilmiş epikrizin surətindən görünür ki, İddiaçı 20.12.2019-cu ildə klinikaya daxil olmuş, daxil olarkən diaqnoz: «Prostat böyüməsi. Uretra darlığı», son kliniki diaqnoz: «Prostat vəzisi hiperplaziyası. Uretra darlığı. Xroniki sidik ləngiməsi». 20.12.2019-cu ildə cərrahi əməliyyat olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh1 Klinikasına müraciət etmiş, ona prostatın adenoması diaqnozu qoyulmuşdur. Daha sonra iddiaçı qeyd edilən klinikada Cavabdeh2 tərəfindən əməliyyat olunmuş və daha sonra evə buraxılmışdır. Evə buraxıldıqdan sonra xəstədə şiddətli ağrılar başlamış, evə təcili tibbi yardım gəldikdən sonra iddiaçı xəstəxanaya yerləşdirilmiş, daha sonra yenidən evə buraxılmışdır. İddiaçı sonradan başqa həkimə müraciət etmiş və həkimdə yenidən əməliyyata ehtiyac olduğunu bildirərək iddiaçını əməliyyat etmişdir. Əməliyyatdan sonra iddiaçının səhhətin yaxşılaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1127-ci maddəsinə əsasən zərəçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən biridir. Həmin Qanunun 51-ci maddəsinin 5-ci cümləsinə əsasən peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Belə ki, iddiaçı üzərində cərrahiyə əməliyyatının Cavabdeh1 MMC-də keçirilməsi və yaranmış ağrıların və orqanizmin intoksikasiyasının icra edilmiş cərrahiyyə əməliyyatından sonra yaranması işin mübahisəsiz hallarıdır. Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, mülki qanuvericiliyin yuxarıda sadalan normalarına əsasən iddiaçı, üzərində aparılmış cərrahiyə əməliyyatı nəticəsində yaranmış qüsurlara görə dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə cavabdehə qarşı məhkəməyə müraciət etmək hüququ olmuş və onun həmin tələbi əsaslıdır. Məhkəmə hesab edir ki, vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən cərrahiyə əməliyyatının keçirilməsi üçün 1600,01 manat məbləğində pulun ödənilməsi iddiaçı tərəfindən verilmiş ödəniş qəbzi ilə öz təsdiqini tapmışdır. Maddi ziyanın digər hissəsinə dair iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, yalnız Cavabdeh1 MMC-dən dəymiş maddi ziyanın əvəzi kimi ona ödənilmiş 1600,01 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi işə Cavabdeh1 Klinikaya qarşı hissədə əsaslı hesab edilməli, digər Cavabdeh2 münasibətdə isə subyektiv cavabdehlik yanaşması ilə rədd olunmalıdır. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Hüquqi şəxsin işçisinin törətdiyi mülki hüquq pozuntusu nəticəsində daha sonradan hüquqi şəxsin özü reqres qaydasında öz işçisinə qarşı ödənilmiş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququ mövcuddur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən müvafiq tibbi ekspertiza təyin olunmuş, ekspert tərəfindən məhkəməyə vəsatət təqdim edilərək xəstənin uçot kartoçkası tələb olunmuş və məhkəmə tərəfindən sübutların təmin edilməsi barədə qərardad çlxarılmasına baxmayaraq cavabdeh tərəfindən qeyd edillən sənədlər məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddsinə əsasən Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Odur ki, bu halın özü məhkəmə üçün cavabdehin əleyhinə olan hal kimi qiymət verilməsi əsaslı hesab edir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə 1750 manat pulun tutulması tələbi üzrə qeyd edir ki, iddiaçı tərəfindən təsdiq edən sübutlar təqdim edilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, cərrahiyə əməliyyatı nəticəsində keçirdiyi ağrılar iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində də pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, cərrahi əməliyyat nəticəsində iddiaçının çəkidiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 500 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli, Cavabdeh1 MMC-dən maddi zərər qismində 1600,01 manat, mənəvi zərər qismində 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, ümumilikdə 2130,01 (iki min yüz otuz manat bir qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 MMC-dən maddi zərər qismində 1600,01 (bir min altı yüz manat, bir qəpik) manat, mənəvi zərər qismində 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat, ümumilikdə 2130,01 (iki min yüz otuz manat bir qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-528/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-528/2021
22.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver