Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-528/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Sevdimova Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilin yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Sevdimova Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilin yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşayış sahəsinə qeydiyyata alındığı və faktiki yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən yaşayış binasının 18 nömrəli mənzilinə dair arvadı, iki övladı və onun adına 014835 №-li, 23 iyul 1992-ci il tarixli order verilib. Arvadının vəfatından sonra bu mənzildə iki övladı və iddiaçı yaşayırlar. Lakin, bu ünvan üzrə bir neçə şəxs pasport qeydiyyatına alınıb ki, həmin şəxslər bu ünvanda yaşamırlar və onların özlərinə məxsus yaşayış ünvanları var. Belə ki, iddia üzrə cavabdeh şəxslərdən Sevdimova Cavabdeh1 iddiaçının eks gəlinidir və o, 2015-ci il tarixdə oğlu X3 ilə olan nikahları pozulduğu tarixdən də qabaq bu evi tərk edib gedib və eşitdiyinə görə o vaxtdan da valideynlərinə məxsus Suraxanı rayonu ərazisində yerləşdiyi bildirilən evdə yaşayır. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 isə ümumiyyətlə bu ünvanda, yəni onlara məxsus mənzildə yaşamayıblar. Bu şəxslərin mənzildən qeydiyyatda çıxarılması tələb ilə aidiyyəti üzrə polis idarəsinə müraciət etmişdir. Verilən rəsmi cavabla bildirilib ki, tələbinin təmin olunması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin tələbində deyildiyi kimi şəxsin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması gərəkdir. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Mübahisələndirdiyi məsələyə münasibətdə iddiaçı və ailə üzvləri, sözügedən mənzilin qanuni istifadəçiləridir. Lakin, faktiki olaraq iddiaçının və ailəsinin sahibliyində olan ünvan 1 ünvanında yerləşən yaşayış binasının 18 saylı mənzilinə vaxtı ilə qeydiyyata alınmış, cavabdehlərdən Sevdimova Cavabdeh1 uzun illər öncə yeni yaşayış yerinə köçdüyü üçün digər cavabdehlər isə ümumiyyətlə bu mənzildə yaşamadıqları üçün onların bu mənzildə pasport qeydiyyatında qalmaları onlara (yəni, iddiaçı və ailə üzvlərinə) mənzili özəlləşdirməkdə maneə yaradır. Göstərilənlərə əsasən, xx.xx.1988-ci il təvəllüdlü Sevdimova Cavabdeh1, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh3 və xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh4 ünvan 1 ünvanında yerləşən yaşayış binasının 18 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdehlər Sevdimova Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Nəsimi rayonu, Kaveroçkin 13-də yaşayan sakinlər tərəfindən tərtib edilən 12 iyun 2023-cü il tarixli aktdan görünür ki, həqiqətən Sevdimova Cavabdeh1 Nəsimi rayonu, Kaveroçkin küçəsi 13, mənzil 18-də İddiaçı məxsus mənzildə yaşamamışdır. Mülki işin materiallarında olan 70 saylı MKİS-nin rəisi X6, mühəndisi X11, sahə nəzarətçisi X7 tərəfindən təsdiq edilən 20 iyul 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı keçmiş gəlini Sevdimova Cavabdeh1 qeydiyyatda olmağına baxmayaraq Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13 saylı binanın 18-ci mənzilində yaşamamışdır. Həmçinin, gəlini Sevdimova Cavabdeh1 vətəndaş X1 2015-ci ildə boşanmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 302175 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X3 və Sevdimova Cavabdeh1 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 28 avqust 2018ci il tarixdə 269 № ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan 70 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilən 15 noyabr 2023-cü il tarixli, 322№-li Arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi 13, mənzil 18-də yaşayır. Sevdimova Cavabdeh1 (keçmiş gəlini) xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan 52 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilən 20 dekabr 2021-ci il tarixli, 287№-li Arayışdan görünür ki, Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi 13, mənzil 18-də yaşayır, o, X4 və Cavabdeh2 1991-ci il tarixdən qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən 0943656№-li, RX seriyalı Çıxarışdan görünür ki, ünvan 2, mənzil 18 xüsusi mülkiyyət hüququ əsasında X2 adına xx.xx.2016-cı il tarixdən qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan 23 iyul 1992-ci il tarixli, 014835№-li orderin surətindən görünür ki, Kaveroçkin küçəsi, ev 13, mənzil 18 İddiaçı məxsusdur. Mülki işin materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-2654/2022 saylı qərardadına əsasən İddiaçı cavabdeh Nəsimi rayon Polis İdarəsinə qarşı (Sevdimova Cavabdeh1 üçüncü şəxs qismində cəlb edilməklə) “qeydiyyatdan çıxarma” tələbinə dair iş üzrə iddia baxılmamış saxlanılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, ünvan 2 ünvanında yerləşən 18 saylı mənzil order əsasında İddiaçı xüsusi mülkiyyətindədir və o, müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh Sevdimova Cavabdeh1 iddiaçının keçmiş gəlinidir. Cavabdeh S.Cavabdeh1 iddiaçının oğlu ilə nikaha daxil olmuş və mübahisəli mənzildə xx.xx.2012-ci il tarixdə pasport qeydiyyatına düşmüşdür. Sonradan xx.xx.2018-ci il tarixdə cavabdeh Sevdimova Cavabdeh1 ilə iddiaçının oğlu arasında bağlanmış nikah pozulmuş və cavabdeh həmin ünvandan köçüb getmişdir. Eynı zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 isə ümumiyyətlə mübahisəli ünvan 1 ünvanında yerləşən yaşayış binasının 18 saylı mənzildə yaşamamışlar. Mülki işin materiallarında olan 52 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilən 20 dekabr 2021-ci il tarixli, 287 №-li Arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi 4 mərtəbəli evin 3-cü mərtəbə yerləşən 45.0 kv.m. sahəsi olan 3 otağlı 18 saylı mənzil sahibi X5, o, 18.0.2021-ci ildə vəfat edib. Mənzildə Cavabdeh3 özü, anası və bacısı yaşayır, 1991-ci il tarixdən qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlərin istifadə hüququnun itirilməsi tələb etdiyi mənzil Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi 6 mərtəbəli evin 6-cı mərtəbə yerləşən ümumi sahəsi olan 48.09 kv.m. sahəsi olan 1 otaqlı 18 saylı mənzildir. Beləliklə, iddiaçı onun sahibliyində olmayan, tam başqa şəxsin sahibliyində olan mənzildən cavabdehlərin istifadə hüququnun itirilməsini tələb edir. Odur ki, məhkəmə iddia tələbinin "Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən yaşayış binasının 18 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdeh Sevdimova Cavabdeh1 ünvan 1 ünvanında yerləşən yaşayış binasının 18 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb əsaslıdır və təmin edilməlidir. İşin hallarından göründüyü kimi cavabdehin mübahisəli mənzilə istifadə hüququ onunla iddiaçının oğlu arasında nikah bağlandıqdan sonra yarandığından hazırki mübahisə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Həmçinin, Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində manelərin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələbi başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh Sevdimova Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququ onun iddiaçının oğlu ilə rəsmi nikah münasibətinə daxil olması ilə yaranmış və o, ailə münasibətlərində olduğu müddətdə də həmin mənzildən istifadə hüququnu realizə etmişdir. Lakin, onun nikah münasibətinə xitam verilməsi, onun daha sonra mübahisəli ünvandan köçməsi tanınmış istifadə hüququnun itirilməsinə səbəb olmuşdur. Məhkəmə, cavabdehin hal-hazırda iddiaçının ailə üzvü sayılmadığını və eyni zamanda onların arasında mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığını və iddiaçının isə başqa yerə köçdüyünü, pasport qeydiyyatının isə yaşayış sahəsindən istifadə hüququ yaratmadığını nəzərə alaraq hesab edir ki, cavabdeh Sevdimova Cavabdeh1 iddiaçıya məxsus olan evdən istifadə hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Sevdimova Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 18 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməli, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Sevdimova Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 18 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-528/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-528/2024
16.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver