Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-529/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X8 Salemin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 Salem Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.350 ABŞ dolları, 855 Böyük X7 ödəniş gününə olan məzənnə ilə, habelə 2.000 manat məbləğində pulun və 30 dövlət rüsumunun Cavabdeh Al-Qudsidən tutularaq iddiaçı X8 Salem (X6 Salem)ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X8 Salem iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh Al- Qudsi ilə 2016-cı ildə Türkiyə Respublikasının İstanbul şəhərində təhsil alarkən tanış olmuşlar. Bundan sonra aralarında münasibət yaranmış, daha sonra münasibətləri pozulmuşdur. O, Cavabdeh Al-Qudsi ilə əlaqəni kəsməsinə baxmayaraq sonuncu sosial şəbəkələrdə (vatsap, feysbuk) ona yazmağa davam etmişdir. Cavabdeh Al- Qudsi 2016cı ilə Azərbaycan Respublikasının Tibb Universitetinə daxil olmuşdur. Bundan sonra cavabdeh Omar X5 universitetdə problemləri olduğunu bildirmiş və ondan 1.500 ABŞ dolları məbləğində pul istəmişdir. Lakin o, həmin məbləğdə pulu olmadığından ona “Vestern Union” pul köçürmə xidməti vasitəsi ilə xx.xx.2016-cı il tarixdə 350 ABŞ dolları məbləğində pul göndərmişdir (qəbz əlavə edilir). 2017-ci ilin yanvar ayında həmin hal təkrarlanmış və o, xx.xx.2017-ci il tarixdə 1.000 ABŞ dolları və xx.xx.2017-ci il tarixdə 1.000 ABŞ dolları məbləğində pul göndərmişdir (qəbzlər əlavə edilir). Onun vaxtaşırı borc verdiyi pulları tələb etməsinə baxmayaraq cavabdeh Omar X5 maddi vəziyyətinin çətin olduğunu və həmin pulları hələlik qaytarmaq imkanının olmadığını bildirmiş və ondan yenidən pul istəmişdir. Onun cavabdehə qarşı müsbət hissləri olduğundan xx.xx.2017-ci il tarixdə cavabdehə 855 Böyük X7 göndərmişdir (qəbz əlavə edilir). Qeyd edilən hallarla bağlı onun tərəfindən xx.xx.2018-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinə müraciət olunmuş, cinayət tərkibi olmadığından və iş mülki xarakter daşıdığından həmin tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və ona aidiyyət üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Daha sonra sonuncu dəfə cavabdehə qarşı humanizm göstərərək və cavabdehin yenədə ondan yardım istəməsi səbəbindən ona xx.xx.2020-ci il tarixdə 2.000 manat məbləğində pul göndərmişdir (qəbz əlavə edilir). Bundan sonra o, Cavabdeh maddi durumunun çətin olduğunu və ona pul lazım olduğunu qeyd edərək pulları ona qaytarmağı xahiş etmişdir. Lakin, cavabdeh bu günədək müxtəlif bəhanələrlə həmin pulları qaytarmaqdan yayınır. Beləliklə, müxtəlif vaxtlarda cavabdehə göndərilmiş 2.350 (iki min üç yüz əlli) ABŞ dolları, 855 (səkkiz yüz əlli beş) Böyük X3 ödəniş gününə olan məzənnə ilə və 2.000 (iki min) manat məbləğində pulu və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh Al-Qudsidən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçı X8 Salemin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişləri göndərilsə də, onun həmin ünvanda yaşamaması səbəbindən bildirişlər ona çatdırılmadan geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 146-cı maddəsinə əsasən işə Cavabdeh Al-Qudsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı X8 Salem tərəfindən Cavabdeh Al-Qudsidən 2.350 ABŞ dolları, 855 Böyük X7 və 2.000 manat məbləğində pul tələb edilir. Lakin iddiaçı iddia tələbini qanunvericiliklə müəyyən edilmiş qaydada sübut etməyərək, məhkəməyə cavabdehin ona olan borcunu əks etdirən sübutları təqdim etməmişdir. İddiaçının nümayəndəsi və vəkilinin həmin məsələ ilə əlaqədar verdiyi izahatına gəldikdə isə, Azərbaycan Respublikası MPMin 106.1-ci maddəsinə əsasən onlar iddianın təmin olunması üçün əsas ola bilməz. Habelə iş materiallarına iddiaçı tərəfindən müxtəlif qəbzlər əlavə edilsə də, həmin qəbzlər üzrə ödənişlərin hansı səbəbdən edildiyinə dair məlumat əldə etmək mümkün olmamışdır. Belə ki, məhkəmə hesab edir ki, hər hansı şəxs tərəfindən başqa bir şəxsə pul vəsaitlərinin ödənilməsi (müxtəlif ödəniş vasitələri daxil olmaqla) həmin pul vəsaitlərinin qarşı tərəfə borc qismində verilməsini sübut etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X8 Salem tərəfindən irəli sürülən iddia tələbinin əsasını təşkil edən hallar sübuta yetirilə bilmədiyinə görə onun iddia tələbi təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X8 Salemin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X8 Salemin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-529/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-529/2021
08.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver