Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5317/2025 19.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "işgəncə ilə əlaqədar kompensasiya" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "işgəncə ilə əlaqədar kompensasiya" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən ona verilmiş işgəncə ilə əlaqədar hər gün üçün 3.000 manat olmaqla, cəmi 18.000 manat kompensasiyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə xx.xx.2017-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ********* nömrəli cinayət işi başlayıb. İddiaçı həmin cinayət işi çərçivəsində müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olarkən 2017-ci ilin may ayında heç bir hüquqi əsaslar olmadan saxlanılmış, ona qarşı dəhşətli işgəncələr verilmişdir. İddiaçı xx.xx.2017-ci ildə Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2017-ci ildə Bakı Hərbi Məhkəməsi tərəfindən onun həbsdə saxlanılma müddəti xx.xx.2018-ci il tarixədək, xx.xx.2017-ci il tarixdə isə xx.xx.2018-ci ilə qədər uzadılıb. xx.xx.2018-ci ildə ona Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə əlavə ittiham elan olunmuşdur. xx.xx.2018-ci il tarixdə iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmiş, ancaq CM-nin 331.3-cü maddəsi ilə ittiham saxlanılmışdır. xx.xx.2018-ci ildə Azərbaycan Respublikası CM nin 331.3-cü maddəsi ilə davam edən ibtidai istintaq tamamlanaraq iş baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəza müddətinin bitməsi ilə azadlığa çıxmışdır. İddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə məhkum edilməyinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 303.31, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən apelyasiya protesti verilib. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilib, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci ıl tarixli hökmü və məhkəmənin xx.xx.2018-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilərək, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılıb. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə hərbi prokuroruna qaytarılıb. xx.xx.2022-ci ildə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib, həmin tarixdən cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ceyhun Hümbətova həvalə edilib. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin dəyişiklik edilməsi haqqında» xx.xx.2020-ci il tarixli Qanunun 1.73. maddəsinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsinin ləğv olunması əsas götürülərək xx.xx.2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinə tövsif edilib. İstintaqın nəticəsində xx.xx.2022-ci ildə iddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılıb. İddiaçının ağır işgəncələrə məruz qalmağı Tərtər Hərbi Məhkəməsinin 1(098)-7/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə təsdiq olunur. Bu iş üzrə N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi ədliyyə mayoru X11, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu baş gizir X8 və N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu kiçik gizir X5 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək məhkum ediliblər. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Fuad Ağayev 10 il, Qurban Cümşüdov və Cavid Ağadadaşov isə hər biri 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. 2017-ci il mayın ilk günlərindən etibarən həmin il boyunca Tərtər rayonu Manquşevan kəndində köhnə hərbi tikilinin binasında müəyyən fasilələr verilməklə, lakin davamlı şəkildə ilk öncə əllərini və görməməyi üçün gözlərini bağlayaraq əynindəki paltarları cıraraq soyundurub, rezin borularla, qol və ayaq zərbələri ilə günlərlə döyülüb, mütəmadi bədəninə davamlı elektrik cərəyanı verilib və s. (xx.xx.2019-cu il tarixli hökmünün 33-cü və 209- 210-cu səhifələr). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2017-ci il tarixli, 255/10 saylı rəyindən görünür ki, «İddiaçı Teman oğlunun bədənində boynun arxa və sağ yan səthlərində cəmi 5 ədəd, sağ əlin arxa səthində 1 ədəd çapıq piqmentasiyaları, hər iki mil bilək, oynağı nahiyələrində, sol baldır və sol budda, cəmi 20 ədəd piqmentasiya sahələri aşkar edilmişdir. Bunlardan çapıq piqmentasiyalar həmin nahiyələrdə olmuş, çox güman ki, məhdud termik yanıq yaralarının, piqmentasiyalar isə qançırların izi olub, yanıq izləri yanan siqaret uduğunun təsirindən, qançırlar isə bərk küt əşyaların təsirindən törənə bilərdilər, əmələ gəlmə vaxtı ekspertiza tarixindən 1-2 ay əvvələ uyğun gələ bilər və dərəcəsinə görə çapıq-piqmentasiyalar istər ümumilikdə, istərsə də ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, piqmentasiya sahələri isə isər ümumilikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir (xx.xx.2019-cu il tarixli hökmün 416-cü səhifəsi). Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X14 Goranboy rayon X6 Hüquqi Şəxsi tərəfindən verilmiş 663 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Novruzov X3 MRX-nın Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində xx.xx.2018-ci il tarixdən aşağıdakı diaqnozla dispanser qeydiyyatındadır. İddiaçı işgəncələr nəticəsində postravmatik sindrom və digər trasmatik mənşəli psixoloji pozuntulardan əziyyət çəkir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia qaldıraraq, ona vurulmuş mənəvi zərərə görə 100.000 manat, maddi zərərə görə 7.150 manat olmaqla, cəmi 107.150 manat manat məbləğində kompensasiyasının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-822/2022 saylı qətnaməsi ilə iddianı qismən təmin edib, iddiaçıya vurulmuş mənəvi zərərə görə 20.000 manat məbləğində pul və 7150 manat maddi ziyan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsini qət edilmişdir. Cavabdeh bu qətnamədən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1228/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-822/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılıb. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti versə də, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-218/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1228/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Bu qətnamə ilə iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia təmin edilmiş, bundan sonra ona vurulmuş fiziki ziyan və ya sağlamlığına vurulmuş ziyanın ödənilməsi barədə iddia qaldırmışdır. İddiaçı dövlətə xəyanət kimi ağır və dəhşətli iztirab verən cinayətdə əsassız ittiham edilib və təqsirli bilindiyi və ümumiyyətlə ibtidai araşdırma zamanı gördüyü işgəncələr nəticəsində ciddi psixoloji travmalar almış, onda PTC (trasmatik mənşəli psixi pozuntular) yaranıb, bu səbəbdən fiziki sağlamlığına zərər dəymiş, bu psixoloji travmaların müalicəsi uzun müddətli və çox bahalı olduğundan, dəfələrlə psixoterapevtin seanslarına getmək, müxtəlif bahalı dərmanlarla müalicə kursları almaq, massaj seansları almaq, iynəterapiyası (akupunktuasiya), müalicəvi bədən tərbiyəsi, manual terapiya, qrup və fərdi məşğuliyyətlər lazım olduğundan, tam reabilitasiya və fiziki zərəri aradan qaldırmaq üçün 33.316 ABŞ dolları və ya 56.637 manat vəsaitin lazım olması səbəbindən, cavabdeh təşkilatın üzərinə ona fiziki ziyanın kompensasiya olaraq 56.637 manat ödənilməsi öhdəliyi qoyulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-291/2024 saylı, 26.01 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçıya fiziki ziyanın kompensasiyası olaraq 30 000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfinən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 1221 manat pulun ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulması qət edilmişdir. Vətənə daima sədaqətlə xidmət edən hərbi qulluqçuların, iddiaçı da daxil olmaqla işgəncəsini izləmək ona həddən artıq pis təsir göstərmişdir. İddiaçı öz hərbi qulluqçularının, Vətənin digər oğlunun ona və digər oğullarına işgəncə verməsini, işgəncə verərək öldürməsini dərk edə bilmirdi. Anlaya bilmirdi ki, bir kişi başqa bir kişiyə niyə belə bir işgəncə versin. Üstəlik, heç bir Vətənə xəyanət olmadığı halda iddiaçı da daxil olmaqla bu insanların hansı səbəblə işgəncəyə məruz qalmasını dərk etmək mümkün deyildi. Onlar erməniyə əsir düşməmişdilər, lakin erməniyə əsir düşən şəxs kimi işgəncə görürdülər. Üstəlik, işgəncəni verən şəxslər dayanmadan, mütəmadi olaraq işgəncə verirdilər, onlar yorulmaq bilmədən, canşəfanlıqla işgəncə verirdilər. Hətta işgəncə bir müddət dayandıqda belə yenidən davam etməsi əmr edilirdi. Bu hadisələri yaşamaq çox çətin idi. İnsanın çiyin-çiyinə səngərdə durduğu, düşmənə qarşı vuruşduğu, qardaşdan yaxın bildiyi insanların ona işgəncə verməsi, güvəndiyi komandanlığın bu işgəncələrin başında durması insana mənəvi işgəncə də verirdi. İşgəncələr elə amansız idi ki, ölüm daha cazib gəlirdi. Yalnız işgəncəyə görə ölümü arzulamırdı, eyni zamanda dostu, qardaşı, silahdaşı hesab etdiyi şəxslərin hərəkətlərini gördükdə buna tab gətirməmək, daha artıq onların zülm edən simalarını görməmək üçün ölümü istəyirdi. Uzun illər ərzində hərbi sahədə etdiyi xidmətin, seçiminin nə qədər yanlış olduğunu, bu insanlara güvənməyinin yanlış olduğunu anlamaq dəhşət idi. insanı dayanmadan alçaldırdılar. Bu işgəncəni anlamaq həmin işgəncəni yaşadığı halda dərk etmək mümkün deyildi. İşgəncənin birbaşa obyekti olduğu halda yoldaşlarının işgəncə səslərini də eşitməyə dözə bilmirdi. Bu işgəncələr nəticəsində sonralar iddiaçıda psixoloji problemlər yaranmağa başladı. xx.xx.2017-ci il tarixdə qanunsuz tutularaq amansız işgəncələrə məruz qalmış, bu işgəncələr 08 may 2017-ci il tarixdə iddiaçı barəsində 4 ay həbs qətimkan tədbiri seçilməklə 09 may 2017-ci il tarixdə sonlanmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin izahatında bildirmişdir ki, onun tələbinin əsasını oğlunun xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək işgəncəyə məruz qalması təşkil edir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məhkəməyə elektron kabinet vasitəsilə təqdim etdiyi iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, qeyd olunan iş üzrə eyni tərəflər arasında eyni predmet barəsində məhkəmələrin artıq qanuni qüvvəyə minmiş qərarları mövcuddur və bu səbəbdən qanunvericiliyə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı ona vurulmuş mənəvi zərərə görə 100.000 manat, vurulmuş maddi zərərə görə 27.100 manat olmaqla, cəmi 127.100 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona verilməsi tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı vurulmuş mənəvi zərərə görə 20.000 manat məbləğində pulun və 7150 manat maddi ziyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Müvafiq icra sənədinə uyğun olaraq 27.150 manat vəsaitin İddiaçı bank hesabına köçürülməsi 01 sentyabr 2023-cü il tarixdə təmin edilmişdir. Sonradan İddiaçı məhkəmədə iddia qaldıraraq ona fiziki ziyanın kompensasiya olaraq 56.637 manat ödənilməsini tələb etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2024-cü il 26 yanvar tarixli qətnaməsi ilə iddiaçıya fiziki ziyanın kompensasiya olaraq 30.000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 1221 manat pulun ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 26 yanvar 2024-cü il tarixli 2(006)-291/2024 nömrəli İcra vərəqəsinə əsasən 52.221 manat vəsaitin İddiaçı bank hesabına köçürülməsi 23 aprel 2024-cü il tarixdə təmin edilmişdir. Göstərilənlərlə bağlı bildirilir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İşin materiallarından da göründüyü kimi eyni tərəflər arasında eyni predmet barəsində yuxarıda qeyd olunan məhkəmələrin artıq qanuni qüvvəyə minmiş qərarları mövcuddur və bu səbəbdən qanunvericiliyə əsasən iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. Analoji məhkəmə təcrübələrindən də göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Həmçinin, Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Həmçinin, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq İddiaçı iddia ərizəsinə etiraz bildirirərək və iddia tələbini rədd edərək icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materialları: Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(093)-14/2024 saylı hökmünə əsasən İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Sözügedən Hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, ...İddiaçı barəsində dövlətə xəyanət şübhəsi faktı ilə bağlı ilkin təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq X11, X9 və digər dəstə üzvləri ilə birlikdə İddiaçı əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada tam lüt soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə həmin gün İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə, köhnə qərargah binasının birinci və ikinci mərtəbəsində olan otaqlarında, dəhlizdə əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağlayıb sərbəst hərəkət etməsini məhdudlaşdıraraq onun bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə və təpiklə, habelə plastik boru və digər küt əşyalarla çoxsaylı zərbələr vurmuş, başını su ilə dolu vannaya salıb çıxartmaqla boğmuş, plastik borunu yandırıb bədənin müxtəlif nahiyyələrinə tökmüş, daha şiddətli təsir etməsi üçün onun üstünə su töküb, elektrik cərəyanı verilməsindən ötrü mühəndis istehkam fəaliyyətlərində istifadə olunan KPM-1 adlı qurğunun naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə, bədəninə bir neçə dəfə elektrik cərəyanı vermiş, qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırmaqla ac, susuz saxlamış, İddiaçı məcbur olub yalandan düşmənlə əlaqəsinin olduğunu bildirdikdən sonra qanunsuz əməllərini davam etdirərək mütəşəkkil dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü xx.xx.2017-ci il tarixində axşam saatlarınadək ona qarşı qeyd edilən qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin məqsədlərinə nail olmaq məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il axşam saatlarınadək N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasında mütəşəkkil dəstənin üzvləri tərəfindən eyni qaydada fiziki zor tətbiq edilərək güclü fiziki ağrı, habelə mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi və fiziki iztirablar verilməklə sağlamlığa yüngül zərər vurmaya aid olan “sol saidin ön səthinin örta üçdə birində, sağ körpücük nahiyyədə, sol budun üçdə birinin arxa səthində, sol budun orta üçdə birinin yan səthində çapıq toxumalar, boynun arxa və sağ yan səthlərində cəmi 5 ədəd, sağ əlin arxa səthində 1 ədəd çapıq-piqmentasiyalar, hər iki mil-bilək oynağı nahiyələrində, sol baldır və sol budda, cəmi 20 ədəd piqmentasiya sahələri” xəsarətləri yetirib İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə ona mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə vermiş, 6 gün müddətində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə mütəşəkkil dəstə tərkibində silah və silah qismində istifadə edilən əşyadan istifadə etməklə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. xx.xx.2018-ci il tarixli «zərərçəkmiş şəxs qismində tanınmaq barədə» qərar; Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(093)-14/2024 saylı hökmü; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2181/2023 saylı qərarı; Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-291/2024 saylı qətnaməsinin yığcam məzmunu iddia ərizəsində və iddiaya etirazda göstərildiyindən, həmin aktların iş materialları kimi sadalanmasına zərurət yoxdur. X2 PHŞ tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli, 663 saylı arayışdan görünür ki, İddiaçı xəstəxananın Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində xx.xx.2018-ci il tarixdən dispanser qeydiyyatındadır, İİ qrup əlildir. Diaqnoz: «BBTX nəticəsində (travmatik mənşəli) kəskin ifadəli nəzərə çarpan şəxsiyyət dəyişkənliyi, uzun müddətli pozulmalarla, psixogen hallarla tez-tez baş verən psixopata bənzər davranış və dekompensasiya halları, anamnezində olunmuş sui-qəsd cəhdləri». Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci ilə qədər, yəni 9 ay 19 gün həbsdə saxlanılmasına görə iddiaçının hesabına 7150 manat maddi ziyan və 20.000 manat mənəvi ziyanın tutulması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi, Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu və digər tibbi sənədlər qanuni qüvvəyə minmiş və preyudisial əhəmiyyət kəsb edən məhkəmə aktlarında qeyd edildiyindən (Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-291/2024 saylı qətnaməsi, 12-22-ci paraqrafları), iddiaçının sağlamlıq durumu ilə bağlı halların yenidən mübahisələndirilməsi və sübut edilməsi yolverilməzdir. Bu səbəbdən, həmin sənədlərin yenidən sadalanmasına zərurət yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin təqsirli hərəkətləri nəticəsində iddiaçının qanunsuz hərəkətlərə məruz qalması işin sübuta yetirilmiş halıdır. Bununla bağlı Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən, "Tərtər işi" kimi tanınan cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı işdə zərərçəkənin, yəni İddiaçı işgəncəyə məruz qalmasının dövlət orqanının - Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İşgəncələrə və təzyiqə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Məhkəmə, iddiaçının ona dəymiş mənəvi zərərə görə 18.000 manat tələb etməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2(102)-388/2023 nömrəli qərarında göstərilmişdir ki, mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Məhkəmə hesab edir ki, şəxsin işgəncəyə məruz qaldığı müddətdə keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin və əzab-əziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləği 7.000 manat məbləğdə müəyyənləşdirilməlidir. Belə ki, mənəvi zərərin məbləği ilə bağlı iddia ərizəsində qeyd edilən məbləğ çox olmaqla real qiymətləndirilmir. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Məhkəmə vurğulayır ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq bir gün də olsa azadlığı məhdudlaşdırılmaqla qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlərə məruz qalmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Lakin, məhkəmə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla hesab edir ki, işin diqqətəlayiq hallarını, işgəncənin ağırlığını nəzərə alaraq iddiaçının məruz qaldığı rəftara görə ona ağlabatan olaraq 7.000 manat məbləğin ödənilməsi ədalətli və ağlabatan hesab olunur. Beləliklə də, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 7.000 manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Bundan başqa, məhkəmə, iddiaçının daha əvvəl eyni iş üzrə, eyni tələblə məhkəməyə müraciət edərək buna dair məhkəmə qətnamələri qəbul edildiyi üçün hazırki mülki iş üzrə icraata xitam verilməsinə dair cavabdehin dəlilinə münasibətdə isə qeyd edir ki, işdən görünür ki, iddiaçı tərəfindən daha əvvəl məhkəməyə verilmiş iddialar üzrə iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək qanunsuz olaraq həbsdə saxlanıldığı və ona vurulmuş fiziki ziyana görə təzminat tələb etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən qanunsuz olaraq həbsdə saxlanıldığı müddət üçün maddi ziyana görə 7150 manat, mənəvi ziyana görə isə 20.000 manat, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən isə ona vurulmuş fiziki ziyanın əvəzi olaraq 30.000 ABŞ dolları və 1221 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İddiaçı hazırki iş üzrə tələbində isə - 03 may 2017-ci il tarixdən 08 may 2017-ci il tarixədək, cəmi 6 gün müddətində işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində ona vurulmuş mənəvi zərərə görə 18.000 manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi hazırkı iddia tələbi tamamilə başqa əsasla, fərqli dövrü əhatə etməklə, şəxsin işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində ona vurulmuş mənəvi zərərlə bağlı olmuşdur. Odur ki, qeyd edilənlərə əsasən cavabdehin hazırki iş üzrə icraata xitam verilməsinə dair dəlili əsassız olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 7.000 (yeddi min) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-5317/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5317/2025
19.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver