Məhkəmə qərarları › İş №2(006)-5328/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5328/2021

26.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5328/2021 26.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(012)-5241/2019 saylı qərardadı ilə iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 və X1 Cavabdeh MMC-yə qarşı verilmiş iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçılara geri qaytarılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz) əlavə edilsə də, həmin qəbzlərdən müəyyən olunur ki, dövlət rüsumu 01.10.2019-cu il, 27.11.2019-cu il və 27.11.2019-cu il tarixində Abşeron Rayon Məhkəməsinin balansına ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinin tələbinə görə, iddia qiyməti 500 manatdan az olduqda 20 manat, 500 manatdan çox olduqda isə 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.5-ci maddəsinin tələblərinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçılara qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, onlar, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar