Məhkəmə qərarları › İş №2(006)-536/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-536/2024

16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-536/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) – X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dövlət büdcəsi hesabına iddiaçının xeyrinə vurulmuş maddi ziyana görə 108200 manat, mənəvi zərərin əvəzi olaraq 100000 manat kompensasiya olmaqla cəmi 208.200 manat pulun və 498,95 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi, Qubadlı Rayon İcra Hakimiyyəti və Sumqayıt Regional Ədliyyə İdarəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 05 yanvar 2017-ci il tarixli RX seriyalı ******* saylı Qeydiyyat vəsiqəsinə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7a, mənzil 35 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətinə verilmişdir. Həmin mənzil qeyd edilən sənədin əldə edilməsindən də uzun müddət əvvəl onun istifadəsinə verilmişdir. 1993-cü ildə Qubadlı rayonundan olan artıq keçmiş məcburi köçkün ailəsi bu mənzildə yerləşdirilərək məskunlaşmış, həmin dövrdə işğal nəticəsində öz evini tərk etməyə məcbur qalmış vətəndaşların düşdüyü vəziyyəti nəzərə alaraq, bu ailənin müəyyən müddətə qədər həmin mənzildə yerləşməsinə və yaşamasına etiraz etməmişdir. 20 ilə yaxın bir müddətdən sonra qeyd edilən mənzildə məskunlaşmış şəxslərin başqa yaşayış yeri əldə etməsi, bu mənzili hətta kirayə verməsi ilə bağlı məlumatlar əldə etdikdən sonra həmin şəxslərin xüsusi mülkiyyətində olan mənzildən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3307/2017 saylı 08 may 2017-ci il tarixli Qətnaməsi ilə verilmiş iddia ərizəsi təmin olunmuş, məskunlaşmış şəxslərin mənzildən çıxarılması və onun mənzilə köçürülməsi qət edilmişdir. Bu qətnamədən qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə şikayət verilmədiyindən qətnamə qanuni qüvvəyə minmişdir. Nəticədə qətnamənin icra olunması məqsədilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-3307/17 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi verilmişdir. İcra sənədinə əsasən, mənzildə məskulaşmış şəxslərin çıxarılması və onun həmin mənzilə köçürülməsi təmin edilməli olsa da, bu indiyədək baş verməmişdir. Onun və ailə üzvlərinin çoxsaylı müraciətlərinə baxmayaraq məhkəmə qətnaməsi icra edilmədən qalmaqdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsindən daxil olmuş 06/384 saylı, 29 aprel 2021-ci il tarixli məktubla bildirilmişdir ki, respublika ərazisində məcburi köçkünlər üçün inşa edilən qəsəbələrdə boş mənzil fondu olmadığından, yuxarıda qeyd edilən məcburi köçkün ailəsinin yaşayış sahəsi ilə təmin etmək mümkün olmamışdır. Onların yeni yaşayış sahəsi ilə təmin olunmasına baxılacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş 11 avqust 2022ci il tarixli, Nxx/xx-9678 saylı məktubla bildirilmişdir ki, icra sənədi əsasında Sumqayıt şəhəri üzrə İcra İdarəsində başlanılmış icraat zamanı Qubadlı rayonundan məcburi köçkün düşmüş və qeyd olunan ünvanda məskunlaşmış ailənin yaşamağa başqa yerləri olmadığı müəyyən edilmişdir. İcra sənədinin icrası yerli icra qurumu tərəfindən nəzarətdə saxlanılır. 07 yanvar 2023-cü il tarixdə qətnamənin icra edilməsinin təmin olunması barədə ərizə ilə yenidən müraciət etmişdir. Müraciətə cavab olaraq Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, məhkəmə qətnaməsinin icra edilməsindən faktiki imtina edilmişdir. Göründüyü kimi Sumqayıt şəhəri üzrə İcra İdarəsi məhkəmə qətnaməsinin icra edilməsindən faktiki imtina etməkdədir. Bu hərəkətsizlik nəticəsində dövlət orqanı olan Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsi və bu iş üzrə icraata başlamış icra məmuru iddiaçının ölkə Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərdə təsbit edilmiş mülkiyyət hüququnu, habelə ədalətli mühakimə hüququnu və onun təminatlarını pozmuş, bununla da iddiaçıya maddi ziyan və mənəvi zərər vurmuşdur. "xxxx" MMC-dən əldə edilmiş ƏEM/İ 28-376/23 saylı, 25 iyun 2023- cü il tarixli ‘Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə" Hesabatdan görünür ki, onun xüsusi mülkiyyətində olan mənzilin bazar satış dəyəri 83,000,00 manat, kirayə dəyəri isə 350,0 manat təşkil edir. Ona vurulmuş maddi ziyanın əvəzi olaraq real zərər komponenti üzrə 83,000,00 manat, əldə çıxmış fayda komponenti üzrə isə 25,200 manat (icra sənədini icra edilməsi üçün nəzərdə tutulmuş tarix - xx.xx.2017-ci ildən qiymətləndirmənin aparıldığı tarixə xx.xx.2023-cü ilə qədər olan dövrü hesabladıqda 72 ay edir, 72*350=25,200) olmaqla cəmi 108,200 manat (83,000+25,200=108,200) kompensasiya tələb edir. Ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 100,000 manat kompensasiya tələb edir. Uzun illərdən sonra əldə edib xüsusi mülkiyyəti olan mənzilində yaşaya bilməmiş, uzun illər ərzində əri və 2 övladı ilə birlikdə kirayə evlərdə yaşamış, qeyd edilən mübahisə ilə bağlı onun əri xəstəlik tapıb vəfat etmişdir. Xeyrinə çıxmış məhkəmə qətnaməsinin icra edilməməsi istiqamətində hərəkətsizlik onda uzun müddətli qeyri-müəyyənlik, acizlik, məyusluq, ədalətsizlik hissi yaşatmaqla ona davamlı mənəvi iztirablar vermişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsindən aydın olur ki, iddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7a, 35 saylı mənzilində məcburi köçkünlərin yaşamasına etiraz bildirməmiş, lakin sonradan məcburi köçkünlərin həmin mənzili kirayə verərək başqa yerdə yaşaması ilə bağlı həmin şəxslərin mənzildən çıxarılması üçün iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-3307/2017 nömrəli qətnaməsinə əsasən məcburi köçkünlərin mənzili tərk etməsi və iddiaçının mənzilə köçürülməsi qət edilmişdir. Həmin qərarın icrası üçün Sumqayıt şəhər üzrə İcra İdarəsinə icra sənədi göndərilsə də qərar icra olunmamışdır. Bu səbəbdən iddiaçı cavabdehdən dövlət büdcəsi hesabına onun xeyrinə 108.200 manat maddi ziyana, 100.000 manat mənəvi ziyanın ödənilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırkı iddia tələbinin Maliyyə Nazirliyinə qarşı yönəldilməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, iddia tələbinin mahiyyətinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının yubanması ilə əlaqədardır. Məlum olduğu kimi "İcra haqqında” Qanunun 8-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Təqdim edilmiş sənədlərdən aydın olur ki, sözügedən məhkəmə qətnaməsinin icrası istiqamətində tədbirlər görülür və məsələ İcra İdarəsi tərəfindən nəzarətdə saxlanılmışdır. Digər tərəfdən hər hansı orqanın hərəkət və hərəkətsizliyinin qanunsuz olmasını sübut edən məhkəmə qərarı olmalı və tələb həmin qərarda müəyyən edilmiş orqana qarşı yönəldilməlidir. Hazırda məhkəmə qərarlarının icrasının gecikməsi və bundan irəli gələrək dəymiş ziyanın ödənilməsi ilə bağlı Maliyyə Nazirliyi hər hansı öhdəlik daşımır və həm qanunvericilikdə, həm də məhkəmə qərarlarının icrası təcrübəsində belə hallar (icrası gecikən qərarlara görə Maliyyə Nazirliyinin məsuliyyət daşıması halı və Nazirliyə qarşı buna bənzər tələblər) mövcud deyildir. Başqa sözlə, Maliyyə Nazirliyi iddia tələbinə cavab verməli olan şəxs deyildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X6 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-3307/2017 nömrəli qətnaməsindən görünür ki, X2, X4, X7, X3, X8 Sumqayıt şəhəri, 12-ci mkr., ev 7A, 35 saylı (yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Çerkassi küçəsi, 559, M9, m 1) mənzildən çıxarılmaları, İddiaçı Sumqayıt şəhəri, 12-ci mkr, ev 7A, 35 saylı (yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Çerkassi küçəsi. 559, M9, m 1) mənzilə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli xx/xx-9678 saylı məktubundan görünür ki, Sumqayıt Şahər Məhkəməsinin xx.xx.2017-d il tarixli icra vərəqəsinə əsasən Əkbər Əliyev və qeyrıləri Sumqayıt şəhəri, 12-cı mikrorayon, ev 7A, 35 saylı mənzildən çıxarılmalı, İddiaçı həmin mənzilə köçürülməlidir. İcra sənədi əsasında Sumqayıt Şəhəri üzrə İcra İdarəsində başlanılmış icraat zamanı Qubadlı rayonundan məcburi köçkün düşmüş və qeyd olunan ünvanda məskunlaşmış ailənin yaşamağa başqa yerləri olmadığı müəyyən edilmişdir. Məhkəmə qərarının icrasını təmin etmək, eləcə də «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamının müddəaları nəzərə alınmaqla onların yaşayış sahəsi ilə təmin edilməsi üçün yerli icra qurumu tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə müraciət olunsa da hazıradək müsbət nəticə əldə olunmamışdır. İcra sənədinin icrası yerli icra qurumu tərəfindən nəzarətdə saxlanılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsinin xx.xx.2023-cü il tarixli 06/140 saylı məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 08.05 2017-cl il tarixli, 2(060)-3307 saylı icra sənədinə əsasən X9 və digərləri Sumqayıt şəhəri, 12-d evin 35 saylı mənzildən çıxarılmalı və siz həmin mənzilə köçürülməlisiniz. İcra tədbirləri zamanı aidiyyəti qurumlara göndərilmiş sorğulara cavab olaraq bildirilmişdir, X9 və onun ailə üzvləri məcburi köçkünlərin vahid elektron informasiya sistemində başqalarına məxsus mənzillərdə müvəqqəti qeydiyyatda olmaqla, onların adları məcburi köçkünlərin adlı siyahısında mövcuddur. Gələcəkdə həmin problemləri həll olunduqdan sonra sizin tələbkar olduğunuz icra sənədi müsbət yönümdə həll olunacaqdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏEM/İ 28-376/23 saylı Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7a, mənzil 35 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 83000 manat, kirayə dəyəri 350 manat/1 ay təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçının tələb etdiyi zərərlə bağlı mübahisə iddiaçı ilə cavabdeh arasında deyil, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-3307/2017 nömrəli qətnaməsinin həmin iş üzrə cavabdehlər tərəfindən icra edilməməsi, icra məmuru tərəfindən isə cavabdehlər məcburi köçkünlər olduğundan və həmin şəxslərin mənzil problemləri həll olunmadığına görə icra edilə bilməməsi nəticəsində yaranmış mübahisə olmaqla, cavabdeh həmin münasibətlər üzrə tərəf deyildir və cavabdehə hər hansı aidiyyəti yoxdur. Bundan başqa, iddiaçının iddia etdiyi məhkəmə qətnaməsini icra etməyən Sumqayıt şəhər İcra İdarəsinin hərəkət və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilə bilər, eyni zamanda Sumqayıt şəhər İcra İdarəsi inzibati orqan olmaqla, onun qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsi ilə bağlı inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı iddiaçıya cavabdeh tərəfindən ziyan (maddi və mənəvi) dəyməsi müəyyən olunmadığından iddiaçı iddia etdiyi ziyanı tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar