Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5387/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (Seriya: RX, № 0970410) əsasən (qeydiyyat nömrəsi: **********1) xüsusi mülkiyyət kimi iddiaçının adına qeydə alınmışdır. İddiaçı Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, lakin Nəsimi Rayon Məhkəməsinin 2(006)-348/2023 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Tərəflərin boşanmalarından artıq 9 ay keçməsinə baxmayaraq, cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmır. Belə ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (Seriya: RX, № 0571256) əsasən (qeydiyyat nömrəsi: **********) Bakı şəhəri, ünvan 2 ünvanında cavabdehin adına ev tikdirmişdir. Cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda olması onu narahat edir, artıq onları ər-arvad münasibətləri və bir-birinə bağlayan heç nə yoxdur. Cavabdehin iddiaçıya olan mənzildə qeydiyyatda qalması iddiaçının həmin mənzilə dair sahiblik və istifadə hüququnu həyata keçirməsinə mane olur. İddiaçının cavabdehlə ailə münasibətləri gərginləşib və artıq onların bir yerdə qalmaları mümkün deyil, dözülməz hala çatmışdır. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı ona qarşı iddiasının təmin edilməməsini, tamamilə rədd edilməsini və bu barədə qətnamə qəbul edilməsini və ya əvvəl işə baxıldığına və rədd edildiyinə görə baxılmasının tamamilə mümkün olmaması barədə qərardad qəbul edilməklə iddianın mümkün sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia əsassızdır, çünki 2009-cu ildən qabaq qeydiyyatda olmuş şəxsə mülkiyyət hüququna xitam verilməsini xahiş edəndə 10.000 AZN təzminat verilir 1 illik kirayə haqqı olaraq, ən əsası da bir işə 2 dəfə baxılmır, yəni eyni predmetli, eyni məzmunlu işə 1 dəfədən çox təkrar baxılmır (nikahın pozulması istisna olmaqla). Bu işə 2021-ci ildə baxaraq xx.xx.2021-ci il tarixdə iddiaçının onu qeydiyyatdan çıxartma barədə iddiası rədd olunaraq 2(006)- 6409/2021 saylı qətnamə qət edildi və 2023-cü ildə də buna bənzər işə baxılaraq xx.xx.2023-cü il tarixdə iddiaçının qeydiyyatdan çıxartma barədə iddiası rədd olunaraq e-2(006)-3114/2023 saylı qətnamə qət edildi. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Eyni məzmunda iddia qaldırdığını, iddiasının təmin edilmədiyini, həmin qərardan şikayət vermədiyini bildirərək, cavabdehin ona məxsus yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini istədiyindən yenidən eyni tələblə məhkəməyə müraciət etdiyini qeyd etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Hazırkı işə dəfələrlə, təkrar-təkrar baxıldığını, evin plana düşdüyünü, onsuz da oradan çıxarılacaqlarını əlavə etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2054/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1997-ci il tarixdə bağlanmış və Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 280 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə xx.xx.2021-ci ildə daxil olmuş İddiaçı Cavabdeh qarşı “ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsinin təsviri hissəsində qeyd edilmişdir ki, boşanmalarına baxmayaraq, cavabdehin onun evində qeydiyyatda qalması onun kommunal xərclərdə əlavə ödəniş etməsinə səbəb olur, cavabdehin adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində iddiaçı tərəfindən ev tikilmişdir, cavabdehin qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını pozur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6409/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxartma tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, tərəflərin xx.xx.1997-ci ildə nikaha daxil olmaları və cavabdehin həmin tarixdə mübahisəli mənzilə köçməsi müəyyən edildiyindən, xx.xx.1982-ci il tarixdə qəbul edilmiş Mənzil Məcəlləsinin 123-cü maddəsi məhkəmə tərəfindən tətbiq edilərək iddia tələbinin əsassız olması qənaətinə gəlinmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-348/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 15 noyabr 2021-ci il tarixdə 2701 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə xx.xx.2023-cü ildə daxil olmuş İddiaçı Cavabdeh qarşı “iddiaçı tərəfindən 3000 manat məbləğində pul kompensasiyası ödənilməklə cavabdehin ünvan 3 ünvanında yerləşən 2 otaqlı evə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin təsviri hissəsində qeyd edilmişdir ki, boşanmalarına baxmayaraq, cavabdehin onun evində qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını pozur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3114/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçının cavabdehə təklif etdiyi məbləğdə kompensasiya iddiaçının hesabına istifadəçilərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyindən, iddia əsassız hesab olunmuşdur. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 (bir yüz) manat məbləğində rüsum ödənilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3114/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixində; 2(006)-6409/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi isə xx.xx.2022-ci il tarixində qanuni qüvvəsini almışlar. Beləliklə, iş üzrə aparılan araşdırma zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən verilmiş hazırkı iddia ərizəsinin əsasları məhz onun tərəfindən xx.xx.2021-ci ildə verilmiş iddia ərizəsinin əsasları ilə eynilik təşkil edir. Məhkəmə qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı tərəflər arasında yaranmış hüquq münasibətləri davamedici xarakter daşıyır, buna görə də münasibətlərin davam etdiyi müddətdə yeni əsaslar yarandığı təqdirdə mülkiyyətçi eyni şəxsə qarşı eyni tələblə, lakin yaranmış yeni əsasla (məsələn, cavabdehin həmin yaşayış sahəsini daimi əsaslarla tərk etməsi və ya alternativ yaşayış yerinə malik olması) məhkəməyə müraciət etmək hüququna malik olur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, 2021-ci ildə olduğu kimi, hazırda da iddiaçı cavabdehlə boşandıqdan sonra cavabdehin onun adına olan evdə qeydiyyatda qalmasının iddiaçının mülkiyyət hüquqlarını pozmasını və cavabdehin adına başqa ev olmasını əsas gətirərək, cavabdehin mübahisəli evdən istifadə hüququna xitam verilməsini (2021-ci ildə həm də qeydiyyatdan çıxarılmasını) xahiş etmişdir. Qeyd olunmalıdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6409/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının eyni cavabdehə qarşı eyni əsaslarla eyni tələbinə dair iddia ərizəsi əsassız hesab edilərək təmin edilməmiş, həmin qətnamədən şikayət verilmədiyindən qətnamə xx.xx.2022-ci il tarixində qanuni qüvvəsini almışdır. İddiaçı 2023-cü ilin iyun ayında yenidən eyni cavabdehə qarşı eyni əsasla, lakin bu dəfə kompensasiya ödəməklə istifadə hüququna xitam verilməsinə dair tələblə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3114/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə bu tələb də əsassız hesab edilərək təmin edilməmişdir. İddiaçı bu qətnaməni də mübahisələndirməmiş, qətnamə xx.xx.2023-cü il tarixində qanuni qüvvəsini almışdır. Bundan 1 həftə sonra – xx.xx.2023-cü ildə isə iddiaçı hüquqdan sui-istifadə edərək, 2021-ci ildə təqdim etdiyi iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən, yəni eyni cavabdehə qarşı eyni əsasla eyni tələbə dair iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçıya xx.xx.2023-cü il tarixli qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət və şikayət vermək hüquqlarının olması izah edilsə də, iddiaçı bildirmişdir ki, həmin məhkəmə qətnamələrindən şikayət verə bilməzdi. Beləliklə, iddiaçı tərəfindən aralarında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq, yeni əsas gətirilmədən eyni cavabdehə qarşı eyni predmeti barəsində eyni əsasla məhkəməyə müraciət edilməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin: 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir; 262.5-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər; 114.1 və 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair eyni əsaslarla verilmiş mübahisəyə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir. Buna görə də Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya eyni cavabdehə qarşı, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır. Həmçinin, iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: **********). Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-5387/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5387/2023
26.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver