Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-539/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hüquqlarının pozulması nəticəsində dəymiş zərərin əvəzi olaraq 9.000 manat (18 x 500 = 9.000), mənəvi ziyana görə isə 10.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 2009-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan doğulmuş xx xxxxxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxx 2015-ci il təvəllüdlü X4 adlı iki övladları var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(004)-7223/2018 saylı qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş və uşaqlar onun himayəsində saxlanılmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Xətai rayonu S.Senyuşkin küçəsində yerləşən 7A saylı ev mənzil 46 birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünmüş və hər birinin payı 1/2 hissədə müəyyən edilmişdir. Buna baxmayaraq, Cavabdeh hazırkı ana qədər onu mülkiyyətçisi olduğu həmin mənzildən istifadə etməsinə və yaşamasına imkan vermir. Həmin mənzilə dair onun 1/2 hissədə payı müəyyən edildiyi üçün, mülkiyyətçi kimi həmin mənzildən istifadə etmək hüququ var. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində 2 uşağı ilə birlikdə kirayələrdə qalmağa məcbur olmuşdur. Hər ay kirayə qaldığı mənzilin icarədarına 500 manat məbləğində pul ödəyir. Cavabdehin onun hüquqlarını pozması nəticəsində ona xeyli miqdarda zərər dəymişdir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş zərəri tələb edir. Bundan əlavə, cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər (fiziki və mənəvi iztirablar) dəymişdir. Cavabdeh tərəfindən dəymiş mənəvi zərəri 10.000 manat dəyərində qiymətləndirir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbi tamamilə əsassız və qanunsuzdur. Belə ki, İddiaçı iddiasını əsaslandırmaq üçün sübut qismində məhkəməyə Ağ Evlər Daşınmaz Əmlak Agentliyi ilə xx.xx.2020-ci il tarixdə 3 il müddətinə bağladığı daşınmaz əmlakın icarə müqaviləsini təqdim etmişdir. Sözügedən müqavilənin heç bir hüquqi qüvvəsi olmadığından həmin müqavilənin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın icarə müqaviləsi ilə əlaqədar ilk öncə onu qeyd edir ki, sözügedən müqavilə notarial qaydada təsdiq edilməmişdir və Ağ Evlər Daşınmaz Əmlak Agentliyinin sözügedən müqaviləni təsdiq etməyə səlahiyyəti yoxdur. Bundan başqa, İddiaçı ilə Ağ Evlər Daşınmaz Əmlak Agentliyi arasında bağlanmış daşınmaz əmlakın icarə müqaviləsi 3 il müddətinə bağlanmışdır. Bu səbəbdən, həmin müqavilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələbinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmalı idi. Belə ki, həmin Qanunun 19-cu maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilənlərdən göründüyü kimi, İddiaçı öz əsassız iddiasını əsaslandırmaq üçün heç bir hüquqi qüvvəsi olmayan formal icarə müqaviləsini tərtib etdirərək, sübut qismində məhkəməyə təqdim etmişdir. Bu səbəbdən, hesab edir ki, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-8410/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri Xətai rayonu Sergey Senyuşkin küçəsi 7a saylı evin 46 saylı mənzilinə köçürülmələri qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-3071/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-8410/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-3071/2020 saylı qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-3071/2020 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(011)-743/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakda payın müəyyən edilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayonu Sergey Senyuşkin küçəsi 7a saylı evin 46 saylı mənzilində 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi; «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli K10082S- 133916/2 saylı kredit müqaviləsi üzrə Bakı şəhəri Xətai rayonu Sergey Senyuşkin küçəsi 7a saylı evin 46 saylı mənzilinin alınması üçün götürülmüş kredit borcunun qalıq hissəsi tərəflərin paylarına uyğun olaraq aşağıdakı kimi bölüşdürülməsi – kredit ödənişinə görə xx xxxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2043-cü il tarixədək, hər ayın 5-i və xx xxxxxx 2043-cü il tarixdə İddiaçı tərəfindən Cavabdeh 212 manat 04 qəpik ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın icarəyə verilməsi barədə müqavilədə Ağ Evlər Daşınmaz Əmlak Agentliyi tərəfindən tərtib edilmiş X6 ilə İddiaçı arasında Bakı şəhəri N.R. küçəsi, T.A küçəsi 38 saylı evin 46 saylı 2 otaqlı mənzilin sonuncuya 3 il müddətinə, hər ay 500 manat kirayə haqqı ödənilməsi şərti ilə icarəyə verilməsi qeyd olunmuşdur. Həmin müqavilə notarial qaydada bağlanmamış, digər tərəfdən, müqavilə üzrə icarədar tərəfindən icarəçiyə verilən hüquq (lar) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bundan başqa, iddiaçı tərəfindən həmin müqavilə üzrə ödənişlərin edilməsi barədə ciddi hesabat sənədləri (ödəniş qəbzləri və s.) məhkəməyə təqdim olunmamışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş sənədlərdən (İddiaçı xx xxxx 2020 və xx xxxx 2020-ci il tarixlərində verdiyi ərizə və izahatından) görünür ki, o, Bakı şəhəri, H.Zərdabi prospekti 92 A, mənzil 27-də qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanda yaşadığı qeyd olunmuşdur. Bundan başqa, iddiaçı icarəyə götürdüyünü qeyd etdiyi mənzilin tam ünvanını göstərə bilməmiş, 18 ay həmin ünvanda yaşamasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, icarəyə götürdüyü mənzilin mülkiyyətçisinin kim olduğunu, həmin şəxsin (hüquqi şəxsdirsə nümayəndəsinin) məhkəmə iclasına gələrək şahid qismində ifadə verməsinin mümkün olub-olmamasını izah etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-539/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-539/2021
16.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver